II.Nadir şahın daxili siyasəti
III.Nadir şahın xarici siyasəti
GİRİŞ
Nadir şahın istedadlı bir sərkərdə, bir fateh olaraq hələ sağlığından həm Qərb,həm də Şərq tarixçilərinin diqqətini cəlb etdiyi, indiyədək onun barəsində ən müxtəlif xalqlardan olan müəlliflərin ciddi əsərlər yazdığı bizə məlumdur.Bu məlumatlarla, gətirilən faktlarla, müəlliflərin mənşəyi və tutmuş olduqları mövqe ilə tanış olduqdan sonra bizə həmin məlumatları təhlil etmək və düzgün nəticə çıxarmaq qalır.
Bu mövzuya müraciət etməyimizin səbəbi Nadir şahın siyasi fəaliyyətinin öyrənilməsi onun yaratmış olduğu dövlətin tərkibinə daxil olan ərazilərin, xüsusilə, Azərbaycan və İran dövlətlərinin və eləcə də,burada yaşayan xalqların tarixinin müvafiq mərhələsinin daha ətraflı öyrənilməsində böyük əhəmiyyət kəsb etməsi ilə bağlıdır.Çünki Nadir şahın dövründə həmin ərazilərdə son dərəcə ciddi və dinamik proseslər getmişdir.Digər tərəfdən, Nadir şahın daxili və xarici siyasətinin öyrənilməsi onun qurduğu imperiyanın dövlət quruluşu, etnik tərkibi, siyasi əlaqələri haqqında məlumat əldə etməyə imkan verir ki, bu da müvafiq dövrün dövlətçilik xüsusiyyətləri ilə daha yaxından tanış olmağa şərait yaradır.
Nadir şahın oğuz-türkmənlərin bir qolu olan əfşarlardan olması da bu şəxsə, onun siyasi fəaliyyətinə olan marağı daha da artırır.XVIII əsrdə böyük bir imperiya yaratmağa nail olması da türk dövlətçilik ənənələrinin öyrənilməsində ayrıca bir səhifə təşkil edir.
Nadir şahla bağlı bu kurs işini yazarkən sırf Nadir şahın həyat və fəaliyyətinə həsr olunmuş monoqrafiyalarla yanaşı, Azərbaycan və İran tarixinə həsr olunmuş ümumiləşdirilmiş əsərlərə və müxtəlif hadisələrlə əlaqədar Nadir şahın da fəaliyyətinə toxunan əsərlərə müraciət etmişik.Ancaq bizim əsas məqsədimiz Nadir şahın daxili və xarici siyasətini araşdırmaq olduğundan bu əsərlərdə də, əsasən, həmin məsələlərə həsr olunmuş bölmələrin məlumatlarına diqqət yetirmişik.Nadir şahın xarici və daxili siyasəti ilə bağlı bəzi ziddiyyətli məlumatlarla rastlaşsaq da,onlardan reallığa daha uyğun olanına daha çox diqqət yetirməyə çalışmışıq.
İndi isə tədqiq etdiyimiz mövzu ilə əlaqədar müraciət etdiyimiz ədəbiyyatlara qısaca nəzər salaq.
Nadir şahla bağlı müraciət etdiyimiz ən sanballı əsərlərdən biri kimi ilk növbədə Mehman Süleymanovun 2010-cu ildə Tehranda nəşr etdirdiyi “Nadir şah” əsərinin adını çəkə bilərik.Hərbi tarixçi olan M.Süleymanov bu əsərində Nadirin uşaqlıq illərini, bir komandan olaraq yetişdiyi hərbi-siyasi şəraiti, onu hakimiyyətinin zirvəsinə aparan hərb yollarını, böyük bir imperiya qurmasını və nəhayət, ömrünün faciəli sonluğunu təfərrüatı ilə vermişdir.
Müəllifin əsərinin mühüm xüsusiyyətlərindən biri onun İranda Nadir şaha dair indiyədək bizim tarixçilərin elmi dövriyyəyə daxil etmədikləri bir sıra qaynaqlardan istifadə etməsidir.Müəllif bütün bu faktları təhlil edərək dövrün real mənzərəsini yaratmağa çalışmışdır ki, bu da çox təqdirəlayiqdir.M.Süleymanov əsərində Nadir şahın həyatına dair indiyədək bizə məlum olmayan bir sıra faktları da vermişdir.Bu da tarixi ədəbiyyatda Nadirin siyasi səhnəyə çıxana qədərki həyat və fəaliyyətinə dair məlumatların azlığı ilə bağlı boşluğu müəyyən qədər doldura bilər. M.Süleymanov Nadir şahın həyatının öyrənilməsinin Azərbaycan tarixinin müvafiq dövrünün öyrənilməsi baxımından əhəmiyyətinə daha çox önəm vermişdir və əsərində Nadir şahı milli mənsubiyyət baxımından tədqiqinə daha çox yer ayırmışdır.
Ümumiyyətlə, bu əsərdən Nadir şahın həyat və fəaliyyəti ilə bağlı çox geniş məlumatlar əldə etmək mümkündür.Bu məlumatlara əsasən onun şəxsi keyfiyyətləri ilə yanaşı, siyasi fəaliyyəti ilə bağlı bir sıra cəhətləri aydınlaşdıra bilərik.Bizim araşdırdığımız məsələ ilə bağlı da bu əsərdə kifayət qədər material var ki, yeri gəldikcə onlara istinad etmişik.Ancaq bir məsələ də var ki, müəllif Nadir şaha həsr olunmuş əsərlərdə onun fatehlik bacarığını əks etdirən məqamlara daha çox diqqət yetirmiş və əsərində də daha çox bu məsələni ön planda verməyə çalışmışdır.Müəllif həm də Nadir şahın daha çox müsbət keyfiyyətlərini verməyə çalışmışdır. Bu cəhətlə bağlı olaraq əsərdən istifadə edərkən biz də bu məqamlara tənqidi yanaşmağa çalışmışıq.Ancaq bu cəhət, əsasən, mənbələrin təhlili ilə yazılmış bu əsərin dəyərini heç də azaltmır.
Sırf Nadir şaha həsr olunmuş əsər kimi Ədalət Tahirzadənin yazmış olduğu “Azərbaycan imperatorları” seriyasından “Nadir şah Əfşar (Tərcümeyi-hal oçerki)” əsərini göstərmək olar.40 səhifəlik bu kitabçada Nadir şah Əfşarın (1688-1747) həyatından və siyasi fəaliyyətindən yığcam bir şəkildə danışılır.Əsərlə tanışlıqdan sonra məlum olur ki,əsər çoxsaylı qaynaqların incələnməsi nəticəsində qələmə alınıb.Əsərdə, demək olar ki, əhəmiyyətli bütün hadisələrin tarixinin ayına, gününə qədər göstərilməsi əsərin müsbət məziyyətlərindən hesab oluna bilər.Əsər elmi-məlumat xarakterli olduğundan bu cəhət etibarilə sanballı əsər hesab oluna bilər.Çünki bu əsərlə tanış olmaqla hər bir şəxs Nadir şah haqqında kifayət qədər məlumat əldə edə bilər.Bu əsərdə Nadirin siyasi fəaliyyətinə əsərin xarakteri etibarilə kifayət qədər yer ayrılmışdır ki, biz də araşdırdığımız məsələlərlə bağlı bu əsərdəki bəzi məlumatlara müraciət etmişik.
Araşdırdığımız məsələ ilə bağlı müraciət etdiyimiz digər bir əsər Rəhimə Dadaşovanın qələmə aldığı “Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda)” əsəridir.Əsər adından göründüyü kimi Səfəvilər dövlətinin tənəzzül dövrünü əks etdirdiyindən burada Nadir şahla bağlı bir sıra məlumatlara yer verilmişdir.Xüsusilə, əsərin III fəsli bu baxımdan daha əhəmiyyətlidir.Dövrün öyrənilməsində ingilisdilli mənbə və əsərləri tədqiqata cəlb etdiyindən məsələyə fərqli aspektdən yanaşılma baxımından əsər xüsusi dəyərə və əhəmiyyətə malikdir.Nadir şahlıq uğrunda mübarizə apardığı dövr burada daha çox ön planda olduğundan I fəsildə bu müəllifin məlumatlarına da yer vermişik.
Müraciət etdiyimiz əsərlər sırasında Gülxanım Qarayeva və Aynur Hacıqədirlinin müəllifləri olduqları “Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi (1642-1870)” adlı əsəri göstərə bilərik.Əsərin İran tarixinə həsr olunmuş bölməsində Nadir şahın anadan olmasından ölümünə qədər olan, demək olar ki, bütün hadisələr – Nadirin özünü şah elan edənədək həyatı və siyasi fəaliyyəti, şah olduqdan sonra gördüyü tədbirlər, həyata keçirdiyi hərbi yürüşlər, digər dövlətlərlə münasibətləri və eləcə də, Nadirin ölümündən sonra İranda baş verənlər yığcam bir şəkildə öz əksini tapmışdır.Əsərdə Nadirin siyasi fəaliyyətinə kifayət qədər yer ayrıldığından biz də bu məlumatlara yeri gəldikcə müraciət etmişik.
Əks etdirdiyimiz dövrlə bağlı digər bir əsərin müəllifi Elçin Qarayevdir.Müəllifin “Azərbaycan XVIII əsr rus və Avropa səyyahlarının təsvirində” əsərində müvafiq dövrdə Azərbaycanın iqtisadi və siyasi tarixi rus və Qərbi Avropa səyyahlarının səyahətnamələri əsasında tədqiq olunmuşdur.Nadir şahla bağlı səyyahların verdiyi məlumatlar onların bilavasitə dövrün müasiri olmaları və əsasən, gördükləri və eşitdikləri haqqında yazmaları baxımından böyük maraq doğurur.Bizə lazım olan məlumatlar əsərin II fəslində verilmişdir ki ,biz onlara da kurs işimizdə yer verməyi məqbul hesab etdik.
Azərbaycanda elmi tarixşünaslığın əsasını qoymuş və Azəbaycan tarixinin dövrləşməsini öz əsərində vermiş görkəmli tarixçi, ensiklopedik biliyə malik şəxs olan Abbasqulu ağa Bakıxanovun 1841-ci ildə qələmə aldığı “Gülüstani-İrəm” əsəri də müraciət etdiyimiz əsərlər sırasındadır.Əsər Azərbaycan tarixinə həsr olunmuş ümumiləşdirilmiş əsər xarakteri daşısa da, burada Nadir şah haqqında məlumatlara kifayət qədər yer ayrılmışdır.Nadir şah haqqında məlumatlar əsərin Səfəvilər dövlətinin yaranmasından Nadir şahın ölümünə qədərki dövrdə baş verən hadisələrdən bəhs edən III bölməsində verilmişdir.Müəllifin yaşadığı dövrə görə bir çox ədəbiyyatlardan istifadə edə bilməsi bu əsərdə verilən məlumatların etibarlı olması ehtimalını daha da artırır ki,elə bizə də bu lazımdır.
Mövzu ilə əlaqədar biz Azərbaycan tarixinə həsr olunmuş əsərlərə də müraciət etmişik.Bu da həmin əsərlər yazılarkən bir çox əsərlərə müraciət olunması və istifadə etdiyimiz digər əsərlərdə olmayan bir sıra məlumatları özündə ehtiva etməsiylə əlaqədardır.Belə əsərlədən biri Süleyman Əliyarlının redaktəsi altında nəşr olunmuş “Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər” çoxmüəllifli əsərdir ki,burada Azərbaycanın XVIII əsr tarixi ilə əlaqədar olaraq Nadir şah haqqında da yığcam, ancaq diqqətəlayiq məlumatlar verilmişdir.Əsərin 14-cü bölümünün IV və V hissələri bu məsələyə həsr olunmuş, Nadir şahın Azərbaycanla bağlı siyasəti və ona qarşı Azərbaycanın bir sıra bölgələrində baş verən çıxışlar, o cümlədən, yalançı Sam Mirzələrin üsyanları burada daha geniş əks olunmuşdur.
Bir digər ümumiləşdirilmiş əsər olan VII cilddə nəşr olunmuş “Azərbaycan tarixi”nin III cildinin XI fəsli araşdırdığımız məsələ ilə bağlı zəngin məlumatlara malikdir.Burada Səfəvilərin tənəzzülündən Nadir şahın ölümünə qədər baş verən və əsasən də, Azərbaycanla bağlı olan hadisələr təfərrüatı ilə əks olunmuşdur.Burada Nadirin özünü şah elan edənə qədərki fəaliyyəti digər məsələlərə nisbətən daha geniş verilmişdir ki, biz də kurs işimizin I fəslində bu məsələlərlə əlaqədar buradakı məlumatlara da müraciət etmişik.
Nadir şaha həsr olunmuş əsərlər içərisində diqqətimizi çəkən digər bir əsər 1999-cu ildə Azərbaycan dilində nəşr olunmuş xorasanlı müəllif Məhəmməd Quddusinin qələmə aldığı “Nadirnamə” əsərinin qısaldılmış variantı olan “Nadir şah : Nadir şah Əfşarın həyatı” əsəridir.Əsər Nadirin şah seçilənədək hərbi uğurları, eləcə də, şah olduqdan sonrakı hərbi fəaliyyətini daha geniş əks etdirir.Əsərdə bir sıra maraqlı məlumatlara rast gəldik ki, onlardan burada istifadə etməyə qərar verdik.
Xarici tarixşünaslıqda Nadir şaha həsr olunmuş ən mükəmməl əsər kimi Lourens Lokkartın 1938-ci ildə Londonda nəşr etdirdiyi və 2004-cü ildə Bakıda rus dilində nəşr olunmuş əsərini göstərmək olar.Əsər bir çox mənbələrin tədqiqata cəlb olunması nəticəsində ərsəyə gətirilmişdir.Müəllif Nadir şahın siyasi fəaliyyəti ilə bağlı bir çox məsələləri şərh etməklə yanaşı, hadisələrə öz münasibətini də bildirmişdir ki, bu da bizə hadisələri təhlil yolu ilə daha yaxşı anlamağa kömək edir.
İstifadə etdiyim ədəbiyyatların sırasında İran tarixinə həsr olunmuş ümumiləşdirilmiş əsər olan “История Ирана с древнейших времен до конца XVIII века”(M,1958) əsərinin adını çəkə bilərik.Bu əsərdə Nadir şahın dövründə İranda baş vermiş hadisələrin fonunda Nadir şahın daxili və xarici siyasətinə də yer
verilmişdir.Bununla bağlı buradakı bəzi məqamlara da nəzər yetirmişik.Ancaq burada bizim diqqətimizi çəkən əsas məqam Nadirin farslaşdırılmasıdır ki, biz bundan əvvəl adını çəkdiyimiz digər əsərlədə Nadirin hakimiyyəti dövründə onun bələ bir mövqedən çıxış etdiyinin şahidi olmuruq.Ümumiyyətlə, İran tarixinə və dünya tarixinə həsr olunmuş digər bir sıra rus dilində nəşr olunmuş əsərlərdə də Nadir şahla bağlı məlumat verilərkən onun özünün fars mənşəli olduğu və yaratmış olduğu dövlətin fars dövləti olduğu qeyd olunur ki, bu məlumatlara olduqca tənqidi yanaşmağa çalışmışıq.Belə əsərlərə misal olaraq 1977-ci ildə nəşr olunmuş “История Ирана” (red. M.S.İvanov) və 2002-2006-cı illərdə 5 cilddə nəşr olunmuş ”История Востока” adlı əsərləri göstərmək olar.Nadir şah və onun yaratmış olduğu dövlətin milli mənsubiyyəti ilə bağlı belə fikirlərin səslənməsi bu məsələnin dərin araşdırmalara ehtiyacı olduğunu göstərir ki,bu da başqa bir tədqiqat mövzusudur.
Bu kurs işində mövzunu 3 fəsildə verməyi daha məqsədəuyğun hesab etdik.Belə ki,I fəsildə Nadirin dünyaya gəldiyi andan həyatı,uşaqlıq illəri,gənclik dövrü, II Təhmasibin yanında qulluğa girməsinə qədər olan dövr, keçmiş Səfəvi torpaqlarının qaytarılması uğrunda mübarizəsi və nəhayət, Səfəvilər dövlətinə son qoyaraq özünü şah elan etməsinə qədərki dövrə həsr etmişik.
II fəsildə Nadir şahin daxili həyatda gördüyü tədbirlərə,dini islahat cəhdinə və onun mahiyyətinə, mərkəzləşdirmə və vergi siyasətinə, donanma yaratmaq təşəbbüslərinə və bu tədbirlərin nəticəsi olaraq ona qarşı ayrı-ayrı ərazilərdə baş verən çıxışlara yer vermişik.
Son olaraq, III fəsildə isə Nadir şahın xarakterini, Hindistana, Türküstana və eləcə də, digər ərazilərə işğalçı yürüşlərini və onların nəticələrini, 1743-1746-cı illərdə Osmanli dövləti ilə apardığı müharibəni və digər dövlətlərlə əlaqələrini işıqlandırmağa çalışmışıq.
Dostları ilə paylaş: |