Bə`zi uşaqlar valideynlər arasındakı ixtilafdan xoşhal olurlar. Çünki bu ixtilaf səbəbindən valideynlər övladın məhəbbətini qazanmaq uğrunda mübarizə aparır və ona daha çox diqqət ayırırlar
Bə`zi uşaqlar valideynlər arasındakı ixtilafdan xoşhal olurlar. Çünki bu ixtilaf səbəbindən valideynlər övladın məhəbbətini qazanmaq uğrunda mübarizə aparır və ona daha çox diqqət ayırırlar.
Sual: Doğrudanmı, ailənin əhəmiyyəti böyükdür?
Cavab: Zənnimcə, ailə ən mühüm ictimai qurumdur. Hər bir uşaq üçün ən münasib mühit ailə mühitidir.
Ailə, uşağı məs`uliyyətin qəbuluna hazırlayır. Məncə ailə ər və arvaddan daha çox uşaq üçün əhəmiyyətlidir.
Bir çox ailələrdə əhli-kef ata ailənin bütün yükünü ananın üstünə atır. Bə`zən analar da belə bir yol seçir. Onlar övladlarının səadətini öz azadlıqlarına qurban verirlər. Bütün oxuculara üz tutub deyirəm ki, valideynlik məs`uliyyətini dərk etməyən insan övlad sahibi olmamalıdır.
Bə`zi atalar elə güman edirlər ki, onların vəzifəsi yalnız ailənin maddi ehtiyacını tə`min etməkdən ibarətdir. Belə insanlar bütün ailəyə, eləcə də, özlərinə zülm edirlər.
On üçüncü fəsil
Ölüm
Sual: Uşaq ölümün mə`nasını hansı yaşda dərk edə bilər?
Cavab: Uşağın “ölüm”, “ölü”, “ölmək” sözlərinin mə`nasını dərk etməsi üçün əvvəlcə öz danışığında bu sözlərdən istifadə etməsi şərtdir. Uşaq üç yaşınadək ölümün mə`nasını anlaya bilmir. Yaxın adamlardan biri dünyasını dəyişdikdən sonra uşaq ölüm haqqında düşünməyə başlayır və bitib-tükənməyən suallar verir.
Sual: Uşaq ölüm haqqında hansı sualları verə bilər?
Cavab: Uşaq adətən belə suallar verir: Ölüm nə deməkdir? Filankəs öləndə hara getdi? İndi o haradadır? Oraya necə getdi? Geri qayıdacaqmı? Onu diriltmək olarmı?
Bə`zən uşaqlar əvvəlcə insanın yox, həşaratların və bitkilərin ölümü ilə tanış olurlar. Məsələn, “bu bitki niyə saraldı” kimi suallar verirlər.
Uşağın suallarını cavablandırmaq çətin olur. Çünki o möhkəm dəlillər tələb edir. Bir çox valideynlər üçün bu sual ona görə çətindir ki, hələ onlar özləri ölüm haqqında qəti qərara gəlməyiblər.
Sual: Uşağın sorğuları zamanı necə rəftar etməliyəm?
Cavab: Bu rəftar sizin inamınızdan asılıdır. Unutmayın ki, uşaq həqiqəti bilmək istəyir. Sizin ölüm qarşısında aciz olduğunuzu hiss edən uşaq qorxuya düşür.
Yaxın adamlarınızdan biri öldüyü vaxt kədərinizi uşaqdan gizlətməyin. Mütəxəssislər bu fikirdədirlər ki, qəm-qüssəni gizləmək insanın psixoloji durumu üçün zərərlidir. Uşaq yaxın adamın itkisindən narahatdırsa, bu təbii hissin qarşısını almayın.
Məbada, ölümü yatmağa oxşadasınız. Belə bir izahatdan sonra uşaq yatmağa qorxur.
Ölüm haqqında düşünməyə başlayan uşaq ilk əvvəl ata-anasının ölümünü xəyalında canlandırır və tənha qalmaqdan qorxur. Əgər uşaq sizdən nə vaxt öləcəyinizi soruşsa, deyin ki, mən çox, çox, çox…gec öləcəyəm. Siz “çox” kəlməsini təkrarladıqca uşaq rahatlaşır.
Ölüm haqqında söhbətlərdən sonra övladınız ağlasa, təəccüb etməyin. Mühüm bir məsələyə diqqət edin: əksər dinlərdə ölümdən sonrakı həyat haqqında mə`lumatlar var. Uşağın ölüm haqqında nigarançılıqlarına son qoymaq üçün ən doğru və ən münasib yol ona axirət həyatı haqqında danışmaqdır. Amma belə bir cavabın tə`sirli olması üçün uşaq sizin dindarlığınıza şübhə etməməlidir. Müntəzəm şəkildə dini ayinləri icra edən ailələrdə ölüm düşüncəsi uşaqları narahat etmir.
Əgər uşaq akvariumdakı balığın ölümündən kədərlənmişsə, onu qınamayın. O, yaxın adamını itirmiş bir insan qədər hüznlüdür. Balığın quyruğundan tutub zibilliyə atmayın. Sizin bu hərəkətiniz onun qəlbini sındırar və gələcək üçün çox pis bir dərs olar.
Sual: Uşağı dəfn mərasiminə aparmaq olarmı?
Cavab: Əgər dünyasını dəyişən şəxs ailə üzvlərindən biridirsə, uşaq bu mərasimdə iştirak etməlidir. Amma azyaşlı uşağı cənazənin dəfni zamanı bir qədər kənarda saxlamaq lazımdır. Beş-altı yaşı tamam olmamış uşaq bu səhnələrdən qorxuya düşə bilər.
Sual: Dəfn mərasiminin uşaq üçün faydası varmı?
Cavab: Zənnimcə, qəm-qüssə acısını bir qədər dadmaq uşaq üçün faydalıdır. Müşahidələr göstərir ki, əziz adamının dəfn mərasimində iştirak etməyən insan iztirab keçirir. Yaxınını itirmiş uşaq dəfn mərasimində toplaşmış insanları görəndə onları öz dərdinə şərik bilərək təskinlik tapır.
Sual: Valideynin ölümü uşaq üçün hansı problemləri yaradır?
Cavab: Ölümün mə`nasını az-çox dərk edən uşaq üçün valideynini itirmək ağır zərbədir. Bu ağrını heç bir vasitə ilə aradan qaldırmaq mümkün deyil. Bə`zən uşaqlar valideynin bilərəkdən ölümü seçdiyini düşünərək, ona nifrət edirlər. Nə vaxtsa əsəbləşib valideyninə ölüm arzulayan uşaq valideyni öldükdə özünü günahkar hesab edir. Uşaqlığın elə bir dövrü var ki, körpə bütün arzularının hökmən həyata keçəcəyini zənn edir.
Sual: Həyat yoldaşını itirmiş valideyn övladına nə deməlidir?
Cavab: Uşağı narahat edən sizi də itirmək qorxusudur. O, valideynlərindən birini itirdiyi üçün o biri valideynini də itirməkdən xoflanır. Siz uşağı əmin etməlisiniz ki, onu tərk etməyəcəksiniz. Vəfat etmiş valideynə işarə ilə uşağa “sən onu tezliklə unudacaqsan” demək olmaz. Sadəcə, onun dərdinə şərik olmaq lazımdır.
Sual: Uşaq öz bacısını və ya qardaşının ölümünü necə qarşılayır?
Cavab: Belə bir hadisədən sonra uşaq öz ölümündən qorxur. Eşitdiyi nağılda özünü qəhrəmanın yerində təsəvvür edən uşaq bu hadisədə də özünü hədəf seçir.
Bacı və ya qardaşına həsəd aparıb, nə vaxtsa onların ölümünü istəyən uşaq elə başa düşə bilər ki, bu ölümə səbəbkar odur. O, özünü günahkar hesab edib, daxilən əzab çəkə bilər. Siz onu əmin etməlisiniz ki, baş vermiş ölümə kimsə səbəbkar deyil.
Bə`zi valideynlər ölmüş uşağa aid olan bütün əşyaları göz qabağından yığışdırırlar. Zənnimcə, ən azı həmin uşağın fotoşəkilini göz qabağında saxlamaq lazımdır. Evdə qalmış uşaq əmin olmalıdır ki, kimsə unudulmur.
Kiminsə ölümü üçün məs`uliyyət daşımaq daimi əzab olur. Uşağınızı belə təsadüflərdən qoruyun. Tanışlardan biri bir yaşlı oğlunu çimdirməyi beş yaşlı qızına tapşırmış, nəticədə uşaq vannada boğulmuşdur. Bu mə`sum qızcığazın çəkdiyi əzabı təsəvvür etmək çox çətindir. Belə hadisələrdən qorunun.