Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 12,510 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.
221.6. Bu Məcəllənin 218.1.1-ci 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.
221.7. Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci maddəsinin, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
221.8. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:
221.8.1. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər sadələşdirilmiş vergini bu Məcəllənin 220.10-cu maddəsində göstərilən sabit vergi məbləğinin bu Məcəllənin 220.11-ci maddəsində göstərilən əmsallara vurulması yolu ilə hesablayır və dövlət büdcəsinə ödəyir.
221.8.2. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Fiziki şəxs eyni dövr ərzində bu Məcəllənin 220.11-ci maddəsində nəzərdə tutulan müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir.
221.8.3. Bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, 218.4.4-cü maddədə göstərilən fiziki şəxslər bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
221.8.4. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər tərəfindən sadələşdirilmiş verginin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.
221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.
221.8.6. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks etdirir:
221.8.6.1. vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
221.8.6.2. vergi ödəyicisinin VÖEN-i;
221.8.6.3. qəbzin qüvvədə olma müddəti;
221.8.6.4. fəaliyyətin həyata keçirildiyi ərazi;
221.8.6.5. ödənilmiş verginin məbləği;
221.8.6.6. fəaliyyətin adı.
221.8.7. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” vergi ödəyicisində saxlanılır. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.
221.8.8. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənarda bu fəaliyyət üzrə göstərilən xidmətlərə görə əldə etdiyi gəlirləri bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydada müvafiq vergilərə cəlb edilir.
221.8.9. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddəsində müəyyən olunan fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sabit verginin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar.
221.8.10. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq çek (nəzarət-kassa aparatı çeki istisna olmaqla), qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.