DİQQƏT HAQQINDA ANLAYIŞ
Diqqət-psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsindən ibarətdir. Diqqət idrak proseslərindən biridir. Lakin özünün xüsusiyyətlərinə görə diqqət idrak proseslərindən–duyğu, qavrayış, hafizə, təfəkkür və s. fərqlənir. İdrak prosesləri cisim və hadisələri əks etdirir. Diqqətin əmələ gəlməsi üçün ilk növbədə obyekti ayırd etmək, onun üzərində mərkəzləşmək lazımdır. İnsanın bütün fəaliyyət sahəsində diqqətin böyük əhəmiyyəti vardır. Əgər diqqət olmasaydı heç bir bilik əldə edilməzdi. Məhz buna görə də K.D.Uşinski deyirdi: “Diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq oradan daxil olur”
Diqqəti mürəkkəb psixi hadisə kimi xarakterizə edərkən onun bir sıra funksiyalarını ayırd etmək olar. Diqqətin üç funksiyası vardır.
1.Diqqətin seçmək funksiyası. Bu zaman mövcud fəaliyyətə uyğun gələn təsirləri seçirik, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət vermirik.
2.Diqqətin saxlanması funksiyası. Bu zaman biz idrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyətimizi həmin obyekt üzərində mərkəzləşdiririk.
3.Diqqətin nəzarət etmək funksiyası. Bu zaman biz fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edirik.
Psixoloji ədəbiyyatda xüsusi olaraq qeyd edilən bu funksiyalar iki mühüm nəticə çıxarmağa imkan verir. Birincisi, diqqət mürəkkəb psixi proses kimi bütün psixi hadisələrə nüfuz edir, onların səmərəli olmasını şərtləndirir. İkincisi, diqqət idrak proseslərinin mahiyyətini düzgün başa düşməyə, onları məqsədəuyğun surətdə təşkil etməyə imkan verir.
Diqqətin gərginliyi müəyyən xarici ifadələrə malik olur. Gərgin diqqət zamanı orqanizm müəyyən uyğunlaşma vəziyyəti alır. Bir cismi daha yaxşı qavramaq üçün biz nəzərlərimizi ona daha səylə yönəldir, diqqətlə baxırıq.
Gərgin diqqət zamanı tənəffüsdə də dəyişiklik olur. Bu vaxt nəfəsalma müddəti qısalır, nəfəsvermə isə uzanır. Qısamüddətli və çox gərgin diqqət zamanı biz “nəfəs çəkmədən” baxır və ya dinləyirik.
Gərgin diqqət zamanı artıq hərəkətlər dayandırılır, tam sakitlik halı yaradılır. Diqqətin həmin xarici ifadələri onun mexanizmi və ya fizioloji əsasları ilə əlaqədardır. Deməli, insanın diqqəti onun fəaliyyətinin strukturu ilə təyin edilir, həmin fəalıiyyətin gedişini əks etdirir və ona nəzarət mexanizmi kimi xidmət edir. Bu cəhətlər onu mürəkkəb idrak prosesi olan hafizə ilə daha da yaxınlaşdırır.
Dostları ilə paylaş: |