© "ġərq-Qərb", 2007
4
ÖN SÖZ
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Hüseyn Cavid
Azərbaycan ərazisinin genişliyinə və əhalisinin sayına görə əsrlər boyu
Qafqazda aparıcı rola malik olmuşdur. Xalqımız bu əlverişli və müqəddəs məkanda
özünün çoxəsrlik mənəvi mədəniyyətini inkişaf etdirir, onu yeni-yeni çalarlarla daha
da zənginləşdirir.
Respublikamızda azərbaycançılıq ideologiyasını daha da inkişaf etdirən, xalqı
birliyə, bütövlüyə, ayrılmazlığa istiqamətləndirən böyük öndərimiz Heydər Əliyev
yazır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir
azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir". Alimlərimiz
"Azərbaycan etnoqrafiyası"nın üçüncü cildini qələmə alarkən bu ideologiyadan
bəhrələnmiş, onu rəhbər tutmuşlar.
Maddi mədəniyyətlə yanaşı mənəvi mədəniyyət də etnoqrafiya elminin tərkib
hissəsi, aparıcı qollarından sayılır. Minilliklərdən üzü bəri gələn mənəvi
mədəniyyətimiz təkcə Şərqdə deyil, ümumdünya miqyasında, beynəlxalq aləmdə
şərəfli yer tutur.
Dərin məzmunu, əhatəliliyi və əhəmiyyətliliyi ilə seçilən "Azərbaycan
etnoqrafiyası"nın üçüncü cildi ilk dəfədir ki, qələmə alınır. Böyük zəhmətin və gərgin
əməyin məhsulu olan bu araşdırmanın ərsəyə gəlməsində zəngin çöl-etnoqrafik
materialları və bu sahədə aparılan etnoqrafik tədqiqatlar əsas yer tutur. Bununla
yanaşı, əsərdə çoxsaylı dəyərli mənbələr, xarici və yerli səyyahların qeydlərindən,
arxeologiya və tarix elminin nailiyyətlərindən, arxiv materiallarından, muzey
kolleksiyalarından, ədəbiyyat, folklor, musiqi, tətbiqi-sənət, memarlıq və s. elm
sahələrinə həsr olunmuş araşdırmalardan və bu sahəyə dair dövri mətbuatda çıxan
yazılardan geniş istifadə edilmişdir.
Böyük elmi-praktik və tərbiyəvi əhəmiyyətə malik olan "Azərbaycan
etnoqrafiyası"nın üçüncü cildinin meydana çıxması Azərbaycan tarixi, arxeologiyası,
ədəbiyyatı, folkloru, incəsənəti və dil tarixinin yazılmasına öz töhfəsini verəcək,
onların daha dolğun, məzmunlu və zəngin olmasına şərait yaradacaqdır.
Böyük öndərimiz Heydər Əliyev xalqımızın mənəvi dünyasını yüksək
qiymətləndirərək qeyd edir: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya
xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü
mədəniyyətdir". Ümummilli liderimiz Heydər Əliyev başqa bir münasibətlə qeyd edir:
"Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən,
inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması
deməkdir".
5
Azərbaycanlıların müdrik, sülhsevər, adına, andına, inamına, əqidəsinə sadiq,
əslinə, kökünə minnətdar, zəngin təbiətli - alicənab, genişürəkli, vətəncanlı, sadə,
səmimi, istiqanlı, əməksevər, qonaqpərvər və bəşəri xalq olması əsərin qayə, məna və
məzmununda öz əksini tapmışdır.
Bu baxımdan XIX əsrin fransız sosioloqu və coğrafiyaşünası E.Reklünün
xalqımızın qədir-qiyməti haqqında söylədiyi fikrini xatırlatmaq yerinə düşərdi:
"Cənubi Qafqazda yaşayan azərbaycanlılar Qafqazın heç bir xalqına xas olmayan
keyfiyyətlərə malikdirlər. Belə nadir səmimiyyətə və tamahdan uzaq düzgünlüyə,
həddən artıq mehribanlığa və qonaqpərvərliyə yalnız onların arasında rast gəlmək
olar. Azərbaycanlılar Qafqazda mədəniyyət yayanlar hesab olunur".
XX əsrin əvvəllərində görkəmli rus alimi V.L.Veliçko "Qafqaz" əsərində
xalqımızın şərafəti və bəşəri keyfiyyəti haqqında heyranlıqla yazırdı: "Heç şübhəsiz,
azərbaycanlıların qanları safdır; onlar təbiətən alicənab, mehriban, xoşrəftar, mərd və
genişürəklidirlər, zehni cəhətdən istedadlı, əxlaqi baxımdan təmizdirlər". Həqiqətən,
xalqımız xeyirxahlılığı, qədirbilənliyi, ləyaqətliliyi, nəcabətliyi, saflığı, mərdliyi,
mübarizliyi ilə seçilir. Dostluqda etibarlı, qonşuluqda əvəzsizdir.
Belə bir bəşəri xalqı layiqincə öyrənmək alimlərimiz üçün şərəf işi, qürur hissi
olmaqla yanaşı, həm də böyük məsuliyyət tələb edir.
Mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri xalq bayramlarıdır.
Onların arasında ən qədimi və geniş yayılanı Novruz bayramıdır. Bu bayram öz
yaşarlılığı, kütləviliyi, məna və məzmunu baxımından digər bayramlardan seçilir. Bu
üstün cəhət nəzərə alınaraq bahar bayramına daha çox yer ayrılması təsadüfi olmayıb,
qanunauyğundur. Əsərdə xalqımızın əziz bayramlarından Qurban bayramı, Orucluq
bayramı və digər bayramlar haqqında da məlumat verilir.
Xalqımızı birliyə, həmrəyliyə, köməyə, arxa durmağa səsləyən qarşılıqlı
yardım formalarından demək olar ki, həyatımızın bütün sahələrində geniş istifadə
edilir. Lakin etnoqrafik baxımdan yanaşdıqda qarşılıqlı yardım formaları daha çox
təsərrüfatda, yaşayış məskənləri və yaşayış evlərində, müxtəlif sənətkarlıq
sahələrində, ailə-məişət məsələlərində geniş tətbiq edilir.
Xalqımız vətənə sonsuz məhəbbət, torpağa bağlılıq, el-obaya sayğı, sevgi,
ailəyə yüksək qayğısı ilə tanınır. Bu bəşəri keyfiyyətlər arasında ağsaqqallıq və
ağbirçəklik institutu böyük məna və məzmun kəsb edir. Bu institut ibtidai icma
quruluşundan başlayaraq zəmanəmizə qədər davam edir. Təlim-tərbiyə məktəbi, gör-
götür dünyası, ibrətamizlik abidəsi olduğuna görə bu məsələyə də cilddə xüsusi yer
ayrılması təbiidir.
Geniş qəlbliliyi, sadəliyi və səmimiliyilə tanınan Azərbaycan xalqı dünyada öz
qonaqpərvərliyi ilə də sayılır, seçilir. İbrətamizliklə dolu bu xalq adətində qonağa
dərin hörmət və ehtiram bütün çalarları ilə özünü büruzə verir. Əsərdə
qonaqpərvərliyin ilkin çağları, inkişaf mərhələləri zəngin materiallar əsasında şərh
edilir.
Kitabda xalqımızın məşhur musiqişünasları, dahi bəstəkarları, qoşub-coşan el
6
aşıqları, xanəndələri, təkrarsız xalq mahnıları, sirli-sehrli muğamlar haqqında da geniş
söhbət açılır. Eyni zamanda rəqs və rəqqaslar, nəfəsli, simli, zərb musiqi alətləri
tədqiq edilir. Onların quruluşu, hazırlanma üsulları açıqlanır. Əsərdə xalqımızın
musiqi dünyasına geniş yer verilməsi tamamilə qanunidir. Musiqi xalqımızın
təbiətindən doğur, insanlara ümumbəşəri hisslər aşılayır, onları haqqa, ədalətə, eşqə,
məhəbbətə, ülviliyə, təmizliyə, paklığa səsləyir.
Azərbaycan xalqı tarixdə musiqili, şairli-şeirli xalq kimi tanınır və sevilir.
Yüksək mənəvi zənginliyi ilə seçilən xalqımızı dünya xalqları sazlı-sözlü, min bir
avazlı, Nizamili, Nəsimili, Füzulili, Vaqifli, Ələsgərli, Üzeyirli, Vurğunlu, Şəhriyarlı,
Qaralı, Fikrətli xalq kimi tanıyır. Musiqi ilə şerimizdəki bu qoşalıq, bu doğmalıq
sözümüzdə, musiqili səsimizdə, dilimizdədir.
Tərbiyə beşik nəğməsi, ana laylasıdı, südlə gələr, sümüklə çıxar. Qandan qana,
candan cana keçər. Təlim insanın həyatda arzu və istəyinə nail olmaq üçün
məqsədyönlü formalaşması prosesidir. Təhsil insanın, cəmiyyətin, dövlətin inkişafına
xidmət edən strateji əhəmiyyətli fəaliyyət sahəsidir. Sistemləşdirilmiş bilik, bacarıq,
vərdiş və təlim prosesi onun nəticəsidir. Təhsil milli zəminə, bəşəri dəyərlərə
əsaslanır, dünyəvi xarakter daşıyır.
Elm idrakın bir forması olmaqla təbiətin öyrənilməsi, cəmiyyətin və təfəkkürün
inkişafı üçün yaradılan biliklər sistemidir. Elmin vəzifəsi insanlara təbiət, cəmiyyət
haqqında dəqiq, dürüst biliklər aşılamaq, onlarda elmi dünyagörüşü formalaşdırmaq
və hərtərəfli kamil inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Cilddə təhsil və elm
haqqında da yığcam məlumat verilmişdir.
Mənəvi mədəniyyətimizin aparıcı sahələrindən biri də çoxəsrlik Azərbaycan
ədəbiyyatıdır. Əsərdə ədəbiyyatımızın təşəkkülü, inkişaf mərhələləri, görkəmli
nümayəndələrinin yaradıcılığı yığcam şəkildə şərh edilməklə yanaşı folklora daha
geniş yer verilir. Bu da təsadüfi deyil. Əgər etnoqrafiyanı dünyagörmüş çinara
bənzətsək, folklor onun şah budağıdır. Çox vaxt etnoqrafiya və folklor bir-birini
tamamlayır, biri digərinin inkişafına əsaslı zəmin yaradır. Bu doğmalıq, bu qoşalıq
bəzən elə şəkil alır ki, onlardan hansının etnoqrafiyaya, hansının xalq yaradıcılığına
aid olduğunu belə müəyyənləşdirmək çətin olur. Bu ayrılmazlıq, ortaqlıq, oxşarlıq və
doğmalığın nəticəsidir ki, bir çox məsələlər eyni dərəcədə hər iki elm sahəsinin
tədqiqat obyektidir.
Azərbaycan xalqı tarixən zəngin əkinçilik mədəniyyətinə malik olmuş və
özünəməxsus təsərrüfat ənənələri yaratmışdır. Xalqımızın özünəməxsus əkinçilik
təqvimi və xalq meteorologiyası yaratması bunu əyani şəkildə sübut edir. Hər ili dörd
fəsilə, hər fəsli onun təsərrüfat həyatındakı yerinə görə kiçik hissələrə bölən xalqımız
əmək fəaliyyətini də məhz bu prinsiplərə uyğun qurmuşdur. Qədim azərbaycanlıların
təqvimi qışın çıxıb yazın gəlməsi, başqa sözlə, təbiətin oyanışı ilə başlamışdır ki, bu
da xalq arasında yeni gün, yəni Novruz adlandırılmışdır.
Azərbaycan xalqının mənəvi mədəniyyətində xalq təbabəti mühüm yer tutur.
Elmi təbabətin xalq məişətində geniş yer tuta bilmədiyi dövrlərdə el biliciləri müxtəlif
7
xəstəlikləri empirik üsullarla müalicə etmiş və bu sahədə zəngin təcrübə qazanmışlar.
Xalq arasında təbib, loğman, sınıqçı, çöpçü adları ilə məlum olan bilicilər müxtəlif
xəstəliklərin müalicəsilə məşğul olmuşlar. Onlar ölkəmizin ərazisində müalicə
əhəmiyyətli yüzlərlə bitki və meyvələrdən məlhəm hazırlamış, xəstələrə şəfa
vermişlər. Xəstələrin sağaldılması üçün bir çox materiallardan, o cümlədən heyvan
mənşəli məhsullardan da geniş istifadə olunmuşdur.
Azərbaycan xalqı öz dini görüşləri baxımından da səciyyələnir. Cilddə
minilliklərdən xəbər verən ibtidai dini təsəvvürlər, inanclarla yanaşı zərdüştilik,
xristianlıq və islam dininin tarixi qısa şərh edilir, xalqın mənəvi dünyasında tulduğu
yer müəyyənləşdirilir.
Xalqımızın mənəvi aləmində dinin mühüm yeri vardır. Min ildən artıq zaman
çərçivəsində islam dini xalqın dünyagörüşündə, adət-ənənələrində, etik davranış
qaydalarında əsas rol oynamış, islam ehkamlarının toplandığı müqəddəs kitab Qurani-
Kərim inam-etiqad qaynağımız, and yerimiz olub, xalqı düzlüyə, doğruluğa, paklığa
səsləyib, pis əməllərdən çəkindirib. İslam dini qaydaları, əxlaq normaları milli
adətlərlə elə çulğalaşıb, qaynayıb-qarışıb ki, hətta onları bir-birindən ayırmaq,
hansının islam dini qaydalarına, hansının milli adət-ənənələrə aid olduğunu ayırd
etmək belə çətindir. Bu qaynayıb-qarışmanın səviyyəsi o dərəcəyə çatıb ki, bəzən
islam dini təfəkkürü etnik təfəkkürü belə üstələyib; bir nəfər adət-ənənələri pozanda
"türk deyilsənmi?" əvəzinə "müsəlman deyilsənmi?" deyə qınanılıb. Məhz bunun
nəticəsidir ki, xalqımızın dünyagörüşünə, həyata baxışına, inamlarına hakim kəsilən
islam dini dünyagörüş, inam, inanc səviyyəsindən çıxaraq xalqımızın yaşam tərzinə,
həyat tərzinə çevrilib.
Buna baxmayaraq, islam dini özündən əvvəlki qədim dini etiqadları, inamları
sıxışdıraraq sıradan çıxarmadı, bu gün də Azərbaycanda islamaqədər mövcud olmuş
etiqadlar - daş, su, ağac, od ayini, göy cisimləri ilə bağlı etiqadlar islam dini görüşləri
ilə "dinc yanaşı yaşayır" və bu dini ayinlər animizm, totemizm, fetişizm, magiya və
əcdadlara sitayişlə sıx bağlıdır. Xalqımız bu gün də daşa, suya, oda, ağaca sitayiş edir,
qurban kəsir, nəzir verir, onlardan kömək diləyir, bununla da arzusuna, istəyinə
çatacağına inanır. Halbuki, Qurani-Kərimdə yeganə etiqad edilməli varlığın Allah
olduğu göstərilir. Bunun səbəbini isə elə Quranda axtarıb tapmaq olar. Müqəddəs
kitabın özündə qədim dini etiqadların izləri qabarıq şəkildə özünü göstərməkdədir.
İslamda digər dinlərə - atəşpərəstliyə, xristianlığa qarşı dözümlülük, hörmət bu
gün Azərbaycanda müxtəlif dinlərin mövcudluğuna, dini tolerantlığa zəmin
yaratmışdır və bu gün də ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh və
mehribanlıq şəraitində yaşamaqdadır.
Xalqımızın mənəvi aləmində, dünyagörüşündə inamların xüsusi yeri var.
Cəmiyyətin inkişaf səviyyəsinin aşağı olduğu dövrlərdə baş verən hadisələrin səbəbini
bilməyən, "niyə", "nə üçün" sualları qarşısında qalan insan vəziyyətdən çıxmaq üçün
müxtəlif sınamalara, ovsunlara, fallara, dualara əl atmış, yaxşı iş görənlərə alqış
oxumuş, yamanlıqları, pislikləri qarğamış, sözün sehr qüvvəsinə inanan insan onun
8
həyata keçəcəyinə əmin olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanında rast gəldiyimiz
"Bəylərin alqışı alqış, qarğışı qarğış idi, nə deyirdilərsə olurdu" sözləri də həmin
təfəkkürün nəticəsi kimi meydana çıxır, tərbiyə vasitəsinə çevrilir, yaxşılıqlara sövq
edir, pisliklərdən uzaqlaşdırır və həmin funksiyanı indi də saxlamaqdadır. Üstündən
min illər keçməsinə, cəmiyyətin inkişaf etməsinə baxmayaraq, cəmiyyət və təbiət
hadisələrinin səbəbləri aydınlaşsa da, cəmiyyətdə gedən sosial irəliləyiş, sivil
əvəzlənmə, dəyişikliklər ibtidai inamları, xüsusi məna daşıyan, mifoloji-semantik
yükə malik olan sınamaları, ovsunları, falları, duaları, andları, alqış və qarğışları
sıradan çıxara bilməmişdir və bu gün də onlar xalqın mənəvi aləmində,
dünyagörüşündə yaşayır, bir sıra hallarda isə tərbiyə vasitəsi kimi əhəmiyyətini indi də
saxlayır və onların öyrənilməsini zəruri edir, elmi əhəmiyyət daşımaqla yanaşı
praktiki əhəmiyyət də daşıyır. Xalqımızın mənəvi mədəniyyətində, dünyagörüşündə
rənglərin də öz yeri var; onların öyrənilməsi mənəvi varisliyin qorunmasında,
yaşadılmasında mühüm rol oynayır və dünyaya, əhatə olunduqları mühitə baxışları
rənglərdə, onların daşıdığı mifoloji-semantik mənalarda qorunub saxlanır. Çox zaman
bu mənaları bilmədən xalqımızın min illər ərzində yaratmış olduğu mənəvi
mədəniyyət nümunələrinin əsil mahiyyətini belə başa düşmək, dərk etmək mümkün
olmur. Xalqımızın dünyagörüşündə, həyata baxışında rənglər birbaşa daşıdıqları məna
yükündən kənara çıxır, semantik məna daşıyır, xeyiri, uğuru, xoşbəxtliyi, yaxşılığı,
pisliyi, hətta Tanrını belə özündə əks etdirir, simvola çevrilir. Məsələn, Azərbaycan
türklərinin təfəkküründə ağ - xoşbəxtlik, qara - bədbəxtlik, qırmızı - qan, müharibə,
yaşıl - bolluq, bərəkət, sarı - quraqlıq, qıtlıq, mavi - sevinc, şadlıq, hətta Tanrı rəmzi
kimi semantik yük daşıyır. Hətta babalarımız cəhətləri, istiqamətləri belə rənglərlə
işarələmiş, şərqi göstərmək üçün mavi, qərbi göstərmək üçün ağ, şimalı göstərmək
üçün qara, cənubu göstərmək üçün qırmızı rəngdən istifadə etmişlər.
Bütün dünya xalqlarının, o cümlədən Azərbaycan türklərinin dünya
duyumunda saylar qədim zamanlarda indi olduğu kimi sırf kəmiyyət, sıra bildirməmiş,
xüsusi səciyyə, məna daşımışdır. İnsanlar onlara müqəddəslik, uğur, sevgi, nəhs və s.
mənalar vermiş, özlərinə uğurlu rəqəmlər seçməklə xoşbəxt olacaqlarına inanmışlar.
Qədim türk tayfalarının bir çoxlarının adlarının qabağına əlavə olunan 8, 9, 24, 32 və
s. rəqəmlər də bu inancların nəticəsi kimi qiymətləndirilə bilər. İndi də xalqımız 3, 7,
9, 40 rəqəmlərini uğur rəmzi sayır, 13 rəqəmini isə nəhs rəqəm hesab edir. Kitabda
saylara xüsusi yer ayrılması da geniş oxucu kütləsinə onların mahiyyəti, haradan
qaynaqlandığı haqda məlumat vermək istəyindən irəli gəlir.
Azərbaycan xalqının min illər ərzində yaratdığı zəngin mənəvi mədəniyyət
nümunələrindən biri də oyun və əyləncələrdir. Oyun və əyləncələr xalqımızın
həyatında, məişətində öz məzmun və mahiyyəti etibarilə müxtəlif səciyyə daşımış,
xalqın təsərrüfat və ailə məişəti, həyat tərzi, dünyagörüşü, mənəvi aləmi ilə bağlı
meydana gəlmiş, bəşər mədəniyyətinin bir hissəsinə çevrilmişdir. İndi oyun, əyləncə
mahiyyəti daşıyan bu mənəvi mədəniyyət nümunələri son əsrlərədək ciddi həyat
sınağına hazırlıq məqsədi daşımış, əsas tərbiyə vasitələrindən biri olmuşdur. Əgər
9
oyunlar onları seyr edən tamaşaçılar üçün əyləncə, vaxtın xoş keçirilməsi məqsədi
daşımışdırsa, iştirakçılar üçün o, sınaq, ciddi həyata hazırlıq üçün fiziki və mənəvi
tərbiyə vasitəsinə çevrilmiş, yeniyetmə və gənclərə qüvvət, cəldliklə yanaşı
qorxmazlıq, cəsurluq, cəldlik, özünə inam və s. aşılamışdır.
Mənəvi mədəniyyət son əsrlərdə sivilizasiyanın, elmi-texniki tərəqqinin
inkişafı ilə əlaqədar olaraq etnik mənsubiyyətin əsas göstəricisi kimi çıxış etməkdədir
və XIX əsr mədəniyyətlərin mübarizəsi əsri kimi özünü göstərdiyinə görə,
Azərbaycan xalqının mənəvi mədəniyyətinin öyrənilməsi və təbliği, eyni zamanda
gələcək nəslə çatdırılması qarşıya əsas məqsəd kimi qoyulmalıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının çoxəsrlik, çoxsahəli və zəngin
mənəvi mədəniyyəti etnoqraf alimlərimiz tərəfindən yetərincə və tələb olunan
səviyyədə araşdırılmamışdır. Bu baxımdan oxuculara təqdim edilən üçüncü cildin işıq
üzü görməsi problemin əhəmiyyətini artırır, dərin məna və məzmunu ilə diqqəti cəlb
edir. Əlbəttə, xatırlatmaq lazımdır ki, bu zəngin və tükənməz irsin bütün sahələrini
eyni dərəcədə işıqlandırmaq imkan xaricindədir və qeyri-mümkündür. Bu, hər şeydən
əvvəl, çöl-etnoqrafik materiallarının və tədqiqat əsərlərinin nisbətən azlığından, tam
olmamasından, müqayisəli metoddan istifadə edilməməsindən irəli gəlir. Ona görə də
Azərbaycan dilində ilk dəfə olaraq belə əhatəli şəkildə fundamental əsərin ərsəyə
gətirilməsində bəzi çatışmayan cəhətlərə, zəif məqamlara, iradlara və xırda nöqsanlara
da rast gəlmək mümkündür. Bütün bunlara baxmayaraq, bu kitabdan oxucuların
Azərbaycan xalqının mənəviyyatı haqqında dolğun, tam məlumat alacaqlarına əminlik
hasil etmək olar.
Ümid edirik ki, bərəkətli torpağını, əvəzsiz vətənini, doğma xalqını və millətini
qəlbən sevən mütəxəssislər, alimlər, müdrik insanlar, tələbkar oxucular, öz
sevinclərini, arzu, tələb və təkliflərini bildirəcək, monoqrafiyanın gələcəkdə dolğun,
əhatəli və məzmunlu çıxmasına köməklik göstərəcəklər.
Əsərin uzun illər hazırlanması, yazılması və ərsəyə gəlməsində Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi
etnoqrafiya şöbəsinin əməkdaşlarının xüsusi xidmətləri də unudulmamalı və yaddan
çıxarılmamalıdır. Üçüncü cildin müzakirəsində dəfələrlə iştirak edən alimlərin
köməyi, çoxsaylı informatorların məlumat və müddəaları minnətdarlıqla qeyd
edilməlidir. Kitabın hazırlanmasına və müzakirələrin təşkilinə böyük əmək sərf edən,
artıq dünyalarını dəyişən görkəmli etnoqraflardan Şahpələng Quliyevi və Tofiq
Kərimovu minnətdarlıqla yad edir, "ruhları şad olsun" - deyirik.
Cildin nəşrə hazırlanmasında Səfər Aşurovun, Nəcəf Müseyiblinin, Təranə
Quluzadənin, Gülmirə Qasımovanın, illüstrativ materialların çəkilməsində rəssam
Solmaz Hüseynovanın əməyini xüsusi qeyd etmək lazımdır.
Dostları ilə paylaş: |