13.2.37. Sahibkarlıq fəaliyyəti — şəxsin müstəqil surətdə öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
13.2.38. Büdcə təşkilatı — büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.
13.2.39. Müəssisə — bu Məcəllənin məqsədləri üçün müəssisələr — sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir:
13.2.39.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər;
13.2.39.2. xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri;
13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri.
13.2.40. ƏDV-nin depozit hesabı — ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.
13.2.41. Kommersiya hüquqi şəxsi—Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.41-1. Publik hüquqi şəxs – “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.42. Qeyri-kommersiya hüquqi şəxsi—Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.43. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunları — idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar;
13.2.44. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru — idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs.
13.2.45. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı — idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs;
13.2.46. Üçüncü şəxs — vergi orqanı tərəfindən kameral və ya səyyar qaydada yoxlanılan, vergi ödəyicisinin fəaliyyətində malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bilavasitə əlaqəli olan rezident və ya qeyri-rezident şəxs;
13.2.47. Vergi riskləri — vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkilərinə məruz qalmasının mümkünlüyü;
13.2.48. Vergi risklərinin minimallaşdırılması — vergi ödəyicisinin vergi hesablamalarının tam və ya qismən yerinə yetirməsinə mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması;
13.2.49. Vergi partnyorluğu sazişi — vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşması;
13.2.49-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar – gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən bu Məcəllənin 77-1-ci maddəsində nəzərdə tutulan sənəd;
13.2.49-2. könüllü vergi açıqlaması – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi;
Dostları ilə paylaş: |