Azərbaycanda arı ailələrinin məhvinə
səbəb olan təhlükəli xəstəliklər
Qədimov V.Ə.
Sumqayit Dövlət Universiteti
Valeh_qedimov@mail.ru
Dünyada arıçılıqla məşğul olan bütün coğrafi bölgələrdə bir çox bal arısı
xəstəlikləri və zərərvericiləri bu təsərrüfata ziyan verməkdədir.
Respublikamızda bir çox arıçılar, yazda və payızda arı ailələrində ishal xəstəliyi
törədən Nosema apis xəstəliyinin əlamətlərini görən kimi dərhal ona qarşı mübarizə
apara bilirlər.
Son illərdə ölkəmizdə ishal əlamətləri olmayan, lakin arının bağırsağının içini
dolduran yeni bir Nosema cerenae xəstəliyi yayılmaqdadır.
Nosema cerenae bir çox illər bundan əvvəl Asiya bal arılarının daxili paraziti kimi
yayılmış və çox ciddi ziyan vermişdir. 2005-ci ildə Avropa arı ailələrində müşahidə
edilmişdir.
2005-2006-cı illərdə İspaniyada bu xəstəlik arı ailələrinin böyük itkisinə səbəb
olmuşdur. Bu xəstəlik Fransa, Almaniya, İsveçrə, İtaliya, Yunanıstan və digər Avropa
ölkələrində və Amerikada yayılmışdır. Hətta Danimarkanın təcrid kimi qəbul edilmiş
adalarında da Nosema cerenae-nin görünməsi onu göstərir ki, xəstəlik sürətlə yayılma
imkanına malikdir.
Ədəbiyyat məlumatlarına əsasən, N.cerenae 2007-ci ildən Türkiyənin ayrı-ayrı
bölgələrində arı ailələrinə yoluxmuş və ciddi ziyan vermişdir.
Nosema cerenae xəstəliyi N.apis-dən daha çox patogen xüsusiyyətə malikdir. Bu
xəstəlik bal arısının bağırsaq paraziti Nosema cerenae tərəfindən törədilir.
Nosema cerenae birhüceyrəlilərin Mikrosporidilər tipinin Mikrosporidia dəstəsinin
Sporlular sinfinə daxil olan bağırsaqdaxili (endoparazit) parazit növüdür. Bu parazitin
sporları oval silindrik formada olub, 4,7 x 2,7 nm böyüklüyündədir.
Bu xəstəlik zamanı Nosema apis-dən fərqli olaraq pətəyin içi, ön divarı və
çərçivələr nəcis ləkələri ilə örtülmür. Nosema cerenae-nin sporları əsasən işçi arıların
orta bağırsağında olurlar. Xəstəlik ən çox güclü ailələrdə baş verir. Çünki güclü ailələrdə
arıların bir-biri ilə təması daha çoxdur. Qışlamaya gedən arı ailələrində xəstəlik güclü
olarsa, onda həmin ailələrin arıları dolmuş bağırsağını boşaltmaq üçün pətəkdən bayıra
uçuş edirlər. Uçuş edən işçi arılar pətəyin qarşısına, ətrafına, qapağın üstünə və qarın
üzərinə tökülərək məhv olurlar. Eyni zamanda pətəyin önündə və yerdə uçabilməyən,
yerdə sürünən arılara rast gəlinir. Pətəyin içərisində xeyli miqdarda ölmüş arılar da ola
bilər. Hətta pətəkləri tərk edən tək-tək ailələrə də rast gəlmək mümkündür.
Erkən yazda havaların uzun müddət soyuq və yağışlı keçməsi zamanı, xəstə
arılar qarıncığını pətəyin içərisinə boşaltmağa məcbur olurlar. Bu zaman xəstəliyin
sağlam arılara və onların bağırsağına yoluxması daha tez baş verir. Yaşlı arılar pətəyin
dibini təmizləyərkən xəstə arıların çirkləndirdikləri nəcislə bulaşması yolu ilə yoluxurlar.
Məlum olduğu kimi, arı ailələrində Nosema apis yazda və payızda, soyuq və
nəmli havalarda müşahidə olunur. Lakin bundan fərqli olaraq Nosema cerenae bütün
ilboyu hər mövsümdə baş verir.
Beləliklə, N.cerenae xəstəliyinə yoluxmuş ailələrdə bir qədər sonra yavaş-yavaş
arılar məhv olurlar və ailələr çox az miqdarda bal toplayırlar.
Xəstəliyin ən çox gözdən qaçan əlaməti ondan ibarətdir ki, qışlamaya gedəcək
ailələrdə ana arının payızın son günlərinə qədər çoxlu sayda yumurta qoymasıdır. Bu
zaman arıçı bundan şübhələnmir və elə zənn edir ki, arı ailələri güclü olduğuna görə
ana arılar gec olaraq payızın son günlərinə qədər yumurta qoyurlar və bundan hətta çox
razı qalırlar. Erkən yazda pətəklərin dibində minlərlə ölmüş arı cəsədlərinə rast gəlinir ki,
bu da normal hal deyildir. Hətta bu zaman arıçılar müxtəlif xəstəliklərdən və
səbəblərdən şübhələnirlər. Əslində isə bunu dəqiqləşdirmək üçün ölmüş arı cəsədlərini
arı xəstəliklərini analiz edən laboratoriyaya göndərmək lazımdır ki, xəstəliyin dəqiq
diaqnozu qoyulsun. Lakin əfsuslar olsun ki, hal-hazırda bizim respublikamızda bu
xəstəliyi təyin edəcək heç bir laboratoriya, şərait və bu sahədə mütəxəssisimiz yoxdur.
Onu da qeyd etmək lazımdır ki, hal-hazıra qədər Nosema cerenae-nin biologiyası
tam öyrənilməmişdir. Hətta bəzi müəlliflər göstərirlər ki, bir arı bağırsağında hər iki
nozemanın sporları ola bilər.
N.cerenae xəstəliyi ilə yoluxmuş arı ailələri olan pətəkdən şanlı çərçivələr
kənarlaşdırılır, pətəklər isə dezinfeksiya edilməlidir. Bir sıra müəlliflər bu xəstəliyə qarşı
mübarizədə müxtəlif preparatlardan istifadə etsələr də xəstəliyin tam müalicəsinə nail
olmamışlar.
Məsələn, İspaniya tədqiqatçıları Fumidil – B (fumaqilin) preparatından istifadə
edərək qismən müsbət nəticələr əldə etmişlər.
Thrasyvoulou A., Tananaki G. Və başqaları (1) N.cerenae-nin müalicəsində
Fumidil – B-nin, Vita Feed Gold, Protofil, Nosestat və sarımsaqdan ibarət qarışığın daha
effektli olmasını göstərirlər.
Türkiyədə isə Arı Frma Nosetet (suda əriyən narın toz) arıların xəstəliklərə qarşı
fizioloji müqavimətini artıran, bağırsaq florasını düzəldən və bitki tərkibli preparatdan
istifadə edilir. Tərkibində antibiotik yoxdur. Şəkər məhlulu və arı kökəsi (kandi) ilə
qarışdırılaraq arı ailələrinə verilir. Biositimulyant olan Nosest xəstəliklə yoluxmuş arı
ailələrinə bir gündən bir (gün aşırı) 3 və ya 4 dəfə şərbətlə verilərsə Nosema sporları
müəyyən miqdarda azalır və xəstəlik zəifləyir.
Yuxarıda qeyd etdiyimiz kimi indiyə qədər xəstəliyin qarşısını tamamilə alan və
onu müalicə edən preparat tapılmamışdır.
Akarapidoz xəstəliyi
Akarapidoz – yaşlı arıların (ana, erkək və işçi arıları) traxeya sistemində (tənəffüs
yolunda) parazitlik edən Akarapis woodi (Rennie,1921) gənəsinin törətdiyi invazion
xəstəlikdir. Bu xəstəlik zamanı işçi, ana və erkək arıların tənəffüs sistemi zədələnərək
sıradan çıxır. Arının yumurtası, süfrə və pupu bu gənələrlə yoluxmur. Akarapidoz ən
təhlükəli karantin xəstəliyi olub Azərbaycanda arıçılığıa çox böyük iqtisadi ziyan verir.
Xəstəlik nəticəsində arı ailələri tamamilə zəifləyir və hətta bütün arıxana məhv ola bilir.
Akarapidoz xəstəliyi ilk dəfə olaraq 1904-cü ildə İngiltərənin Uayt adasında qeydə
alınmışdır. 1922-ci ildən isə Avropa qitəsinin hər tərəfinə yayılmağa başlamışdır. ABŞ və
Kanada kimi ölkələrdə bu xəstəlik qeydə alınmamışdır. Çünki buraya başqa ölkələrdə
arı ailəsinin gətirilməsi qadağandır və bu haqda qəti qanun vardır.
Keçmiş SSRİ-nin ərazisində isə 1926-cı ildə bu xəstəlik müşahidə
edilməmişdir. Beləliklə, bu xəstəlik müxtəlif yollarla bütün respublikalara yayılmışdır.
Bizim respublikamızda isə Akarapidoz xəstəliyi 2000-2001-ci illərdən müşahidə
edilmiş və arı ailələrini kütləvi surətdə məhv etmişdir.
2001-ci ilin qışında Quba və Şamaxı rayonlarından gətirilmiş bal arılarının
traxeyasından bizim tərəfimizdən preparat düzəldilmiş və akarapidoz xəstəliyinin olması
müəyyən edilmişdir.
Bu xəstəliyin bizim ölkədə arı ailələrində kəskin surətdə yayılmasının əsas
səbəblərindən biri də ondan ibarətdir ki, son zamanlar Varroa gənəsinə qarşı çox
arıçılar maye preparatlarla mübarizəyə üstünlük verdilər. Bu preparatlarda Varroa
gənəsinə müsbət təsir etdi, lakin arının traxeyasındakı akarapidoz gənəsinə isə təsir
etmədi. Nəticədə arı ailələrində bir sıra göbələk xəstəlikləri əmələ gəldi və akarapidoz
xəstəliyi üstünlük əldə edərək arı ailələrini məhv etməyə başladı.
Arıçı akarapidoz xəstəliyinə qarşı arıxanada düzgün mübarizə aparmaq üçün
xəstəliyi törədən gənənin biologiyasını, yayılma yollarını, mənbəyini, onun diaqnozunu,
sanitar-gigiyenik qaydaları, müalicə üsullarını və vaxtını yaxşı bilməlidir.
Akarapis woodi gənəsi çox kiçik ölçüyə malikdir. Gənənin bel-qarıncıq nahiyəsi
sitiqamətində güclü yastılaşmış bədəni oral formada olub ağımtıl rəngdədir. Dişilər
(100-200) x (70-100) mkm, erkəklər isə (100-170) x (60-100) mkm ölçüyə malikdir.
Gənələr 40 günə qədər yaşayırlar. Gənə arının birinci cüt döş traxeyasında
yaşayır. Parazit gənə buraya birinci cüt döş dəliyindən (siqmadan) daxil olur.
Mayalanmış dişi gənə traxeyadan xaricə çıxır və bir arıdan digərinə keçir.
Dişi gənələr mayalandıqdan 3-6 gün sonra yumurta qoymağa başlayır. Bir dişi
gənə 7-10 yumurta qoya bilir. Bir arının traxeyasında 1-dən 150-yə qədər parazit gənə
ola bilər. Arının orqanizmindən kənarda gənə tez məhv olur. Şanda, pətəyin dibində və
içərisində gənə bir sutka yaşaya bilir.
Xəstəlik əksərən xroniki olaraq gizli gedir və arıların yoluxması 3-5 ildən sonra
müşahidə edilir. Xəstəlik müşahidə edildikdə isə artıq ailədə arıların 30-50 faizi parazit
gənələrlə yoluxmuş olur. Bu gənələr bal arısının lemolimfası ilə qidalanır. Divarları
deşilmiş traxeya öz elastikliyini itirir və arının tənəffüs sistemi korlanır. Eyni zamanda
arının traxeyasındakı gənələr qidalandıqları və çoxaldıqları zaman arının bədəninin
daxilinə bir çox zərərli və toksiki maddələr ifraz edirlər. Nəticədə tamamilə zəifləmiş
arılar asanlıqla müxtəlif infeksion xəstəliklərə tutulurlar.
Qışda və yazda akarapidoz xəstəliyinə tutulmuş arı ailələrində amebioz,
nozematoz, toksikoz, göbələk xəstəlikləri, yayda isə Amerika və Avropa çürüməsi və
digər xəstəliklər baş verir. Ona görə də belə bir vəziyyətdə akarapidoz xəstəliyinin
diaqnozunu qoymaq çətinləşir. Xəstəliyin əlamətləri aşağıdakılardan ibarətdir:
Xəstəliyin ilk vaxtlarında ailədə baş verən dəyişikliyi müəyyən etmək mümkün
deyildir. Yoluxmuş arılarda əvvəlcə oksigen tələbatı artır, ölümqabağı isə bu tələbat
normadan çox aşağı olur. Arılar çox narahat olurlar, qışlama zamanı normal yumaq
(klubok) əmələ gətirə bilmirlər və yuvadan bayıra ayrı-ayrı fərdlər çıxaraq məhv olurlar.
Xəstəliyə tutulmuş arıxanalarda arı ailələrinin ölümü əsasən qışda və yazda baş verir.
Xəstə ailələrdə gündən –günə ölən arıların miqdarı artır. Qışlamadan çıxan xəstə
arıların qarıncığı böyüyür. Pətəyin xaricində və içərisində nəcis ləkələri olur. Hətta belə
ailələrin yuvadakı çərçivələri tamamilə nəcis ləkələri ilə örtülür. Belə olan halda bir sıra
arıçılar səhv olaraq zənn edirlər ki, arı ailələri nozematoz xəstəliyinə tutulmuşdur.
Yaz uçuşu zamanı ilk günlər xəstə və sağlam arılar pətəkdən uçarkən xəstələr
havaya qalxa bilmirlər və yerə düşərək sürünürlər. Xəstə arıların qanadları düzgün
vəziyyətdə olmur, yəni deformasiyaya uğrayırlar. Bir çox arıların qanadları qabağa,
aşağı və ya yan tərəfə qatlanır. Yazda və yayda qeyri əölverişli havalarda pətəyin
ətrafında sürünən və uça bilməyən arılara rast gəlinir. Arının gənə ilə yoluxmasının
müddətindən asılı olaraq onun traxeyasında sarı, yaşıltəhər və yaxud qara ləkələr
əmələ gəlir. Belə arının traxeyası qaralaraq tamamilə sıradan çıxır.
Yuxarıda qeyd etdiyimiz kimi, xəstə arıların orqanizmi çoxlu miqdarda
mikroorqanizmlərdə zəngin olur. Beləliklə bir neçə xəstəliyin birlikdə baş verməsi
nəticəsində arı ailəsi tezliklə məhv olur.
Xəstəliyin diaqnozunu qoymaq üçün laboratoriyada xəstə arıların traxeyasından
preparat düzəltmək lazımdır. Diaqnoz üçün laboratoriyaya göndərilən arılar diri və
yaxud da təzə ölmüş olmalıdır. Əvvəlcədən ölmüş arılardan preparat düzəltmək çətinlik
törədir və dəqiq diaqnoz qoymaq olmur. Eyni zamanda arı öldükdən sonra qısa müddət
ərzində gənələr arının traxeyasını tərk edərək bayıra çıxırlar və tezliklə məhv olurlar.
Hazırlanmış preparatlara ən azı 30-50 dəfə obyekti böyütmək gücünə malik olan
mikroskop altında baxılır.
Xəstəliyin profilaktikası üçün aşağıdakılara ciddi riayət edilməlidir:
Akarapidoz xəstəliyi müəyyən edilən kimi arıxanada və onun ətrafında karantin
elan etmək lazımdır. Arıxanadan arı ailəsinin, beçənin və avadanlıqların kənara
çıxarılması qadağan edilməlidir. Xəstə və ölmüş ailələrin pətəyi diqqətlə yoxlanılamlı və
yaxşı təmizlənməlidir. Sonra təmizlənmiş pətəyi, altlığını, çərçivələri, pətəyin qapağını
alovda qonurlaşana qədər saxlamaq və onları müxtəlif reaktivlərlə dezinfeksiya etmək
lazımdır.
Arıçılar və baytar işçiləri bilməlidirlər ki, bu xəstəliyə qarşı həmişə kompleks
müalicə və baytar-sanitariya tədbirləri aparmaq lazımdır.
Akarapidoza qarşı mübarizə məqsədi ilə akarasan, polisan, amitraz, qarışqa və
quzuqulağı turşularının buxarı, teda və digər preparatlardan istifadə olunur.
Aparılmış təcrübələrin nəticəsi göstərmişdir ki, akarapidoza qarşı mübarizədə
istifadə olunan bu dərman preparatlarından ən əhəmiyyətlisi akarasan və polisandır.
Akarasan və Polisanın effektivliyi 97-98 faiz təşkil edir. Lakin son zamanlar istehsal
keyfiyyətindən asılı olaraq Polisan daha çox əlverişlidir.
Akarasan və Polisan preparatları ilə müalicə olunan arı ailələri 9-10 yaxud 7-8
yuvacığa malik olmalıdır. 3 yuvacıqdan az gücə malik olan arı ailələrinin bu
preparatlarla müalicə edilməsi məsləhət görülmür. Zəif ailələrin işçi arıları ananı və
özlərini mühafizə edə bilmirlər. Əksərən belə zəif ailələrin anası müalicə zamanı məhv
olur. Ona görə də orta və zəif gücə malik olan arı ailələrinə tam dozanı vermək
məsləhət deyil.
Eyni zamanda akarapidozla yoluxmuş ailəni akarasan və polisanla müalicə
etdikdə də ehtiyatlı olmaq lazımdır. Çünki bu xəstəliyə yoluxmuş ana və işçi arıların
traxeyası zədəli olduğuna görə onlar çətinliklə tənəffüs edirlər. Pətəyin içərisində bu
preparatların tam dozası yandırılan zaman belə xəstə ana və işçi arılar tezliklə
boğularaq məhv olurlar.
Yuxarıda göstərilən səbəblərə görə yaxşı olar ki, hər bir zəif və xəstə arı ailəsi
üçün karton lövhənin yarısı götürülsün və pətəyin içərisində yandırılsın.
Akarapidozla yoluxmuş ailələr yaz-payız dövründə 7 gün fasilə ilə 6 dəfə
dərmanlanır. Profilaktika məqsədi ilə 7 gündən bir 2 dəfə dərmanlanır.
Müalicə üsulu hər bir dərman preparatının təlimatında dəqiqliklə verilmişdir.
Beləliklə, əlamətlərindən göründüyü kimi Nosema cerenae, akarapidoz, xronuiki
və kəskin paralic və digər xəstəliklərin müəyyən əlamətlərinin bir-birinə oxşarlığı
olduğuna görə arıçılar, baytarlar və başqaları diaqnoz qoymaqda çətinlik çəkirlər. Ona
görə də respublikada arı xəstəliklərini dəqiq analiz edən laboratoriya və mütəxəssislər
olmalıdır.
Arıxanada mövsümlə əlaqədar olaraq aparılan baytar-sanitariya tədbirləri qısa
şəkildə aşağıdakılardan ibarətdir:
Yaz-yay işləri:
Nozematozun profilaktikası üçün yaz uçuşuna qədər arı ailələrinə Nozematlı
kandi verilir; yaz uçuşundan sonra Nozematlı şəkər şirəsi (siropu) ilə qidalandırılır.
Varroa gənəsi ilə mübarizə üçün arıların kütləvi uçuşundan sonra pətəyin arxa
divarına yaxın Fumisan yaxud Varrosan qoyulur.
Mart-apreldə akarapidozun profilaktikası və müalicəsi üçün Polisanla arı
ailələrinin dərmanlanması aparılır.
Aprel-mayda çürümə xəstəlikləri olarsa Oksivitlə xəstə ailələrin müalicəsi aparılır.
May-iyunda arı Askosferozu zamanı arı ailələrinin müalicəsi üçün Unisan,
Askosan yaxud Apiask tətbiq olunur.
Yay-payız işləri:
Bal süzümündən sonra iyulun axırları – avqustda Varroa gənəsindən azad, yəni
cavan arı nəslinin formalaşması üçün arı ailələrini Fumisan yaxud Varrosanla müalicə
etmək lazımdır.
Avqustda arı ailələrinə hər hansı bir həvəsləndirici vitaminli şəkər şirəsi verilir.
Sentyabrda qış yemləməsindən sonra Nosema apis və Nosema cerenae
xəstəliklərinə qarşı profilaktik müalicə aparmaq üçün Nozemat, Nozemasit və başqa
ishal preparatlarından istifadə etmək olar.
Sentyabr-oktyabrda balasız dövrdə arı ailələrində Akarapidoz və Varroatoz
xəstəliklərinə qarşı mübarizə tədbirləri aparmaq lazımdır.
ƏDƏBİYYAT
1. Thrasyvoulou A., Tananaki G. Və başqaları. Nosema cerenae in Greek and
some attemts to controe it. 1. Uluslararası Muğla Arıəçılık və Çambalı
Kongresi. 25-27 Kasım 2008. 77-81 p. Muğla Üniv. Arıçılık Araştırma ve
Uygulama Merkezi, Muğla.
2. Ütük A.E., Pişkin F.Ç., Kurt M. 2010. Türkiyede Nosema cerenae-nin ilk
moleküler tanısı. Ankara Üniv. Veteriner Fak.Dergisi 57: 275-278, Ankara.
3. Watkins M., 2014. Your guide to healthy beekeeping (2nd edition). Vita
(Europe) Limited. Vita House, London Street, Basigtoke, Hampshire, 7 RG,
UK.
Dostları ilə paylaş: |