KEÇMİŞƏ MƏHƏBBƏT
Bizim xalqa borclarımızdan biri Azərbaycan ziyalılarının, hərbçilərinin və
bütün xalqın qəlbində keçmişimizin, tariximizin böyüklərinə dərin məhəbbət və
hörmət duyğularını artırmaq, gücləndirmək, onların qədir-qiymətlərini
yüksəltməkdir. Bizim keçmişdə başqa xalqların bizə qibtə etmələrinə layiq
böyüklərimiz çoxdur. Əgər biz istəyiriksə ki, gələcəkdə xalqımızdan böyük
şəxsiyyətələr yetişsin, həmin böyükləri müasirlərimizə, gənclərimizə yaxşı
tanıtmalıyıq. Keçmişə məhəbbət gələcəyə xidmətdir.
Əkrəm Cəfər, professor
Qəhrəman təyyarəçi Fərrux ağa Qayıbovu yetişdirən Salahlı kəndi
Azərbaycan tarixinə görkəmli oğullar bəxş etmişdir. Klassik şairimiz və Qarabağ
xanlığının baş vəziri Molla Pənah Vaqif, topoqraf-general İbrahim ağa Vəkilov,
məşhur maarifçi və din alimi Mirzə Hüseyn "əndi Qayıbov, Əhməd ağa
Mustafayev, Məmməd bəy Qarayev, Zəkəriyyə Vəkilov, Əhməd ağa
Gülməmmədov, Səlim Əfəndiyev, İsmayıl Qayıbov, XIX əsrin görkəmli
riyaziyyatçısı Əbdülkərim ağa Qayıbov, süvari generalı İbrahim ağa Yusubov, ilk
hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskaya və iyirminci əsr poeziyamızın fəxri
Səməd Vurğun Salahlı kəndinin yetişməsidir.
Vaxtsız ölüm ilk səma şahinimiz Fərrux ağa Qayıbovun qısa ömrünə
əbədiyyət gətirdi. Onun xatirəsinə Qazaxda bir nömrəli təyyarə-abidəsi ucaldılıb.
Küçələrdən birinə onun adı verilib.
İlk təyyarəçimiz Fərrux ağa Qayıbovdan yazmaq, tədqiqat aparmaq ilk dəfə
mənə 1975-ci ildə müyəssər oldu.
O vaxtlar, yəni yetmişinci illərdə qeyri-rəsmi də olsa, çar zabiti Fərrux ağa
haqqında yazmaq, onu təbliğ eləmək o qədər də yaxşı qarşılanmırdı.
Fərrux ağa haqqında ilk dəfə 1942-ci ildə general Əliağa Şıxlinski balaca
bir məqalə yazıb. Mən həmin məqaləyə 1977-ci ildə arxivdə rast gəldim. Şübhəsiz
ki, generalın məqaləsi köməyimə gəldi, amma belə bir igid haqqında axtarış
aparmalı oldum. Çünki generalın məqaləsi çox qısa idi. Tiflis arxivinə getdim.
Qazaxdakı bəzi qocalarla görüşdüm. Bir müddət - 1916-cı ildə Rusiyada çıxan
qəzet və jurnalları vərəqlədim. O vaxt, 1914-cü ildə nəşr olunmuş "Müharibənin
salnaməsi"ni oxudum. Peterburq arxivlərində axtarış apardım. Ən çox köməyimə
gələn mərhum Zülfüqar Qayıbov oldu. Hətta Zülfüqar müəllim dedi ki, nahaq
zəhmət çəkirsən, bu yazını heç kim dərc etməyəcək. Nə isə... Bir çap vərəqi
həcmində "İlk səma şahinimiz" adlı yazını "Azərbaycan" jurnalına təqdim etdim.
Baş redaktor, xalq yazıçısı İsmayıl Şıxlı şəxsən özü yazını oxuyub, "Azərbaycan"
jurnalının 1978-ci il ikinci nömrəsində dərc etdi.
Sonra kinostudiya ilə on dəqiqəlik Fərrux ağa haqqında sənədli film çəkdik.
Kinostudiyanın o vaxtkı rəhbərliyi filmi ekrana buraxmadı. "Olmaz, - dedi. - Lenin
12
Birinci Dünya müharibəsi haqqında belə deyib, elə deyib. Həm də Fərrux ağa çar
zabiti olub". Film səsi alınmış şəkildə indi də arxivdə qalır...
1971-ci ildə aviasiya Marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən
SSRİ Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala
Qazax ağsaqqalları, ziyalıları deyiblər ki, Birinci Dünya müharibəsində təyyarəçi
həmyerlimiz Fərrux ağa Qayıbov igidliklə həlak olub. Marşal inanmayıb. Ona
sənəd, şəkil tapıb, sübut eləyə bilməyiblər. Onda marşal deyib ki, Moskvaya
qayıdanda arxivi yoxlatdıracağam. Əgər doğrudan da sizin həmyerliniz təyyarəçi
olubsa, söz verirəm ki, ona bir heykəl, bir nişangah qoyduracağam. Arxivi
yoxlatdırıb-dəqiqləşdirəndən sonra, marşal Pavel Kutaxov bir nömrəli heykəl -
təyyarə göndərib. Üzərində də belə bir lövhə: "İlk azərbaycanlı təyyarəçi Fərrux
ağa Qayıbovun xatirəsinə".
Lakin o vaxt raykom katibi Fərrux ağanın adına olan lövhəni heykəl-
təyyarədən sökdürüb, əvəzində belə bir yazı həkk etdirib: "Böyük Vətən
müharibəsində həlak olanların xatirəsinə".
Birinci Dünya müharibəsinin qəhrəmanı Fərrux ağa Qayıbovdan başqa,
Qazax rayonundan Böyük Vətən müharibəsində təyyarəçi kimi vuruşub - həlak
olan nə əsgər var, nə də zabit.
Həmin səhv vurulmuş lövhə indi də qalır.
Fərrux ağa çox gənc yaşında həlak oldu - iyirmi beş yaşında. Evlənmək, ailə
qurmaq ona qismət olmadı. Onun qəhrəmanlığı, igidliyi bugünkü gənclərimizə
nümunə qaldı. Bir də 1913-cü ildə Peterburq Konstantin Hərbi Artilleriya
Məktəbini əla qurtardığına görə, İsveçrənin "Pavel-Bure" firmasında hazırlanmış
saat bağışlanıb. Üstündə belə bir yazı ilə: "Əlaçı yunker Fərrux ağa Qayıbova,
1913-cü il". Saat hazırda Gəncədə yaşayan Fərruxun bacısı oğlu Turan Seyidovda
saxlanılır. Bir də Tarix Muzeyində saxlanan ipək yaylıq ondan yadigar qalıb. Onu
general Şıxlinski muzeyə təqdim edib. Yaylıq da ilk təyyarəçimiz Fərrux ağa
Qayıbova məxsusdur.
Üstündə Peterburqdakı Pavlov teatrının afişası təsvir olunan bu zərif yaylığı
illərin sınağı zərrəcə soldurmayıb.
İpək yaylıqda 1913-cü il noyabrın 5-də verilmiş iyirmi birinci konsert-balın
proqramı həkk olunub. Konsert-bal sözlərinin altında "Kasıb azərbaycanlı
müsəlman tələbələrinin xeyrinə" yazılıb.
Konsert-balın proqramı üç şöbədən ibarətdir. Birinci və ikinci şöbələrdə rus,
Avropa bəstəkarlarının əsərləri, operalardan parçalar və ariyalar ifa edildiyi,
üçüncü şöbədə isə Azərbaycan milli rəqslərindən "Uzundərə", "Qaytağı",
"Ləzginka" və "Cəngi" rəqslərinin oynanıldığı göstərilir.
Konsertin baş himayədarı tələbə İslambəy Hacıbəylinskidir. Məsul
təşkilatçısı Gəray bəy Cabağıyevdir.
Bir neçə ildir ki, Fərrux ağanın nüfuzlu nəsli haqqında araşdırmalar
aparıram. Yeni kitabımın adı "Nəsli Qayibdən"dir. Bu nəsil Azərbaycan tarixinə
13
çox böyük maarifçilər verib. Bu nəsildən Qori və Qazax seminariyalarında
iyirmiyə yaxın adam oxuyub. O da məlumdur ki, Qori Seminariyasında
Azərbaycan şöbəsinin 1879-cu ildə açılmasına ilk dəfə təşəbbüs göstərən məşhur
din alimi və maarifçi Mirzə Hüseyn Əfəndi Qayıbzadə (1830-1917) olub. Onun
dördcildlik "Azərbaycanda məşhur olan şüəranın-əşarına məcmuədir" adlı çox
sanballı əsəri var. Mirzə 1860-cı ildə yazdığı bu kitabı maddi vəsaiti olmadığına
görə nəşr etdirə bilməyib. Həmin kitabın birinci cildi 1986-cı ildə, ikincisi 1989-cu
ildə, üçüncü cildi isə 2002-ci ildə professor Cahangir Qəhrəmanov və Şamil
Cəmşidov tərəfindən nəşr olundu. Bu nəsildə iki nəfər hərbiçi olub: Əbdülkərim
ağa Qayıbov, bir də Fərrux ağa Qayıbov. Qayıbovlar nəslinin oğlu-qızı bütün
varlığı ilə xalqımıza başucalığı gətirib. Bu o Qayıbovlardır ki, ədliyyə generalı
İsmət Qayıbov kimi oğulları, ilk pianoçu qadın Xədicə xanım Qayıbova kimi
qızları ilə tarixdə yaşayırlar. Taleyin hökmünə bax ki, Fərrux ağadan səksən il
sonra Vətəninin, xalqının səadəti uğrunda İsmət Qayıbov da təyyarə qəzasında
həlak oldu. Rəhmətlik İsmət deyirdi ki, "Şəmistan, bizim nəsildən kitab yaz, özüm
nəşr etdirəcəyəm". Qismət olmadı...
Qayıbovlar nəslinin məşhur şairi Abbas ağa Nazir (1849-1919) dahi rus
yazıçısı Lev Tolstoyla məktublaşmış, onun "İnsana çoxmu torpaq lazımdır?"
povestini nəzmə çəkmişdi. Bununla əlaqədar Qayıbovun 1909-cu il fevralın 24-də
Yasnaya Polyanaya yazdığı məktubda deyilirdi:
"Hörmətli qraf Lev Nikolaye - Mən bir müsəlman şairi kimi öz müsəlman
həmməzhəblərimi Sizin əsərinizlə tanış etmək arzusu ilə Sizin "İnsana çoxmu
torpaq lazımdır?" başlıqlı əsərinizi Tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək
xoşbəxtliyinə nail olmuşam. Ona görə də Sizdən izhari - hörmətlə xahiş edirəm ki,
yuxarıda göstərilən tərcümənin nəşrinə və yayılmasına lütfən icazə verəsiniz.
Hörmət və ehtiramla: Abbas ağa Qayıbov".
On gün keçməmiş, Abbas ağa Qayıbov Lev Nikolayeviç Tolstoydan
aşağıdakı məzmunda cavab məktubu almışdır:
"Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin hamısına mənim 1881-ci
ildən sonra yazdığım bütün yazıları istənilən dilə tərcümə və yenidən nəşr etmək
ixtiyarı vermişəm, odur ki üzərinizə götürdüyünüz zəhmət üçün Sizə yalnız
təşəkkür edə bilərəm.
Lev Tolstoy.
4 mart 1909-cü il"
1910-cu il noyabr ayının 10-da Abbas ağa Nazir böyük rus yazıçısının
ölümünə - "Qraf Tolstoyun vəfatına aid" mənzumə yazmışdır.
Deyirlər, qədim Misirin qəbirüstü abidələrinin çoxunda belə bir yazı var:
“Həlak olanın adını yad etmək onu həyata qaytarmağa bərabərdir”.
Bəli, şərəflə həlak olanlara ölümsüzlük qismət olur. Əgər oğul döyüş
meydanında həlak olursa, o, dirilərin and yerinə çevrilir və xatirəsi əbədiləşir. Ən
14
qorxulusu cəza unudulmağa məhkum olunmaqdır. Bu mənada, ilk təyyarəçimiz
Fərrux ağa Qayıbovun qısa ömrünə, bioqrafiyasına nəzər salsaq, onun
ölümsüzlüyünün şahidi olurıq. Fərrux ağa Qayıbov həlak olandan sonra, Baş
Qərargahın verdiyi məlumatın ikinci cümləsini oxuyanda istər-istəməz fəxr
edirsən: “Poruçik Qayıbovu şərəfli ölümü münasibətilə almanlar hərbi ləyaqətlə
dəfn ediblər. Məzarı üstündə yaylım atəşi açıblar". Əlbəttə, düşmən də olsa,
cəngavərlərə məxsus hərbi-əxlaqi ədalətlə eloğlumuzu 1916-cı ilin sentyabrın 12-
də dəfn ediblər. Düşmən də olsa, almanlar eloğlumuz Fərrux ağa Qayıbovu öz
əsgəri, öz igidi kimi ehtiramla torpağa tapşırdılar. Bu bizim Azərbaycan hərb
tarixinin solmayan səhifəsi oldu. Təəssüf ki, belə qəhrəmanlarımızı və qəhrəmanlıq
səhifəmizi nə az, nə çox - düz səksən ildən çoxdur unutmuşuq. Hətta rus marşalı
Pavel Kutaxovun onun xatirəsini əbədiləşdirmək üçün göndərdiyi bir nömrəli
heykəl-təyyarənin üstünə Fərrux ağa Qayıbovun adının yazılmasına belə razılıq
verilməyib.
M.Ə.Sabirin "göylərə balonlarla çıxmaq kimi" işıqlı arzusunu
Azərbaycanda ilk dəfə Fərrux ağa Qayıbov həyata keçirdi. Bunun da səbəbi var:
Fərrux ağanın əmisi, məşhur maarifçi Səməd ağa Qayıbov, Cəlil
Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Soltan Məcid
Qənizadə, Firidun bəy Köçərli kimi xalqının gələcəyini, tərəqqisini düşünən
görkəmli adamlarla yaxın dost idi. Fərrux ağanın atası Məmmədkərim ağa
cavankən vəfat etdiyindən, o, əmisinin himayəsində böyüyüb tərbiyə almışdı.
Böyük M.Ə.Sabir də bu şeiri yazdığı illərdə Tiflisdə müalicə olunurdu. Bu yandan
da həmkəndlisi "artilleriyanın allahı" general Əliağa Şıxlinski Fərrux ağanın
arzusuna dayaq olmuşdu.
Azərbaycanda təyyarəçilik, aviasiya tarixi 1910-cu ildən ilk şahin Fərrux
ağa Qayıbovun qoyduğu təməl daşı ilə yaranıb.
Yaxşı ki əlyazmaları yanmır...
İstəyirsən ki, tarixin yaşasın, arabir arxaya da boylanmalısan. Onda
Azərbaycan Dövlət Tarix Muzeyinin nadir fondunda saxlanan fotoşəklin arasındakı
yazını oxuyacaqsan: "Birinci Dünya müharibəsi illərində paraşütlə tullanan
azərbaycanlı zabit Soltan Əhmədov. 1915-ci il". Bu da say etibarilə ikinci
təyyarəçimizin, təxminən, yüz ildən sonra yalnız fotoşəklinin aşkar edilməsidir.
Tarix isə tükənmir, amma tarixin təkəri fırlanır. Onu irəliyə, gələcəyə fırlatmaq
üçün güclü qol, bir də sinədə Vətən üçün döyünən ürək olmalıdır. Yaxşı ki nə tarix
tükənir, nə də qəhrəmanlıq unudulur. Sevimli şairimiz Səməd Vurğun demişkən:
Unutmaz tarixin böyük günləri,
Dünyaya mərd gəlib-mərd gedənləri.
Yaxın zamanlaradək poruçik Fərrux ağa Qayıbovun dəfn olunduğu yer
naməlum qalırdı. Birinci Cahan müharibəsi tarixi kimi, yadigarlarını araşdıran
15
Paraşütçü Soltan Əhmədov Qərb cəbhəsində,
1915-ci il.
təəssübkeş belarusiyalı könüllüləri Boruna
qəsəbəsi yaxınlığındakı çağdaş dövrümüzdə
bərpa edilən alman məzarıstanında qəhrəman
eloğlumuzun
uyuduğu
son
mənzilini
aşkarlamışlar. Bu barədə poruçik Fərrux ağa
Qayıbovun xidmət etdiyi ekipajın hünəri ilə
bağlı hadisələr haqqında "Hərbi-tarixi
mərkəz"in rəhbəri V.N.Liqutanın "Sənədlər
nələr deyir (Birinci Dünya müharibəsində
Smorqon ətrafındakı
hərbi əməliyyat
iştirakçılarının aqibəti haqqında)" bağlılığı
ilə Belarus saytında (htt.7/Cmorgon news. Promedia. Bu (arxiv) 42-43 (500-5001).
htmı) dərc edilən məqaləsində bəhs edilir:
"1916-cı il 12 (25) sentyabrda Boruna qəsəbəsinin həndəvərində dörd alman
qırıcı uçağı ilə təkbaşına vuruşub üçünü vurub-salan, sonra özü də məhv olan "İlya
Muromets" bombardmançı uçaq ekipajının hünəri haqqında bütün ümumrusiya
mətbuatı yazmışdı. Ölümlərindən sonra ekipajın zabitlari - poruçiklər Makşayev
D.D., Raxlin F.A., Qayıbov F.M. və Karpov O.S. IV dərəcəli "Müqəddəs Georgi"
ordeni ilə təltif olunmuşlar". Bu aviatorlar ağır bombardmançı uçaqlar
eskadrasında (komandiri general-mayor Şidlovski) xidmət etmiş və eskadra, o
zaman ən yeni sayılan, rus-Baltik zavodunun aviasiya şöbəsinin baş konstruktoru
İ.İ.Sikorskinin (1889-1972) yaratdığı "İlya Muromets" təyyarəsini alıb-
yiyələnməklə öz cəbhə yolunu 1915-ci ilin iyun ayında Lida şəhərinin
aerodromundan başlamışdır. Dünya ağır uçaqquraşdırmasının altı ilki oradan
pərvazlanıb hərbi tapşırıqlarla düşmən arxasına yollanır, Şərqi Rusiya ərazisindəki
hədəfləri bombalayır. Könisberqə də hücum edir.
1915-ci ilin sentyabrın əvvəllərində ordu hissələrində geriyə çəkilən eskadra
Pskov ətrafında qərar tutur. Təyyarələr dəstə-dəstə cəbhələrin komandanlığına
təhkim edilmişdir. İki bombardmançıdan ibarət olan aviadəstə Tankovo
malikanəsinin (Minsk quberniyası) qənşərində yerləşdirilmişdir. Qrafinya
Qanskayanın imarətində uçaqlar məşkunlaşmış, təyyarələr sığman çadırlar isə
parkın arxasında, çöllükdə saxlanılırdı. Hər şey alman aviasiyasının nəzərindən
yaxşıca gizlədilmişdi. Aerodrom zenit toplu batareya ilə qorunurdu (üç düym çaplı
toplar. az qala. tam şaquli, zenitə asanlıq-la diklənməyə imkan verən xüsusi taxta
dəzgahların üstünə qoyulmuşdu). Burada qərar tutan uçaqlardan biri də 16 saylı
"İlya Muromets" idi. Buradan qəhrəman ekipaj öz son döyüşünə yollanmış və
məhz malikanə sahibəsinin ailəsində 1916-cı il sentyabrın 22-də (oktyabrın 5-də)
şəhidlərin təziyə mərasimi keçirilmişdi. Dostlar, silahdaşlar, əlbəttə ki,
müharibədən sonra həlak olan qəhrəmanların məzarını axtarıb-tapacaqlarını əhd
etmişlər. O çağlarda təyyarəçilər bilirdilər ki, onların uçaqları Rusiyanın milli
iftixandır. Və belə bir təyyarənin, ekipajın itkisi bütün müharibə boyu ilkin və
16
sonuncusu olmuşdu. Buna görə itki daha da çox ağrıdırdı. Həlak olan dostlarının
hərbi ehtiramla dəfn edildiyini bildirən almanların təyyarədən atdıqları yazıya
inanmaqdan başqa təskinlik qalmırdı.
Müharibə bitdi, tarixin başqa böyük-kiçik tufanları o hadisələrin iştirakçıları
müxtəlif ölkə və qitələrdə tolazladılar... Hadisə baş verən yerlərin sakinləri nələrisə
bilir, görmüşdülər. Lakin üstündən xeyli vaxt ötüb-keçmişdi.
Bununla belə... məhv edilən uçaq ekipaj üzvlərindən biri - poruçik Fərrux
ağa Qayıbovun təltifolunma təqdimatının surətini Bakıdakı Azərbaycan Tarix
Muzeyinə onun qohumları veriblər. Onlar öz torpaqlarının oğlunun hünərini yad
edir və uca tutur. Bir çox il əvvəl qəhrəmanın qohumları Krevo yaxınlığına səfər
etmiş, şəhid uçaqların məzarını axtarmış, lakin o vaxt tapa bilməmişdilər. Məzar
isə mövcuddur. Lap yaxınlarda Smoroqon mahalının Birinci Dünya müharibəsi
tarixinin fədakar araşdırıcısı N.Y.Markov, V.V.Prixaç və A.M.Bumay Boruna
kəndi yaxınlığındakı, bizim dövrümüzdə bərpa edilmiş alman qəbiristanlığında
həmin məzarı tapmışlar. Burada basdırılan Rusiya uçaqları, görünür, ötən əsrin
otuzuncu illərində, alman hərbi məzarıstanları qaydaya salındığı zaman yeni yerdə
dəfn olunmuşlar. Bu işdə Polşa hakimiyyətçiləri alman tərəfinin iştirakı ilə məşğul
olmuşlar. Qəbirüstü xaçın üzərində polyakca yazılmışdı:
4 NIEZNANYCH ROS. LOTN. 25. 16
4 NİEZNANYCH ROS. LOTN. 25. 16 (4 NAMƏLUM rus təyyarəçisi dəfn
olunmuşdur 25,16). Tarix Avropa təqvimi üzrədir (1918-ci ilin yanvarın 1-dək
Rusiyada işlədilən təqvimə görə. 1916-cı ilin 12 sentyabr günü).
Dəfn vaxtının ayı yazıda yoxdur, ay tarixi həmin qəbiristanın bir neçə başqa
xaçları üzərində də yoxdur. İndi biz Rusiya döyüşçülərinin artıq naməlum olmayan
daha bir dəfn yerini bilirik. Orada qəhrəman aviatorlar uyuyurlar:
-
poruçik Makşeyev Dmitri Dmitriyeviç;
-
poruçik Ralxin Mitrofon Alekseyeviç;
-
poruçik Qayıbov Fərrux ağa Məmmədkərim oğlu;
-
poruçik Karpov Oleq Sergeyeviç.
Onlar öz hərbçi borclarını şərəflə yerinə yetirdilər. Əbədi şərəf və anım
olsun onlara!
17
Fərrux ağa Qayıbovun qəhrəmanlığını təsvir edən sənəd.
18
“İlya Muromets-16” təyyarə-ekipajının həlak olduğu
yer. 12 sentyabr 1916-cı il.
Qəhrəmanlıqla həlak olan poruçik Fərrux ağa
Qayıbovun ölümündən sonra təltif olunduğu
“Müqəddəs Georgi” ordeni
İkinci Azərbaycan
təyyarəçisi Teymur
Mustafayev (1896-1981).
Şahzadə-kapitan Firidun
Mirzə Seyfulla oğlu qacar
(1890-1920).
Təyyarəçi Əsəd Əliyev
(1900-1969).
1918-1920-ci illərdə Azərbaycan Demokratik
Respublikasının hərbi naziri, tam artilleriya
Qeneralı Saməd bəy Sadıq bəy oğlu Mehmandarov
(1855-1931)
19
CÜMHURİYYƏTİN SƏMA ŞAHİNLƏRİ
Azərbaycan dövləti hərbi hava qüvvələrini möhkəmlətmək üçün 1920-ci
ildə on iki hidroplan və altı aeroplan almalı idi.
Arxiv sənədi
Milli Ordumuzda 1918-20-ci illərdə hərbi təyyarəçilərimiz olubmu? Bu
barədə Azərbaycan Dövlət Yeni Tarix Arxivində məlumata rast gəlmək olur.
Müdafiə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov 1919-cu il
yanvarın 22-də Gürcüstan Respublikası nəzdində ADR-in diplomatik nümayəndəsi
Məmməd Yusif bəy Cəfərovun (1885-1938) adına belə bir məktub göndərmişdir:
"Əlahəzrət Məmməd Yusif bəy.
Bizim qoşunların təşkili işində yaxından iştirak etdiyinizə görə, sizdən
razıyam və minnətdaram. Radioteleqraf işinin təlimi üçün iki zabiti və ya giziri,
lazımi təhsili olan on iki cavanı Sizə ezam edə bilərəm. Onların məktəbə gəlmək
vaxtını əvvəlcədən xəbər verməyinizi xahiş edirəm.
Bununla yanaşı, xahiş edirəm aydınlaşdırasınız ki. azərbaycanlıların da
Tiflisdə yerləşən təyyarəçilik məktəbinə həmin şərtlərlə qəbulu mümkündür?..".
Həmin il sentyabrın 14-də isə hərbi nazir orduda aviasiya dəstəsini
yaratmaq haqqında əmr verib. Gürcüstanda doqquz nəfər üç aylıq Tiflis Aviasiya
Məktəbini bitirib, Azərbaycana qayıtmışdır. Bunlar ikinci Bakı alayının
praporşikləri Əlhüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, birinci Cavanşir
piyada alayının podporuçiki Əsəd Əliyev, birinci artilleriya briqadasından kapitan
Şahzadə Firidun bəy Qacar, üçüncü Gəncə süvari alayından praporşik Əjdər Əhədli
Həsənzadə, praporşik Məmməd Qaraşarov və başqaları idilər.
Arxivdə general Səməd bəy Mehmandarovun və Məmməd bəy Sulkeviçin
imzaladığı 370 nömrəli əmr də saxlanılır. 1919-cu il avqustun 19-da verilən əmrdə
göstərilir ki, hərbi təyyarəçi podporuçik Teymur Xan Əfşar Azərbaycan Ordusunun
Baş Qərargah İdarəsində aviasiya dəstəsinin rəis müavini təyin edilsin. Hərbi
təyyarəçi kimi ona maaş verilsin.
Aradan səkkiz ay keçdi. Bu aylarda təyyarəçilərimiz hansı şücaətləri
göstərdilər?
Bu barədə Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviçin
1920-ci il yanvarın 28-də Şuşadan Bakıya, kvartir-meyster generalının adına
vurduğu teleqram saxlanılır:
"Gürcü təyyarəçilərinin Svanetidə üsyanı yatırmaq üçün təcrübəsi, çətin
keçilə bilən dağ yerlərində bu üsulun əlverişli olduğunu sübut etdi. Gürcü
təyyarəçiləri arasında beşpudluq bombanı üsyan etmiş kəndin üzərinə atmış
leytenant Makayev də var idi. Təcrübədən elə o cür, tez, qəti nəticələr baş verə
biləcək tərzdə də Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tiflislə
əlaqə saxlayıb, məsələni aydınlaşdırın, Zaxaryadze ilə gürcü dilində danışın. Bir
20
Azərbaycan aviasiya dəstəsinin əsgər və zabitləri.
İkinci cərgədə sağdan üçüncü briqada komandiri
Cəmşid xan Naxiçıvanski, üçüncü dördüncü
təyyarəçi Teymur Mustafayev və başqaları. 1921-ci il
İkinci cərgədə sağdan ikinci: komissar Heydər
Vəzirov, azərbaycan hərbi-dəniz komissarı
Əliheydər Qarayev: arxa cərgədə soldan üçüncü:
təyyarəçi Teymur Mustafayev, altıncı Əsəd
Əliyev.
aeroplan göndərmək olar, özü də təyyarəçisi Xan Əfşar Teymurçin ola bilər.
Beləliklə, gürcülər, gürcü zabitlərinin bizim daxili ekspedisiyalarında iştirakını
qadağan edən hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu yüz
verstdən uzaq olmayacaq. Aviasiya bazası Şuşada və ya Xankəndidədir. Cavabı
mənə teleqrafla çatdırın. Yanvarın 29-da Xankəndidə, 30-da Yevlaxda, 31-də isə
Bakıda olacağam, bu halda cavabı mənə evə çatdırın. Yevlaxa vaqon göndərmək
üçün komendanta tapşırıq vermişəm.
Baş Qərargah rəisi,
general-leytenant Məmməd bəy Sulkeviç"
Qanlı-qadalı iyirminci ilin apreli gəldi. Bu tarixdə daşnak-bolşevik qoşunu
ölkəmizə soxuldu. Bu igidlərin də payına sürgün, ölüm və təqiblər düşdü. "ÇK"-
nın qəddarlığı ilə yüzlərlə azərbaycanlı əsgər və zabitin şöhrəti unudulub yaddan
çıxdı. Onların adı yalnız məhkəmə protokollarında və xatirələrdə qaldı.
Milli Ordumuzun hərbi təyyarəçisi Teymur Xan Əfşar haqqında rast
gəldiyim daha bir sənəd görkəmli pianoçu və Bakıda Şərq Konservatoriyasının
yaradıcısı Xədicə xanım Qayıbovanın dindirilmə protokoludur. 1933-cü ildə
"casus" kimi həbs edilən ilk Azərbaycan pianoçusu Xədicə xanım Osman ağa qızı
1938-ci ildə dindirilmədə demişdir: "Təyyarəçi zabit Xan Əfşar Teymurçini
tanıyıram... Təyyarəçi zabit Xan Əfşar Teymurçinlə məni indi xalq düşməni kimi
ifşa olunmuş Çingiz İldırım tanış etmişdir".
"Dəstəmizə hərbi kadrları könüllülərdən yığırdıq. Onların çoxusu
yoxlanılmamış və naməlum adamlar olurdu. Yadımdadır, bir dəfə yanımıza Əfşar
xan adlı təyyarəçi gəldi. O, İranda (Cənubi Azərbaycan - Ş.N.) anadan olmuşdu.
Söhbət zamanı məlum oldu ki, o, Müsavat hökumətinin təyyarəçisi olub. "Sənin
əqidən "qızıl ordu"da xidmət etməyinin ziddinə deyil ki?" sualıma o belə cavab
verdi:
- Mənim əqidəm mənə veriləcək pulun miqdarından asılıdır.
21
Bu cavabdan məlum oldu ki, Əfşar etibarlı adam deyil, ona görə də biz onu
təyyarəçi vəzifəsinə götürmədik. O, Azərbaycan Hava Donanmasında işə düzəldi.
Bir xeyli işləyəndən sonra, Əfşar həkim işləyən həyat yoldaşı ilə qaçıb İrana getdi"
(Marşal S.A. Krasovski "Jizn v aviasii" kitabı, 1960-cı il, səh. 46).
Məlum məsələdir ki, Azərbaycan təyyarəçisinin bu cavabı onun pulgirliyi
və ya mənfəətpərəstliyindən irəli gəlməmişdir. O, kiminlə danışdığını bildiyi üçün,
tamamilə səmimi cavab verməsi mümkün deyildi. Qəlbən sevdiyi təyyarəçilik
peşəsindən ayrılmamaq üçün belə cavab verməyə məcbur idi. Məcburiyyət
qarşısında maaş söhbətini önə çəkən Teymur Xan Əfşar "etibarsız adam" təsəvvürü
yarada bilərdi. Ayıq həmsöhbət bu cavabı o vaxt tam həqiqət kimi qəbul etmişdi.
Təyyarəçi Teymur Xan Əfşarın gələcək taleyinin Azərbaycan Demokratik
Respublikasının Milli Ordusunda məsləkdaşları olan Mahmud Mahmudzadə,
Teymur Mustafayev və başqalarından çox az fərqləndiyini təsəvvür etmək çətin
deyildi.
Təyyarəçi Teymur Xan Əfşarın son taleyi o tay İranda necə olub, məlum
deyil.
* * *
1919-cu ildə Milli Ordumuzda təyyarəçi kimi xidmət edən Mahmud
Mahmudzadənin 1927-ci ildə Solovki həbs düşərgəsindən yazdığı məktubundan
sətirlər:
...1896-cı ildə Lənkəranda anadan olmuşam. On üç yaşına qədər məktəbdə
oxumuşam. Ərəb və fars dillərini öyrənmişəm. İki il Lənkəran üçillik məktəbində
ibtidai təhsil almışam, sonra gimnaziyaya daxil olmuşam. 1918-ci il fevralın 23-də
gimnaziyanı ekstern yolu ilə bitirmişəm. Ali təhsilimi yarımçıq qoyub əlimə silah
alaraq, millətimi, torpağımı təcavüzkarlardan xilas etmək məcburiyyətində
olmuşam.
Süvari gizirliyindən başlayaraq, artilleriyaya keçib, 1919-cu ildə Tiflisdə
aviasiya məktəbinə düşdüm (arxivdə gizir M. Mahmudzadənin oxuması haqqında
Azərbaycan Respublikasının hərbi attaşesinə göndərdiyi belə bir raport saxlanılır:
"Diqqətinizə çatdırıram ki, iyulun 4-də Tiflis şəhərinə çatdım və aviasiya
məktəbində dərslərə başladım - Ş.N.). 1920-ci ildə Bakıya qayıtdım. Azərbaycan
Ordusunun Baş Qərargahı məni və dostumu hərbi hava məktəbinə göndərdi.
Məktəbin rəisi, hərbi təyyarəçi Pavlov, bizim aviasiya biliyimizi
yoxlayandan sonra, hamımızı nəzəriyyədən təcrübəyə keçirdi. Bizə M-5
hidrotəyyarəsini starşina Karpuxinin rəhbərliyi ilə yığmağı tapşırdılar. Mənim
yoldaşlarım Teymur Mustafayev, Əlihüseyn Dadaşov, Əhmədəli Əjdər Həsənzadə,
Məlik Mikayıl Mirzə idi.
M-5 sınaq təyyarəsini yığandan sonra, növbə ilə uçmağa başladıq. 1921-ci
ildə ilk uçan Teymur Mustafayev oldu. O, məşq edib hərbi təyyarəçi rütbəsini aldı.
1922-ci sentyabrın 22-də məndə uçdum. Məndən sonra Əlihüseyn Dadaşovu və
kursant Əsəd Əliyevi uçuşa buraxdılar. Əlihüseyn Dadaşov və mən əlavə imtahan
22
verib hərbi təyyarəçi rütbəsi aldıq.l923-cü ildə məni Sevastopol yaxınlığındakı
Kaçinski Hərbi Aviasiya Məktəbinə göndərdilər...
1926-cı il oktyabrın 25-də həbs olundum. Səbəbini soruşdum, dedilər ki,
1920-21-ci illərdə xalq arasında milli məsələ ilə bağlı söhbətlər aparmısan.
Məndən bir az əvvəl hərbi təyyarəçi dostlarımı - Əlihüseyn Dadaşovu və Teymur
Mustafayevi həbs etmişdilər. Bizi əlli ikinci maddə ilə beş il müddətinə Solovki
adalarındakı həbs düşərgələrinə göndərdilər".
* * *
On birinci ordu Azərbaycana gələndən sonra Azərbaycan milli diviziyasının
tərkibində aviadəstələr təşkil olunmuşdu. Bu aviadəstələrdə azərbaycanlı
gənclərdən təyyarəçilər hazırlanırdı. Bakının müdafiəsi üçün aviasiya divizionu
təşkil olundu. Respublikada aclıq və dağıntının hökm sürdüyü bir vaxta - 1920-ci il
mayın iyirmi dördündə Bakıda hərbi Dəniz Aviasiya məktəbi açıldı.
1924-1926-cı illərdə ilk dəfə olaraq Bakı - Tiflis, Bakı - Pyatiqorsk, Bakı -
Yevlax hava marşrutları açıldı. Belə bir vaxta "M-5" və "M-9" təyyarələri
respublika səmasında cövlan edirdi.
Gərgin axtarışlardan sonra, Mahmud Mahmudzadənin haqqında danışdığı
azərbaycanlı təyyarəçilərdən ancaq birinin kimsəsini tapa bildim - Teymur
Mustafayevin qardaşı ağsaqqal İsrafil müəllimi. Unudulmuş, yaddan çıxmış
qardaşının adını eşidəndə qocaman müəllimin uşaq kimi kövrəldiyini təsvir etmək
çətindir...
Qardaş həsrətli İsrafil müəllim:
- Qardaşımın adı iyirminci illərdə dastan idi, - dedi, - hamı, böyük də, kiçik
də onunla fəxr edirdi. Atam, anam isə bu şöhrətdən bərk narahat idilər. "Bu
xoşbəxtliyi bizə çox görmə, ay Allah, deyib, Tanrıya dua edirdilər. Kasıb ailə idik.
Teymur işləyəndən sonra güzəranımız yaxşılaşdı. O məndən böyük idi. 1896-cı
ildə Bakıda anadan olub. Atam dülgər idi. 1919-cu ildə hökumət onu pulsuz-
parasız məktəbə götürəndə, atam xoşbəxtliyindən özünə yer tapa bilmədi.
1922-ci ildə əlaçı pilot Teymur Mustafayevə iki mükafat bir-birinin dalınca
verildi. Noyabrın 14-də yüz səksən nömrəli əmrlə respublikanın Qırmızı Bayraq
ordeni ilə təltif olundu. Həmin il aprelin 20-də Respublika Hərbi Dəniz
Komissarlığının yüz otuz iki nömrəli əmri ilə Teymur uçuşda qazandığı
müvəffəqiyyətlərə görə üstüyazılı qızıl saatla mükafatlandırıldı.
Təyyarəçi Teymur Mustafayev 1924-cü ildə Xəzərin üstü ilə beş yüz-altı
yüz metr məsafədən uçarkən, dəniz səthinin bir sahəsində yağlı neft ləkələri
müşahidə edir. O bu barədə Neft Təsərrüfatı Nazirliyinə məlumat verir. Həmin
illərdə respublikamızda hərbi xidmətdə olan, sonralar Sovet İttifaqı Marşalı, Sovet
İttifaqı Qəhrəmanı Stepan Akimoviç Krasovski yazır ki, Xəzərdə ilk dəfə neftin
olmasını azərbaycanlı təyyarəçi Teymur Mustafayev kəşf etmişdir desək,
yanılmarıq.
23
İyirminci illərin sonunda ölkədə ilk siyasi proseslərdən birinə başlanıldı.
Gizli antisovet təşkilat olan "prom - partiya" (sənaye partiya) ittiham edilirdi. Guya
bu təşkilat burjua-texniki ziyalılarından ibarət yuxarı təbəqənin bir hissəsini
birləşdirir və sərhədin o tayının köməyinə, digər əks inqilabi qüvvələrin yardımına
arxalanaraq, SSRİ-nin sənaye və nəqliyyat sahələrində pozuculuq fəaliyyəti
göstərirmiş. Həmin iş üzrə ölkədə bir çox məşhur aviasiya konstruktorları,
təyyarəçi və mühəndislər həbs edildilər.
Azərbaycanlı təyyarəçi Teymur Mustafayev də guya "sərhədin o tayının
köməyinə" gedənlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-
cı ildə həbs edilib, əvvəl Solovki adalarına, sonra isə Qazaxıstanın Karaqanda
şəhərinə sürgün edilir. Şəxsiyyətə pərəstiş dövrünün ilk qurbanlarından olan
həmyerlimiz burada da fəaliyyətini dayandırmır. O, Karaqandada yenicə açılan daş
kömür mədənlərinin inkişafında yaxından iştirak edir. "Karaqanda-kömür"
mədənlərində müxtəlif məsul vəzifələrdə çalışan T. Mustafayev qaz generatorları
qurğusunun hazırlanmasında və Böyük Vətən müharibəsi illərində cəbhə üçün yük
avtomobillərinin əsaslı təmirində böyük əmək sərf etmişdir.
Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini
nəzərə alaraq, "Böyük Vətən müharibəsində fədakar əməyinə görə", "Əməkdə
fərqlənməyə görə" və "Xam torpaqların istifadəyə verilməsinə görə" medalları ilə
təltif etmişdir. Həmyerlimiz həm də "Üçüncüdərəcəli dağ mühəndisi" fəxri adına
layiq görülmüşdür.
Ömrünün axırına kimi vətəndən uzaqda yaşayıb-işləyən Teymur
Mustafayevin səksən illik yubileyini 1976-cı ildə Karaqanda ictimaiyyəti
keçirmişdir.
V. Cilkin familiyalı müəllif "İndustrialnaya Karaqanda" qəzetinin 27
oktyabr 1976-cı il tarixli nömrəsində "Yaxşı insan haqqında" məqaləsində yazır:
"Ucaboy, çevik və həmişə gülümsər sifətli Teymur Mustafayevi mədənçilər
şəhərində hamı qayğıkeş bir adam kimi tanıyır. O, kiminə xeyirxah məsləhəti ilə,
kiminə də mənzil və məişət məsələlərinin həllində kömək edir. Artıq uzun illərdi
ki, Teymur şəhər sovetinin xalq nəzarəti şöbəsində ictimai müfəttişdir. O həm də
rayon icraiyyə komitəsində mənzil-məişət komissiyasının üzvüdür. Bizim şəhərdə
o, demək olar ki, yarım əsrdir yaşayır və işləyir.
1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu. Bu sahədə
ilk və fəal çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi
illərində o, yük avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun
təşəbbüsü ilə yük avtomobillərinin mühərrikləri qaz generatorları ilə işləməyə
uyğunlaşdırılmışdı. Bu təşəbbüs cəbhənin ehtiyaclarını ödəmək üçün yüz tonlarla
benzin yanacağına qənaət etməyə imkan vermişdi.
Müharibədən sonra Teymur Mustafayev Tixonovski, Novo-maykudski,
Prişaxtinski avtobazalarının və avtotəmir emalatxanalarının tikintisinə rəhbərlik
etmişdir".
24
Heç bir günahı olmadan sevimli hərbi təyyarəçilik sənətindən ayrılıb,
doğma Azərbaycandan uzaqda yaşayan Teymur Mustafayev yetmişinci illərdə bir
neçə dəfə öz Vətəninə qonaq kimi gəlib-qayıtmışdır. Bir neçə dəfə köçüb, Vətəni
Azərbaycanda yaşamaq üçün bizim yuxarı dairələrə müraciət etsə də, "Yox, sən
siyasi dustaq olmusan, xalq düşmənisən..." kimi ədalətsiz ittihamlarla onu məyus
qaytarmışlar.
1981-ci ildə qürbətdə Vətən həsrəti ilə vəfat edən Teymur Mustafayevin
hazırda Karaqanda şəhərində iki oğlu yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir,
kiçiyi İsgəndər isə atasının ilk gəncliyində yarımçıq qalmış arzusunu davam etdirir
- təyyarəçidir.
Hər şeyin ilki əzəli və əbədidir. Tarixin müəyyən mərhələlərində onlar
unudulsalar da, gec-tez yada düşür, xatırlanırlar. Haqq nazilir, amma üzülmür. Bu
gün adı, şöhrəti doğma xalqına qaytarılan ilk təyyarəçilərimizin - Fərrux ağa
Qayıbovun, Teymur Xan Əfşar, Mahmud Mahmudzadənin, Teymur Mustafayevin,
Əlihüseyn Dadaşovun, Məlik Mikayıl Mirzənin, Əsəd Əliyevin, Əjdər Əhədəli
Həsənzadənin ömür və döyüş yolu öyrənilməklə adları əbədiləşdirilməlidir.
|