Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI
Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar
və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, «Qaravəlli» tipli müxtəlif
tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün
möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi
əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da teatr sənətinin formalaşmasında
özünəməxsus rol oynamışdır.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr
ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verdi. Ədəbiyyat, mədəniyyət və
incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri baş verdi. Həmin dövr
Azərbaycan teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundovun
ədəbiyyatımıza dram janrını gətirməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində
həlledici rol oynadı.
Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü
ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» və «Hacı Qara»
komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində
dünyəvi peşəkar teatrın təməlini qoydu.
Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Bakıda, Qubada,
Şəkidə, Şuşada, Naxçıvanda, həmçinin Tiflisdə və İrəvanda teatr tamaşaları təşkil edirdilər.
Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman
Nərimanov və başqaları dövrün mühüm hadisələrinin real bədii təsvirini vərən pyesləri ilə teatr
repertuarlarını zənginləşdirirdilər. Rusiyada və Avropada təhsil aldıqdan sonra vətənə
qayıtmış azərbaycanlı gənclər dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya
qoymaqla teatr həvəskarlarını dünya ədəbiyyatının nümunələri ilə tanış edir, Azərbaycanda
milli dəyərlərə söykənən yeni tipli teatrın yaradılması işinə xidmət edirdilər.
Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə,
Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb və başqalarının səyləri nəticəsində Azərbaycanda
milli peşəkar aktyorluq məktəbi formalaşdı. Məhz bu dövrdə Azərbaycanda xüsusi teatr
binalarının inşası başlandı və peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf etdirildi.
Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi
teatr sənətimizin inkişafinda da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı.
1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət
rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.
Azərbaycanda peşəkar teatr sənətinin inkişafı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,
Cəfər Cabbarlı kimi böyük sənətkarların xalqımızın tarixi keçmişini, məruz qaldığı sarsıntıları,
xeyirlə şərin qarşıdurması ilə bağlı fəlsəfi düşüncələri canlandıran səhnə əsərləri ilə böyük
vüsət aldı.
Sovet hakimiyyəti illərində Azərbaycan teatrı yad ideoloji təsirlərə məruz qalsa da, öz milli
varlığını qoruyub saxlaya bilmiş və respublikanın mədəni həyatında fəal rol oynamışdır.
Azərbaycan teatrının coğrafiyası genişlənərək respublikanın demək olar ki, bütün bölgələrini
əhatə etdi.
Teatrların repertuarları dünya ədəbiyyatının gözəl nümunələri ilə yanaşı Səməd Vurğun,
Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə
daha da zənginləşdi. Həmin dövrdə tamaşaçıların sonsuz məhəbbət və rəğbətini qazanmış
Mərziyə Davudova, Rza Təhmasib, İsmayıl Hidayətzadə, Kazım Ziya , Rza Əfqanlı, Mustafa
Mərdanov, Fatma Qədri, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Adil İsgəndərov, Ələsgər
Ələkbərov, Ağasadıq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Hökümə Qurbanova,
Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Əli Zeynalov, Sergey
Yakuşef, Rahil Ginzburq, Mehdi Məmmədəv, Həsənağa Salayev, Şəmsi Bədəlbəyli, Tofiq
Kazımov, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova və başqa aktyor və
rejissorların adları Azərbaycan teatr sənəti tarixinə həmişəlik həkk olunmuşdur.
Azərbaycanda dram teatrı ilə yanaşı opera və baletin də qədim tarixi kökləri vardır.
Muğam sənətimiz uzun inkişaf yolu keçərək xüsusi ifaçılıq məktəbinə çevrilmiş, muğam
əsasında yaradılmış tamaşalar meydana çıxmışdır. Bunların məntiqi nəticəsi olaraq dahi
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaratdığı «Leyli və Məcnun» operasının 1908-ci ildə
ilk tamaşası ilə Azərbaycanda və bütün müsəlman Şərqində opera sənətinin təməli qoyuldu.
Üzeyir Hacıbəyov ilə birlikdə Azərbaycanda Avropa tipli peşəkar musiqi sənətinin bünövrəsini
qoyan Müslüm Maqomayevin «Şah İsmayıl» operası da muğam operası janrının incilərindən
biri kimi Azərbaycan səhnəsində həmişəlik yer tutdu.
Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti də milli mədəniyyət tariximizdə
mühüm mərhələ olmuşdur. O, həm bəstəkar, həm də dramaturq kimi 1909-1913-cü illərdə
yaratdığı əsərləri ilə Azərbaycan teatrına musiqili komediya janrını gətirdi. Bu janr sonralar
Qara Qarayev, Rauf Hacıyev, Tofiq Quliyev, Süleyman Ələsgərov və başqa bəstəkarların
yaradıcılığında öz inkişafını tapdı. Qara Qarayevin və Rauf Hacıyevin operettaları bir çox
ölkələrdə teatrların repertuarlarına daxil edildi.
Əsası Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən qoyulmuş muğam opera
janrının təşəkkül tapması Cabbar Qaryağdı məktəbinin davamçıları olan xalq xanəndələrinin
opera səhnəsində uğurla çıxış etmələrinə şərait yaratdı. Hüseynağa Hacıbababəyov, Əlövsət
Sadıqov, Həqiqət Rzayeva, Əbülfət Əliyev, Sara Qədimova, Rübabə Muradova, Zeynəb
Xanlarova, Arif Babayev və başqaları muğam operası janrında çıxışları ilə öz yaradıcılıqlarını
daha da zənginləşdirdilər.
30-cu illərdə Üzeyir Hacıbəyovun «Koroğlu» və Müslüm Maqomayevin «Nərgiz»
operalarının səhnəyə qoyulması Azərbaycan opera sənətində yeni mərhələnin başlandığını
bildirdi. Opera sənətimizin incilərindən sayılan bu əsərlərdə ilk dəfə olaraq klassik opera
formasına riayət olunmuşdur. Bu tipli operaların yaranması Bülbül və Şövkət Məmmədova
kimi böyük sənətkarların öz nadir istedadlarını nümayiş etdirmək imkanlarını artırdı.
Azərbaycan vokal məktəbi ənənələrini Avropa opera mədəniyyəti ilə birləşdirən Bülbül
yaradıcılığı ölkəmizdə vokal sənətinin inkişafında və yeni tipli opera solistlərinin yetişməsində
mühüm rol oynadı.
1953-cü ildə Fikrət Əmirovun «Sevil» operası Cəfər Cabbarlının eynı adlı əsərinə yeni həyat
vərərək xalq ruhuna yaxın gözəl melodiyaları ilə opera sənətinin inkişafına təkan verdi. Bu əsər
Rəşid Behbudov, Firəngiz Əhmədova, Sona Aslanova və başqaları kimi tanınmış
sənətkarlarımızın yaradıcılığına keyfiyyətcə yeni cizgilər əlavə etdi.
Azərbaycan baletinin də zəngin ənənələri vardır. Qobustan qaya təsvirləri, xalq rəqs
yaradıcılığının bəzi növləri Azərbaycanda bu janrın meydana çıxması və inkişafı üçün münasib
şərait olduğundan xəbər verirdi. Təməli 1923-cü ildə Azərbaycan opera teatrının nəzdində balet
studiyası kimi qoyulmuş Bakı Xoreoqrafiya Məktəbinin fəaliyyəti Azərbaycanda balet janrının
təşəkkül tapması və inkişafı üçün lazımi baza yaratdı. Məktəbin məzunlarının ilk çıxışları
klassik rus və Avropa baletlərinin respublikamızda tamaşaya qoyulması ilə bağlı olurdu. 30-cu
illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi.
1940-cı ildə ilk milli Azərbaycan baleti — Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baleti
tamaşaya qoyuldu. 1952-ci ildə isə Qara Qarayevin məşhur «Yeddi gözəl» baletinin səhnəyə
qoyulması respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Qara Qarayevin bu
əsəri, habelə onun «İldırımlı yollarla» baleti Azərbaycanın teatr sənətinin dünyada şöhrət
tapması işinə xidmət etdi. Öz sələflərinin ənənələrini ləyaqətlə davam etdirən Arif Məlikovun
1961-ci ildə yazdığı «Məhəbbət əfsanəsi» baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox
ölkələrinin opera teatrlarının repertuarında möhkəm yer tutmuşdur. 70-ci illərin ən uğurlu
səhnə əsəri isə Fikrət Əmirovun yaratdığı «Min bir gecə» baleti oldu.
Rusiyada təhsil almış ilk Azərbaycan balerinası Qəmər Almaszadənin həm baletmeystr,
həm də pedaqoq kimi Azərbaycan baletinin formalaşmasında və milli xoreoqrafiya kadrlarının
hazırlanmasında böyük əməyi olmuşdur. Klassik xoreoqrafiya ənənələri ilə xalq rəqs
yaradıcılığı xüsusiyyətlərini birləşdirən Azərbaycan balet məktəbi böyük uğurlar qazandı.
Leyla Vəkilova, Konstantin Bataşov, Valeri Pletnyov, Rəfiqə Axundova, Maqsud Məmmədəv,
Çimnaz Babayeva, Tamilla Şirəliyeva və başqaları respublikamızda və onun hüdudlarından
kənarda Azərbaycan baletinə şöhrət gətirdilər.
Azərbaycanda opera və balet sənətinin inkişafında görkəmli Azərbaycan dirijoru və
bəstəkarı Niyazinin böyük xidmətləri olmuşdur. Azərbaycan dirijorluq məktəbinin
formalaşması və inkişafında mühüm rol oynamış Niyazi müxtəlif simfonik əsərlərlə yanaşı
«Xosrov və Şirin» operası və «Çitra» baletinin müəllifı kimi də geniş şöhrət qazanmışdır.
Kino sənətimiz öz tarixini 1898-ci ildən başlasa da, ölkəmizin teatr ənənələri və
təcrübəsindən həmişə bəhrələnmişdir. Kino sənətinin uğurları ilk növbədə Azərbaycanın teatr
xadimləri və aktyorlarının adları ilə bağlıdır.
Azərbaycan Teatr sənətinin sürətli inkişafı respublikamızda dünya standartlarına cavab
vərən müstəqil sənət ocaqlarının yaranmasına gətirib çıxardı. Bu gün respublikada Milli Dram
Teatrı, Opera və Balet Teatrı ilə yanaşı Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Gənc
Tamaşaçılar Teatrı, Kukla Teatrı, Marionet Teatrı, Pantomima Teatrı, «Yuğ» Teatrı, Bakı
Bələdiyyə Teatrı və başqa teatrlar uğurla fəaliyyət göstərirlər. İrəvan, Naxçıvan, Gəncə,
Sumqayıt, Lənkəran, Şəki, Salyan, Mingəçevir, Qazax, Qax, Qusar, Ağdam, Şuşa, Füzuli
teatrları öz tamaşaları ilə teatrsevərlərin dərin rəğbətini qazanmışlar.
Milli mədəniyyətin inkişafında, vətənpərvərlik hisslərinin aşılanmasında, yüksək əxlaqi
keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan
teatrı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. O,
öz fəaliyyəti ilə xalqın milli sərvətinə çevrilmişdir.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli teatrımızın inkişafı üçün geniş
perspektivlər açılmışdır. Teatrlar müstəqil dövlətimizin qarşısında duran mühüm vəzifələrin
yerinə yetirilməsində yaxından iştirak edir.
Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr olan Azərbaycan teatrının milli
mədəniyyətimizin inkişafındakı mühüm rolunu, onun yaradılmasının 125 illik yubileyinin
keçirilməsinin respublikanın mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq qərara
alıram:
1. Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi münasibəti ilə
respublikada geniş yubiley tədbirləri keçirilsin.
2. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi məqsədi ilə Təşkilat Komitəsi
yaradılsın.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 27 avqust 1998-ci il
№ 763
Document Outline - Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında
Dostları ilə paylaş: |