Elmi-kütləvi mətnlərin oxusunda ədəbi tələffüz vərdişləri üzrə işin texnologiyası Məlumatlandırıcı mətnlərin oxunması.Məlumatlandırıcı mətnin “süjeti” spesifikdir: burada müəllif oxucunu həqiqət axtarışı prosesinə cəlb edir. Oxucu müəllifin ardınca bütün yolu qət edib gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin kompozisiyası elmi tədqiqat mərhələlərinin ardıcıllığını əks etdirir:
Problemin (sualın, məsələnin) dərk edilməsi və məqsədin qoyulması-giriş hissəsi;
Problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi və hipotezaların (fərziyyələrin) irəli sürülməsi, ideyanın (hipotezanın) sübut olunması, tədqiqat məsələsinin həlli-əsas hissə;
Cavabın alınması və onun yoxlanması-nəticə.
Məlumatlandırıcı mətni oxuyarkən bu ardıcıllığa əməl edilir:
Başlıq və birinci abzası oxuyun və qərar verin: bu mətni oxumaq üçün sizin kifayət qədər məlumatınız varmı;
Əsas ideyaları nəzərdən keçirin,başlıq və yarımsərlövhələri təhlil edin;
Terminləri müəyyənləşdirin. Əgər oxu zamanı naməlum sözlərə rast gəlirsinizsə, lüğətə baxın;
Dərketmənizi yoxlayın. Ara-sıra dayanıb özünüzdən soruşun: “Mən nə anladım?” Bunu artıq bildiklərinizlə əlaqələndirin;
Əgər ideyanı anlamamışsınızsa, mətni yenidən oxuyun;
Axıradək oxuyun.Oxuduqca ideyalar aydınlaşa bilər. Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız ideyaları bir də oxuyun.
Oxu zamanı qeydlər aparın. Vacib fikirlərin altından xətt çəkin, konsepkt hazırlayın, nəticələri yazın-bütün bunlar fikrinizi material ətrafında cəmləməyə kömək edəcək.
Elmi-kütləvi mətnlərin oxusu.Oxu dərsi inteqrativ dərs olduğu üçün burada bir neçə elm sahəsinin qovuşmasını əks etdirən elmi-kütləvi mətnlərə də rast gəlirik. Elmi-kütləvi mətnlər şagirdləri təbiətdəki əşya və hadisələri, qanunları və qanunauyğunluqları, həmçinin ölkəmizdə baş verən ictimai-siyasi hadisələri başa düşməyə doğru aparır. Elmi-kütləvi materiallardan təbiət və cəmiyyət haqqında əldə edilən məlumatlar şagirdlərdə elmi dünyagörüşün, təbiətin tamlığı, bütövlüyü haqqında təsəvvürün yaranmasını təmin edir. Onlar təbiət, coğrafiya, tarix, fizika, astronomiya, kimya, biologiyaya dair ilkin biliklərə yiyələnir, praktik vərdişlər qazanırlar. Elmi-kütləvi mətnlərdə əşya və hadisələr haqqında dəqiq məlumat, düzgün qiymət verilir. Elmi-kütləvi mətnlərin başlıca əhəmiyyəti ondadır ki, haqqında söhbət gedən əşya və hadisənin başqa əşya və hadisələrlə qarşılıqlı əlaqələrini də açır, onları elmi cəhətdən əsaslandırır. Belə mətnlərin yaxşı cəhətlərindən biri də odur ki, bu mətnlər uşaqlarda əşya haqqında obrazlı təsəvvür yaradır. Elə bil haqqında söhbət gedən əşyanın şəkli “sözlərlə” çəkilir. Lakin buna baxmayaraq bəzən şagirdlər belə mətnləri oxumaq istəmir, ona az maraq göstərirlər. Elmi-kütləvi mətnləri öyrənmək şagirdlərdə çətinlik yaradır. Buna səbəb bu mətnlərin dilidir. Buradakı elmi üslub, xüsusi terminlər, sözlərin işlədilməsinə verilən ciddi tələb kiçikyaşlı məktəblilər üçün maraqsız, ağır görünür. Belə mətnlər şagirdlərdən diqqətlilik, iradi səy, məntiqi fəaliyyət, müəllimdən isə öyrənilən məsələyə ciddi düşünülmüş münasibət təmin edən metod və priyom seçməyi tələb edir. Ona görə də onlar belə mətnlərə birdən-birə öyrənə bilmirlər. Bunun üçün I sinifdən etibarən tədricən uşaqları elmi-kütləvi mətnlərin məzmununu dərk etməyə hazırlamaq lazımdır. Bütün yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, elmi-kütləvi mətnlərin də oxumaqla dərk olunması ədəbi tələffüz üzrə işlərin aparılmasında mühüm rol oynadığını söyləməyə əsas verir.
Elmi-kütləvi mətnlərin oxusunda da şagirdlər üçün yeni material şərh olunur. Bədii materiallarda olduğu kimi elmi-kütləvi mətni bütöv oxuyub, məzmunun dərk olunmasına ümid bəsləmək olmaz. Bu məzmunun səthi mənimsənilməsi ilə nəticələnə bilər. Belə mətnlər hissə-hissə oxunur, hər hissə dərindən təhlil edilir, başa düşüldükdən sonra digər hissənin oxusu təşkil edilir. Oxu prosesində ədəbi tələffüz qaydalarına əməl olunması mətnin məzmunun dərk olunmasına səbəb olduğu kimi, mətnin oxusu ədəbi tələffüz vərdişlərinin mənimsənilməsinə yardım edir. Mətn oxunmazdan əvvəl müəllim şagirdlərə hansı biliklərin veriləcəyi, bu biliklərin əvvəllər öyrənilmiş biliklərlə necə əlaqələndiriləcəyi üzərində düşünməklə bərabər, mətnin ifadəli oxusuna hazırlaşmalıdır.
Belə ki, elmi-kütləvi mətnlərin bir qisminin başa düşülməsi əyani və praktik hazırlıq tələb edir. Mətnin oxunmasına 1-2 gün qalmış şagirdləri müvafiq obyektlərə ekskursiyalara aparmaq, haqqında söhbət gedəcək əşyaları əldə etmək tələb olunur. Cəmiyyət hadisələri və tarixi məlumatlarla bağlı mətn (xüsusilə III-IV siniflərdə) əyani vəsait, fərdi müsahibələr, gəzinti, kinofilmə, sərgiyə baxış, əmək adamları, müharibə veteranları ilə görüşlərin təşkilini tələb edir.
Elmi-kütləvi mətnlərin məzmunundan, xarakterindən asılı olaraq dərsin quruluşu, gedişi də dəyişə bilər. Bununla belə, onların hamısının oxunmasında ümumi cəhətlər, xüsusilə, biliklərin induktiv yolla mənimsənilməsi, mətnin məzmununun dərk olunmasında xüsusidən ümumiyə doğru gedilməsi mövcud və həmçinin ifadəli oxunun komponentləri hər bir oxu mətni üçün eynidir.
Elmi-kütləvi mətni yalnız oxumaq, şagirdləri onun ümumi məzmunu ilə tanış etməklə kifayətlənmək olmaz. Şagirdlərə onların ifadəli oxusunu öyrətmək lazımdır. Məhz buna görə də belə mətnlərin oxusu əksər hallarda induktiv yolla getməlidir. Yəni mətnlər məntiqi cəhətdən tamamlanmış hissələrə ayrılmalı, əvvəlcə hissə-hissə izah olunmalı və oxunmalı, hər bir hissə ayrılıqda başa düşüldükdən sonra mətn bütöv oxunmalıdır. Elmi-kütləvi mətnlərin oxusuna həsr olunmuş dərsin xüsusiyyəti materialın xarakteri ilə müəyyənləşir. Elmi-kütləvi mətnlərin vəzifəsi, əsasən, bilik vermək olduğundan, onun ayrı-ayrı hissələri izah olunmaqla ümumi məzmunu başa salınmalıdır. Başqa sözlə desək, belə mətnlərin mənimsənilməsi hissələrdən bütövə, xüsusidən ümumiyə doğru getməlidir. Elmi-kütləvi mətnlər üzərində işin metodikası məhz onların induktiv yolla mənimsədilməsi ilə müəyyənləşir.
Məlumdur ki, hər bir fənn (təbiət, coğrafiya, tarix və s.) üzrə elmi-kütləvi mətnlərin oxunması prosesinin özünəməxsus xüsusiyyətləri vardır. Bununla bərabər, onların hamısının oxusunda ümumi cəhətlər vardır. Hər hansı bir elm sahəsinə aid olan oxu materialının oxusunda orfoepik qaydalara əməl olunur, ədəbi tələffüzün digər komponentləri (diksiya, melodika, tembr, səsin gücü, vurğu, fasilə, ritmik bölgülər) üzrə iş gedir.
Elmi-kütləvi mətnlərin üzərində iş aşağıdakı mərhələlər üzrə gedir:
Giriş müsahibəsi.
Mətnin hissə-hissə oxunması.
Mətnin hissələrinin təhlili.
Planın tərtib olunması.
Təkrar oxu.
Mətnin bütöv oxunması.
Mətnin məzmununun nağıl edilməsi.
Ümumiləşdirmə.
Ev tapşırığı.
Bu mərhələlərin hər biri elmi-kütləvi mətnlərin oxusu, şagirdlərə ədəbi tələffüz vərdişlərinin mənimsədilməsi üçün çox əhəmiyyətli rol oynayır.
Müasir təhsil sistemində interaktiv metodların tətbiqi elmi-kütləvi mətnlərin oxusunda da zəruridir. Çünki çətinlik dərəcəsi yüksək olan elmi-kütləvi mətnləri şagirdlərə öyrətmək üçün interaktiv təlim metodları vasitəsilə mətnə qarşı şagird marağının yüksəlməsinə nail olmaq olar. Bu zəmində də oxu prosesində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üçün səmərəli şərait yaranar.
Elmi-kütləvi mətnlərin oxusuna srategiyalı oxu prizmasından yanaşma xüsusi əhəmiyyət kəsb edir.