430
keçirilirdi. Bu zaman adamlar şadlıq edir, bir-birilərinə gözaydınlığı verir,
yanaqlarına, alınlarına gülab sürtür, gülab paylayırlar. Hamı bir-birilərinə kiçik ətir
şüşələrində gülab bəxş edir, müxtəlif oxuma və ayin oyunları ilə şənlənib əylənirdilər.
Yaz fəslinin son ayına bəzi bölgələrdə ot çalımı dövrü deyirlər. Bu müddətdə,
yəni baharın "yaşa dolduğu" müddətdə ot dizə qalxır. Suvarılan biçənəklərdən,
əkinarası mərzlərdən, qoruqlardan, kəndətrafı dərələrdən yem tədarük edirlər ki, qışda
mal-qara yemdən korluq çəkməsin.
Təcrübəli biçinçilər biçənəyin biçin üçün yetişməsini onun sünbül və ya qönçə
bağlaması, çiçəklənmənin başlanması və biçənək sahəsindən gələn ətirli qoxunun
duyulması ilə təyin edirdilər. Bəzi bölgələrdə otçalımı dağ çaylarının daşdığı vaxtda
başlayırdı. Ot biçiminin başlanması və qurtarması üçün təqvim müddətlərinin təyin
edilməsində yerli şərait həmişə diqqət mərkəzində olmuşdur.
Yaz fəslinin axırında, yayın başlanğıcında tez-tez əsən gilavar (cənubdan əsən
isti quru külək) torpağı qurudur, şehli dumanın torpağa enməsinə mane olur, zəmiləri
rütubətsiz, nəmsiz qoyur. Ona görə də əkinin dən tutan vaxtı zəmilərə su verilir. Bu
müddətdə əkinin suvarılması ruzunun bolluğu deməkdir. Ona görə də yazın quraqlıq
keçən müddətində, əkin dən tutduğu vaxt zəmilərə su verirlər (buna dən suyu
deyirlər).
Xalq təqvimində yay ilin barlı-bəhrəli vaxtı, anbarı hesab edilir. Baharda
göyərən taxıl zəmiləri yayda qızıllanır. Yay ucsuz-bucaqsız kövşənləri, biçənəkləri,
dalğalı zəmiləri, bar-bərəkəti, tükənməz nemətləri ilə gözəldir. Budaqlardan asım-
asım meyvələri ilə gözəldir. Hərəsi də bir rəngdə, bir lətafətdə. Məhsul toplanışı, əkin-
biçin, döyüm işləri yay fəslində həyata keçirilir. Hər tərəf aşıb-daşır, iş-güc, necə
deyərlər, bulaq kimi çağlayır, qayğılar başdan aşır. Əkinçi ömrünün, əkinçi həyatının
ən gərgin çağı başlayır bu fəsildə.
Xalq təqvimində yay fəsli üç mərhələyə bölünür: biçin vaxtı (yayın əvvəli),
qorabişirən (yayın orta ayı), elqovan (yayın son ayı). İyun ayının ortalarından
başlayaraq el qədri, çörək qədri bilənlərimiz əl-ələ verib taxıl biçininə başlayır, necə
deyərlər, əkib-biçdiyini yığıb-yığışdırır, qış ruzusunu toplayırlar. Elə ki taxıl dizdən
olardı, arpa, buğda sünbülləri kəhrəbaya dönüb yırğalanırdı, məhsul yığımını - biçinin
başlanması vaxtını gözəyarı təyin edirdilər və "arpanı ötür, taxılı sütül" kəlamını əsas
götürərək işə başlardılar.
Əkinçilər taxılın yetişməsinə azca qalmış onu biçib qurudar, sonra dəyirmanda
üyüdüb çörək bişirər və yaylağa peşqurd (taxıl məhsulunun ilkin nübarı mənasında
işlədilir) göndərirlər. Peşqurd arabaları yurd yerlərinə yaxınlaşanda qabağına
çıxardılar, alqış-görüş səsləri eşidilərdi. Arvad-uşağın sevinci yerə-göyə sığmazdı.
Aran camaatının hər gəlişi bayram olur yaylaqlarda.
Təcrübəli əkinçilər bu vaxtlar sünbülü gözdən keçirir, sütül sünbül qomasını
qoxulayardı. Qılçığı qaralmış arpa sünbüllərindən bir neçəsini qırıb ovcunda
hövkələyir, sütül arpanın ətrini içinə çəkir, "hə, indi biçinə başlamaq olar" - deyirdilər.
Elə ki bir neçə gün əsil biçin havası oldu, günəş zəmini, necə deyərlər,
431
"qovurdu", biçinçilər hazırlıq görür, dəryazlarını, çin və oraqlarını, yatıb-duracaqlarını
götürüb, zəminin bir qırağında çadır qururdular. Biçin vaxtı tayanın üstünə sağsağan
qonub sevinclə səslənirdisə, işin avand olacağına inanırdılar.
İlk biçinə "əliyüngül" sayılan adam başlayır. Bəzi bölgələrdə biçinə çıxan
əkinçilər sahəyə çıxan birinci adamı ətirli sünbül dəsti ilə muştuluqlayır, üzünə gələn
ilin xeyir-bərəkətli, çörəkli olacağına inanırdılar. Biçinçilər həmin adamı ruzulu,
sayalı adam kimi qiymətləndirir, onun xoşbəxt, evində naz-nemətli olmağını
arzulardılar.
Taxıl biçinini vaxtında və təcili həyata keçirmək üçün qarşılıqlı yardım forması
olan əvrəz (iməcilik) təşkil olunurdu. Əvrəz məzmunu və mahiyyəti etibarilə
könüllülük əsasında xalqın bir-birinə təmənnasız köməyi kimi təşəkkül tapmış və
formalaşmış qədim el adətlərimizdəndir. Əvrəz zamanı taxıl biçməyi bacaran hər bir
kəndli bu işdə öz qonşusuna və ya həmkəndlisinə bacardığı köməyi göstərirdi.
Dərzlər sahələrdən xırmana daşınarkən uşaqlar yolboyu yerə düşmüş sünbülü
yığıb "daraq" toxuyardılar, bir dəni çöldə qoymazdılar. Keçmişlərdə biçilmiş
kövşənlərdən sünbül tapıb toplamağa, başaq yığmağa gedən günlər də olurdu.
Xüsusilə çörəyin qıt olan vaxtlarında başaq yığmaq geniş yayılmışdı.
Biçilib bafa-bafa qotmanlanan (dərzlərin sünbül tərəfi içəri yığılır) taxıl öküz,
yaxud da kol arabalarına yüklənib xırman yerinə daşınırdı. İlk dərzi biçmiş biçinçiyə,
yaxud dərzi əkin sahəsindən xırmana birinci gətirən arabaçıya, adətə görə hədiyyə,
xələt verilirdi.
Taxılı biçənlərə biçinçi, taxılı döyənlərə də döyünçü deyirdilər. Biçinçilər taxılı
biçdikcə bafaları yığırdılar bir yerə. 1 bafa biçinçinin 4 əl tutumu sünbülə deyirlər, 4
bafa sünbül isə 1 dərz adlanır. Sonra dərzləri qalaq-qalaq toplayırdılar bir yerə. 10
dərzin bir yerə yığılması pencə (xara), 10 pencə isə xotma, ya da xotum adlanır. Dərz
bağlanılan küləşə bəndəm deyirlər. İl bollu-bərəkətli gələndə 1 pencədən 2-3 kəvic
taxıl çıxırdı. Kəvic ölçü alətidir. 1 kəvic 6 çanaq, yəni 2 puddur; 1 pud da 16
kiloqrama bərabərdir.
Əkinçilik mədəniyyətimizin xeyir-bərəkət ətirli yadigarları - xırman (xərmən),
dəyirman və təndirlə bağlı çoxlu adət-ənənələr, inanclar yaranmış, önündə səcdə qılıb,
müqəddəs yer - ocaq sayılmışdır onlar.
Xalq təqvimində yay fəslinin orta ayı yayın cırhacır dövrü (bəzi bölgələrdə
Dostları ilə paylaş: