Sosial sığortaya ayırmalar - gələcəkdə muzdlu işçilərin sosial sığorta üzrə müavinətlər almalarını təmin etmək üçün müəssisələr (işlə təmin edənlər) tərəfindən dövlət və qeyri-dövlət sosial sığorta fondlarına köçürülən vəsaitdir. Onlar həm faktiki, həm də şərti hesablana bilər.
Sosial sığortaya faktiki ayırmalar müəssisə, təşkilat və digər işlə təmin edənlər tərəfindən sosial sığortaya köçürülən vəsaitdən ibarətdir. Bu ödəmələr pensiya və müavinətlərin verilməsi, işçilərin istirahətinə və müalicəsinə sərf olunan xərclərin maliyyələşdirilməsi üçün əsas mənbə hesab olunur. İşlə təmin edənlərin bu ayırmaları birbaşa sosial sığorta təşkilatlarına ödəmələrinə baxmayaraq, onlar milli hesablar sistemində muzdlu işçilərə verilən əməyə görə haqq kimi qəbul olunur.
Sosial sığortaya faktiki ayırmalar sosial sığortanın bütün növləri üzrə əmək haqqı fonduna, yəni sosial sığorta, pensiya, məşğulluq, əhaliyə sosial yardım fondlarına, digər oxşar büdcədənkənar fondlara ayrılmış məbləğin miqdarı ilə müəyyənləşdirilir. Müəssisə və təşkilatların tibbi sığortaya məcburi ayırmaları da onlara aiddir. Müəssisə və təşkilatların tibbi sığortaya könüllü ayırmaları da əmək haqqına daxil edilir.
Sosial sığortaya şərti hesablanmış ayırmalar öz işçilərinə, buna hüququ çatan keçmiş işçilərinə və onların himayəsində olanlara birbaşa sosial müavinətlərin verilməsini təmin etmək məqsədilə müəssisə, təşkilat və digər işlə təmin edənlər tərəfindən ödənilən ayırmaları özündə əks etdirir. Onlar bu dövrdə müəssisələr tərəfindən faktiki ödənmiş sosial müavinətlərin, yəni, məsələn, əmək müqaviləsi ləğv edilərkən verilən çıxış müavinətinin; ştatın ixtisara salınması, müəssisənin yenidən təşkil edilməsi və ya ləğv edilməsi ilə əlaqədar olaraq işdən çıxarılmış işçilərə başqa işə düzələnədək həmin dövr üçün verilən məbləğin; əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənilən müavinətin; pensiyalara əlavələrin; tədris məzuniyyətlərinə görə işçilərə verilən ödəmələrin; uşağa qulluğa görə pulu qismən ödənilən məzuniyyətdə olan qadınlara verilən kompensasiyaların; müəssisə tərəfindən oxumağa göndərilən tələbə və şagirdlərin təqaüdlərinin cəminə bərabərdir.