QURBAN BAYRAMI
Azərbaycanlılar içərisində dərin kök salmış qədim və ümumxalq bayramlarının
mühüm hissəsini islamla bağlı bayramlar təşkil edir. Bütün müsəlmanların, o
cümlədən azərbaycanlıların həyat və məişətinə daxil olan həm Qurban, həm də
Orucluq bayramları əziz bayramlar kimi ta qədim zamanlardan qeyd edilmişdir. Lakin
insanları dini əqidəsizləşdirməyə xidmət etmiş sovet ideologiyasının hakim olduğu
dövrdə xalqımızın tarixinin, elm və mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin
öyrənilməsi sahəsində aparılan tədqiqatlarda islama qarşı qərəzli mövqe tutulmuşdu.
Şüurlu surətdə aparılan allahsızlıq siyasəti nəticəsində tariximizi, mədəniyyətimizi,
adət-ənənələrimizi, bir sözlə, mənəviyyatımızı İslam dinindən uzaqlaşdırmağa, ondan
təcrid etməyə cəhd göstərilmişdi.
Sovet ideologiyasının totalitar hökmranlıq rejimi Azərbaycanımızı ağır mənəvi
aşınmaya məruz qoymuşdu. Milli tarixi keçmişimizlə bağlı müqəddəs təsisatlar
amansızcasına təqib olunmuş, bir çox dini ibadətgahlar dağılmış, məscidlər bağlanmış,
dinimizə, adət-ənənələrimizə, bayramlarımıza, bir sözlə, xalqımızın milli-mənəvi
dəyərlərinə qəsd edilmişdi.
Bununla belə, Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içərisində
milli adət-ənənələrini və bayramlarını qoruyub saxlaya bilmişdir. Hər bir müsəlman
gəlişini böyük sevinclə qarşıladığı Qurban və Orucluq bayramlarını müqəddəs
borcunu layiqincə yerinə yetirməkdən doğan daxili rahatlıq hissi ilə öz evində,
ailəsində, gizli olsa da, qeyd etmişdir.
XXI əsrin əvvəlində cəmiyyətdə baş verən köklü dəyişikliklər nəticəsində
Qurban bayramı da, Orucluq bayramı da əsil ümumxalq bayramları sırasına daxil
olmuş, bayram günləri qeyri-iş günü elan olunmuşdur.
Sosial-mənəvi həyatımızın tərkib hissəsinə çevrilmiş bayramlardan biri Qurban
bayramıdır. Qurbanlıq heyvanın kəsildiyi bu bayrama ərəbcə "Eyd el-əzha" və ya
"Eyd əl-kəbir" deyilir. Qurani-Şərifdə "eyd" kəlamı yalnız bircə dəfə işlədilmişdir və
"təkrar olunan sevinc", "bayram" mənası daşıyır. Bu məna "mübarək" "möminlərin
qəlbinə sevinc" olan Qurban bayramı gününə də aid edilir[27].
Qurban bayramı müsəlman hicri-qəməri (hicri-ay) təqvimi ilə 12-ci ayda -
zülhiccə ayının 10-da başlanır və bir ay müddətində davam edir. Müsəlmanlar bu
təqvimə Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının - mühacirlərin 622-ci ilin
sentyabrında Məkkədən Mədinəyə köçməsindən sonra keçmiş və təqvimi
Məhərrəm
ayı ilə başlamışlar. Orucluq və Qurban bayramları Ay-Qəməri təqviminə əsasən
keçirildiyindən hər il on-on iki gün geri çəkilir və beləliklə, bütün fəsilləri, ayları
dolaşırlar. Zülhiccə, adından da göründüyü kimi, həcc ayıdır. Qurban kəsmə isə həcc
ibadətlərinə daxil edilmişdir.
Mənbələrdən aydın olur ki, qurbankəsmə mərasimi bəşər tarixinin çox erkən
çağlarına gedib çıxır. Demək olar ki, nəinki əksər, hətta bütün dünya xalqlarında
50
qurbankəsmə adəti vardır: müxtəlif ruhlara, allahlara, müqəddəslərə, Tanrının
bəşəriyyətə bəxş etdiyi əsas maddi nemətlərə qurban verərmişlər.
Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla
yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Ən böyük qurban isə at olmuşdur.
Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında geniş yayılmışdır. Digər
heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə
qurban kəsilməmişdir. "Kitabi-Dədə Qorqud" eposunda qurbanlıq deyə atdan ayğır,
qoyundan qoç, dəvədən, buğra qurbanlığı göstərilir.
"Avesta"ya görə, atəşpərəstlər su mənbələrini, çayları ilahiləşdirib onların
şərəfinə qurbanlar verirmişlər. Çox yerlərdə qurbankəsmə ayini xüsusi qurbangahlarda
keçirilərdi.
Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac
qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə
əlaqələndirilir"[28].
Azərbaycanda da qurbankəsmə ayini qədimdən olmuşdur. Arxeoloji qazıntılar
nəticəsində aşkar edilmiş bəzi maddi mədəniyyət abidələri burada hələ eramızdan
xeyli əvvəl qurbankəsmə adətinin icra edildiyini göstərir. Qobustanda qurban kəsilən
müqəddəs qurbangahlar aşkar olunmuşdur[29].
Antik mənbələrə əsaslanan tədqiqatçılar islamaqədərki Azərbaycan ərazisində
hələ çox qədim dövrlərdə qurbankəsmə ənənələrinin mövcudluğunu qeyd edirlər.
Eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodota görə, qurbanlar uca
yerlərdə Göy, Günəş, Ay, Od, Su və Külək tanrılarına kəsilirdi. Herodotun bu
mövzuda məlumatlarını təkrar edən coğrafiyaşünas Strabon (I əsr) yerli əhalinin
qurbanı təmiz və pak yerdə kəsdiyini, heyvanın ətinin dindarlara paylandığını, Tanrıya
isə qurbanlığın ruhunun gərək olduğunu bildirir[30].
Qədim Azərbaycanda insan qurbanı verilməsi adəti haqda da Strabonda
məlumat vardır. Bu məlumata əsasən, bir il müddətində xüsusi olaraq bəslənilən
"müqədəs qul" (hierodul) albanların müqəddəs Ay məbədindəki qurbangaha gətirilir;
bədəninə ətirli yağ sürtülür və digər qurbanlıq heyvanlarla birlikdə qurban
verilirdi[31].
Allaha qurban verməyə hazırlaşmaq barədə "əs-Saffat" surəsinin 104, 107-ci
ayələrində buyurulur: Bu vaxt Allah-taaladan nida gəlmişdi: "Biz ona belə xitab etdik:
Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin
(Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək
oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə
mükafatlandırırıq. Şübhəsiz, bu açıq-aydın bir imtahan idi. Biz ona böyük qurbanlıq
(Habilin qurbanlıq qoçunu) əvəz etdik". Habilin qurbanlıq qoçu haqqında Müqəddəs
Quran"ın "Maidə" surəsinin 27-ci ayəsində buyurulur: "Ya Məhəmməd! Onlara
Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman
birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdır. Qurbanı qəbul
olunmayan Qabil qardaşı Habilə demişdir: "Səni mütləq öldürəcəyəm!" Habil ona belə
51
cavab vermişdir: "Allah yalnız müttəfiqlərdən qurban qəbul edər!"
İslamda Qurban bayramı İbrahim peyğəmbərin adı ilə bağlıdır. Qurani-
Kərimdən məlum olur ki, o, Allaha olan sədaqətini sübut etmək üçün oğlu İsmayılı
qurban vermək istəyir; bu zaman Allah Cəbrayıl vasitəsilə iki qoç göndərərək oğlunun
yerinə onları kəsməyi İbrahimə əmr edir. Məhz buna görə, bu qurbana "İsmayıl
qurbanı", "İsmayıl bayramı" da deyilir[32].
İslam dininin bu tarixi ayinə mütərəqqi xidməti ondan ibarətdir ki, onu
ümumxalq müsəlman bayramı səviyyəsinə qaldırmışdır. Lakin qurban kəsərkən əsas
qayə qan tökmək və ya ət yemək deyildir. Əsas məqsəd qurban kəsərkən həcc ibadəti
sayəsində müsəlmanın şeytana və öz nəfsinə qalib gələrək onları öldürməsi və
cəhənnəm əzabından xilas olmasıdır. Qurbanın kəsilməsi İbrahim peyğəmbərdən
qalmış Allaha xilaskarlıq ibadətinə əməl edilməsi deməkdir.
Bu müqəddəs bayram hazırda Azərbaycanda da ümumxalq bayramı kimi qeyd
olunur və bayram günü qeyri-iş günü elan edilmişdir. Qurban bayramı günü imkanı
olan hər bir müsəlman qurban kəsməlidir. Ənənəyə görə, qurbanlıq qoyun, keçi, dana
və dəvədən ibarət ola bilər. Qurbanlıq dəvədirsə - beşillik, danadırsa ikiillik, qoyun və
keçidirsə birillik, yaxud bu yaşlara yaxın olmalıdır. Dəvə və ya dananı yeddi ailə
birləşib qurban kəsə bilər.
Etnoqrafik materiallardan aydın olur ki, qurban kəsiləcək heyvanı xarici
əlamətlərinə görə başqalarından fərqləndirir, bayram ovqatı yaradılır, onun
boğazından gözmuncuğu, bəzək elementi kimi rəngbərəng sap və ya ipdən hörülmüş
qotaz asır, qoçun və ya qoyunun belinin ortasında qırxım vaxtı bir çəngə yun saxlayır
(buna xalq arasında kəkil deyirlər), belinə xına yaxır, rəng vururlar. Maraqlıdır ki, heç
kəs, hətta oğrular belə bu cür heyvana toxunmazdılar, onu oğurlamazdılar. İnama
görə, əks halda onlar Allahın qəzəbinə düçar olacaqlar[33].
Tədqiqatçılar yuxarıda sadalanan əlamətləri insanların Qurani-Kərimin
müvafiq ayəsinə istinadən qurbanlıq heyvanlara vurduqlarını düşünürlər. Belə ki, "əl-
Maidə" surəsinin 2-ci ayəsində buyurulur: "Ey iman gətirənlər! Allahın müəyyən
etdiyi mərasimə, haram aya, qurbanlara, boyunlarına nişan taxılmış qurbanlıq
heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülharama üz tutub
gələnlərə hörmətsizlik etməyin!"
Adətə görə, Qurban bayramında nişanlı qızların adına oğlan evindən alnına,
ayaqlarına xına (həna) qoyulmuş, boynuna qırmızı parça bağlanmış, zınqırov asılmış
qurbanlıq qoyun gedir, sevinc payı yola salınır. Digər bayramlarda olduğu kimi, bu
bayramda da oğlan evindən qız evinə hədiyyələr, bəzəkli xonçalar göndərilir.
Qurbanlıq heyvanın bəzədilməsi Səməd Vurğunun yaradıcılığında öz əksini
tapmışdı:
Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
Qurbanlıq üçün heyvanın seçilib əvvəlcədən bəslənilməsini və bəzədilməsini
52
Hüseynqulu Sarabski də xüsusi vurğulayır: "Qurban ayına bir-iki həftə qalmış qoyun
alıb həyətə buraxardılar. Bayram günü bəslənib yemlənmiş, kökəlmiş qoyunu həyətə
çıxarıb, gözünə sürmə çəkər, sulayıb ağzına bir parça qənd verərdilər. Qurban duasını
oxuduqdan sonra qoyunu kəsərdilər"[34].
Qurban adətlərinə görə, kəsiləcək heyvan sağlam, gümrah və əzaları təndürüst
olmalıdır. Kor, şikəst, xəstə, üstündə eybi olan (axtalanmış, buynuzu sınıq, quyruğu
kəsik, dişi yox, arıq) heyvanı qurban kəsmək olmaz. Xalq arasında qara qoyunun əti
daha yüksək qiymətləndirildiyindən, çox vaxt qurbanlıq üçün kəsiləcək erkəyin qara
və çəkil (ayaqlarında və başında ağ ləkələr) olmasına da xüsusi diqqət verilir.
Qurbanın kəsilməsi zamanı müəyyən qaydalara əməl olunur. Heyvan
kəsilərkən bədənində qan qalmamalı, axıb təmizlənməlidir. Tökülən qanın altına bir
qab tutulur, həmin qab sonra torpağa basdırılır.
Xalq etiqadına görə, qurbanı kəsərkən bıçağın ağzına Qurani-Kərimdən
götürülmüş xüsusi bir ayin oxutdururlar. "Mən Tovhidi iqrar edən müsəlman kimi
üzümü göyləri və yeri yoxdan vücuda gətirənə tuturam və mən müşriklərdən deyiləm.
Həqiqətən namazlarım da, ibadətlərim də, diriliyim də, ölümüm də aləmlərin Rəbbi
Allahındır. Onun şəriki yoxdur. Bu mənə əmr edilib və mən özünü Allaha təslim
edənlərdənəm. Ya Allah, bu Səndəndir və Sənədir. Allahın adıyla və Allah böyükdür.
İlahi, məndən bu qurbanı qəbul eylə".
Qurban kəsərkən niyyət tutanlar belə deyirlər: "Bismillah, bu qurbanı kəsirəm
qürbətən illəllah", yəni bu qurbanı Allahın adı ilə, Allaha yaxınlıq və Allahın
buyurduqlarına əməl etmək üçün kəsirəm. Qurbanlıq heyvan üzü qibləyə (Məkkədəki
müqəddəs Kəbənin səmti) tərəf kəsilir. Bu isə xalqın Yaradana, ulu Tanrıya böyük
məhəbbətindən, sədaqətindən irəli gəlir. Üzü qibləyə kəsilməmiş heyvanın əti haram
hesab olunur. Şəriət qanunlarına əməl edən adamın heyvan kəsməsi məqbul sayılır.
Üzü qibləyə və Allahın adını zikr etməklə kəsilmiş heyvanın ətini yemək və paylamaq
olar. Bu barədə Qurani-Kərimdə deyilir: "...Ətindən özünüz də yeyin, [yanınızda olub
utandığından] əl açmayana [lakin verilənə etiraz etməyənə] və dilənçiyə də yedirdin.
Onları [qurbanlıq heyvanları] sizə belə ram etdik ki, şükür edəsiniz bəlkə
[nemətimizə]" (Qurani-Kərim, əl-Bəqərə 22, Həcc, 36).
H.Sarabskinin yazdığına görə, vaxtilə Abşeron kəndlərində, xüsusilə Bakıda
"qurban tikəsinin müqabilində" "ət payı" alınarmış. Qurbanlıq ət, "Qurban tikəsi"
adətə görə, təmənnasız olaraq yeddi qapıya paylanır ki, imkanı olmayanlar da o günü
bir tikə ət yesinlər. Belə pay adətən daha çox fəqir-füqəraya, yoxsullara, əlsiz-
ayaqsızlara verilir. Qurbanlıq ətdən qismən də ailənin bayram süfrəsi üçün işlədirlər.
Məhəmməd Peyğəmbərin (s) bir hədisində buyurulur: "İldə bir neçə dəfə rahat
yatıram. Onlardan biri də Qurban bayramı günüdür. Bilirəm ki, ümmətimdən elə bir
adam tapılmaz ki, həmin gün qurbanlıq ətindən faydalanmasın".
İnama görə, keçmişlərdə bir sıra xüsusi ayinlərin icrasından sonra qurbanlıq
heyvanın sümüklərini yığıb bir qaba qoyar və müqəddəs sayılan ağacdan asardılar.
Anadoluda Qurban bayramında qurban kəsilən heyvanın sümükləri təmiz bir yerdə
53
əkin əkiləcək vaxta qədər saxlanılardı. Həmin sümüklər birinci əkin vaxtı tarlaya
səpilərdi. Beləcə o ili həmin tarlanın əkininin bərəkətli, məhsulunun bol olacağına
inanırdılar[35].
Xalq etiqadına görə, qurban verilən heyvanın sümüklərini qırmaz, köpəklərə
verməzdilər, odda yandırıb torpağa basdırardılar. Bəzi bölgələrdə, xüsusilə Dərbənd
azərbaycanlıları Qurban sümüyünü atmaz, qurudub saxlardılar. Bərk külək əsib
kəsmək bilməyəndə həmin sümüyü yandırıb külünü atardılar evin damına. İnama
görə
bundan sonra külək kəsməli idi.
Qurban bayramı günlərində qocalara, kimsəsizlərə mərhəmət göstərir, xeyriyyə
süfrəsi açır, şəfqət işləri görür, bunu böyük savab sayırlar.
Qurban bayramının keçirilməsi haqqında 1623-1624-cü illərdə Azərbaycanda
olmuş rus taciri F.Kotovun müşahidələri böyük maraq doğurur. Həmin bayramın
iştirakçısı olan tacir yazır: "Qurban ediləcək dəvəni bəzəyib bir neçə gün küçələrdə və
bazarda gəzdirir... şəhər meydanına gətirirlər... Dəvəni qurban yerinə gətirdikdə şah da
müşayiətçiləri ilə meydana gəlir və qurbana yaxınlaşır. Darğa bəzədilmiş nizəni şaha
verir. Şah nizəni dəvənin döşünə sancıb geri çəkilir. Qəssablar dərhal dəvənin başını
kəsib parçalayırlar. Şəriət qanunlarına görə, dəvənin başını kəsməzlər, onu ayaq üstə
üzü qibləyə saxlayıb iti və uzun bir alətlə - xəncər, nizə ilə döş nahiyəsindən içəri
sancıb yerə yıxırlar. Buna nəhr deyilir. Hər tərəf bəzədilir, çıraqban edilir. Həmin gün
şənlik edilir, çalıb-oynayırdılar".
Azərbaycanlılar Qurban bayramı gününü xeyir və bərəkət günü, səadət, dinclik,
sevinc və şadlıq bayramı kimi qeyd edirlər. Bayram günləri evlər təmizlənir, bəzədilir,
dadlı-tamlı yeməklər bişirilir, ən gözəl paltarlar geyilir, dostlar, qohum-əqrəba bir-
birinin evinə qonaq gedirlər. Bu müqəddəs bayram günlərində bir-birini təbrik edirlər,
alqışlara üz tuturlar: "Bayramınız mübarək! Allah qurbanınızı qəbul etsin!" - deyirlər.
Bayram mərasiminə xüsusi ibadət, əzizlərin məzarlarının ziyarət edilməsi də daxildir.
|