ORUCLUQ BAYRAMI
Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bayramlarından biri də
Orucluq bayramıdır. Orucluq bayramı da "mübarək", "möminlərin qəlbinə sevinc bəxş
edən günlərindən" biridir[36].
İslam dininə görə, orucluq müsəlmanların əməl etmələri vacib sayılan beş
şərtindən ikincisidir. Orucluq hər il hicri-qəməri (hicri-ay) təqviminin 9-cu ayı olan
Ramazan ayında 30 gün müddətində saxlanılır.
Müsəlman dünyasında oruc tutma (əs-saym) hicrətin 2-ci ilində (624-cü ildə)
tətbiq edilməyə başlanmışdır. Qurani-Kərim Allaha ibadətin bu şəklini inkişaf
etdirərək orucu Quranın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə
əlaqələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.
İslamdan əvvəl meydana gələn dinlərdə də oruc tutmaq haqqında göstərişlər
olmuşdur. Tarixi məlumatlara görə, Həzrət Adəmdən (ə) başlayaraq Allahın
rəsullarının (onlara salam olsun!) hər biri, o cümlədən Xatəmül-Ənbiya Mühəmməd(s)
də bu barədə insanlara xəbərdarlıq etmişdir.
Orucluğun kökləri uzaq keçmişə bağlıdır. Orucluğun meydana gəlməsinin
səbəbləri məxəzlərdə və şəriət qanunlarında geniş izah edilir. Qurani-Kərimə görə
şəriətimizdə oruc tutmaq Allah əmridir. Orucluğun yerinə yetirilib-yetirilməməsini
müzakirə etməyin özü əbəsdir. Çünki Allah kəlamı müzakirə olunmaz.
İslama qədər orucluq - yeməkdən imtina etmək və ya yeməyi məhdudlaşdırmaq
bir qayda olaraq yay fəslinə - isti dövrlərdə icra olunurdu. Ərəblər yay fəslinin çox isti
vaxtında gündüzlər təsərrüfat həyatını dayandırır, bütün işləri axşama, hava sərinləşən
vaxta keçirirdilər[37].
İslam dini bərqərar olduqdan sonra, Qurani-Kərimin hökmünə əsasən,
orucluğun ancaq ramazan ayında keçirilməsi qərarlaşmışdır. Bu da qəməri təqvimi ilə
əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür.
Monoteist dinlər arasında ən yüksək məqamda duran İslamda orucluq təlimi
özünün daha kamil və dolğun əksini tapmış, böyük məna və məzmun kəsb etmişdir.
İslamda orucluq ixtiyari deyil, müntəzəm səciyyə kəsb edir, fərdin və ya
icmanın həyatında baş vermiş bu və ya digər gözlənilməz dəyişikliklərlə
əlaqələndirilmir və vaxtı dəyişdirilmir.
Beləliklə, oruc tutan kəsin özündə mənəvi həyatın ən böyük hadisəsini - Allaha
yaxınlıq hissini duymaq, qavramaq bacarığı tərbiyə etməsi orucluqla əlaqədar onun
qarşısında duran ən mühüm vəzifədir. Belə bir tərbiyənin aşılanması orucluğun ruhani
məzmunda İslam anlamının mahiyyətini təşkil edir. Orucluğun möminlər üçün açdığı
mənəvi imkanların genişliyini nəzərə alsaq, ramazanda Cənnət qapılarının taybatay
açılması, Cəhənnəm qapılarının isə bağlanması barədəki Hədisi-şərifin mənası aydın
olar.
Xalq orucluğa həm də islamın əxlaqi-mənəvi təsisatı kimi baxmışdır.
55
Həqiqətən orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaqi
dərsi təlqin edilir. Harama aludə olmaqdansa özünü ağır sınaqlara və hər cür
çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır.
"Quran oruc tutmağı islamın müsbət meyarı kimi götürmüş, başqa vacib
əməllərin yerinə yetirilməsində yol verilmiş xətaların orucluq vasitəsilə
bağışlanmasının mümkünlüyünü təsbit etmişdir" (Qurani-Kərim, əl-Bəqərə, 185).
Xalq arasında yayılmış adətə görə, ramazan ayı başlamazdan bir-iki gün qabaq
niyyət edir və oruc namazı qılırlar. Şəriətə görə, oruc tutan adam təmiz və pak
olmalıdır; həmin gün dan yerinin sökülməsindən - sübh namazı azanından sonra şər
qovuşanadək hər cür yemək, içki, oyun, tamaşa, qadına yaxınlıq, şəhvət doğuran
hərəkətlər etmək, ciyərə tüstü almaq, sürmə və müşk çəkmək, tütün iyləmək,
rahatlanmaq üçün hamama girmək, öpüşmək və s.-dən imtina edirlər. Oruc tutan adam
bu müddət (ramazan ayında) ərzində yalnız Allaha ibadət etməlidir.
Orucluq müddətində yemək-içməyə gündə iki dəfə - gün çıxmamış
("obaşdanlıq") və şər qarışan vaxt ("iftar açma") icazə verilir. Hər bir oruc tutan adam
iftarını açmazdan əvvəl namaz qılmalı, dua oxumalı və yalnız sonra əlini yeməyə
uzatmalıdır.
Oruc tutmaq bütün müsəlmanlar üçün vacib sayılmaqla burada istisnalara da
yol verilir. Xəstələr, yaşlı adamlar, uşaqlar, səfərə çıxanlar, hamilə və südəmər körpəsi
olan qadınlar, taqətsiz qocalar oruc
tutmaqdan azad olunurlar. Lakin "Qurani-Kərim"
buyurur ki, "sizdən xəstə və səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə
orucu tutmalıdırlar" (Qurani-Kərim, əl-Bəqərə, 184).
Orucluq zamanı varlı da, yoxsul da müsavi, yəni bərabər olur. İmkanlı adamlar
ac qalanların halını başa düşür, onlara kömək etməyi özlərinə borc bilirlər. Orucluqda
çox Quran oxumaq, dualar etmək müstəhəbdir. Həzrət Peyğəmbər (s) ramazan ayının
ehtiramını qeyd edərkən belə buyurmuşdur ki, başqa aylardan fərqli olaraq bu zaman
bütün ibadətlər birə-min hesablanır. Bu baxımdan valideynlərin qəbirlərini ziyarət
etmək, ölənlərin ruhuna ehsan vermək, iftar süfrəsi açmaq böyük savabdır. Həzrət
Peyğəmbər (s) buyurmuşdur: "Hətta, bir para xurma da versən, ehsandır".
Orucluq tibbi və sağlamlıq nöqteyi-nəzərdən və əxlaqi baxımdan çox
əhəmiyyətlidir. Əxlaqi-tərbiyəvi baxımdan orucluq dövründə tələb olunan qaydaların
gözlənilməsi insanı şər işlərdən, haramzadəlikdən, xoşagəlməz hərəkətlərdən, günah
işlər görməkdən çəkindirir, onu xeyirxah əməllərə, yaxşılığa sövq edir, xalqla ümumi
bir işə səfərbər olmaq vərdişi yaradır. Xalq arasında ramazan ayı təmizlik,
mehribanlıq, halallıq, səmimiyyət, istiqanlılıq ayı kimi məşhurdur. Ramazan həm də
xeyirxahlıq, alicənablıq ayıdır.
İnama görə, oruc tutmaq, müəyyən müddət ac qalmaq, pəhriz saxlamaq ilə bir
çox xəstəlikləri müalicə etmək, eyni zamanda sağlamlıq qazanmaq mümkündür.
Orucluq bir tərəfdən mədə və həzmedici orqanların dincəlməsinə səbəb olaraq
orqanizmi zəifləməkdən qoruyub insanlara yeni qüvvə verir, digər tərəfdən sağlamlıq
üçün zərərli olan yağları və zəhərli maddələri əridib azaldır. Orucluq insana
56
xəstəliklərin səbəbləri ilə mübarizə aparmaqda istənilən nəticəni əldə etməyə imkan
verir.
Oruc tutan şəxs oruc tutmaqla özünü müalicə edir. Bu barədə Peyğəmbər (s.)
gözəl hədis buyurmuşdur: "Oruc tutun, tainki sağlam olasınız". Başqa bir hədisdə isə
deyilir: "Mədə dərdlərlə dolu olan bir evdir, oruc tutmaq isə ən yaxşı dərmandır".
Qədim və müasir tibb elmi ac qalmanı müalicənin ən yaxşı vasitələrindən
biri hesab
edir. Müasir həkimlər xəstəlik törədən əsas amilləri müxtəlif yeməklərin bolluğu ilə
əlaqələndirirlər. Belə ki, izafi maddələr orqanizmdə həll olmayıb, bədənin müxtəlif
nöqtələrində piy qatına çevrilərək köklük və qanda əlavə şəkər əmələ gətirir. Bu da
müxtəlif xəstəliklərin əmələ gəlməsi ilə nəticələnir. İnsanın həzm mexanizmi il
ərzində həmişə məşğuldur. İldə bir ay oruc tutmaq bu mürəkkəb mexanizmə istirahət
verir, onu yeniləşdirir.
Ramazan ayı Qədr gecəsiylə şöhrətlidir, ancaq onun məhz hansı gecəyə
düşməsi məlum deyildir. Bu da ilahi sirlərin biridir, çünki müsəlman Ramazan ayının
bütün gecələrini şərafətlə qəbul edir, borcunu və ibadətini qüdrətli Allah qarşısında
yerinə yetirməyə çalışır. Qurani-Kərimdə deyilmişdir: "Qədr gecəsi savabına görə min
aydan daha xeyirlidir" (Qurani-Kərim, əl-Qədr, 3).
Etnoqrafik materiallardan aydın olur ki, Ordubad şəhəri və onun ətraf
kəndlərində ramazanın 15-ci gününü xüsusi təntənə ilə qeyd edərdilər. Uşaqlar dəstə-
dəstə qapılara gedib torba atar, orucluq payı yığaraq oxuyardılar:
Orucun 15-dir gəlmişik sizə,
Orucun niyazın (payın) verəsiz bizə.
Həmin gün axşam iftarını zəngin süfrə ilə açardılar, sonra nişanlı qız evinin
valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə
müəyyən hədiyyələr gətirərdilər[38].
Orucluğun ikinci yarısının 19, 21, 23-cü günlərinə "əhya axşamı" və ya sadəcə
olaraq "əhya" (ərəbcə dirilmə, yeniləşmə, bərpaetmə mənasını bildirir) deyirlər. Qədr
gecəsi heç bir bəla nazil olmaz, bu gecə bütünlüklə xeyir-bərəkət gecəsi adlanır. Buna
görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək müstəhəb (sevilən,
bəyənilən) sayılır. Deyilənə görə, Həzrət Əli "zərblənəndən" sonra üç gün can
vermişdir. Buna görə də "əhya axşamları" xüsusi gün kimi qeyd olunur, dua edib
ehsan verir, halva çalıb paylayırlar.
Ramazan ayı "id əl-fitr" deyilən orucluq bayramı ilə başa çatır. Fitr bayramı
orucluq qurtaran günü təzə ayın - hilalın ilk rübünün nazik şəkildə görünməsi
ərəfəsindən, yəni şəvval ayının girməsi ilə başlayır. Bu zaman ilk növbədə mömin
şəxslər, oruc tutanlar və hətta oruc tutmayanlar da bir-birini təbrik edir, görüşür,
"oruc-namazın qəbul olunsun" - deyirlər. Həmin axşam evdə hər kəsin imkanına görə
zəngin bayram süfrəsi açılır, ləziz nemətlər, xörəklər süfrəyə düzülür. Fitrə mərasimi
keçirilir. Bunun üçün evin ağsaqqalı Allah-taalaya dua edir. O, ailə üzvlərinə
cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, xalqın rifahının yaxşılığa doğru getməsini,
axirətdə səadətə yetişməyi arzu edir.
57
Sonra fitrə vermək mərasimi başlayır. Bu məqsədlə ailə başçısı ailə üzvlərinin,
yəni onun evində çörək yeyənin, hətta orduda xidmət edənin, səfərdə olanın və o gecə
evində olan qonağın sayına görə hər nəfərə bazar qiyməti ilə 3 kq buğdanın pulunu
ayırır. Orada iştirak edən ailə üzvləri həmin pula əllərini vurmaq üçün bir-birinə
ötürürlər. Fitrə həmin gecə füqəraya çatdırılır. Həmin axşam mümkün olmadıqda,
sabahı gün və ya başqa günlərin birində fitrə mütləq fağır-füqəraya verilir. Fitrə
vermək yalnız varlı, imkanlı adamlar üçün vacib sayılır.
Hüseynqulu Sarabski Bakıda bayramın başlanmasını belə təsvir edir:
"Orucluğun axırına yaxın göydə Ayı axtarardılar. Bəzən hava buludlu olduğundan Ay
görünməzdi... Şəhərə səs düşərdi ki, Gün və ya Ay tutulmuşdur. Bir də görərdin hərə
əlinə bir mis qab alıb dama çıxır və onu döyəcləyirdi. Bir para evlərdə... çaxmaqlı
tüfəngi doldurub gurhagur ilə güllə atardılar ki, Ay və ya Gün "tilsimdən" xilas
olsun... Gecə ilə azançıları qalaya çıxarıb, minacat vasitəsilə sabah bayram olduğunu
məlum edərdilər".
Orucluq bayramı günü, obaşdan - sübh namazından sonra hamı məscidlərə cəm
olur, birlikdə bayram namazı qılınır. Günortaya qədər bayram namazı qılınıb qurtarır.
Böyük təntənə ilə şadlıq mərasimləri təşkil edilir.
Orucluq bayramında da nişanlı oğlan evindən qız evinə bayram sovqatı
göndərilir. Milli şirniyyatlı, noğullu-badamlı xonçalar yan-yana düzülür.
Orucluq bayramı müddətində ibadət işlərinin yerinə yetirilməsinə, Qurani-
Kərimin oxunmasına, təmizliyə və paklığa riayət edilməsinə də xüsusi diqqət yetirilir.
Bu əziz bayram günündə Allah yolunda imkansızlara, əlillərə, xəstə və qocalara,
ehtiyacı olanlara kömək əli uzadılır, sovqat paylayırlar. Uşaq və qocalar evlərinə pay-
puş aparırlar. Mərhumun ruhunu şad edirlər. Bu müqəddəs borc hesab edilir, həm də
böyük savab sayılır.
Sovet imperiyasının illər uzunu davam edən totalitar hökmranlıq rejiminə son
qoyulduqdan sonra həm Qurban bayramının, həm də Orucluq bayramının ümumxalq
bayramları kimi respublika səviyyəsində geniş şəkildə keçirilməsi xalqımızın
çoxəsrlik arzularının reallaşması kimi qiymətləndirilməlidir. Yeni sosial mühitdə
Qurban və Orucluq bayramları, onların tarixi kökləri, bayramla bağlı ayin, mərasim,
adət və ənənələri xalqımızın mənəvi həyatını zənginləşdirməklə yanaşı, yeni nəslin
tərbiyəsinə müsbət təsir göstərir, onları möhkəm iradəli edir, onlarda xalqa və vətənə
məhəbbət hissini daha da möhkəmləndirir.
|