ÖMRÜMÜN BEŞİNCİ FƏSLİ
Unutma, mən səni unutmamışam!
Yurd salıb getmisən ürəyimdə sən.
Qəlbimi kimləsə ovutmamışam,
Çünki, həmişəlik ürəyimdəsən.
Unutma, mən səni sevirəm hələ,
Bu sevgi azalmır, artır günbəgün.
Bir daha qayıdıb dönməsən belə,
Ruhum qovuşacaq ruhuna bir gün.
Sən – yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən!
Sən – mənim ömrümün beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən...
Bilmirəm, heç nələr dəyişdi səni...
Durub-düşünürəm hər səhər-axşam.
Bircə istəyim var: Unutma məni!
Unutma, mən səni unutmamışam!
206
QADINLAR
Sevgisi, sevdası – dəniz misalı,
Gah sevinclə üzür, gah da boğulur;
Bəxtin yanlışını qəlbinə salır...
Qadın neyləsin ki, qadın doğulur?!
Fikrin sürətinə yetişmir izi,
Hər anı – bir ömrün səadətidir.
Dünyanın ən güclü, ən zərif hissi
Sadiq qadınların məhəbbətidir!
Kim verər həyatda onun yerini?
Solan baxışında bir alov yatır.
Gizləyib köksündə öz kədərini,
Özgənin dərdinə, hoyuna çatır.
Yüz işin qulpundan tutmada əli,
Kövrək ürəyində qaya sərtliyi.
Bəzən qadınlardan öyrənilməli
Kişi dəyanəti, kişi mərdliyi!
Sevib-sevilməsi – talenin işi,
Bəxtinin xoş çağı qəlbi dağ olur.
Qadınlıq – Tanrının bir bəxşeyişi!
Ən xoşbəxt bəndələr qadın doğulur!
|