Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında



Yüklə 111,71 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü111,71 Kb.
#7016

Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında 

 AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI 

 

 Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar 



və  rəqslər,  mövsüm  bayramları,  aşıq  sənəti,    meydan  mərasimləri,  «Qaravəlli»  tipli  müxtəlif 

tamaşa  növləri  xalq  teatrının  əsasını  müəyyən  etmiş,  milli  teatrın  gələcək  inkişafı  üçün  

möhkəm  zəmin  yaratmışdır.  Xalq  teatrının  repertuarını  təşkil  edən  əxlaqi  və  tərbiyəvi 

əhəmiyyətə  malik  əsərlərlə  yanaşı  dini  tamaşalar  da    teatr  sənətinin  formalaşmasında 

özünəməxsus rol oynamışdır. 

 XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr 

ölkədə  maarifçilik  hərəkatının  inkişafına  güclü    təkan  verdi.  Ədəbiyyat,  mədəniyyət  və 

incəsənət  sahələrində  köklü  forma  və  məzmun  dəyişiklikləri  baş  verdi.  Həmin  dövr 

Azərbaycan  teatrı    üçün  də  əlamətdar  oldu.  Dahi  mütəfəkkir  Mirzə  Fətəli  Axundovun 

ədəbiyyatımıza  dram  janrını  gətirməsi  xalq  teatrının  peşəkar  teatr    sənətinə  çevrilməsində 

həlledici rol oynadı. 

 Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü 

ilə  1873-cü  ildə  Bakıda  Mirzə  Fətəli  Axundovun    «Lənkəran  xanının  vəziri»  və  «Hacı  Qara» 

komediyalarının  tamaşaya  qoyulması  Azərbaycanda,  eləcə  də  bütün  müsəlman  Şərqində 

dünyəvi  peşəkar teatrın təməlini qoydu. 

 Teatrın  böyük  ictimai  əhəmiyyətini  dərk  edən  Azərbaycan  ziyalıları  Bakıda,  Qubada, 

Şəkidə,  Şuşada,  Naxçıvanda,  həmçinin  Tiflisdə  və    İrəvanda  teatr  tamaşaları  təşkil  edirdilər. 

Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman  

Nərimanov və başqaları dövrün mühüm hadisələrinin real bədii təsvirini vərən pyesləri ilə teatr 

repertuarlarını  zənginləşdirirdilər.  Rusiyada    və  Avropada  təhsil  aldıqdan  sonra  vətənə 

qayıtmış  azərbaycanlı  gənclər  dünya  klassiklərinin  əsərlərini  tərcümə  edərək  tamaşaya 

qoymaqla    teatr  həvəskarlarını  dünya  ədəbiyyatının  nümunələri  ilə  tanış  edir,  Azərbaycanda 

milli dəyərlərə söykənən yeni tipli teatrın yaradılması işinə  xidmət edirdilər. 

 Hüseyn  Ərəblinski,  Cahangir  Zeynalov,  Hüseynqulu  Sarabski,  Abbas  Mirzə  Şərifzadə, 

Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb və  başqalarının səyləri nəticəsində Azərbaycanda 

milli  peşəkar  aktyorluq  məktəbi  formalaşdı.  Məhz  bu  dövrdə  Azərbaycanda  xüsusi  teatr  

binalarının inşası başlandı və peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf etdirildi. 

 Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi 

teatr sənətimizin inkişafinda da mühüm işlər  həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti 

hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını  yaratdı. 

1919-cu  il  oktyabrın  24-də  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bütün  dövlət  və  hökumət 

rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının  rəsmi açılışı oldu. 

 Azərbaycanda  peşəkar  teatr  sənətinin  inkişafı  Cəlil  Məmmədquluzadə,  Hüseyn  Cavid, 

Cəfər Cabbarlı kimi böyük sənətkarların xalqımızın  tarixi keçmişini, məruz qaldığı sarsıntıları, 

xeyirlə  şərin  qarşıdurması  ilə  bağlı  fəlsəfi  düşüncələri  canlandıran  səhnə  əsərləri  ilə  böyük 

vüsət  aldı. 

 Sovet hakimiyyəti illərində Azərbaycan teatrı yad ideoloji təsirlərə məruz qalsa da, öz milli 

varlığını  qoruyub  saxlaya  bilmiş  və  respublikanın    mədəni  həyatında  fəal  rol  oynamışdır. 

Azərbaycan  teatrının  coğrafiyası  genişlənərək  respublikanın  demək  olar  ki,  bütün  bölgələrini 

əhatə  etdi. 

 Teatrların repertuarları dünya ədəbiyyatının gözəl nümunələri ilə yanaşı Səməd Vurğun, 

Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə  İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə 

daha  da  zənginləşdi.  Həmin  dövrdə  tamaşaçıların  sonsuz  məhəbbət  və  rəğbətini    qazanmış 

Mərziyə  Davudova,  Rza  Təhmasib,  İsmayıl  Hidayətzadə,  Kazım  Ziya  ,  Rza  Əfqanlı,  Mustafa 



Mərdanov,  Fatma  Qədri,  İsmayıl    Dağıstanlı,  Ağadadaş  Qurbanov,  Adil  İsgəndərov,  Ələsgər 

Ələkbərov,  Ağasadıq  Gəraybəyli,  Möhsün  Sənani,  İsmayıl  Osmanlı,  Hökümə    Qurbanova, 

Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Əli Zeynalov, Sergey 

Yakuşef,  Rahil  Ginzburq,    Mehdi  Məmmədəv,  Həsənağa  Salayev,  Şəmsi  Bədəlbəyli,  Tofiq 

Kazımov,  Barat  Şəkinskaya,  Leyla  Bədirbəyli,  Nəsibə  Zeynalova  və  başqa    aktyor  və 

rejissorların adları Azərbaycan teatr sənəti tarixinə həmişəlik həkk olunmuşdur. 

 Azərbaycanda  dram  teatrı  ilə  yanaşı  opera  və  baletin  də  qədim  tarixi  kökləri  vardır. 

Muğam  sənətimiz  uzun  inkişaf  yolu  keçərək  xüsusi    ifaçılıq  məktəbinə  çevrilmiş,  muğam 

əsasında  yaradılmış  tamaşalar  meydana  çıxmışdır.  Bunların  məntiqi  nəticəsi  olaraq  dahi 

Azərbaycan  bəstəkarı Üzeyir Hacıbəyovun yaratdığı «Leyli və Məcnun» operasının 1908-ci ildə 

ilk tamaşası ilə Azərbaycanda və bütün müsəlman  Şərqində opera sənətinin təməli qoyuldu. 

Üzeyir Hacıbəyov ilə birlikdə Azərbaycanda Avropa tipli peşəkar musiqi sənətinin bünövrəsini  

qoyan  Müslüm  Maqomayevin  «Şah  İsmayıl»  operası  da  muğam  operası  janrının  incilərindən 

biri kimi Azərbaycan səhnəsində həmişəlik yer  tutdu. 

 Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti də milli mədəniyyət tariximizdə 

mühüm  mərhələ  olmuşdur.  O,  həm  bəstəkar,  həm    də  dramaturq  kimi  1909-1913-cü  illərdə 

yaratdığı  əsərləri  ilə  Azərbaycan  teatrına  musiqili  komediya  janrını  gətirdi.  Bu  janr  sonralar 

Qara    Qarayev,  Rauf  Hacıyev,  Tofiq  Quliyev,  Süleyman  Ələsgərov  və  başqa  bəstəkarların 

yaradıcılığında  öz  inkişafını  tapdı.  Qara  Qarayevin  və    Rauf  Hacıyevin  operettaları  bir  çox 

ölkələrdə teatrların repertuarlarına daxil edildi. 

 Əsası  Üzeyir  Hacıbəyov  və  Müslüm  Maqomayev  tərəfindən  qoyulmuş  muğam  opera 

janrının təşəkkül tapması Cabbar Qaryağdı  məktəbinin davamçıları olan xalq xanəndələrinin 

opera  səhnəsində  uğurla  çıxış  etmələrinə  şərait  yaratdı.  Hüseynağa  Hacıbababəyov,    Əlövsət 

Sadıqov,  Həqiqət  Rzayeva,  Əbülfət  Əliyev,  Sara  Qədimova,  Rübabə  Muradova,  Zeynəb 

Xanlarova, Arif Babayev və başqaları  muğam operası janrında çıxışları ilə öz yaradıcılıqlarını 

daha da zənginləşdirdilər. 

 30-cu  illərdə  Üzeyir  Hacıbəyovun  «Koroğlu»  və  Müslüm  Maqomayevin  «Nərgiz» 

operalarının  səhnəyə  qoyulması  Azərbaycan  opera    sənətində  yeni  mərhələnin  başlandığını 

bildirdi.  Opera  sənətimizin  incilərindən  sayılan  bu  əsərlərdə  ilk  dəfə  olaraq  klassik  opera 

formasına    riayət  olunmuşdur.  Bu  tipli  operaların  yaranması  Bülbül  və  Şövkət  Məmmədova 

kimi  böyük  sənətkarların  öz  nadir  istedadlarını  nümayiş    etdirmək  imkanlarını  artırdı. 

Azərbaycan  vokal  məktəbi  ənənələrini  Avropa  opera  mədəniyyəti  ilə  birləşdirən  Bülbül 

yaradıcılığı ölkəmizdə  vokal sənətinin inkişafında və yeni tipli opera solistlərinin yetişməsində 

mühüm rol oynadı. 

 1953-cü ildə Fikrət Əmirovun «Sevil» operası Cəfər Cabbarlının eynı adlı əsərinə yeni həyat 

vərərək xalq ruhuna yaxın gözəl melodiyaları ilə  opera sənətinin inkişafına təkan verdi. Bu əsər 

Rəşid  Behbudov,  Firəngiz  Əhmədova,  Sona  Aslanova  və  başqaları  kimi  tanınmış  

sənətkarlarımızın yaradıcılığına keyfiyyətcə yeni cizgilər əlavə etdi. 

 Azərbaycan  baletinin  də  zəngin  ənənələri  vardır.  Qobustan  qaya  təsvirləri,  xalq  rəqs 

yaradıcılığının bəzi növləri Azərbaycanda bu janrın  meydana çıxması və inkişafı üçün münasib 

şərait olduğundan xəbər verirdi. Təməli 1923-cü ildə Azərbaycan opera teatrının nəzdində balet  

studiyası kimi qoyulmuş Bakı Xoreoqrafiya Məktəbinin fəaliyyəti Azərbaycanda balet janrının 

təşəkkül  tapması  və  inkişafı  üçün  lazımi  baza    yaratdı.  Məktəbin  məzunlarının  ilk  çıxışları 

klassik rus və Avropa baletlərinin respublikamızda tamaşaya qoyulması ilə bağlı olurdu. 30-cu  

illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 

 1940-cı  ildə  ilk  milli  Azərbaycan  baleti  —  Əfrasiyab  Bədəlbəylinin  «Qız  qalası»  baleti 

tamaşaya qoyuldu. 1952-ci ildə  isə Qara Qarayevin  məşhur «Yeddi  gözəl» baletinin səhnəyə 

qoyulması  respublikanın  mədəni  həyatında  əlamətdar  hadisəyə  çevrildi.  Qara  Qarayevin  bu 

əsəri,    habelə  onun  «İldırımlı  yollarla»  baleti  Azərbaycanın  teatr  sənətinin  dünyada  şöhrət 


tapması işinə xidmət etdi. Öz sələflərinin ənənələrini  ləyaqətlə davam etdirən Arif Məlikovun 

1961-ci ildə yazdığı «Məhəbbət əfsanəsi» baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox  

ölkələrinin  opera  teatrlarının  repertuarında  möhkəm  yer  tutmuşdur.  70-ci  illərin  ən  uğurlu 

səhnə əsəri isə Fikrət Əmirovun yaratdığı «Min  bir gecə» baleti oldu. 

 Rusiyada  təhsil  almış  ilk  Azərbaycan  balerinası  Qəmər  Almaszadənin  həm  baletmeystr, 

həm də pedaqoq kimi Azərbaycan baletinin  formalaşmasında və milli xoreoqrafiya kadrlarının 

hazırlanmasında  böyük  əməyi  olmuşdur.  Klassik  xoreoqrafiya  ənənələri  ilə  xalq  rəqs  

yaradıcılığı  xüsusiyyətlərini  birləşdirən  Azərbaycan  balet  məktəbi  böyük  uğurlar  qazandı. 

Leyla Vəkilova, Konstantin Bataşov, Valeri  Pletnyov, Rəfiqə Axundova, Maqsud Məmmədəv, 

Çimnaz  Babayeva,  Tamilla  Şirəliyeva  və  başqaları  respublikamızda  və  onun    hüdudlarından 

kənarda Azərbaycan baletinə şöhrət gətirdilər. 

 Azərbaycanda  opera  və  balet  sənətinin  inkişafında  görkəmli  Azərbaycan  dirijoru  və 

bəstəkarı  Niyazinin  böyük  xidmətləri  olmuşdur.    Azərbaycan  dirijorluq  məktəbinin 

formalaşması  və  inkişafında  mühüm  rol  oynamış  Niyazi  müxtəlif  simfonik  əsərlərlə  yanaşı 

«Xosrov və  Şirin» operası və «Çitra» baletinin müəllifı kimi də geniş şöhrət qazanmışdır. 

 Kino  sənətimiz  öz  tarixini  1898-ci  ildən  başlasa  da,  ölkəmizin  teatr  ənənələri  və 

təcrübəsindən həmişə bəhrələnmişdir. Kino sənətinin uğurları  ilk növbədə Azərbaycanın teatr 

xadimləri və aktyorlarının adları ilə bağlıdır. 

 Azərbaycan  Teatr  sənətinin  sürətli  inkişafı  respublikamızda  dünya  standartlarına  cavab 

vərən müstəqil sənət ocaqlarının yaranmasına  gətirib çıxardı. Bu gün respublikada Milli Dram 

Teatrı,  Opera  və  Balet  Teatrı  ilə  yanaşı  Musiqili  Komediya  Teatrı,  Rus  Dram  Teatrı,  Gənc  

Tamaşaçılar  Teatrı,  Kukla  Teatrı,  Marionet  Teatrı,  Pantomima  Teatrı,  «Yuğ»  Teatrı,  Bakı 

Bələdiyyə  Teatrı  və  başqa  teatrlar  uğurla    fəaliyyət  göstərirlər.  İrəvan,  Naxçıvan,  Gəncə, 

Sumqayıt,  Lənkəran,  Şəki,  Salyan,  Mingəçevir,  Qazax,  Qax,  Qusar,  Ağdam,  Şuşa,  Füzuli  

teatrları öz tamaşaları ilə teatrsevərlərin dərin rəğbətini qazanmışlar. 

 Milli  mədəniyyətin  inkişafında,  vətənpərvərlik  hisslərinin  aşılanmasında,  yüksək  əxlaqi 

keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin  təbliğində müstəsna rol oynamış Azərbaycan 

teatrı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. O,  

öz fəaliyyəti ilə xalqın milli sərvətinə çevrilmişdir. 

 Azərbaycanın  dövlət  müstəqilliyini  bərpa  etməsi  ilə  milli  teatrımızın  inkişafı  üçün  geniş 

perspektivlər açılmışdır. Teatrlar müstəqil  dövlətimizin qarşısında duran mühüm vəzifələrin 

yerinə yetirilməsində yaxından iştirak edir. 

 Müsəlman  Şərqində  ilk  dünyəvi  peşəkar  teatr  olan  Azərbaycan  teatrının  milli 

mədəniyyətimizin  inkişafındakı  mühüm  rolunu,  onun    yaradılmasının  125  illik  yubileyinin 

keçirilməsinin  respublikanın  mədəni  həyatında  böyük  əhəmiyyətini  nəzərə  alaraq  qərara 

alıram: 

 1.  Azərbaycanda  dünyəvi  peşəkar  teatrın  yaradılmasının  125  illiyi  münasibəti  ilə 

respublikada geniş yubiley tədbirləri keçirilsin. 

 2.  Yubiley  tədbirlərinin  hazırlanması  və  keçirilməsi  məqsədi  ilə  Təşkilat  Komitəsi 

yaradılsın. 

 

 Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV 

 Bakı şəhəri, 27 avqust 1998-ci il 

 № 763 


 

Document Outline

  • Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında

Yüklə 111,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin