1942
LEYLA
Gözləyən qızlarımız, gəlinlərimiz,
bacılarımız, analarımıza hədiyyə
Bir müddət onun ayağı tramvaydan kəsilmədi. Şəhərə yaxın düşərgələrin
birində əsgəri hissədə vuruşmaq öyrənən sevgili əri Mir Əlinin görüşünə
gedər, əlinə düşəndə hədiyyə aparardı. Axırıncı dəfə vidalaşandan, Mir Əli
cəbhəyə yola düşəndən sonra da gəlini yollarda görmək olardı.
Sevgilisindən xəbər almayanda səbri tükənər, darıxardı; heç bir şeydən
təsəlli tapmayanda baş alıb çölə, Mir Əlini yola saldığı
80
yerlərə gedər, sanki hər addımda bir xatirə axtarardı. Orada, əsgərlərin
keçmiş düşərgəsində indi küləklər əsirdi. Məşq üçün qazılan səngərdən,
basdırılan nişan ağaclarından, dar cığırlardan, sökülmüş çadır yerlərindən,
sökük ağaclardan, konserv qutularından başqa heç nə qalmamışdı.
İntizarlı gəlin kənarda dayanıb, ziyarətinə gəldiyi yerin hər tərəfinə
diqqətlə tamaşa edərdi. Mir Əli ilə görüşdüyü səmtdə durar, uzanıb gedən
nəhayətsiz qoşa dəmirlərə baxar, baxar, ahəstə səslənərdi:
- Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm!..
Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli
sükut içində əriyərdi. Tənha yerlərin sükutu müdhiş olur. Ağaclar yenə
küləyin səmtinə əyilir, quşlar günəşin, havanın feyzindən faydalanmağa can
atır, dəniz həmişəki ahəngi ilə çağlayıb durur, torpaq, oxunmuş, lakin hələ
layiqincə anlaşılmamış kitablar kimi görünürdü...
İndi, soyuq payız axşamında Leyla yenə səfərə, həmin yerlərin
ziyarətinə hazırlaşır. Yüz dəfələrlə axtarıb tapmadığı, arayıb görmədiyi Mir
Əlinin getmiş olduğuna hələ də inanmaq istəmir. Onsuz heç nə boğazından
keçmir, zehnən bir dəqiqə də ondan ayrılmır, ayrıla bilmir. Həmişə dolu
aparıb dolu qaytardığı hədiyyə dəsmalını yenə xüsusi sahmanda hazırlayır,
yenə bacısı Zibaya belə deməkdən həzz alır.
- Mir Əlinin yanına gedirəm, ev-eşikdən muğayat ol!
Bu zahiri sevinclərin arxasında bir səhra kimi dayanan ümidsizlik onun
yaralı qəlbini gəmirir, sanki ona gülürlər, öz-özünü aldadan bu arvadın
ağlına şübhə edirlər. Sanki bir səs, bütün gücü ilə onun qulaqlarına qışqırır
ki: "Haraya gedirsən?" Quru çöldə Mir Əli nə gəzir, yorulmadınmı?"
Leyla daxili çırpıntılar içində özünü unudub dayanmışkən, poçtalyon
qapıdan bir zərf atıb ötdü.
Leyla quş kimi qapıya atıldı. Zərfi açıb, bərkdən oxudu:
"Hörmətli bacım, Ziba! Salamlar olsun. Tanımadığınız bir əsgərin sizə
kağız yazmağından təəccüblənməyin. Mən Mir Əlinin cəbhə yoldaşıyam.
Onun söhbətindən sizi tanımışam. Bu saat Tbilisidə 8 nömrəli xəstəxanada
yatıram. Sizə deməli vacib sözüm var. Mümkün etsəniz, buraya zəhmət
çəkmənizi xahiş edirəm. Ayaqdan salamat olsaydım bu zəhməti verməzdim.
Bacınıza və qohumlarınıza Mir Əlinin və mənim dilimdən salam! Mürsəl
Babayev".
81
Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı, ancaq ilk sətirdəcə səsini
və sürətini dayandırıb, düşüncəyə daldı. "Mürsəl kimdir? Ziba hara, o hara?
Mir Əlinin yoldaşı bəs Mir Əlidən niyə yaramasın?.."
Leyla Zibanın məktəbdən qayıtmasını gözləyə bilmədi. Qonşusu
Səriyyənin qızını çağırıb dalınca göndərdi:
- Zibaya deyinən bu saat evdə olsun! Deyinən vacib iş var, bacın səni
gözləyir.
Qız o yana getdi. Leyla məktubu başdan-ayağa ayaqdan-başa təkrar-
təkrar oxudu. Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı. Zənnini
bir yerə qərarlaşdıra bilmədi:
"Bəlkə məndən gizlədir, qızın əlaqəsi varmış! Yox, gizli əlaqə saxlayana
belə aşkar yazmazlar. Bəlkə bu adamın qıza meyli qonub, gözü düşüb,
görüşə çağırır. Yox, yaralının
belə şeylərlə uğraşmasına macalı hanı. Elə
vicdansız əsgər olarmı ki, bacı dediyi qıza əyri gözlə baxsın. Bəlkə bu
tamam ayrı Zibadır, kağızı səhv gətiriblər?.. Yox! Adres - filan yerli
yerindədir. Üstəlik Mir Əlinin də dostu...
Yaxşı, tutaq ki, bu yazılanların hamısı doğrudur, bu adam bizi Mir Əli
vasitəsilə cəbhədən tanıyır. Bəs elə isə nə üçün Zibaya müraciət etsin? Nə
üçün dost saydığı Mir Əlinin arvadına bir kəlmə xoş xəbər deməsin?! Buna
nə ad qoymaq olar?"
Yarım saat çəkmədi ki, Ziba kitablar qoltuğunda, təngnəfəs, pörtmüş,
qızarmış özünü evə saldı.
- Nə var, ay bacı, xeyir ola? Yeznəmdən xəbərin var?
Leyla onun sözünü kəsdi:
- Ay qız, sənin Mürsəl adlı tanışın varmı?
- Mürsəl?
- Mürsəl Babayev!
-Yox!
- Yaxşı fikirləş!
Ziba bacısının simasındakı ciddiyyəti görüb, fikrə getdi:
- Mürsəl, Mürsəl, biri var, bizim yeddinci sinifdə. Elə belə məktəbdən
tanıyıram.
- 7-ci sinif yox ey, əsgər!
- Mən Mürsəl adlı əsgər tanımıram.
- Babayev! Yaxşı fikirləş, tanımasan sənə kağız yazmaz. Bəlkə bir vaxt
olub, sonra yadından çıxıb?
82
Leyla bunu deyib, zərfi Zibaya verdi. Ziba bacısının son sözündən daha
da təsirlənib qızardı. Kağızı oxuyub dodağını büzdü:
- Bu adı birinci dəfədir eşidirəm. Mürsəl kimdir, zad kimdir? Bu necə
işdir?
Leyla kağızı onun əlindən aldı. Sanki xəlvət bir söz demək üçün içəri
otağa keçdi və Zibanı da çağırdı:
- Bura gəl, söz deyirəm.
Ziba bu işdən bir şey başa düşə bilmədiyindən və bacısının şübhəsindən
o qədər qüssələnmiş, tutulmuşdu ki, çırtıq vursan qanı çıxardı. Leyla isə
məktubun əsil mənasını anlamışdı. Ona görə də sanki əli hər şeydən üzülüb,
əlacsız qalmışdı.
İçəri otaqda ayaq üstə dura bilməyib, diz çökdü:
- Bacım, - dedi, - bu kağız yaxşı kağıza oxşamır. Bilmirəm fələk
başımda nə oyunlar oynayır. Evi, uşağı sənə tapşırıb gedirəm.
Leyla Zibanın səsindən və ahəngindən anladı ki, bacısı Mir Əlidən
nigarandır. Salamat adam haqqında belə danışmazlar. İllah da ki, dost ola!..
Leyla yarımca saatın içində, yasa batmış kimi, qapqara qaralmışdı. O,
aldığı məktuba belə məna verirdi:
"Kağız yazan Mir Əlinin yoldaşıdır. Yəqin, yaman bir xəbərlə gəlib,
məndən gizlədir. Zibanı çağırıb, ona demək istəyir..."
Leyla bu zənnini həqiqətə yaxın sayırdısa da ürəkdən inanmaq istəmirdi.
Düşüncələrinin belə dəhşətli bir ehtimalla nəticələndiyini görüb bütün
vücudu ilə alışıb-yanırdı. Çalışırdı düşünsün ki, bu düzəltmə məktubdur.
Çalışırdı inansın ki, bəzəmə xəbərdir. Yaxud da bu Ziba ayrı Zibadır. Mir
Əli ayrı Mir Əlidir...
İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən
salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı.
- Bacım, - dedi, gedirəm. Gedim, görüm, bəlkə bədbəxtin başında,
dilim-ağzım qurusun, bir iş var...
Bacılar qüssələrini bölüşdürəndə, balaca, iki yaşlı Tofiq də yuxudan
durmuş, dinməz-söyləməz səs gələn otağa keçmişdi. Pişik balası kimi qapı
ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxır, ahəngini
dəyişmiş, qəhərli səsinə qulaq asırdı.
- ...Bəlkə bədbəxtin başında bir iş var!..
Bu söz ağzından çıxar-çıxmaz Leylanın gözü Tofiqin gözlərinə sataşdı.
Özünü güclə saxladı, uşağın başını sığalladı.
83
* * *
Leyla xəstəxana xidmətçisinə deyəndə ki:
- Mürsəl Babayev!
Xidmətçi soruşdu:
- Qılçası kəsilənimi deyirsən?
Leyla duruxdu:
- Babayev Mürsəli zəhmət çək, çağır!
Xidmətçi öz qəbahətini anlamış kimi, heç bir söz demədən içəri getdi.
Beş deqiqə çəkmədi ki, qoltuq ağacı ilə yeriyən uzun, qalınsaç bir oğlan
palatadan çıxıb, qapıya göz gəzdirdi. Bir baş Leyla tərəfə yeridi:
- Bağışlayın, Babayevi axtaran sizsiniz?
- Bağışlayın, Mürsəl sizsiniz?
- Mənəm!!! Siz yəqin ki, Ziba xanımsınız!
- Bəli!
- Xoş gəlmişsiniz! - Bunu deyib Mürsəl gorüşmək üçün əlini Leylaya
tərəf uzatdı. Leyla da ona əl verdi.
Mürsəl Leylanı palatadan bağçaya baxan pəncərələrinə tərəf apardı.
Skamyalardan birini göstərdi.
- Buyurun, əyləşin, - dedi.
Leyla oturan kimi əlindəki sovqat bağlamasını yaralının qabağına
qoydu:
- Bağışlayın, - dedi, - xəstə yanına gəlməyə adam xəcalət çəkir.
Bir-iki dənə fətir gətirmişəm. Layiq olmasa da...
Mürsəl başını aşağı salmış halda:
- Var olun, - dedi, - burada bizə hər şey verirlər. Ehtiyacımız yoxdur,
zəhmət çəkməyin!
Deyəsən Mürsəl gəlinin uzaq yol gəldiyindən və sifətindəki iztirabdan
həyəcan çəkdiyini duymuşdu. Dərhal mətləbə keçdi:
- Ziba xanım, - dedi, - yəqin ki, məktubu almısınız. Mən onu qəsdən sizə
yazdım. - Mürsəl başını aşağı saldı. İri və uzunbarmaqlı əllərini bir-birinə
çataqladı, sanki əsəblərini ələ almaq üçün daha nəsə düşündü. Bir qədər
sükutdan sonra ifadəsinə başqa ahəng verdi: -Dünyada heç dostun, yaxşı
dostun olmasın! Bu bir dərd deyil! Dərd odur ki, beləsi ola! Ünsiyyət
bağlayasan, sonra da... Ziba xanım görürsünüz, sağ qıçımı itirmişəm. Bir
dəfə kəsiblər, bəlkə yenə kəsdilər.
84
Buna mən dözərəm, iş igid başına gələr. Amma Mir Əli, yox! O gündən
elə bilirəm bir tərəfimi çapıblar. Ziba xanım, Mir Əli ayrı oğlan idi. Onun
üçün biz nə qədər qəm çəksək, azdır. Sizdən xahişim budur ki, Leyla xanım
bilməsin. Mən onların məhəbbətinə bələdəm, qızı da, uşağı da bədbəxt
edərsiniz, bu sirri heç olmasa dava bitənə qədər saxlayın! Deyin ki, bir
xəbər yoxdur, qabaq xətdədir!..
Mürsəl bir tərəfdən Zibaya nəsihət, tapşırıq verir, o biri tərəfdən
cəbhədəki mənzərəni xatırına gətirirdi.
Hissələrimiz düşmən mövqelərinə lap yaxınlaşmışdı. Hücumda onu
dəstənin qabağında, "irəli" deyə qışqıranda gördüm, başından dəyən güllə
zireh papağını kənara atdı, yazıq üzü üstə düşdü. Mən pulemyotu idarə
edirdim, qoyub gedə bilmədim. Onlardan sonra biz yeridik. İki saat sonra
mən necə yaralanmışdımsa heç nədən xəbərim olmayıb, gözümü açıb
özümü sarğı məntəqəsində gördüm.
Mir Əli qəhrəman idi, qəhrəman kimi də vətən borcunu verdi. Bizim
vəzifəmiz isə onun intiqamını almaq, heç bir zaman onu unutmamaqdır!
Mürsəl sözünü tamamlamadan cibindən balaca dəsmala bükülü bir şey
çıxartdı:
- Buyurun, - dedi, - Ziba xanım, mərhumun saatıdır, sanitarlar mənə
verib, qəbz aldılar. Sən bunu əlbət ki, Leyladan gizlətməlisən! Sizə zəhmət
verməkdən qəsdim bu idi.
Mürsəl belə bir xəbərdən sonra Zibanın simasına nəzər saldı, birdən
oturduğu yerdən dik atıldı, qız çoxdan özündən gedib, huşsuz düşmüşdü.
Mürsəl bacıları səslədi, həkim istədi. Leylanı götürüb palataya apardılar.
Mürsəl isə dediyinə peşman oldu.
2
Mürsəl Mir Əlini od içində tərk etmişdi. Daha doğrusu tərk etməyə
məcbur olmuşdu. Ayılandan sonra sarğı məntəqəsinə hay salıb
soraqlaşmışdı. Belə bir yaralı tapılmadığından yoldaşının ölümünü yəqin
etmişdi. Ancaq Mir Əlinin vəziyyəti Mürsəl düşündüyü kimi yox, bir az
başqa cür idi. Həmin gün Mir Əli başından ağır yaralanandan sonra top
gülləsinin açdığı çalanın kənarında vücudunun yarısı torpaqda örtülü halda,
huşsuz düşüb qalmışdı. Sərin yay gecəsinin nəsimi onun əsəblərinə
toxunanda oyanmış, özünü meyitlər arasında görmüşdü.
85
"Çıxmayan cana ümid yoxdur" demişlər. İnsan, vücudundakı zəngin
həyat imkanlarını ancaq ağır xəstəlik məqamında duyur. Mir Əli gözlərini
açıb aydın fəzaya baxanda, güman etdi ki, axır nəfəsidir, hər şey bitmişdir.
Bu baxış yalnız sönmək üzrə olan həyat qığılcımının son parıltısıdır. Bunun
ardınca zülmət gələcək, ağırlaşan göz qapaqları əbədi bir qaranlıq
gətirəcəkdir... "Of! Həyat!"
Mir Əli vücuduna hərəkət vermiş, tükənməkdə olan taqətini diz
qapaqlarına toplayaraq, şərqə-səngərə tərəf yollanmışdı. Hər işıldayanı su
bilib yönəlmiş, ağaclar altında sərin torpaq arayıb, sinəsini sürtmüşdü...
Bir gün sonra sanitar əsgərlər Mir Əlini yarımcan meşədən tapıb
aparmışdılar. Ay yarım məntəqədən-məntəqəyə, xəstəxanadan-xəstxanaya
keçirilərək, getdikcə arxanın dərinliklərinə aparıldı. Son bölgü
məntəqəsində yarası uzun sürənlərin Novosibirsk şəhərinə göndəriləcəyini
bir şəfqət bacısından öyrəndi, həkimlərdən və xəstəxana müdirindən xahiş
edib, özünü vətəninə - Bakı xəstəxanalarına yollanan qatara saldı.
Eyni gündə, eyni saatda şimaldan cənuba gələn qatar Mir Əlini gətirdi:
cənubdan şimala gedən qatar isə Leylanı və Mürsəli gətirdi.
Can bir qəlblə olan bu üç adamın, bu üç əzizin bir-birindən xəbəri yox
idi. Müharibə, qəfildən qopan bir ruzigar kimi, onları ayırıb o qədər uzağa
atmışdı ki, heç biri o birisinin halını təsəvvür edə bilmir, sağlığına xatircəm
ola bilmirdi.
Uzun ayrılıqdan və təhlükələrdən sonra doğma yurduna, öz ailəsinin
yanına, Leylanın, Tofiqin yanına qayıdan Mir Əlinin halını mən yazmasam
da oxucu bilir.
Tbilisi şəhərində Mürsəli görəndən sonra Leylanın necə pərişan hala
düşdüyü, nə iztirab içində qayıtdığı da oxucuya məlumdur.
Mürsəl isə Leylanı belə vəziyyətdə tək buraxa bilməmişdi. Şikəst olsa
da, iki günlüyə icazə alıb, özü gətirmişdi.
Mürsəl tanış olduğu, müşayiət etdiyi qızı hələ də Ziba bilir, Ziba
çağırırdı. Ona görə də təsəlli verir, evdə, Leylanın yanında ah-zardan tamam
əl çəkməsini xahiş edirdi. Deyirdi, ancaq bunun mümkün olacağına özü də
inanmırdı. Yəqin etmişdi ki, fəlakətli xəbərdən bulud kimi tutulan bu
matəmli qız Mir Əlinin evinə sakitliklə girməyəcək, bəlkə də bütün
qüssələrini ifadə edən yanıqlı bir fəryadla yeddi qapı-qonşu başına
yığacaqdır.
86
Bu vəziyyəti gözü önünə gətirən Mürsəl heç evə, Leylanın yanına
getmək istəmirdi.
- Ziba bacı, - deyirdi, - mənim sizə getməyim yaxşı düşməz. Ürəyim
pisdir. Mərhumun uşağını görsəm, özümü saxlaya bilməyəcəyəm.
Gəlin, siz rüsxət verin, mən vağzaldan qayıdım, onsuz da...
Bu xahiş Leylanın qəlbinə dəydi:
- Mir Əlinin sizin kimi əziz dostu qapımızı açmaq istəmirsə, bundan
sonra yoluxub-yoxlayanımız kim olacaq?!
Mürsəlin deməyə sözü qalmadı.
Onlar vaqondan düşüb, evə yollananda səhər yenicə açılırdı. Şəhər
təzəcə yuxudan qalxır, günəş yenicə Xəzərdə çimib çıxır, fəzalar seyrinə
hazırlaşırdı.
Vağzalın kənar tərəfində dayanan səhiyyə maşınları vaqonlardan düşən
xəstələri qəbul edirdi. Mürsəl bu maşınlarda o qədər uzanaqlı qalmışdı ki,
onları görəndə gözü ağrıyırdı. O bilsəydi ki, əziz dostu və həlak olmuş
saydığı Mir Əli də bu xəstələrin içindədir, sevincindən qışqırıb, nə bilim, nə
deyərdi.
Səhiyyə maşınının yollanmasını gözləyən və şəhərə gələnlər içində,
demək olar ki, ən sevincəyi olan Mir Əli vaqonlardan düşüb tramvaylara
tələsən camaata baxırdı. Səki dolusu izdihamla yeriyənlər içində bəlkə də
onun tanışları, qohumları, ürəyinin bəndi - Leylası var idi. Mir Əli də bunu
görmədi, seçmədi. Ancaq Mir Əlinin qəlbi döyünürdü. Xəstəxanaya
tələsirdi. O, briqadirə yanaşıb, icazə istəmişdi. "Evimizə dəyməsəm, ailəmi
görməsəm, mən nə xəstəxanada yata bilərəm, nə də müalicə olunaram. İkicə
saat mənə vaxt!".
Briqadir də:
- "Get, - demişdi, - ancaq vaxtında qayıt!"
Maşın xəstəxana qabağında dayananda birinci çıxan başısarıqlı Mir Əli
oldu. Qolunda şinel, başı, yaxasıaçıq, elə sevincək və sürətlə evlərinə
yüyürürdü ki, deyirdin kişinin yağı daşır. Ev qapısına çatanda baş Mir
Əlinin, baş Leylanın! Bunun əlində şinel, onun əlində çamadan...
- Leyla!
- Mir Əli!
- Səsinə qurban!
Mir Əlinin səsi Leylanın çöhrəsini örtən qəm və matəm pərdəsini yırtdı.
87
Sevgililər qucaqlaşdılar. İçəridən, Zibanın, sonra da Tofiqin səsi eşidildi.
Uşağı tələsik oyatmışdılar. O, yalınqat köynəkdə balaca yumruğu ilə yuxulu
gözünü ovaraq qapıya qaçır və qışqırırdı:
- Atam gəldi!
Tofiq, o şirindil uşaq o gün qələbə bayrağı kimi əllərdən düşmədi,
başlarda gəzdi.
1943
Dostları ilə paylaş: |