Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

 
 
 2.3.18. Avstraliya köçərilərinin mədəniyyəti 

 
265
 
Avstraliya aborigenlərinin incəsənətini fəaliyyətin digər sahələrindən ayıran dürüst sərhəd mövcud deyil. 
Onların danışdığı dillərin heç birində «incəsənət» anlayışına müvafiq olan istilah yoxdur. Lakin təsviri sənət, 
rəsm çəkmək, ağac və daş üzərində oyma, habelə mahnı ifası, hekayə və nağıl söyləmə, ayin mərasimləri üçün 
müəyyən adlar mövcuddur. 
Aborigen incəsənəti ayrılmaz surətdə totemizmlə, totemlərə sitayiş etmə ilə bağlıdır, bu xüsusilə mərasim 
rəqslərinin, pantomimanın, bədənin dərisi üzərində  rəsm çəkmə  və plastikanın sintezi olan korrobori kimi 
ənənəvi müqəddəs mərasimləri zamanı özünü parlaq surətdə büruzə verir. Bu halda aborigenlər bədənlərini 
qeyri-adi fantaziya ilə rəngləyirlər. Qəhvəyi, sarı və qırmızı boyalar üstünlük təşkil edir, hər biri xüsusi məna 
kəsb edən bəyaz nöqtə  və cizgilər də az olmur. Daha güclü plastik təsirə nail olmaq üçün aborigenlər bəzən 
bədənlərinə yumşaq tüklü ağ və qırmızı quş lələkləri yapışdırır, bir yığın tutuquşu lələyindən saqqal düzəldir, 
qaz tükünü yumrulayıb iri kürələr düzəldərək boyunlarından asırlar. 
Korrobori rəqsini ifa etdikləri zaman rəqqaslar kenqurunu, ilanları, kərtənkələləri, balıqları  və bir çox 
digər qəbilə totemlərini təsvir edirlər.  Ənənəvi müqəddəs mərasimlərin ifası zamanı  təbil zərblərinin səsi, 
mərasim iştirakçılarının çevik bədən hərəkətlərini müşayiət edən qışqırıq səsləri eşidilir. 
Onların xüsusiyyəti hər bir rəqqasın xəyallarından, xülyalarından, yuxularından asılıdır, rəqs keçmiş 
əyyamlarda Əzəmətli Ruhun göylərdən yerə enməsi və dünyanı yaratması haqqında keçmiş «röya dövranından» 
qəbiləyə  xəbər ötürür. Müasir Korrobori həmçinin müxtəlif münaqişələrin salnaməsini təsvir edə bilər və ya 
avropalılarla ilk təmas səhnələrini təsvir edə bilər. Korrobori dini mərasimlərində əsatirlərin səhnələşdirilməsi 
bir neçə gün və hətta bir neçə həftə davam edir. Onun tərkibinə instrumental musiqi alətlərinin müşayiəti ilə ifa 
olunan 10-dan 300-dək nəğmədən ibarət mahnı silsiləsi daxildir. Burada həmçinin səs effektlərindən (xışıltı, 
fışıltı) də istifadə olunur. 
Ümumiyyətlə bu günkü Avstraliya musiqisi müxtəlif musiqi mədəniyyətlərinin – yerli sakinlərin, ingilis 
dilli avstraliyalıların, Britaniya mənşəli olmayan gəlmələrin musiqi ünsürlərindən ibarətdir. Avstraliyalı yerli 
sakinlərin musiqisi arxaizmini qoruyub saxlamış Yeni Qvineya, habelə Malay Arxipellaqından (Şimali 
Avstraliya) köçüb gələnlərin musiqisinin təsirinə məruz qalmışdır. Müxtəlif mərasim, məişət, epik nəğmələrlə 
yanaşı eyni zamanda fərdi müşayiətli (zərb musiqi alətləri və s.) şəxsi nəğmə ifası da geniş yaılmışdır. 
Avstraliya aborigenləri üçün nəğmələrin yayılması səciyyəvidir, bu həm yerli əhalinin yeni həyat tərzi ilə, həm 
də  nəğmələrin qonşu qəbilələrə satılması  və ya dəyişdirilməsi  ənənəsi ilə  əlaqədardır. Müəyyən mahnılar 
müəyyən səs sıraları ilə bağlıdır. Musiqi alətləri arasında çurinqalar (taxta və ya daşdan düzəldilən uğultu aləti), 
dəyənək zərbəsi vurulan içi boş  şalban-ubar müqəddəs və ya sehrli sayılır. Digər idiofonlar arasında 
bumeranqlar, təbili xatırladan dəri boğçalar, meyvə və mərcanquludan düzəldilən çax-çaxlar, çubuqla sürtülərək 
səs çıxaran kələ-kötür taxta lövhələr, üzünə dəri çəkilmiş papuas əl təbilləri, nəfəsli musiqi alətləri arasında isə – 
ciceridu (ağac qabığından eşilmiş tütək), yulunqqul, burunda çalınan fleyta diqqəti cəlb edir. Aborigenlərin 
musiqisinin yayılma  ərazisi avropalıların gəlişi və yerli əhalinin sayının azalması  nəticəsində  kəskin surətdə 
daralmışdır. 
XVIII  əsrin sonlarından başlayaraq  İngiltərədən,  Şotlan-diyadan,  İrlandiyadan köçüb gələnlər (ilk 
növbədə – sürgün olunmuşlar) özləri ilə milli folklor (şotland nəğmələri, balladaları  və s.) və peşəkar musiqi 
ənənələrini ( o cümlədən kilsə, katolik nəğmə ifası ənənələrini) gətirdilər. 1830-cu illərdən başlayaraq konsert 
həyatı canlanır, Sidney filarmoniya cəmiyyəti yaranır (1833), Avstraliya filarmoniya cəmiyyəti təşəkkül tapır 
(1844), musiqi məktəbləri açılır (ilk musiqi məktəbi – 1836-cı ildə), XIX əsrin sonunda teatr inhisarları, opera 
şirkətləri meydana gəlir. 1906-cı ildə A.Zelmanın rəhbərlik etdiyi simfonik orkestr təşkil olunur. XX əsrin 
əvvəllərində rus rəqqasalarının köməyi ilə Avstraliya baleti formalaşır. 1847-ci ildə Sidneydə ilk milli opera – 
A.Natanın «Avtsraliyalı Don con» operası  səhnəyə  çıxarılır. Milli bəstəkarlıq məktəbi formalaşır (Avstraliya 
bəstəkarları  əsasən  İngiltərədə  təhsil alırdılar), onun baniləri sırasında A.Hilli, E.Trumeni, E.Natçesonu 
göstərmək olar. Avstraliya musiqi mədəniyyətinin inkişafında bəstəkar, pianoçu və folklor tədqiqatçısı olan 
P.Qreycerin fəaliyyəti görkəmli yer tutur. 1945-ci ildən sonra ABŞ-nın mədəni-ideoloji ekspansiyası nəticəsində 
kütləvi musiqi mədəniyyəti adlanan musiqi geniş vüsət alır. Bir çox bəstəkar – c.Antill («Korrobori» baleti), 
K.Duqlar, E.L.Beyiton aborigenlərin  ənənəlrinə müraciət edir. XX əsrin 20-ci illərində Avstraliya yerli 
əhalisinin musiqisi tədqiq edilməyə başlayır (E.X.Deyvis, 50-ci illərdə-A.P.Enkin); Kanberrada Avstraliya 
aborigenlərinin öyrənilməsi institutu fəaliyyət göstərir, Sidneydə musiqişünaslıq cəmiyyəti işləyir, aborigenlərin 
incəsənət cəmiyyəti, ənənəvi musiqi festivalları təşkil edilir.  
Dini etiqadlar və  mərasimlər.  Avstraliya aborigenlərinin dini etiqadları  və  mərasimlərinin  əsas forması 
totemizmdır. Hər qəbilənin, nəslin, ailənin öz totemi var. Bu totemi öldürmək, incitmək qadağandır, çünki bu, 
əcdadı qətlə yetirməyə bərabər sayılır. İnsan və onun totemi eyni mədəni icma birliyinə aiddir, eyni həyat sürür. 
Əgər qəbilə iki qrupa – matturi və keravava qruplarına bölünürsə, onların totemi dinqo vəhşi iti, emu 
dəvəquşusu, yaşıl sisəy olur və nigah kəsilmə mərasimi ciddi qanunlara tabe edilir. Yaşıl sisəy toteminə malik 
matturi qəbiləsindən olan kişinin yalnız totemi ilan olan kiravava qrupundan olan qadınla evlənməyə ixtiyarı 
var. Emu siçovulla, dinqo su toyuğu ilə, sisəy qarğa ilə evlənə bilər (V.S.Polikarpov. Mədəniyyətşünaslıq üzrə 

 
266
mühazirələr.) Mənşə anadan götürülməklə müəyyən edilir, şəxsin ruhunun səsi isə çurinqanın səslənməsi 
gedişində tatınır. Yəqin bu qaydalar və ümumiyyətlə totemizm sistemi arxasında ailənin təşəkkül tapmasında 
qohumluğun yaxınlıq-uzaqlıq dərəcəsi haqqında bir çox əsrlər boyu əldə edilmiş bilik durur. 
Aborigenlərin dini etiqadları və əsas təsəvvürləri nəsildən nəslə, demək olar ki, sırf şifahi surətdə keçir. 
Bu ötürmədə hər hansı dəyişikliklər baş verdikdə, güman edilir ki, onlar qrupun təriqətlərinin və mərasimlərinin 
əsas məzmununa toxunmur, ikinci dərəcəli məqam və ünsürlərə aid olur. Müqəddəs mərasimlərin 
keçirilməsində, mifoloji mövzuların nəql edilməsində və səhnələşdirilməsində əsas diqqət sabitliyə və dəqiqliyə 
yetirilir, yəni insanın bir məxluq kimi qədim zamanlarda yer üzündə təşəkkül tapmasının əsasları birdəfəlik, o 
vaxtlar baş verdiyi kimi dəqiq təsvir edilməlidir. Bu «yaranma» və ya «yaradıcılıq» dövrü müxtəlif adlar altında 
məlumdur, lakin bütün qəbilələrdə onunla əlaqədar oxşar təsəvvürlər mövcuddur ki, bu gün də onların təsiri hiss 
olunur. Mifoloji məxluqların vəsiyyət etdiyi qaydada, müəyyən edilmiş surətdə  hərəkət edən insanlar sanki 
həmin məxluqlarla əlaqə saxlamaq qabiliyyətinə malik olur, onların indiyə kimi «saçdığı nurdan» istifadə edə 
bilirlər. Aborigenlərin təsəvvürünə görə onların hər bir qurupunda fövqəltəbii xüsusiyyətlərə malik müxtəlif 
əşyalar (çurinqalar və s.) mövcuddur. Məhz belə  əşyalar onların mərasim fəaliyyətinə xüsusi təsir aşılayır və 
müvafiq dini təsəvvürlərin yadda qalması və ötürülməsində bir növ istinad mərkəzi rolunu oynayır. 
«Yaradıcılıq dövrü» anlayışı üçün Avstraliyanın müxtəlif qəbilələri müxtəlif adlardan istifadə edir: 
Yaranma dövrü, Əcdadların dövranı, Röya, Röyalar dövrü, Əbədi röyalar dövranı və s. Əbədi röyalar dövranı 
deyəndə  nəzərdə tuturlar ki, hər  şeyin  əsasını qoymuş  əfsanəvi  əcdadlar indiki dövrdə  də qeyri-maddi, ruhlar 
formasında mövcudluqlarını davam edir; onlar və onlarla əlaqəli hər  şey gələcəkdə  də yaşayacaq. «Əbədi» 
istilahı  məhz bu mənada işlədilir. «Röya» anlayışı adi yuxularla bağlı deyil, lakin yatan adama yuxuda 
gördükləri nə dərəcədə gerçək gəlirsə, dindar üçün Röya dövranının əfsanəvi yaradıcılarının əməlləri bir o qədər 
də gerçək olur. Bundan əlavə, «əlavə» istilahı «zaman hüdudları olmayan» (zamanı olmayan) anlayışını da 
təzahür edir; dini etiqadlar üçün «əbədiyyət», zaman hüdudları olmayan düna haqqında təsəvvür səciyyəvidir. 
Mifologiya dövranı sonrakı zamanlar üçün bünövrəsi qoyulduğu  əxlaq normalarının, qanunların təsis 
olunduğu dövr kimi nəzərdən keçirilir. bu heç də  həmişəlik ötüb keçmiş deyil, müqəddəs keçmişdir. Həmin 
dövrdə yer üzündə yaşayan yaradıcı məxluqlar müəyyən əməllər edirdilər və artıq gələcəkdə bunları heç vaxt 
təkrar etməyəcəklər, lakin onların təsiri hələ  də duyulur, onların nəticələrindən həmin  əməlləri təkrar edən 
insanlar istifadə edə bilərlər. Belə təsəvvürlər «Əbədi röyalar dövranı» anlayışında cəmlənir, belə ki, əfsanəvi 
keçmişin indiki dövrdə mövcudluğuna və gələcəkdə də yaşayacağına inam təzahür edir. 
Avstraliyalıların bir çox əsatir və əfsanəsi etnoloji əhəmiyyət daşıyır. Onlarda təbiətin müxtəlif təzahürləri 
yer üzünün mühüm relyef nöqtələri – qayalar, ağaclar və s. izah edilir. Bütün bunlar əcdadların çevrilməsinin 
nəticəsi kimi qələmə verilir. Belə keçid – gölə, quşa, ulduza çevrilmə avstraliyalıların hekayələrinin adi 
sonluğudur (Y.Yelinek. ibtidai insanın böyük rəsmi atlası. Atriya. Praqa. 1982, s.530.) Çox vaxt məhz belə 
sonluqlar hekayənin «qeyri-real hissəsini» təşkil edir, hekayələrin qəhrəmanları isə özlərini adətən indiki 
aborigenlər kimi aparır – qida əldə edir, sevir, yalan satır, dava-dalaş salır, xeyirxah, təmənnasız, pis əməllər 
edir. Aborigenlər üçün belə hekayələr onların həyat sürdüyü aləm haqqında, onun yaranması  və varlığı 
haqqında, habelə mənəviyyat qayda-qanunları haqqında həqiqət mənbəyi olur. 
Avropa oxucusu nöqteyi-nəzərindən bu fantastik hekayələr gerçəklikdən dəfələrlə uzaq olmasına 
baxmayaraq, aborigenlərin onların həqiqiliyinə olan inamı onların mədəniyyətinin aşağı olmağından xəbər 
vermir, bu inam yalnız aborigenlərin inkişafının müəyyən mərhələdə olmasına dəlalət edir. Fridrix Şellinq 
«İncəsənət fəlsəfəsində» yazırdı: «...mifologiya əsatirlərində yaşayan məxluqlar,  şübhəsiz, nə zamanlar isə 
həqiqətən mövcud olmuşlar, müasir insan nəslinin sələfləri, şübhəsiz ki, allahlar nəsli olmuşdur»( F.V.Şellinq. 
«İncəsənət fəlsəfəsi». M., 1966, s.112.) 
Deyilənlər əsasında Avstraliya aborigenlərinin insan təbiəti haqqında mövcud olan təsəvvürləri aydın olur. 
İnsan, hazırki həyat formasını röyalar dövrü ilə, röyalar ölkəsinin mövcud olduğu dövranla bağlayan zəncirin bir 
halqasını ifadə edir. Bu dövrü voncinlərin və ya əcdadların dövranı da adlandırırlar.  İndiki zamanda yaşayan 
insanın  şəxsiyyətində müəyyən röya hissəciyi də mövcuddur, o da «mən - abidəm» adlanır. Həmin «mən - 
abidəm» sayəsində o, demək olar ki, şüurlu surətdə keçmişi, ibtidai dövrü hiss edə bilir. Beləliklə bu müddəa – 
Avstraliya aborigenlərinin tarixi hissiyatına, zamanda mövcud olan, insan cəmiyyəti adlandırdığımız varlıq 
haqqında tarixi görmə qabiliyyətinə  dəlalət edir. Demək olar ki, Avstraliya aborigenlərinin bütün qrupları üçün 
ölüm hadisəsi müəyyən mərasimlərlə bağlıdır, onlar diqqəti insan varlığının maddi cənazəsində cəmləşdirsələr də, 
əslində  mərhumun ruhu, onun o dünyada həyat haqqında təsəvvürləri ilə bağlıdır. Ölümün labüdlüyü aborigen 
mifologiyasında qeyd edilir. Bir çox əsatirlərdə deyilir ki, əzəl,  əfsanəvi Röya dövranında insanlar ölməzmiş. 
Lakin o dövrdə yaşayan kim isə səhv addım atmış, hansı isə pozuntuya yol vermişdir və o vaxtdan insanlar ölməyə 
başlayır. Əgər ölən uşaqdırsa, cəmiyyətin tam dəyərli üzvü olmağa macal tapmayıbsa, bu qəmgin hadisə kimi dərk 
edilir, ölüm yalnız ailə kədəri olmur. O, həmişə bütün qəbilə üzvlərinə təsir edir, insanın vəfat etdiyi məskəni hamı 
tərk edib gedir. Kimsə öləndə qohumları onu əhatə edir və ya müəyyən məsafədən onu müşahidə edirlər. Onlar ya 
susur, ya da hərdən söhbət edirlər, öləni onun son nəfəsinə kimi tək tənha qalmağa qoymurlar. 

 
267
Mərhumun cənazəsi ilə cürbəcür rəftar edirlər; yerə basdırır, xüsusi dəfn səkisi və ya ağacı üzərində 
yerləşdirir, qurudur və ya mumiyalayır, yandırır, içi boş  ağac içərisinə yerləşdirirlər – bunu bir növ tabut 
adlandırmaq olar. Avstraliya aborigenlərinin tətbiq etdiyi dəfn mərasimlərinin müxtəlifliyi vəfatdan sonrakı 
həyata, daha doğrusu, ölümdən sonra həyatın davam etməsinə olan inama dəlalət edir. Ölümü müvəqqəti dövr 
kimi nəzərdən keçirirlər – bu zaman insan əvvəl yaşadığı  həyata bənzər digər həyata keçir. Bəzən aborigenlər 
hesab edir ki, insan vücudunda bir deyil, bir neçə ruh yaşayır, onun ölümündən sonra onlar yaşamağa davam edir. 
Mərhumun bir ruhu və ya onun ruhi varlığının bir hissəsi haradasa yaxınlıqda gəzib dolaşmaqda davam edir və 
dirilərə pislik edir, digər ruhu mərhumların Ölkəsinə yollanır, üçüncü – qadın bətninə daxil olub yenidən uşaq kimi 
doğula bilər, dördüncüsü Röyalar aləmi və əfsanəvi əcdadlara qovuşa bilər. Belə halda digər həyata, digər aləmə 
keçid bir növ rəmzi ölüm və sonrakı dirilmə ilə təcəssüm olunur ki, bu da sövqedici mərasimlərin dini mahiyyətini 
ifadə edir. Bu bir növ gerçək, fiziki ölümə və sonrakı mənəvi dəyişikliyə hazırlıqdır. İnsan varlığının mahiyyətini 
aborigenlər yalnız insanın yer üzündə sürdüyü qısa həyat kəsiyində görmürlər. Onlar həyatı  və dünyanı  əbədi 
hesab edir: hər şey dəyişməyən, bir dəfəlik təsbit olunmuş ardıcıllıqla təkrarlanır. 
Təsviri sənət. Avstraliyanın ibtidai insan məskənlərinin və  dəfn yerlərinin mədəni qatlarında ibtidai 
incəsənətin – qaya üzərində  rəsmlərin, freskaların, cüzi də olsa qravüranın, kiçik həcmli sənət abidələrinin – 
xırda bəzək əşyalarının, oyulmuş və ya bir-birinə yapışdırılmış, boyundan həmayıl kimi asılan dişlərin izlərinə 
rast gəlmək olar. Qədim avstraliyalıların təsviri sənət üzrə  şah  əsəri – qaya üzərində  rəsmlər idi, müasir 
aöorigenlərin ağac qabığı üzərində çəkilmiş rəsmlərinə və ağacda oyma işlərinə bənzəyir. Birinci qrupu realizm 
üslubunda işlənmiş  rəsmlər təşkil edir, onlar Avstraliyanın  şimali-qərbində  və  şimalında, Kimberli əyaləti və 
Arixemlend yarımadasında, həmçinin Kvinslenddə (şimal-şərqi Avstraliya), Yeni Uelsdə və Viktoriyada (cənubi 
Avstraliya) cəmləşir. İkinci böyük qrup xətti və həndəsi üslubda çəkilmiş rəsmləri əhatə edir. Çox vaxt onlara 
Qərbi Avstraliyadan Avstraliyanın  şərqinə  qədər qitənin mərkəzi rayonlarında təsadüf edilir. Qitənin həm 
qərbində, həm də  cənub-şərqində elə qonşu rayonlar mövcuddur ki, bunlarda hər iki üslub üst-üstə düşür. 
Adətən rəsmlərdə tamamilə gerçək hadisələr təsvir olunur, beləliklə onlar bir növ görünən informasiya və ya baş 
vermiş hadisə haqqında məlumatın ifadəsidir. Onlar daha çox əsatirlərdən parçaları  və ya əfsanələrdəki 
hadisələri təsvir edir. Bir çox hallarda belə təsvirlər rəmz sistemləri və ya həndəsi işarələrlə müşayiət olunur, 
belə ki, şifrələnmiş mnemotexniki yazılara bənzər bir şey alınır. Məlumatı olmayan müşahidəçidə onlar tam 
mücərrədliklə rastlaşma təsəvvürü yaradır, halbuki onların ciddi gerçək mənası  və mahiyyəti mövcuddur 
(Y.Yelinsk. İbtidai insanın böyük rəsmi atlası. Artiya. Praqa, 1982.) 
Qitənin cənub-qərbində,  şərqində  və  şimalında gərilmiş barmaqları  təsvir edən rəsmlərə tez-tez təsadüf 
edilir. Buna bənzən rəsmlər Avropa paleolitindən, Şimali və cənubi Afrikadan məlumdur. Avstraliyada hələ bu 
gün də onların işlədilmə texnikasını müşahidə etmək olar. 
Avstraliyalılar dişlərilə boyanı  əzir, ağız boşluğunda onu suya qarışdırır və püskürdücü kimi üfürərək 
qaya səthinə dayadığı əlin üzərinə çiləyirlər. Əl götürüləndən sonra qayanın üzərində onun neqativ təsviri qalır. 
Arixemlendin  şimal hissəsində bu texnikada işlənilmiş  və sonra ustalıqla rəngarəng ornamentlə  bəzədilmiş 
bütöv bazu önü təsvirinə rast gəlmək olar. Mərkəzi rayonlarda belə əl təsvirləri azdır, əvəzində burada tez-tez 
müxtəlif həndəsi naxışlara, buruqlara, dairələrə, cürbəcür cizgilərə, rast gəlirik. Bu yerlərdə freskalarla 
bəzədilmiş bir neçə müqəddəs ocaq da mövcuddur, buraya qadınların və  hətta yeniyetmələrin daxil olması 
qadağandır. Mauntford bildirir ki, bu freskalardan biri əfsanəvi əjdaha İaraninin və onun arvadlarının səyahətini 
təsvir edir. Rəsmin uzunluğu 30 metrdir, o mücərrəd rəmzlərdən tərtib edilmişdir və  məhdud sayda seçmə 
şəxslərə  məlumdur. Bu yer xüsusi dini mahiyyətə malikdir – burada ilanların sayının artımını  təmin etməyə 
yönəldilmiş mərasimlər keçirilir. 
Voanci (su mənbələri ruhları) təsvirləri – nəhəng, ayaq üstə durmuş  və ya uzanmış insan və ya insan 
başları fiqurları maraqlı bədii təzahürdür. Əl və ayaqlar işlənməmiş qalır, bəzən ayaqları altlıq əvəz edir. 
Sifətdə burun və gözlər işlənir, ağız isə adətən olmur. Başın  ətrafında nal şəkilli  şəfəq görünür. Döş 
üzərində adətən ürək və ya döş sümüyü kimi görünən yumurtavari əşya təsvir edilir. Bizim dövrə qədər çatan bu 
rəsmləri ağsaqqallar çox vaxt təzələyir. 
İbtidai incəsənətin aborigenlərin ictimai həyatı ilə qarşılıqlı  əlaqəsini müşahidə etmək kimi son imkan 
bizə Avstraliyayada nəsib olur. Biz rəssamın cəmiyyətlə asılılıq  əsasında inkişafını (filiasiya), rəsmlərin 
işlənməsində müxtəlif texniki təfsilatları və onun ayrı-ayrı surətlərlə bağlı təsəvvürlərini öyrənə bilirik. Burada 
ağac qabığında oyulmuş ən müxtəlif qravüralara, relyeflərə, həndəsi naxışlara, evkalipt ağacı qabığında çəkilmiş 
rəsmlərə rast gəlmək olar. Təsvirlərin mahiyyəti və onların məntiqi avstraliyalıların bütün mifologiyasının 
məntiqi və onların dini təsəvvürləri ilə ayrılmaz surətdə bağlıdır. Aborigenlər nə qədər səy etsələr belə, onların 
məğzini anlamaq bizim üçün olduqca çətindir. 
XX  əsrin ikinci yarısında Arixemlend yarımadasında aparılmış  tədqiqatlar saya qırmızı  rəngli, fəal 
hərəkətdə olan insan fiqurlarının təsvirlərini ən qədim sənət əsəri hesab etməyə imkan verdi. Bu rəsmlərin yaşı 
3-12 min il arasında müəyyən edilmişdir. Onlar bizə (bəzən tamamilə üst-üstə düşməsi ilə)  İspaniyada olan 
levant rəsmlərini və ya bəzi cənubi Afrika freskalarını xatırladır. 

 
268
Bu rəsmlərə  həmçinin sapa oxşar cizgilərlə  işlənmiş yekrəng qayalıqlarda yaşayan ruhların təsviri 
yaxındır. Bu təsvirlərin ən təzələri bu yaxınlarda meydana gəlib, buna təsvirlərdə təsadüf edilən Avropaya aid 
əşyalar dəlalət edir. Bu rəsmlər «rentgen» rəsmləri üslubu adlanan daxili orqanları  və skelet hissələrini təsvir 
edən üslubla bir vaxtda meydana gəlib. 
Bu üslub XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş ağac qabığı üzərində rentgen üslubunda 
rəsm təsvirlərinə paralel hesab edilir. 
Beləliklə, Avstraliya bizə son dərəcə gözəl imkan yaradır ki, onunla təmasda olub ibtidai incəsənətin 
texnikasını və təyinatını öyrənək, mədəniyyəti daş dövrün mədəniyyətindən cüzi surətdə fərqlənən cəmiyyətin 
üzvü olan rəssamı yaradıcılıq prosesində müşahidə edir. 
Bəs  əsrlər ötdükcə başlıca olaraq ağac və  ağac qabığı üzərində  çəkilmiş  zəngin Avstraliya incəsənəti 
abidələrindən nə  əsər-əlamət qalacaq? Avstraliyalılar gil üzərində iti alətlə  işlənmiş  bəzi rəsmlərin surətini 
yaradıb başa çatdırdıqdan sonra özləri hamarlayıb məhv edirlər. 
A.Kamyu yazırdı: «Amansız zəmanə hələ heç kəsə zəfər sevinci əta etməyib: zamanla mübarizədə insan 
həmişə məğlub olub...maddi mədəniyyət abidələri daha uzun ömür sürür, lakin zaman ötdükcə onlar da viranə 
qalır. 
Heç kim deyə bilməz ki, indiyə qədər neçə insan cəmiyyəti, mədəniyyəti izsiz-soraqsız puç olub gedib. 
Bizə gəlib çatanlar isə heç vaxt dünyanın tam təsvirini, bəşəriyyətin vahid tarixini yaratmaq imkanı verməyəcək, 
çünki bu qalıqlar bəşər tarixinin cüzi bir hissəsini təşkil edir və onn tam bərpasından söhbət açmağa dəyməz» 
(K.M.Daqov. Kirkeqordan Kamyuyaqədər. Moskva, «İskusstvo», 1990, s.347). 
A.Kamyu ilə yanaşı Qərb fəlsəfəsi və mədəniyyətşünas mütəfəkkirlərin bir çox nümayəndələri «vahid tarix» 
anlayışına müraciət etmişlər. Buna baxmayaraq aydın olur ki, müxtəlif, yaxın keçmişə  qədər bir-birindən ayrı 
inkişaf edən mədəniyyətlər arasındakı əlaqələr daha böyük sürətlə genişlənir, məlumatların kütləvi mübadiləsi isə 
vahid bəşər mədəniyyətinin təşəkkül tapmasına gətirib çıxarır.., keçmişimizin öyrənilməsi nəticəsində biz cəsarətlə 
deyə bilərik ki, yer üzündə heç vaxt elə insan icmaları olmayıb ki (o cümlədən, hələ bu yaxınlara qədər olduqca 
ibtidai sayılan), onların ümumbəşər tərəqqisinə zənginlik gətirməsi inkar edilsin.  
 
 
2.3.19.Afrika mədəniyyəti (Quzey və Tropik) 
 
Çağımızın mədəniyyətində «post-modernizm» adlanan aşama (mərhələ) yaranıb. Qərbdə post-modernizm 
dövrün situasiyası miqyasına qalxıb. Azərbaycan kimi Şərq ölkələrində isə biz, yalnız, onun təzəcə peyda olmuş 
təsirlərinə rast gəlirik. Post-modernizm haqqında burada geniş danışmayacağıq, bircə, onu deyəcəyik ki, bu 
cəryan bizim ala-bəzək parçalar kimi bütün irqlərdən və dünyalardan, bütün tarixi dönəmlərdən aldıqlarını bir 
araya gətirir. Onları bir-birində  əritməyi düşünmədən az qala necə  gəldi yan-yana, üst-üstə  yığır, beləcə, 
alışıdığımız mədəniyyət təsəvvürü ilə zarafat yapır, onu ələ salır, beləcə özünü göstərir. 
Post-modernizmin göstəricilərini çağımızın Şou mədəniyyətində aydınca görmək olar. Bugünkü avanqard 
modalarda biz müsəlman hicabından tutmuş, yaponsayağı altı qalın ayaqqabılaracan hər  şeyi görə bilərik. 
Gözəllik yarışlarında, artıq, afrikan və filipinli qızlar da iştirak etməklə Qərb zövqünün ağ irqlə qapanmışlığını 
dağıdırlar. XX-XXİ yüzillərin musiqi sənəti isə  iş o yerə  gəlib çatıb ki, qaradərili müğənnilərsiz, - Maykl 
ceksonsuz, Tupaksız, filansız saya, çəlimsiz görünür.  
ABŞ-da cazın yaradıcıları olan zəncilərdən sonra musiqinin qapıları Afrika soylu musiqiçilərə taybatay 
açılmışdı. Rep, Hip-hop musiqilərindən sonra isə  Şou sənətində, artıq, qlobal planda zəncilərdə  dəb yarandı. 
Amerikanın kültür ekspansiyası bütün dünyanı zənci Şousuna öyrəşdirdi. İş hətta o yerə çatdı ki, Rusiyada belə, 
oxuyanların, çalançıların arasında rusdilli zəncinin olması səhnə görüntüsünə post-modernist cizgilər vurdu. Lui 
Armstronqacan iri zənci dodaqları arasından görünən yekə dişlər «nə  qədər eybəcərdirlər» deyimini təsdiq 
edirdi. Lui Armstronqun bütün dünyaya yayılmış  şəkillərindən sonra elə bir durum yarandı ki, hətta rus 
səhnəsində də zənci dişağartısı estetik effektə çevrildi.  
Amerikada «neqr» sözünü qaralar söyüş kimi qarşıladıqlarından «afroamerikan» termini yarandı. İndi isə 
«afrofransızlar», «afroalmanlar», «afroruslar» termini işlənməyə başlayıb. 
Bir vaxtlar qul kimi Amerikaya gətirilmiş  zəncilər 60-cı illərdə ABŞ-də Martin Kinqin başçılığı itlə 
vətəndaş azadlıqları qazanmaq üçün, yəni seçkilərdə  iştirak etmək üçün, ağların getdiyi restoranlara getmək, 
oturduqları avtobuslara oturmaq üçün savaşa girdilər və qalib gəldilər. Eyni zamanda irqçi ağların acığına Qara 
rasizmi yaratdılar. Öncələr ağların rasizmi vardı  və bu irqçilər, konkret olaraq, zənciləri ağıl, xasiyyət 
baxımından aşağı insanlar sayırdı. Buna cavab olaraq eyni şeyləri Qara irqçilər tərsinə etməyə başlayaraq 
ağların onlardan aşağı olmasını göstərən «dəlillər» yığmağa başladılar.  
XİX yüzildən başlayaraq Qara irqçiliklə  sıx bağlı olan Afrosentrizm əmələ  gəldi və özünü 
Avropasentrizmə qarşı qoydu. Axırıncı Avropanı dünya tarixinin və mədəniyyətinin mərkəzinə qoyurdu. Belə 
çıxırdı ki, tarixdə və mədəniyyətdə edilmiş bütün böyük işlər Avropanınkıdır, o birilər isə qıraqda özləri üçün 
«tullanıb-düşürlər». Bunun sonucunda hətta başqa mədəniyyətləri öyrənən araşdırıcılar da o mədəniyyətlərin 

 
269
tekstlərini Avropa elminin «gözü», «qulağı» ilə qavrayırdılar. İlk dəfə buna qarşı Doğu (Şərq), Asiya sentrizmi 
qoyuldu, sonra isə bu axırıncının yanına Afrosentrizm də  gəldi. Afrosentrizm indi Azərbaycan gənclərinin 
sevdiyi Rep musiqiçilərinin də  rəsmi ideologiyasıdır («rep» ingiliscə  kəskin, ritmik danışmaqdır, söyüş və s.-
dir).  
Belə hesab olunur ki, Afrosentrizm müstəmləkə dağılandan sonra yaranmağa başlayıb. Afrosentrizmin və ya 
Neqrityudun ideoloqları Afrika kültürünün qüdrətindən danışırlar və hesab edirlər ki, Avropanın xaqanlığı Afrikanın 
üstünlüyü ilə əvəzlənməlidir.  
Afrosentrizmdə önəmli yeri neqrityudun yaradıcısı Seneqaldan olan şair, filosof Leopold Sedar Senqol 
tutur. O baxışlarını bildirmək üçün «Sivilizasiyanın ruhu və Afrika mədəniyyətinin qanunları» (1956), 
«Neqrityud və germanizm» (1965), «Neqroafrikan estetika» (1964) adlı əsərləri yazmışdı. 
Afrosentrizmin ideoloqları arasında Josefa Ki-Zerbo (Burkino-Faso), Enqelbert Mvenqo (Kemurun) kimi 
intellektuallar da var. Onlar deyirdi ki, zənci üçün önəmlisi boya, forma, qoxu, ritm, toxunuşdu. Ona görə də 
neqr təbiətin balasıdır. Bu sözləri o doğruldur ki, çağımızın Şou sənətində zəncilərin gətirdiyi ritm, boya, forma 
əcaiblikləri post-modernistik situasiya yaradır. 
Afrosentristlərə Afrika ilə öyünmək, Afrikanı  şərəfləndirmək gərək idi. Ona görə  də irəli sürürdülər ki, 
çağdaş uyqarlığın (sivilizasiyanın) kökü Misirdən başlayır və Əski Yunanıstan da yetənəklərinə (nailiyyətlərinə) 
görə ona borcludur (ta qədimdən yunan filosofu Falesin Misirdə oxuması, Pifaqorun isə bir çox ideyaları oradan 
götürməsi haqqında gəzən rəvayətlər sanki bu deyilənə tanıq, şəhadət idi). 
Doğrudan da Misir, əslində, Afrika ölkəsidir və  Qədim Misirin əhalisinin bir kəsiminin zəncilərə oxşar 
qaradərili olması koptların timsalında yaxşı görünür. 
Açıqlama: Çoxumuz Afrikanın zənginliyini bilmədiyimiz üçün, «Afrika» deyəndə, yalnız, ibtidai-icma 
quruluşunda yaşayan zəncilər dünyasını göz qabağına gətiririk. Onun üçün də bəzi bilgiləri verək. «Kopt» sözü 
yunanca «ayqyuptos» sözündəndir və misirli deməkdir.  Ərəblər bu sözü «kubt» kimi işlədərək misirliləri 
bildirirlər. Sözün yunan variantı isə əski misirdə Memfisin adı olan"Xa-Ka-Ptax" sözündəndir. Koptların yerli, 
avtoxton misirlilərlə bağlılığını o sübut edir ki, kopt dili əski Misir mətnlərini açmaqda yaxşı yardımçı 
olmuşdur). 
Çağımızda koptlar Quzey Afrikada, özəlliklə, Misir və Həbəşistanda yaşayan xüsusi bir xristian qrupudur. 
Onlar özlərini pravoslav sayırdılar, İsus Xristosa baxışlarında monofizitdirlər, yəni hesab edirlər ki, Xristosda 
yalnız İlahi təbiət var və bu təbiət insan təbiəti ilə birləşməyib. 
Koptların Xristianlığa verdiyi pay çox dəyərlidir. Onlar, məsələn, bu dinə rahibliyi vermişlər. İlk monastır 
İV yüzildə Misirin Doğu səhrasında yaradılıb. Müqəddəs Afanasi, Müqəddəs Vasili və Paxom koptdurlar.  
Hesab olunur ki, kopt kilsəsini Yevangelist Mark (İsanın apostoludur) yaradıb. O, 47-48-ci illərdə Afri-
kaya gəlmiş  və Misirin o zamankı paytaxtı  İsgəndəriyyədə xristianlığı yaymışdı. 69-cu ildə romalılar Marka 
işgəncə verib öldürmüşlər
Afrikanı göylərə qaldırmağın xarakterik örnəyini Qanalı Vilyam Yao Darko vermişdir. O 2002-ci ildə 
yazmışdı: 
Mədəniyyət işığa tapınmaqdan yaranır.  
Bütün ulusların (millətlərin) kultları Afrikadan gəlir. 
Afrika kültürü tarixin və fəlsəfənin zəngin qaynağıdır. 
Afrika törənlər, rituallar dünyasıdır. 
Əcdadlara sayğı dünyasıdır. 
Yaşlılara sayğı dünyasıdır. 
Afrika bərabərlik və sevgi dünyasıdır. 
Totem kultudur. 
Seremoniyalar və bayramlar dünyasıdır. 
Qızğın oyanış və rəqslərin kultu buradadır. 
Afrosentrizm bu qitənin dünyaya verdiklərini toplayaraq maraqlı örnəklər ortaya qoyur. Belə örnəklərdən 
biri Doqon adlanan ulusdur. Malidə ucqar və  çətin keçilən yer olan Bandiaqar platosunda yaşayan Doqonlar 
kosmosu adamı mat qoyan səviyyədə bilirlər. Onların özləri inanırlar ki, həmin bilikləri Sirius ulduz 
sistemindən gəlmiş varlıqlardan alıblar. Hər halda bu gün güclü teleskopla açılan Sirius ulduz sisteminin 
quruluşunu onlar çox yaxşı bilirlər. Eləcə də onların Saturnu içinə almış üzüklərdən, Yupiterin başına fırlanan 
Aylardan xəbərləri var. 
Doqonlar Siriusun başına fırlanan və Göydə  ən parlaq olan Ağ  cırtdan ulduz haqqında indiki elmin 
tapdıqlarını irəlicədən bilirlərmiş. Bilirlərmiş ki, onun kütləsi çox sıxdır. Ona görə də deyirlərmiş ki, bu kütlə 
«saqaldan», yəni sıx metaldandır və Yerə baxanda çox ağırdır. Doqonlar bilirlərmiş ki, həmin Ağ ulduz Siriusun 
orbitində 50 ilə fırlanır, öz çevrəsində isə onun fırlanması 1 il çəkir. Doqonlar Siriusun başına fırlanan üçüncü 
ulduzu, eləcə də onun planetlərini də bilirlər. Onların bu bildiklərini antropoloqlar Marsel Qriol və Jermenı Di-
terlen də 1931-1952 illərdə apardıqları araşdırmalar zamanı xəbər vermişdilər.  

 
270
1975 və 1976-cı illərdə isə, artıq, başqa planetlərdən gəlmələrlə kontakt haqqında mətbuat bumu yaranan-
da öncə Erik Qeryenin «Doqon kosmoqoniyası mövzusunda esse: Nommo sandığı» kitabı, sonra isə Robert 
Tempelin «Siriusun gizlisi» kitabı çıxdı. Axırıncıda Tempel bildirdi ki, Doqonlar biliklərini ya birbaşa Siriusdan 
gəlmələrdən, ya ja misirlilərdən almışlar. Hərçənd əcaib olan odur ki, bu biliklərinə baxmayaraq onlar, məsələn, 
Merkuri, Uran, Neptun, Pluton haqqında heç nə bilmirlər. 
Afrikanın dünyaya verdiyi başqa bir unikal antropoloji qrup buşmenlərdir. Onlar əsl ev nə olduğunu 
bilmirdilər və budaqdan, yarpaqlardan özlərinə  hələlik xarakterli «yuva» düzəltdikləri üçün hollandların 
dilindən «basjesman» yəni «meşə adamı» adını almışdılar. Buşmenlərin görünüşündə  həm neqroid, həm də 
monqoloid göstəriciləri birləşib. Qutentotlarla birlikdə onlar koysan irqindən sayılırlar. Qutentotlar özlərinə 
«koy-koyn», yəni «əsl insan» deyirlər. Buşmenlərə yaxın başqa antropoloji tip piqmeylərdir. Buşmenlər kimi 
onların da orta boyu 150 sm.-dir. 
Afrika qitəsinin müxtəlifliyini açmaq üçün Quzey Afrika və Tropik Afrika terminləri işlədilir. Quzeydə, 
Misir, Həbəşistan,  Əlcəzair, Tunis, Mərakeş kimi ölkələrin ulusları (xalqları) bir-birinə qohum olan Sami 
dillərində danışırlar. «Tropik Afrika» termini ilə isə Qara Afrika bildirilir. Tropik Afrika Saxaranın güney 
sınırlarından başlayaraq Atlantik okeanı sahilləri boyu Qvineyadan tutmuş Kamerunacan, Ekvator meşələrini, 
Konqolez hövzəsini, Güney Afrika savannasını (çəmənli düzənliyini) və s. özünə qatır. Burada avtoxton 
(əzəldən yaşayan) əhali zəncilərdir. 
Tropik Afrikanın öyrənilməsi, artıq, XİX yüzildən başlamışdı. Bu qitənin kültürünün ünlü araşdırıcısı O L. 
Frobbnius 1898-ci ildə «Afrikan mədəniyyətinin soykökü» adında kitab çıxarmışdı. Bu kitab onun həmin qitəyə 12 
ekspedisiyasının sonucu idi. 
L. Frobbnius kitabında mədəniyyətin yayılmasının iki dürünü (növünü) ayırırdı: mədəniyyət onu daşıyan 
uluslarla birgə yayılır, mədəniyyət ulusla yerimədən özü yayılır. 
Daha sonra o, göstərirdi ki, Batı Afrika (Konqo, Güney-Quzey Qvineya sahilləri) kültür çevrəsinin maddi 
mədəniyyəti üçün düzbucaqlı evlər, çoxsimli musiqi alətləri, qum saatına oxşar qaval, hörgülənmiş qalxan xa-
rakterikdir. Həmin tipdə  şeyləri Melaneziyanın Yeni Qvineya və başqa bölgələrinin kültürlərində  də görmək 
olar. Ona görə  də sonuc çıxır ki, Afrikanın bu kültürü Güney-Doğu Asiyadan gəlib və onu «malay-zənci» 
kültürü adlandırmaq olar. Hərçənd burada yayılma prosesi hansı ulusunsa «ayağı» ilə getməyib. 
L. Frobbnius Afrikada Asiyadan gəlmə daha iki mədəniyyət tipini açmışdı. Onlardan ən erkəni Hind 
etgisindən (təsirindən) Quzey-Doğu Afrikada doğmuşdu. O biri etgini sami təsiri idi və  ərəblərin araçılığı ilə 
Quzey Afrikaya keçmişdi. 
Əsl afrikan layı, daha əski layı L. Frobbnius qitənin güneyində tapmışdı. Bu kültürdə silindirik komalar, 
dəri qalxanlar, musiqili yay geniş yayılmışdı. 
L.Frobbnius Afrikada «tellurik-həbəş-patriarxal mədəniyət» və «xtonik-xamitik-matriarxal mədəniyyət» 
dürlərini ayıraraq onların fərqlərini göstərməyə çalışmışdı. Birinci mədəniyyət tipində (savana bölgələrində) verti-
kala canatım var, burada evlər dikinə tikilir, çarpayılar ayaqlar üstündədir, dünya yuxarıya doğru pilləkan 
düzümündədir, Tanrı bu ierarxiyanın başında durur. 
İkinci mədəniyyət tipi Quzey Afrikada Saxara bölgəsindədir. Burada mədəniyyət nəsnələri torpağın altına 
can atır: evlər qazmalar şəklini alır, təndir tipli sobalar və s., düzəldilir. 
XX yüzildə Afrika mədəniyyətinə marağın kəskin artması 20-ci illərə düşür. Bu marağı həmin onillikdə 
Avanqard etgiləmişdi. Yeri gəlmişkən,  İtalyan rəssamı (yəhudi kökənli) Modelyaninin bir çox portret 
əsərlərində araşdırıcılar Afrikan maskalarının etgisini (təsirini) tapırlar. Bax, belə bir çağda Afrika sənəti 
Avropanın aparıcı sənət adamlarının diqqətini özünə çəkdi.  
Hərçənd o da deyilməlidir ki, 30-cu illərəcən Afrika sənəti üslublar, özəlliklər sistemi kimi görünmürdü. 
Ancaq bu illərdə F. Olbrextsin, K. Kyeresmayerin araşdırmaları ilkin səviyyədə üslubları, axımları 
bölgüləndirməyə başlamışdı. 30-cu illərdə isə ünlü alim A. Breyl Saxaranın, Güney Afrikanın qayaüstü 
rəsmlərini öyrənməyə girişir. Elə bu çağda da Bernard və Vilyam Feqqi Nigeriyada arxeoloji qazıntılar aparırlar.  
Afrika üzrə xeyli materiallar 50-ci illərdə toplanır və sonucda Afrika sənətinin bir az da xaotik mozaik 
görkü (obrazı) alınır. 70-ci illərdən sistemləşdirmə işi genişlənir və Afrika sənət tarixini aşamalara (mərhələlərə) 
bölmək imkanı yaranır. İndi isə görək alimlər bu tarixi necə dövrlərə ayırırlar: 
I mərhələ (aşama) – İbtidai-icma çağı sayılır. 
Onun  İ dönəmində (eramızacan Vİİİ-İİ minillər) – başlıca mədəniyyət abidələri ovçuların qaya üstü 
rəsmləri, petroqliflər idi (yunanca petro – qaya, qlif – cızma deməkdir). Bu çağın qayaüstü rəsmlərində bizim 
eraya çatanda yoxa çıxmış  əski kəl növünün görüntülərinə tez-tez rast gəlmək olur. Həmin rəsmlər daha çox 
Güney Afrika, Saxara, Ksur dağlarında,cebel-Amur və Tassilin-Acere bölgələrində yayılıb. Bəzən qayalarda 
qədim kəllərin  şəkli 3 metrə çatır. «Petroqlif» sözündən göründüyü kimi əski Afrika ovçuları  həmin rəsmləri 
qayanı cızmaqla yapırdılar.  
Artıraq ki, bu çağın rəsmlərində fil, zürafə şəkilləri də var. 
Birinci mərhələnin İİ dönəmininin mədəniyyətini araşdırıcılar – əski maldarların kültürü adlandırırlar. Bu 
kültürdə qayaüstü rəsmlər ya məişət səhnələrini, ya ev heyvanlarını, ya da döyüşləri göstərir. 

 
271
II mərhələ (eramızacan I minillik – eramızın II minilliyi)– siniflərin yarandığı toplumların (cəmiyyətləri) 
sənəti sayılır. 
Bu mərhələnin I dönəmində köçərilərin və  əkinçi-ovçu yarımköçərilərin qayaüstü rəsmləri və 
petroqlifləri, eləcə  də  ənəənvi heykəlləri və dekorativ-tətbiqi sənət  əşyaları (nəsnələri) xarakterik faktlara 
çevrilirlər. 
Həmin mərhələnin II dönəmində ovçular, yarımköçərilər, maldarlar daha yüksək abidələri yaradırlar. 
III mərhələ – erkən sinifli toplumun sənətini, – saray sənətkarlarının işlərini, sexlər səviyyəsində 
yapılmışları özünə qatır. 
Afrika mədəniyyətinin  İV mərhələsi çağımızda (XIX-XX yüzillərdə) xalq sənətkarlarının, peşəkar 
sənətçilərin yaratdıqlarını əhatə edir. 
Yeri gəlmişkən, göründüyü kimi, qayaüstü rəsmlərin işlənməsi Qara qitədə xeyli uzun sürür, Avropadan 
fərqli olaraq günümüzəcən belə rəsmlər qayaların üstündə çəkilməkdə davam edilir. Onu da əlavə edək ki, bu 
rəsmlərin çoxunun müəllifləri buşmenlər hesab olunurlar. 
Afrikan mədəniyyətinin «onurğa sümüyünü» bütün əski kültürlərdə olduğu kimi totemizm, mifologiya, 
fetiş kimi dürlü dini formalar əmələ  gətirir. Bu qitədəki bir çox dinlərdə yuxarı varlıq həm  əcdad, həm 
mədəniyyəti gətirmiş ərən, həm də totemdir. Məsələn, buşmenlərin mifolojisində əsas qəhrəman Saqidir (mənası 
«cənab» deməkdir). Bu varlıq başqa dinlərdə olan tanrıların funksiyasını yerinə yetirərək ölüm də gətirir, havanı 
da dəyişdirir, uğur da verir və s. Saqinin arvadı da, bacısı da quş sayılır və bundan görünür ki, onu totemlərlə 
bağlayan bağlar da var. 
Afrikada əcdadların kultu klassik səviyyədə özünü göstərir. Zulular əcdadlarını «Mukuru» («kuru» «qo-
ca, çox qoca» deməkdir) adlandırırlar və hesab edirlər ki, o həm insanlarla heyvanları, quşları yaramışdır, həm 
zululara mədəniyyəti öyrətmişdir, həm də sünnət qaydasını, tabuları vermişdir. 
Başqa bir afrikan ulusu olan qererolarda əcdad «Kalunqa» adlanır və hesab olunur ki, qerorolarda yaxşı 
nə varsa, ondan alınıb. 
Qereroların yaşadığı Namibiyada başqa bir din də var. Həmin dində ən Uca tanrının adı Ncambidir. O 
yaxşılıqlar allahıdır. Dünyada insana yaxşı nə olursa, ondan gəlir. İnsan öz əcəli ilə ölübsə, deməli, Onu Ncambi 
aparıb. 
Namibiyada hesab olunur ki, tanrının adını bərkdən çəkmək olmaz. Ona görə də uzun sürə missionerlər 
Ncambinin adını  eşitməmişdilər (oxşar olaraq yəhudilər də uzun yüzillər tanrıları «Yahvanın» adını  bərkdən 
çəkmirdilər). 
Qererolar ibadət üçün müqəddəs tonqal qalayıb onun başında dinməzcə oturaraq əcdadlarını yada 
salırlar və içlərində onlarla danışaraq onlardan güc alırlar. 
Tanrı  təsəvvürünün Tropik Afrikada əcdad funksiyası ilə bağladılması ona gətirib çıxarır ki, burada 
tanrılar qeosentrik xarakter daşıyırlar. Yəni onlar Göylə yox Yerlə bağladılırlar və yerdə yaşayırlarmış kimi 
təsəvvür olunurlar.  
Bütün dünyada səs salmış Afrikan dininin adı «Vodun»dur. Bu dində Tanrı «Vuuduu», «Vodun» və ya 
«Huuduu» adlanır. Dünya üzrə Voduna tapınanların sayı 60 milyondur. O, Beninin rəsmi dinidir. Haitiyə  və 
Karib dənizi adalarıa isə Batı Afrikadan gətirilmiş qullarla birlikdə keçmişdir.  
Öncələr qulları zorla xaç suyuna çəkib onların öz dinlərini cəzalarla yasaqladıqları üçün Haitidə qaralar 
xəlvətcə Voduna tapınırdılar (ibadət edirdilər) və çalışırdılar ki, katolik törənləri və simvolları ilə Vudu dinini 
arif olmayanlara görünməz etsinlər. Sonralar Vodun bütün Karib dənizi ölkələrinə yayılır, ABŞ-də isə Mayami 
ştatına və Nyu-Yorka yeriyib orada özünə çoxlu tərəfdarlar tapır. 
Vudu haqqında, məsələn, onun rituallarında kannibalizm haqqında kitablar yazılandan, filmlər çəkiləndən 
sonra bu din qorxunc oreol qazanıb. İndi hətta elə bir durum yaranıb ki, iki Vodun dininin olmasını deyirlər. Biri 
Qanada, Haitidə, Dominikan respublikasında, Benində adamların inandığı və tapındıqları dindir, o biri isə Hol-
livudun yaratdığı İblisanə dindir. 
Əslində isə Vodun bir çox başqa dinlər kimi dünyada yaman və yaxşı ruhların olmasından danışır. Onun 
şamanları ekstatik rəqslər edir və yaman ruhları konkret adamla bağlı zərərsizləşdirirlər. 
Onu da deməliyik ki, Afrika dinlərindən danışanda ibtidai dinlərlə yetərlənmək düz olmaz. Bu qitədə İslamla 
Xristianlıq arasında  əməlli başlı missioner yarışı gedir və bunun sonucudur ki, Sudanda, Seneqalda, Nigeriyada 
müsəlmanlar çoxluq təşkil edir. Güney Afrika kimi ölkələrdə isə xristianlar tam üstünlükdədirlər.  
Əlavə edək ki, həm Xristianlığın, həm də  İslamın Afrikada tarixi qədimdir. Məsələn, Misir, Suriya, 
Həbəşistanla birlikdə Karfagen əski xristianlığın Afrikada yayıldığı məkanlardandır. İlk xristian düşünərlərindən 
biri Tertulliandır və o, Karfagen ruhanisi (presviteri) olub. Quzey Afrikanın başqa bir parlaq xristianı Karfage-
nin yepiskopu müqəddəs və şəhid Kipriandır. 
Müsəlmanlara gəldikdə maraqlı durumu Sudan verir. Burada əhalinin 83% özünü ərəb sayır. Sudanın 
başqa müsəlman qrupu nubilərdir. Onların çoxu ərəbcəni ikinci dil kimi bildirlər. Ancaq Furlar müsəlman olsa-
lar da ərəbləşməyiblər və siyasi-mədəni baxımdan «Çad» adlanan qonşu ölkəyə orientir edirlər. Sudanda Batı 
afrikalılar da yaşayırlar və onların çoxu özlərini Nigeriya soyköklü sayırlar. 

 
272
Sonda deməliyik ki, dünya mədəniyyət sistemində Afrika mədəniyyətləri Avropa və Asiya kültürlərinə 
baxanda az gəlişmiş görünsə də, əslində, böyük nailiyyətlərə malikdir və belə görünür ki, XXİ yüzildə Afrika 
doğrudan da güclü qaynaqlardan biri funksiyasını daşıyacaq.  
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin