İKİNCİ FƏSİL
İŞ VƏ FƏALİYYƏTİ
Dərzilik islamda bəyənilən məşğuliyyət növlərindən
biridir. Həkim Loğman də bu məşğuliyyəti özü üçün peşə
seçmişdi. Bir hədisdə Peyğəmbər (s) buyurur:
«Yaxşı kişilərin işi dərzilik, yaxşı qadınların işi isə yun
əyirməkdir.»
Cənab Şeyx öz məişətini təmin etmək üçün bu peşəni
seçmiş və buna görə də Şeyx Rəcəbəli Xəyyat adı ilə
məşhurlaşmışdı. (Xəyyat ərəbcə dərzi deməkdir.) Maraqlısı
budur ki, Şeyxin kiçik və sadə evi əvvəldə qeyd olunan
xüsusiyyətlərlə yanaşı, həm də onun iş otağı olmuşdur.
Şeyxin övladlarından biri bu barədə deyir: Əvvəllər atamın
karvansarada bir hücrəsi var idi və orada dərziliklə məşğul
olurdu. Bir gün hücrənin sahibi gəlib dedi: «Mən razı deyiləm
ki, sən burada qalasan!» Sabahısı gün atam heç bir söz
demədən və ondan heç bir əmək haqqı tələb etmədən tikiş
maşını və dərzi mizini evə gətirdi, o hücrəni də boşaldıb
sahibinə təhvil verdi. Həmin vaxtdan etibarən evin həyət
qapısına yaxın olan otaqdan dərzi dükanı kimi istifadə edirdi.
İŞİNDƏ CİDDİLİK VƏ MƏSULİYYƏT
Cənab Şeyx öz işində çox ciddi olmuş, həyatının son
anlarınadək tam çalışqanlıqla fəaliyyət göstərmiş və öz halal
əməyi ilə məişətini, güzəranını təmin etmişdir. Müridlərindən
çoxu cani-dildən onun məişət xərclərini təmin etməyə razı
olmuşlar, lakin Şeyxin özü heç vaxt bu işə razı olmamışdır.
Həzrət Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir:
16
«Hər kəs öz zəhməti və alın təri ilə həyat sürsə, qiyamət
günündə peyğəmbərlərin cərgəsində olar və onların savabını
alar.»
Başqa bir hədisdə buyurulur:
«İbadət on qismdir, onun doqquz qismi halal ruzi
qazanmaqdır».
Şeyxin dostlarından biri deyir: Bunu heç vaxt unutmaram:
Yay günlərindən birində bazarda Şeyxlə rastlaşdım. Zəiflikdən
sanki çöhrəsi solmuş və rəngi saralmışdı. Dərziliyə lazım olan
bəzi şeyləri alıb evinə tərəf gedirdi. Ona dedim: Ağa, siz bir
qədər istirahət etməlisiniz, vəziyyətiniz yaxşı deyil.
Buyurdu: Əhli-əyalı nə edim?!
Başqa bir hədisdə Peyğəmbəri-əkrəm (s) buyurur:
«Allah-taala Öz bəndəsini halal ruzi kəsb etmək yolunda
yorğun görmək istəyər.»
1
«Öz əhli-əyalının və ailəsinin (dolanışıq) xərcini təmin
etməyən kəs məlundur, məlun!»
2
.
ZƏHMƏT HAQQI ALMAQDA İNSAF
Şeyx dərzilik sənətində və müştərilərlə davranışda
həddindən artıq mülayim və insaflı idi. O, gördüyü işlərdə
yalnız öz zəhməti miqdarında muzd alırdı. Bundan əlavə, heç
vaxt müştəridən artıq bir şey almağa razı olmazdı. Buna görə
də əgər bir şəxs ona—«Cənab Şeyx, icazə verin bir qədər artıq
pul verim»—desəydi, heç vaxt razı olmazdı.
Şeyx öz işlərini islamda mövcud olan icarə qanunlarına
əsasən tənzim edər və əmək haqqını bu əsasda alardı. Amma,
müştəridən
işlədiyindən
artıq
bir
şey almağa
razı
olmadığından, işi görüb qurtardıqdan sonra həmin işə sərf
1
Mizanul-hikmət, 5/2058/1496/7209.
2
Mizanul-hikmət 5/20
17
olunacaq miqdardan artıq nəzərdə tutduğu məbləği
müştərinin özünə qaytarırdı!
Ruhanilərdən biri belə nəql edir: Şeyxə bir əba, bir qəba və
bir də ləbbadə sifariş verdim və zəhmət haqqının məbləğini
soruşdum. Dedi: İki gün vaxt aparacaq, qırx tümən
verməlisən.
Libaslarımı almağa gedəndə dedi: Əmək haqqı iyirmi
tümən oldu. Dedim: Axı siz buyurmuşdunuz ki, qırx
tüməndir? Dedi: Mən fikirləşirdim ki, iki günlük işi var, amma
bir günə tamam oldu.
Başqa bir şəxs deyir: Şeyxə bir şalvar sifariş verib
məbləğini soruşdum. Dedi: On tümən. Dərhal çıxarıb pulunu
verdim. Şalvarı təhvil almağa getdikdə gördüm ki, şalvarın
üstünə iki tümən qoyub qaytarır. Səbəbini soruşduqda dedi:
Bunun zəhmət haqqı səkkiz tümən oldu.
Şeyxin övladlarından biri deyir: Bir gün atam müştəri ilə
razılaşmışdı ki, onun əbasını otuz beş tümənə tiksin. Müştəri
əbasını aparanda atam onun dalınca qaçıb pulunun beş riyalını
geri qaytarıb dedi: Mən fikirləşirdim ki, bu əba çox vaxt
aparacaq, amma belə olmadı.
(Əziz oxucular, yuxarıda qeyd olunan hadisələr müxtəlif
zamanlarda baş verdiyi üçün pulun dəyəri və alıcılıq
qabiliyyəti eyni qaydada olmadığından göstərilən rəqəmlər
sizi təəccübləndirməsin. Red.)
İNSAFIN BƏHRƏSİ
Bütün işlərdə, xüsusilə müştəri ilə alverdə insaflı olmaq
islamın təkid etdiyi mühüm məsələlərdəndir. İmam Əli (ə)-
dan nəql olunan hədisdə deyilir:
«İnsaf fəzilətlərin ən fəzilətlisidir.»
«Savabların ən böyüyü insafa verilən savabdır.»
18
Alış-verişdə, eləcə də müştərilərlə davranışda insaflı
olmağın insan ruhunun mənəviyyata doğru yüksəlişində nə
qədər təsirli olduğunu bilmək istəyirsinizsə, aşağıdakı
əhvalata diqqət yetirin:
İNSAFLA RƏFTAR VƏ HƏZRƏT İMAM
ZAMANLA (Ə) GÖRÜŞ
Alimlərdən biri imam Zaman əleyhissəlamla görüşmək
arzusunda idi. Amma bu işə nail olmadığından daim ruhi əzab
çəkirdi. Nəcəfi-əşrəfin elmiyyə hövzələrinin tələbələri, eləcə də
ələviyyə (Əli (ə)-ın məqbərəsinin yanında təhsil alan) tələbələr
arasında belə bir məşhur qayda var ki, hər kəs ardıcıl olaraq
qırx çərşənbə gecəsi «Səhlə» məscidinə gedib məğrib və işa
namazlarını orada qılmağa müvəffəq olsa, imam Zaman (ə)-ın
hüzuruna müşərrəf ola bilər. Həmin şəxs uzun müddət bu
məqsədlə çalışdı, lakin öz arzusuna çata bilmədi. İstəyinə nail
olmaq üçün qəribə elmləri, hərf və ədədlərin sirlərini
öyrənməyə başladı, tələb məqamında ruhi riyazətlə məşğul
oldu. Çillələr saxladı, uzun-uzadı ruhi məşğələlərə dözdü,
lakin yenə də heç bir nəticə almadı. Bu şəxs İmam
əleyhissəlamın ziyarətinə nail ola bilməsə də, gecələr oyaq
qalmaq, səhərlər Allah dərgahında ah-nalə etmək nəticəsində
batini nuranilik və səfa əldə edə bilmişdi. Belə ki, bəzi
vaxtlarda onun üçün xüsusi nuranilik gəlir, ona bu məsələdə
yol göstərilir, ruhunda xalislik və cəzb halətləri tapılır,
həqiqətləri görür və incəlikləri eşidirdi.
Bu halətlərin birində ona deyildi: «Sənin imam Zaman
əleyhissəlamı görüb ziyarət etməyin yalnız filan şəhərə səfər
etməklə mümkün ola bilər.» Bu səfərin çox çətin olmasına
baxmayaraq, öz məqsədinə çatmaq üçün həmin şəxs dərhal
onu yerinə yetirməyə hazırlaşdı.
19
İMAM ZAMAN (Ə) DƏMİRÇİLƏR
BAZARINDA
Bir neçə günlük səfərdən sonra həmin şəxs deyilən şəhərə
çatdı. Orada da həmin riyazətləri davam etdirdi, çillə saxladı,
otuz yeddi, yaxud otuz səkkizinci gündə ona dedilər: «Həzrət
imam Zaman (ə) indi dəmirçilər bazarında qıfıl düzəldən qoca
bir kişinin dükanının qapısında oturub. Yubanmadan onun
hüzuruna tələs!»
Həmin şəxs ayağa qalxıb mənəvi aləmdə gördüyü yolları
keçdi və qoca kişinin dükanının qabağına gəlib imam Zaman
əleyhissəlamın orada oturduğunu və həmin kişi ilə şirin-şirin
söhbət etdiyini gördü. Salam verdi, imam onun salamını alıb
işarə ilə sükut etməsini əmr etdi. Burada maraqlı bir mənzərə
var, ona diqqət yetirin.
QIFIL DÜZƏLDƏN QOCA KİŞİNİN İNSAFI
Həmin şəxs deyir: Bir qədər kənarda dayanıb heyrətlə
onlara tamaşa edirdim. Bu zaman gördüm ki, qocalıb əldən
düşmüş, beli bükülmüş, əlləri əsən və əlində əsa tutmuş bir
qoca qarı əlindəki qıfılı dükançıya göstərib dedi: Allah rizasına
bu qıfılı məndən üç şahıya alın, mənim üç şahı pula ehtiyacım
vardır.
Qoca kişi qıfıla diqqətlə baxdıqdan sonra dedi: Qıfılın heç
bir nöqsanı yoxdur, bunun iki abbası dəyəri vardır. Çünki,
onun açarının qiyməti on dinardan çox deyildir. Əgər sən
mənə on dinar pul versən, mən bu qıfılın açarını düzəldərəm
və onda onun qiyməti üç şahı deyil, on şahı olar.
Qarı dedi: Mənə qıfıl lazım deyildir, mənim pula ehtiyacım
vardır. Siz bu qıfılı üç şahıya məndən alın, mən sizə dua
edərəm.
20
Qoca kişi tam sadəliklə cavab verdi: Bacım! Sən
müsəlmansan, mən də özümü müsəlman hesab edirəm. Nə
üçün müsəlmanının malını ucuz qiymətə almalı və kiminsə
haqqını tapdalamalıyam?! Bu qıfılın hal-hazırda da səkkiz şahı
qiyməti vardır. Qazanc götürmək istəsəm də, mən onu yeddi
şahıdan ucuz ala bilmərəm. Çünki, iki abbasılıq alverdə bir
şahıdan artıq qazanc almaq insafsızlıqdır. İndi əgər satmaq
istəsən, mən onu yeddi şahıya alaram. Yenə də təkrar edirəm
ki, onun həqiqi qiyməti iki abbasıdır. Mən də ticarətçi
olduğuma görə haqq-hesabı belə aparmalıyam. Ona görə də
bir şahı ucuzuna alıram.
Bəlkə də qarı inana bilməzdi ki, bu kişi doğru danışır. Ona
görə də narahat olub dedi: Mən özüm deyirəm ki, heç kəs bu
məbləğə razı deyil. Mən yalvarırdım ki, üç şahıya alsınlar.
Çünki mənim ehtiyacım on dinarla başa gəlmir. Mənə üç şahı
pul lazımdır.
Qoca kişi yeddi şahı verib qıfılı aldı.
MƏN ONUN ARDINCA GƏLƏRƏM!
Qarı qayıtdıqdan sonra İmam (ə) mənə buyurdu: Əzizim,
bu mənzərəni müşahidə etdinmi?! Belə olun ki, biz də sizin
ardınızca gələk. Çillə saxlamaq lazım deyil, qəribə elmlərə əl
atmaq faydasızdır, riyazət və səfərlərə getməyə də ehtiyac
yoxdur. Özünüzdən xalis əməl göstərin və həqiqi müsəlman
olun ki, biz də sizlərlə ünsiyyətdə olaq. Bu şəhərdə yalnız bu
qoca kişini seçmişəm. Çünki onun dini var və Allahı tanıyır.
Bu da bir imtahan idi ki, ondan başıuca çıxdı. Bu qoca qarı
bazarın əvvəlindən başlayıb bura qədər hamıya öz ehtiyacını
izhar edir və onlardan, qıfılı üç şahıya almalarını istəyirdi.
Onlar da qocanı çarəsiz və ehtiyaclı görüb daha ucuz qiymətə
almaq istəyirdilər. Amma bu kişi onu yeddi şahıya aldı. Elə bir
21
həftə olmur ki, mən onun görüşünə gəlməyim və ona
məhəbbət göstərməyim.
1
1
Sərmayeyi-suxən, 1-ci cild, səh. 610--613, ixtisarla
22
ÜÇÜNCÜ FƏSİL
FƏDAKARLIQ VƏ İSAR
Şeyxin həyat və davranışlarında olan ən parlaq
xüsusiyyətlərdən biri də onun möhtac və kasıb şəxslərə xidmət
etməsi, özü yoxsul olduğu halda başqalarına əl tutması
olmuşdur. İslam hədisləri baxımından isar, fədakarlıq və
insanın öz haqqından keçməsi yaxşılıqların ən gözəli, imanın
ən yüksək mərtəbəsi və gözəl əxlaqların ən yaxşısıdır.
Şeyx öz ailəsini dərziliklə çox çətin dolandırmasına
baxmayaraq, isar və fədakarlıq fəzilətlərindən də bəhrəsiz
qalmamışdır. Bu ilahi şəxsiyyətdən bu barədə nəql olunan
əhvalatlar doğrudan da insanı heyrətə gətirir və ona ibrət dərsi
öyrədir.
BAŞQALARININ ÖVLADLARINA QARŞI
İSAR
Şeyxin övladlarından biri deyir: Anam deyirdi ki, qəhətlik
və aclıq illərində Həsən və Əli (mərhum Şeyxin böyük
övladları idi ki, sonradan vəfat etmişdilər) evin damında od
qalamışdılar. Onlardan nigaran qalıb oraya getdikdə gördüm
ki, o iki uşaq tuluğun dərisini odda qızardıb yeyirlər. Bu
səhnəni gördükdə çox kövrəldim, qəhərlənib ağlamağa
başladım. Aşağı enib evdən bir qədər mis qab götürüb kiçik
bazarda satdım və uşaqlar üçün bir qədər xörək hazırladım.
Həmin gün qardaşım Qasımxan bizə gəlmişdi. O, mənim
həddindən artıq narahat olduğumu görüb səbəbini soruşdu və
mən də hadisəni olduğu kimi danışdım. Qasımxan bu hadisəni
eşidib çox təəccüblə dedi: Nə danışırsan?! Şeyx Rəcəbəlini
23
bazarda
gördüm,
camaata
kabab
qəbzi
paylayırdı.
(Yeməkxanalardan biri ilə əvvəlcədən razılığa gəlinir,
müəyyən miqdarda xörək pulu ödəndikdən sonra həmin
məbləğ dəyərində qəbz alınır, o qəbzlər adətən kasıbların
arasında paylanır və onlar da gedib qəbzi göstərməklə ya
oradca xörək yeyir və ya alıb evə aparırlar.) Bu nə deməkdir,
misal var deyiblər, evə lazım olan çırağı məscidə aparmaq
haramdır. Bu kişi nə etmək istəyir? Düzdür ki, abid və zahid
adamdır, lakin onun bu işləri düzgün deyil.
Bu sözləri eşitdikdə narahatçılığım daha da artdı. Gecə
Şeyx evə gəldikdə onunla ciddi danışıb etirazımı bildirdim və
narahat halda yatdım. Gecə yarısı birdən əyan oldu ki, məni
çağırırlar. Diqqətlə qulaq asdım, bir daha səs gəldi: «Qalx
ayağa!» Ayağa qalxdım. Gördüm ki, Əli əleyhissəlamdır.
Özünü tanıtdırıb dedi: «O, camaatın uşaqlarını saxlayır, biz də
sizin uşaqlarınızı! Hər vaxt uşaqların acından ölsə, onda
danışarsan!»
MÜFLİSLƏŞMİŞ QONŞUYA QARŞI İSAR
Şeyxin övladlarından biri belə nəql edir: Bir gecə atam
məni yuxudan oyatdı. Evdən iki kisə düyü götürdük. Birini
mən, digərini isə atam çiyninə aldı. Onu aparıb məhəlləmizin
ən varlı şəxsinin qapısına qoyduq. Atam onları təhvil verərkən
ev sahibinə dedi: Qardaş! Yadındadırmı, ingilislər camaatı öz
səfirliklərinə apardılar və onlara düyü verdilər. Sonradan hər
dənə düyünün əvəzində bir xaral düyü alıblar, yenə də
onlardan əl çəkmirlər.
Bu zarafatlarla düyüləri təhvil verib qayıtdıq. Həmin
günün sabahı atam məni çağırıb dedi: Mahmud! Bir çərək
(təqribən 250 q.) düyü yarması və iki riyallıq da quyruq piyi
alıb anana ver, günortaya xörək hazırlasın.
24
O zaman atamın bu cür hərəkətləri mənim üçün çox ağır
və anlaşılmaz görünürdü. Fikirləşirdim ki, nə üçün evdə olan
düyüləri məhəllənin ən varlı şəxsinə verir, özümüz isə
günortaya düyü yarması alırıq?
Sonradan başa düşdüm ki, zahirdə varlı hesab etdiyim bu
Allah bəndəsi son günlərdə müflisləşibmiş. Cümə günü həmin
şəxsin bir dəstə qonağı olacaqmış və evində də tədarük
görmək üçün heç bir şey yoxmuş.
BAYRAM AXŞAMI İSAR
Mərhum Əbdül-kərim Hamid nəql edir ki, mən dərzilikdə
Şeyxə şagirdlik edirdim və hər gün bir tümən zəhmət haqqı
alırdım. Novruz bayramı gecəsində Şeyxin on beş tümən pulu
vardı. Onun bir qədərini mənə verdi ki, düyü alıb bir neçə
ünvana aparım. Axırda o puldan beş tümən qaldı, onu da
mənə verdi.
Öz-özümə fikrləşdim ki, ustam bayram axşamı evə əliboş
gedəcək. Həmin vaxtlar şeyxin ailə vəziyyəti həddindən artıq
ağır idi. Buna görə də pulu siyirtməyə qoyub qaçdım. Cənab
Şeyx nə qədər çağırdısa qayıtmadım. Evə çatanda başa
düşdüm ki, Şeyx hələ də məni arxadan səsləyir. Acıqla dedi:
Nə üçün pulları götürmədin? Sonra təkidlə pulları mənə verdi.
25
DÖRDÜNCÜ FƏSİL
DİNİ QAYDA-QANUN VƏ GÖSTƏRİŞLƏRƏ
SÖZSÜZ ƏMƏL ETMƏK
Cənab Şeyxin dini göstəriş və qayda-qanunlara əməl
etməsi təriqət iddiaçılarının məsləki ilə kökündən fərqlənirdi.
O, sufilik firqələrinin heç birini qəbul etmirdi. Onun seçdiyi
yol Əhli-beyt (ə)-ın göstərişlərinə sözsüz əməl etmək idi. Buna
görə də təkcə vacib əmrlərə deyil, müstəhəb əməllərə də ciddi
əhəmiyyət verirdi.
Adətən sübhlər oyaq olur, gün çıxandan sonra yarım
saatdan bir saata qədər istirahət edirdi. Bəzən günortadan
sonra da bir qədər istirahətlə məşğul olurdu.
Şeyxin özü kəşf və şühud əhli olmasına baxmayaraq,
təkrar-təkrar buyurardı: «Mükaşifatda (bəsirət gözünün
açılması və hər bir şeyi həqiqi simasında görmək) deyilənlərə
yəqininiz olmasın, heç vaxt mükaşifədə gördüklərinizə
arxalanmayın. Biz imamların rəftar və əməllərini, sözlərini
özümüzə nümunə götürməliyik.»
Cənab Şeyx ilahi hökmlərə əməl etməklə Allahın
göstərişlərinə və Əhli-beyt (ə)-ın buyurduqlarına qeydsiz-
şərtsiz itaət etməyə təkid edir, bununla yanaşı ümumi
yığıncaqlarda aşağıdakı ayəyə istinad edirdi:
«Əgər siz Allaha kömək etsəniz, Allah da sizə kömək
edər və qədəmlərinizi möhkəmlədər.» (Məhəmməd-7).
Sonra deyirdi: «Allah hər şeydən ehtiyacsızdır. Allaha
kömək etmək dedikdə, Onun hökmlərinə əməl etmək,
Peyğəmbərinin sünnəsinə əsaslanmaq nəzərdə tutulur.»
Başqa bir yerdə buyururdu: « Heç bir şey ilahi hökmlərə
əməl etmək qədər bəşərin ruhi yüksəlişində təsirli ola bilməz».
26
Şeyx dəfələrlə bunu təkrar edərdi: «Haqq din elə
minbərlərdə deyilən sözlərdir. Lakin onda iki şey çatışmır:
Birincisi ixlas, digəri isə mütəal Allah ilə dostluq. Bu iki şey
minbərdəki çıxışlara artırılmalıdır.
Yenə deyirdi: «Müqəddəslərin işlərinin hamısı yaxşıdır,
lakin insan vücudunda olan «mən»ləri «Allah» ilə dəyişmək
onların ən önəmlisidir».
Yenə buyururdu: «Əgər möminlər öz «inniyyət»lərini
kənara qoysalar, yüksək mənəvi məqamlara çatarlar.»
«Əgər insan Allaha təslim olsa, öz rəy və şəxsi nəzərini
kənara qoyar, özünü tam mənada Allaha tapşırar, Allah da
onu Özü üçün tərbiyələndirər».
TƏQLİD
Şəriət qanunlarına qeydsiz-şərtsiz tabe olmaq məsləkinə
əsasən, Şeyx ilahi hökmlərdə müctehidə təqlid edirdi. Onun
mərcəyi təqlidi dövrünün böyük alimlərindən olan Ayətullah
Höccət idi. Şeyx özü belə bir şəxsiyyətə təqlid etməsi barədə
buyurur: «Quma getdim, mərcəyi-təqlidləri gördüm, onların
içərisində həvayi-nəfsinə ən az tabe olan ağayi Höccət idi».
Başqa bir nəqlə görə buyurur: «Gördüm ki, onun qəlbində
cah-cəlal, şan-şöhrət və rəyasət məhəbbəti yoxdur.
Şeyx öz dostlarını bu yoldan azan firqələrdən çəkindirirdi.
Şeyxin dostlarından biri deyir: Bu tayfalar barəsində ondan
soruşdum. (Bunu nəql edən şəxs tövsiyə etmişdi ki, bu
tayfanın adlarını kitablara salmasınlar.) Şeyx buyurdu:
Kərbəlada idim. Gördüm ki, bir tayfa gəlir. Şeytan onların
qarşısında hərəkət edən bir şəxsin cilovunu əlinə almışdı.
Dedim: Bunlar kimdir? Dedilər:...
Cənab Şeyx inanırdı ki, seyri-sülukda Əhli-beyt (ə)-ın
tutduğu yoldan uzaq düşənlər riyazət nəticəsində müəyyən
27
ruhi qüdrət və məqamlara çatmalarına baxmayaraq, həqiqi
mərifətdən tamamilə məhrumdurlar.
Şeyxin övladlarından biri belə nəql edir: Atamla birlikdə
Bibi-Şəhrabanı dağına getmişdik. (Bu Tehran ətrafında olan
dağların birinin adıdır ki, imam Hüseyn (ə)-ın həyat yoldaşı
Şəhrəbanının məzarı orada yerləşir.) Yol əsnasında riyazət
əhlindən biri ilə rastlaşdıq. Onun çox böyük iddiaları var idi.
Atam ona dedi: Axı de görək, sənin riyazətlərinin hasili nə
olub?
O şəxs bu sözləri eşidən kimi əyilib yerdən bir daş parçası
götürdü və onu əlində armuda döndərdi. Sonra atama təklif
edib dedi: Buyurun, meyl edin.
Atam buyurdu: Çox yaxşı! Bu işi mənim üçün gördün. De
görüm Allah üçün nə nəyin vardır və nə etmisən?
Həmin şəxs bu sözü eşidən kimi ağlamağa başladı.
ALLAH ÜÇÜN OLAN İŞİN DƏYƏRİ
Şeyxin dostlarından biri onun belə buyurduğunu nəql edir:
Gecələr Tehranın cümə məscidində oturub camaatın
«Həmd» surəsinin oxunuş və tələffüzünün düzəlişinə fikir
verirdik. Bir gecə iki uşaq bir-biri ilə savaşdı, onlardan biri
döyülməmək üçün mənim yanımda oturdu. Mən də fürsətdən
istifadə edərək ondan «Həmd» surəsini soruşdum. Həmin gecə
yalnız o uşağın qiraəti ilə məşğul oldum. Sonrakı gecə bir
dərviş mənim yanıma gəlib dedi: Mən iksir, simya, himya,
limya elmlərini bilirəm və onların hamısını sənə verməyə
razıyam, bu şərtlə ki, dünənki işinin savabını mənə verəsən.
Ona belə cavab verdim: Xeyr! Əgər bu elmlər sənə faydalı
olsaydı, heç vaxt mənə verməzdin.
28
ŞƏRİƏTLƏ UYĞUN OLMAYAN
RİYAZƏTLƏ MÜXALİFƏT
Cənab Şeyx inanırdı ki, əgər bir şəxs doğrudan da islamın
nurani hökmlərinə əməl etsə, bütün mənəvi məqamlara və
kamallara nail olacaqdır. O, Peyğəmbər (s) sünnəsi və Əhli-
beyt (ə) məktəbiinin əksinə olan riyazətlərlə kəskin müxalifət
edirdi. Onun müridlərindən biri belə nəql edir: Bir müddət
riyazətlə məşğul oldum, seyyid övladı olan həyat yoldaşımdan
ayrılıb bir otaqda zikr deməyə başladım. Gecələr də həmişə
ayrı yatırdım. Dörd-beş aydan sonra dostlarımdan biri məni
Şeyxin görüşünə apardı. Qapını döyüb içəri girdim, Şeyx məni
görən kimi buyurdu: İstəyirsənmi deyim...?!
Başımı aşağı saldım, Şeyx sanki bir anda bütün səhvlərimi
mənə xatırlatdı. Bu nə rəftardır ki, həyat yoldaşınla edirsən?
Nə üçün onu tərk etmisən?...
Bu riyazət və zikrləri kənara qoy! Bir qutu şirni alıb əhli-
əyalının yanına get. Namazı vaxtında və adi qaydada olan
təqibatlarla yerinə yetir.
Daha sonra Şeyx bu hədisi təkid etdi ki, «əgər bir şəxs qırx
gün əməllərini Allaha görə xalis etsə, hikmət çeşmələri
qəlbində cuşə gələr.»
Şeyx bu hədisə işarə edərək buyurdu: Bu hədisə əsasən,
əgər bir şəxs qırx gün müddətində öz dini vəzifələrinə əməl
etsə, şübhəsiz, xüsusi nuranilik tapacaqdır.
O şəxs Şeyxin tövsiyələrinə əsasən, riyazəti tərk etdi və adi
həyatına qayıtdı.
XUMSUNUN HESABINI ET!
Doktor Həmid Fərzarəm özünün Şeyxlə necə tanış
olmasını belə xatırlayır: 1333-cü Şəmsi ilin ortalarında (1968)
mənim əziz dostum və həmkarım mərhum doktor Əbdül Əli
29
məni Cənab Şeyxin yanına apardı. Bir-iki saat onun
hüzurunda oturduq. Mənə yol göstərmək və həqiqətləri başa
salmaq üçün mərhəmətli nəzərlərlə hər sahədən bir şey
danışırdı. Qəlbimdə ona qarşı son dərəcə məhəbbət hissi
yaranmışdı. Zahirən həmin gün «Ya Əlimu, ya Rəşid, səlli əla
Muhəmmədin və alihi əcməin» zikrini birlikdə mənə təlqin
etdilər. Onun hüzurundan getdikdən sonra doktor Əbdül Əli
mənə təbrik dedi və bildirdi ki, cənab Şeyx sizi öz hüzuruna
qəbul etdi. Allaha şükr olsun, mən çoxlarını onun hüzuruna
aparmışam, o hətta onlarla bir kəlmə olsun danışmayıb.
Soruşdum. Bunun mənası nədir?
Doktor dedi: «Allaha şükr olsun ki, o səni qabiliyyətli və
istedadlı gördü. Mən də buna görə Allaha şükr etdim».
Şeyxin şagirdlərindən biri onun ibadətdə necə ciddi
olduğunu belə bəyan edir: Şeyx şəriət, təriqət və həqiqəti bir-
biri ilə eyni bilirdi. Dərvişlər kimi deyildi və şəriəti boşlamırdı.
Onun mənə dediyi ilk söz bu idi: Get xumsunun hesabını et.
Sonra məni mərhum Ayətullah Əhməd Aştiyaninin yanına
göndərib dedi: Sən onun hüzuruna getməlisən.
O necə də böyük şəxsiyyət idi! Doğrudan da Allahın ayəti
və nişanəsi idi. Mən ondan nə qədər mənəvi qida aldım!
Ondan necə böyük işlər gördüm! Onun hüzuruna gedib öz
kiçik evimin xumsunu hesablayıb ödədim.
|