2. Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində. Moskvada 1991-ci il avqust hadisələrindən sonra Azərbaycanda siyasi vəziyyət daha da gərginləşdi. Azərbaycan xalqı respublikanın rəhbərliyinə qarşı narazılıq çıxışlarını gücləndirdi. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, Kommunist Partiyasının ağalığının, fövqəladə vəziyyətinin ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlərin götürülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi H.Əliyevi Ali Məclisin sədri seçdi. Ertəsi gün Ali Məclisin qərarı ilə Naxçıvan MR ərazisində prezident seçkiləri dayandırıldı. 8 sentyabr prezident seçkilərinədə A.Mütəllibov yenidən Prezident “seçildi”.
Erməni silahlı qüvvələrinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Lakin düşmən hücumunun qarşısını almaq üçün dövlət səviyyəsində lazımi tədbirlər görülmürdü. 10 minlərlə dinc əhali qaçqına çevrilmişdi. Sovet Ordu hissələrinin köməyi ilə ermənilər Goranboy rayonunun bir neçə kəndini tutub dağıtdılar.
Xalqın təkidi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də top-lanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Yerlərdə möhkəmlənmək üçün Prezident oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi təsis etdi. Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk dövlət katibi akademik Tofiq İsmayılov təyin edildi.
Yuxarı Qarabağda Xocavəndin erməni işğalçıları tərəfindən hücumlara məruz qalması ilə əlaqədar vəziyyəti yerində öyrənmək üçün respublikanın yüksək dövlət və hökumət nümayəndəsini aparan vertalyotun noyabrın 20-də Qarakənd erməni yaşayış məntəqəsi yaxınlığında vurulub salınması xəbəri Azərbaycan xalqını sarsıtdı.
Noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər demokratik blok nümayəndəsindən və 25 nəfər iqtidaryonlü deputatdan ibarət Milli Şura yaratdı. 1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı “Viskuli” mehmanxanasında Belorus, RF və Ukrayna rəhbərləri Müstəqil Dövlətlər Birliyi yaradılması haqqında mü-qavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoydüğünü elan etdilər. Dekabrın 25-də Qarbaçov SSRİ Prezidenti vəzifəsindən istefa verdi. Beləliklə, hüquqi cəhətdən SSRİ-nin varlığına son qoyuldu.
Azərbaycan Respublikasında dekabrın 29-da referendum keçirildi. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1993-cü ilin əvvələrində Azərbaycanın dövlət müstəqilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, Helsinki müşavirəsinin yekun aktına və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə, martın 2-də isə BMT üzv qəbul olunmuşdu.
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlərdən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövluyu, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurdu. Helsinki Müşavirəsinin Yekun Aktında irəli sürülən hüquqi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bununla belə, iqtidar dünyanın böyük dövlətlərinin Azərbaycanla bağlı maraqlarını təmin edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ probleminin vaxtında həlli üçün ona lazımi dəstək verilmədi. 1991-ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi.
Ali Sovetin “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. 1991-ci il oktyabrın 9-da Ali Sovet “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etmişdi. Döyüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olun-mayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi ilə 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, Quşçülar kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə almağa başladılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan “Daşaltı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə düşmən hərbi hissələri Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyularına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankəndindəki Rusiyaya məxsus 366-cı və 81 mexanikləşdirilmiş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf edə bildi. Lakin komandir dispetçer məntəqəsini partladaraq düş¬mən əlinə keçməsinə imkan vermədi, sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrəmancasına həlak oldu. Komandir Tofiq Hüseynov onlarla adamın mühasirədən çıxmasına şərait yaratdı, son gülləni özünə vurdu.
Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər ya-ralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı. Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sovetin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə məcbur oldu. 1992-ci ilin martında Rusiyanın əlaltısı Rəhim Qazıyev Müdafiə naziri vəzifəsini ələ keçirdi.
Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı. Hücum ərəfəsində döyüşçülərin məzuniyyətə buraxılması R.Qazıyevin niyyətindən xəbər verirdi. Mayın 7-dən 8-nə keçən gecə şəhər güclü artilleriya atəşinə tutuldu və 6000 düşmən əsgəri 72 tankla şəhərə hücum etdi. 366-cı alay öz xidmətlərini göstərdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü. Azərbaycan hərbi hissələrinin döyüş texnikası şəhərdən çıxarıldı. Mayın 9-da Şuşa süqut etdi.
Moskvanın dəstəyi ilə A.Mütəllibovun tərəfdarları Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyasında onu yenidən hakimiyyətə gətirdilər. AXC öz tərəfdaları və cəbhədən geri çağırdığı hərbi qüvvələrin köməyi ilə Parlament binasını, Prezident sarayını və digər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Mayın 18-də çağırılan sessiyada İsa Qəmbərov Ali Sovetin sədri seçildi. Silahlı qüvvələrin Laçından çıxarılmasından istifadə edən düşmən mayın 18-də Laçını işğal etdi. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhliz yarandı.
1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXC-nin sədri Əbülfəz Elçibəy Prezident seçildi. Azərbaycanda AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi.
Xalq Cəbhəsi-Müsavat cütlüyü dövründə Respublikada siyasi və iqtisadi böhran dərinləşdi. Yeni idarəçilik mexanizmi işləmirdi. İqtisadiyyatda soyğunçuluq baş alıb gedirdi. İşsizlik sürətlə artırdı.
1992-ci il mayın 15-də SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqıda Daşkəsən müqaviləsinə əsasən Azərbaycana verilən silah və hərbi sursat əsasında ordunun təchizatı nisbətən yaxşılaşdı. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azərbaycanın payına düşmüşdü. Lakin Azərbaycana verilən obyektlər, texnika qənaətbəxş vəziyyətdə deyildi. Texnika qəsdən sıradan çıxarılır, işlək cihazlar sökülüb aparılırdı.
Respublikanın silahlı qüvvələrini vahid mərkəzdən idarə etmək məqsədilə vahid komandanlıq yaradılması haqqında 1992-ci ilin iyununda verilən Prezident fərmanı müəyyən rol oynadı. Azərbaycan milli ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi ilə işğal olunmuş ərazilərin bir hissəsini quldurlardan təmizlədi.
1992-ci ilin yayında Azərbaycan ordusunun Ağdərə əməliyyatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmənə ciddi tələfat verdilər.
Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki regionda maraqları olan Rusiya və İranı, hətta Qərb dövlətlərini də narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı guya Ermənistanı blokadaya salmaqda günahlandırıb, “Azadlığı Müdafiə Aklı”na Azərbaycana dövlət səviyyəsində hər cür yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci düzəlişi qəbul etdi. Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi. Azərbaycan ordusunda vəziyyət bərbad idi. Azərbaycan silahlı qüvvələri məğlub olur, ağır itkilər verir və geri çəkilirdilər.
Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək istəyənlər 1992-ci ilin sonu-1993-cü ilin əvvəllərində hərbi qüvvələrimizi strateji əhəmiyyətli Kəlbəcərdən, az sonra Ağdərə bölgəsindən çı-xardılar. Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. 1993-cü ilin fevralında Ermənistan ordusu MDB 7-ci ordusunun 128-ci motoatıcı alayının və muzdlu əsgərlərin (kazaklar) iştirakı ilə Ağdərəni ələ keçirdilər. Martın sonundan güclü atəşə tutulan Kəlbəcər 1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. 15 minədək əsir götürüldü, qız-gəlin özünü sıldırım qayalardan atıb məhv etdi. 144 yaşayış məntəqəsi işğal edildi, 500-dən çox müəssisə, 13 min ev, 100 min qaramal, 500 min davar, 5000 at, 1 mln. ev quşu, 50 min arı ailəsi, 195 min xalça və s. qarət edildi. Kəlbəcərin itirilməsi AXC-Müsavat iqtidarının süqutunu yaxınlaşdırdı.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin ermənilər tərəfindən işğalını pisləyən 822 saylı qətnamə qəbul etdi.
Dostları ilə paylaş: |