1.1.2. Avropa İttifaqının hüquqi əsaslarının yaranması
Fransanın xarici işlər naziri olmuş Robert Şuman və milli planlaşdırma üzrə
komissar Jan Mone Avropa Birliyinin yaradıcıları hesab olunurlar. 1950-ci il 9 may
tarixi R.Şumanın tarixi əhəmiyyətli nitqi səbəbindən Avropa Birliyinin doğum günü
hesab olunur və “Avropa Günü” kimi qeyd edilir. Avropa Birliyinin yaranmasında
əsas məqsəd bir daha Avropanın heç bir vəchlə müharibə meydanına çevrilməməsi
idi. Avropa Birliyinin əsas yaradıcıları olan Almaniya və Fransa öz resurslarının
(kömür və polad) inteqrasiyanın hərəkətverici qüvvəsinə çevriləcəyi qənaətində
idilər. Elə o dövrdə R.Şuman polad və kömür üzərində nəzarətə sahib birgə ali
hakimiyət orqanının yaradılmasını təklif etmişdi. Müharibə sənayesinin əsas
resursları olan kömür və polada nəzarət edilməsi vasitəsi ilə onlar arasında qarşılıqlı
asılılığın yaradılması və bu vasitə ilə iki ölkə arasında müharibə ehtimalının
minimuma endirilməsi planlaşdırılırdı. [2]
18 aprel 1951-ci ildə Fransa Almaniya, İtaliya, Belçika, Hollandiya və
Lüksemburq arasında Paris müqaviləsi imzalandı. Müqavilə 23 iyun 1952-ci ildə
qüvvəyə mindi. Bu müqaviləyə əsasən Avropa Kömür və Polad Birliyi yaradıldı. Bu
Avropa İttifaqının yaradılmasına gedən yolda ilk addım idi. [53]
1955-ci ilin iyul ayında altı dövlət Mesina şəhərində görüşdülər. Görüşün
nəticəsində birgə iqtisadi ittifaqın yaradılması qərarı alındı. Elə həmin görüşdə
Belçikalı dövlət xadimi Pol Spakın təklifi Roma müqaviləsinin əsasını qoydu. Roma
müqaviləsi isə Avropa Birliyinin əsasını qoyan müqavilə kimi xatırlanır. Roma
10
müqaviləsi 25 mart 1957-ci ildə imzalanmış və 1 yanvar 1958-ci ildə qüvvəyə
minmişdir. Bu müqavilə ilə 3 təşkilatın (Avropa Kömür və Polad Birliyini, Avropa
İqtisadi Birliyi, və Avropa Atom Enerjisi Birliyini) birləşməsi nəticəsində Avropa
Birliyi yarandı. Roma müqaviləsinə əsasən Avropa Birliyi 4 əsas orqan vasitəsi ilə
idarə olunur:
Ali Orqan səlahiyyətlərini üzərinə götürən Avropa Komissiyası; Parlament
Assambleyası; Nazirlər Şurası; Ədalət Məhkəməsi. [31, 45]
Roma müqaviləsi malların, insanların, xidmətlərin və kapitalın azad hərəkəti
əsasında qurulan vahid bazarın yaradılmasını nəzərdə tuturdu. Müqavilədə Avropa
İqtisadi Birliyinin və vahid bazarın məqsədi 6 üzv ölkənin ərazisində ticarət və
istehsal şərtlərinin transformasiya edilməsi və Avropanın daha sıx siyasi
bütövləşməsinə doğru bir addımın atılması idi. Müqaviləni imzalayan dövlətlər öz
iqtisadi siyasətlərini tədricən uyğunlaşdırmağa razılaşdılar. Bundan başqa müqavilədə
6 ölkə arasında gömrük vergiləri ləğv edildi və AİB ölkələrindən kənardan idxal üzrə
vahid xarici tarif yaradıldı. Həmçinin, vahid kənd təsərrüfatı siyasəti, vahid ticarət
siyasəti, və nəqliyyat siyasətinin yaradılması qərara alındı. [54]
Böyük Birtaniya bu müqaviləyə qoşulmayaraq ona alternativ olan Avropa Azad
Ticarət Assosiasiyasını yaratdı. Təşkilatın üzvləri Avstriya, Danimarka, İsveçrə,
İsveç, Norveç, Portuqaliya və Böyük Britaniya idi. [31, 45]
8 aprel 1965 tarixində 6 ölkə arasında Avropanın 3 qurumunun birləşdirilməsinə
dair müqavilə imzalandı. Bu müqavilə nəticəsində Avropa Kömür və Polad Birliyi,
Avropa Atom Enerjisi Birliyi və Avropa İqtisadi Birliyi birləşdirilərək vahid bir şura,
komissiya və parlament yaradıldı. Müqavilə 1967-ci il iyulun 1-indən etibarən
qüvvəyə mindi. [55]
Avropa Birliyi ilk genişlənməyə qədər əsas diqqəti 6 üzv dövlət arasında
inteqrasiyanın daha da dərinləşməsinə yönəltdi. Bu inteqrasiyanın mərkəzində Fransa
və Qərbi Almaniya arasında alyansın daha da möhkəmləndirilməsi dururdu. 1963-cü
il 22 yanvar tarixində 2 dövlət arasında Yelisey sarayında müqavilə imzalandı.
11
Fransa-AFR
alyansı Avropa Birliyinin yaranmasında və inteqrasiyanın
dərinləşməsində əsas hərəkətverici qüvvə oldu. [10]
1965-ci ildə 1 iyul tarixində Fransa Avropa Birliyi Şurasının və Daimi Təmsilçilər
Komitəsində iştirak etməyəcəyini bəyan etdi. Bu Avropa Birliyi tarixinə “boş stul”
böhranı olaraq düşmüşdür. Böhranın yaranmasına səbəb digər üzv ölkələrlə Fransa
arasında xüsusi səs çoxluğu ilə səsvermə qaydası ilə bağlı yaranan anlaşmazlıq idi.
Fransa prezidenti Şarl de Qol düşünürdü ki, bu cür səsvermə üzv dövlətlərin
suverenliyinə təhdid ola bilər. Şarl de Qol yekdillik prinsipi ilə qərarların qəbul
olunması tərəfdarı idi. Onun təkidi ilə dövlətlərin suverenliyinə zərər vuracaq
qərarların qəbulunda üzv dövlətlərə veto hüququ verildi. Ancaq bəzi qərarların
qəbulunda xüsusi səs çoxluğu səsvermə qaydası tətbiq olunmağa davam etdi. Əslində
“Lüksemburq kompromisi” kimi tanınan bu razılaşma birlik daxilində inteqrasiyanın
dərinləşməsinin qarşısını 20 il müddətində aldı.
Avropa Parlamenti üzvlərinin birbaşa səsvermə yolu ilə seçilməsi Avropa
vətəndaşları üçün əhəmiyyətli bir hadisə idi. 1979-cu il 7-10 iyun tarixlərində ilk
seçkilər keçirildi. 410 parlament üzvü seçildi və Simone Veil Avropa Parlamentinin
prezidenti seçildi. [2]
İnsanların azad hərəkəti prinsipi - Avropa İttifaqı çərçivəsindən kənarda qarşılıqlı
əməkdaşlığı nəzərdə tutan 14 iyun 1985-ci ildə Almaniya və Fransa arasında
bağlanmış Şengen razılaşması ilə tənzimlənirdi. Sonradan bu müqaviləyə Benilüks
ölkələri də qoşulmuşdu. İlkin mərhələdə müqavilə üzv dövlətlər tərəfindən həmin
dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük
yoxlamalarında nəzarətin sadələşdirilməsini, 1 yanvar 1990-cı ildən isə, ümumiyyətlə
belə yoxlamaların ləğvini nəzərdə tuturdu. Şengen razılaşması digər dövlətlərin
böyük marağına səbəb oldu. Belə ki, Şengen razılaşması formal sərhəd yoxlamalarını
dayandırmaqla və ya yoxlama qaydalarını sadələşdirməklə insanların azad hərəkətinə
şərait yaradırdı. Bu da, öz növbəsində, vahid daxili bazar münasibətlərinin inkişafına,
investisiya qoyuluşuna, yeni törəmə və birgə müəssisələrin açılmasına, iş yerlərinin
sayının artırılmasına müsbət təsir göstərir, iştirakçı dövlətlərin kənar sərhədlərində
12
nəzarətin gücləndirilməsinə gətirib çıxarırdı. Bu səbəbdən Şengen razılaşmasına
qoşulan üzv dövlətlərin sayı getdikcə artırdı. 1990-cı ildə İtaliya, 1991-ci ildə
İspaniya və Portuqaliya, 1992-ci ildə Yunanıstan, 1995-ci ildə isə Avstriya
müqaviləyə qoşuldu. [49]
17-28 fevral 1986-cı ildə Lüksemburq və Haaqa konfranslarının nəticəsi olaraq 12
üzv dövlət tərəfindən «Vahid Avropa Aktı» imzalandı. «Vahid Avropa Aktı» 34
maddə və 20-dən artıq təklifi və digər məzmunlu sənədləri özündə birləşdirən 1
yekun aktından ibarətdir. Aktın I maddəsində göstərilir ki, Vahid Avropa Aktının
məqsədi Avropa Birliyinə gətirib çıxaran üzv dövlətlərin siyasi əməkdaşlığına nail
olmaqdır. Vahid Avropa Aktı həmin dövr üçün böyük ümid mənbəyi olsa da, keçid
xarakterli olması ilə fərqlənirdi. [56] Üzv dövlətlərin birləşməsi prosesinin
təkmilləşdirilməsi üçün mövcud hüquqi baza çətinlik yaradırdı. Vahid valyuta
mexanizminin işə salınması, iqtisadi, valyuta, vahid sosial siyasətin, eləcə də, xarici
siyasət, ümumi təhlükəsizlik məsələləri sahəsində yeni hüquqi bazaya zərurət
yaranmışdı. Avropada və yer kürəsinin digər hissələrində köklü dəyişikliklər baş
vermişdi. Belə ki, Şərq ölkələrində sosialist rejimlərin çökməsi Varşava Müqaviləsi
əməkdaşlığının sonu ilə nəticələnmişdi. SSRİ ayrı-ayrı müstəqil dövlətlərə
parçalanmışdı. İkinci Dünya müharibəsindən sonra Almaniyanı iki hissəyə ayıran
«Berlin divarları» sökülmüşdü və Almaniya vahid dövlət kimi mövcudluğuna
qayıtmışdı. Belə bir şəraitdə Avropa Birliyinin beynəlxalq aləmdə müstəqil və legitim
qüvvə kimi təqdim olunmasına zərurət artırdı. Hələ 1990-cı ilin əvvəllərindən Fransa
prezidenti Fransua Mitteran və Almaniya kansleri Helmud Kol yeni və xüsusi
əhəmiyyətli təşəbbüslə çıxış etdilər. Onların təşəbbüsü təkcə iqtisadi əməkdaşlığı
deyil, ümumi Avropa siyasətini və kollektiv təhlükəsizlik məsələlərini də əhatə
edirdi. Bu məqsədlə Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən görüşlərdə zəruri
məsələlərin – siyasi, iqtisadi və valyuta birliyinin, Avropa Mərkəzi Bankının
yaradılması məsələlərinin müzakirəsi üçün hökumətlərarası iclasların keçirilməsi
qərara alındı. Bu məqsədlə yeni müqavilə layihəsi hazırlandı. Layihənin müzakirə
edilməsi üçün 9-10 dekabr 1991-ci ildə Hollandiyanın Maastrix şəhərində Avropa
13
Birliyi üzvlərinin iclası keçirildi. 12 üzv dövlət başçısı tərəfindən bəyənilən müqavilə
rəsmi olaraq «Avropa İttifaqı haqqında saziş» adlandırılsa da, əksər hallarda, iclasın
keçirildiyi şəhərin şərəfinə «Maastrix müqaviləsi» adlandırılır. [57]
Avropa İttifaqı Müqaviləsi 7 fevral 1992-ci ildə imzalandı və 1993-cü ilin 1
noyabrında qüvvəyə mindi. Bu müqaviləyə uyğun olaraq, Avropa Birliyi bundan
sonra “Avropa İttifaqı” adlandırıldı. Maastrix müqaviləsi Avropa İttifaqlı daxilində
inteqrasiyanın dərinləşməsini keyfiyyətcə yeni mərhələyə qaldırdı. [2]
Avropa İttifaqına yenilik gətirən Amsterdam müqaviləsi 2 oktyabr 1997-ci il
tarixində imzalandı. Və 1 may 1999-cu il tarixindən qüvvəyə mindi. Amsterdam
müqaviləsi nəticəsində Maastrixt müqaviləsinin bəzi müddəaları yumşaldıldı. Birgə
qərar qəbuletmə proseduru sadələşdirildi; Avropa Parlamentinin inteqrasiya
proseslərində səlahiyyətləri genişləndirildi; Daxili İşlər və Ədliyyə sahəsində
dəyişikliklər edildi; ümumi xarici və təhlükəsizlik siyasəti yenidən quruldu. [86, 101]
26 fevral 2001-ci il tarixində bu istiqamətdə yeni bir razılaşma-Nis (Nitsa)
müqaviləsi imzalandı. Müqavilənin imzalanmasında məqsəd Avropa İttifaqının ən
böyük genişlənməsinə hazırlaşmaq istiqamətində onun iş mexanizminin
təkmilləşdirilməsi idi. Avropa İttifaqı (Maastrix) müqaviləsinə düzəlişlər etmək və
onu dövrün tələblərinə uyğunlaşdırmaq lazım idi. [10]
Müasir dövrdə genişlənmə siyasəti ilə bərabər Avropa İttifaqının qarşısında duran
əsas məsələlərdən biri birlik daxilində inteqrasiyanın gücləndirilməsidir. XX əsrdə
üzv dövlətlər Avropa İttifaqı inteqrasiyasını gücləndirmək məqsədi ilə bir sıra
addımlar atdı kı, onlardan ən vacibi Avropa İttifaqı Konstitusiyasının hazırlanması
idi. Avropa İttifaqı Dövlət və Hökumət Başçılarının 2000-ci ilin dekabr ayında
Fransanın Nis şəhərində keçirilmiş Zirvə görüşü İttifaqın genişlənməsi ilə bağlı
müvafiq qərarlar qəbul etməklə bərabər, Avropa İttifaqının Konstitusiyasının işlənib
hazırlanması üçün də ilkin addımlar atdı. Bir il sonra Laaken şəhərində Avropa
İttifaqının gələcəyi ilə bağlı yeni Bəyannamə qəbul edildi. Bu Bəyannamə üzv
dövlətlərin qarşısına bir sıra vəzifələr qoydu. Bunlardan biri də Avropa vətəndaşları
üçün vahid Konstitusiyanın yaradılması idi. Avropa İttifaqının Dövlət və Hökumət
14
Başçılarının Şurası İttifaqın Konstitusiyasının işlənib hazırlanması üçün Fransanın
keçmiş prezidenti Qistard De Steytinqin rəhbərliyi altında xüsusi Konvensiyanın
çağırılması barədə qərar qəbul etdi. Bir neçə il davam edən müzakirələrdən sonra,
nəhayət, Konvensiya öz işini başa çatdırıb Avropa İttifaqı Konstitusiyası Layihəsini
hazırlayaraq Aİ rəhbərliyinə və üzv dövlətlərin hökumətlərinə təqdim etdi. [2]
29 oktyabr 2004-cü ildə Romada Kici sarayının Qoraçiyev zalında təntənəli
surətdə «Avropa Konstitusiyası» Aİ-nin 25 üzv dövləti tərəfindən imzalanmışdır.
Konstitusiya layihəsini hazırlayan mütəxəssislərin fikrincə, Avropa Konstitusiyası
«ümumavropa düşüncəsini aşılamalı və Avropa İttifaqı timsalında dünyaya yeni
nümunəvi davranış qaydaları gətirməlidir». Konstitusiya Avropa İttifaqı
təsisatlarının quruluşunu və funksiyalarını dəyişdirir.
Lakin qeyd edilməlidir ki, Konstitusiyanın qüvvəyə minməməsi Avropa
İttifaqının tənəzzülü deyil. Təsis sənədləri və digər normativ hüquqi aktlar öz
qüvvəsini saxlayır. Üzv dövlətlər Konstitusiyanı ratifikasiya etmək üçün ali
qanunvericiliklərinə uyğun olaraq, iki üsuldan birini seçməlidirlər:
1.Parlamentdə səsvermə ilə 2. Ümumi referendumla
Bununla əlaqədar Avropa ölkələrində referendum keçirildi. İspaniya,
Lüksemburq kimi ölkələrdə konstitusiya bəyənilərək qəbul olundu. Fransada da 29
may 2005-ci il tarixində bu mövzu ilə bağlı referendum keçirildi. Ancaq
referendumun nəticələrinə görə Avropa İttifaqının Konstitusiyası layihəsi xalq
tərəfindən qəbul olunmadı. Yalnız Fransada deyil, bir çox Avropa ölkələrində də bu
hal yaşandı. Bu səbəbdən Avropa İttifaqının 22-23 iyun 2007-ci ildə keçirilən
konfransında Konstitusiyanı müvəqqəti əvəz edən «İslahatlar barədə saziş»
imzalanmışdır. Saziş 2007-ci ilin 13 dekabrında Lissabonda imzalandığından Lissabon
sazişi adlanır. [58]
Lissabon sazişi və ya Avropa İttifaqının islahatları haqqında saziş - tərkibində 27
dövləti birləşdirən Avropa İttifaqının dünya arenasında mövqeyinin və əhəmiyyətinin
artırılması, kəskin qlobal dəyişikliklərin baş verdiyi bir dövrdə fəaliyyətinin və
səmərəliliyinin artırılması məqsədilə 19 oktyabr 2007-ci ildə Lissabonda keçirilən
15
Hökumətlərarası konfransda yekun olaraq razılaşdırılmışdır. Sazişin üzv dövlətlər
tərəfindən imzalanması onun ratifikasiya olunması prosesinə start vermiş və nəzərdə
tutulmuşdur ki, 1 yanvar 2009-cu ilədək ratifikasiya prosesi başa çatdırılmalıdır.
Mahiyyətinə görə saziş ratifikasiya olunmayan Konstitusiyanı əvəz etməlidir. 2008-ci
ilin iyulunadək saziş 27 üzv dövlətdən 23-ü tərəfindən ratifikasiya olunub. Lissabon
sazişi Fransa tərəfindən 7 fevral 2008-ci tarixində ratifikasiya olunmuşdur. Burada Aİ-
nin hüquq subyekti olması bir daha təsdiqlənir. (Aİ haqqında müqavilənin 32-ci
maddəsi) - bu onunla şərtlənir ki, Aİ səlahiyyətləri çərçivəsinə bir sıra hallarda
beynəlxalq sazişlər bağlaya bilər. Üzv dövlətlərin Aİ tərəfindən imzalanmış sazişlərlə
ziddiyyət təşkil etməyən və ya Aİ-nin səlahiyyətlərinə aid olmayan sahələr üzrə
istənilən beynəlxalq sazişi imzalamaq səlahiyyətləri var. Lissabon Sazişi Avropa
İttifaqı təsisatlarında bir sıra islahatların keçirilməsini nəzərdə tutur və həmçinin,
«mütləq səs çoxluğu» prinsipi ilə qəbul edilən məsələlərin siyahısını müəyyənləşdirir.
Beləliklə, Aİ dövlətləri Lissabon sazişi ilə qəbul edilməmiş Avropa İttifaqı
Konstitusiyasını əvəz etməyə çalışaraq birlik daxilində inteqrasiyanın gücləndirilməsi
yönündə uğurlu addımlar atdı. Avropa İttifaqının daxilindəki inteqrasiya prosesinin
sürətləndirilməsindən sonra birlik genişlənmə məsələlərinə daha çox diqqət verməyə
başladı. [59]
Dostları ilə paylaş: |