Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri haqqında
Pedaqoji ünsiyyətin ümumi xarakteristikası. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyətin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazımi şəkildə istifadə etməsi zəruridir.
Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir. Ona görə də birinci növbədə həmin cəhətləri nəzərdən keçirək.
Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji ünsiyyətə də aiddir.
Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamın davranışını tənzim etmək, şəxsiyyətlərarası anlama. Tərəfmüqabilliyin xarakterinə və müəllimin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji ünsiyyətin növlərini müəyyənləşdirmək mümkündür. Adətən, şagirdlərlə və müəllimlərlə valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndirən rolunda, direktorla, dərs hissə müdiri ilə, metodistlə, inspektorla pedaqoji ünsiyyət zamanı isə qiymətləndirilən rolunda çıxış edir və buna müvafiq olaraq ünsiyyət vasitəsi də dəyişilir. Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunlara təşkiledici, qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.
Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilməsindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktik və tərbiyəvi vəzifələrini lazımi şəkildə həyata keçirmək mümkün deyildir.
Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bilər: fərdi-idraki (nə isə yeni bir şeyi öyrənmək, təlimat almaq), emosional (qiymətləndirmək, münasibəti bildirmək, təəssüratı bölüşmək). Pedaqoji ünsiyyət zamanı məqsəd sadəcə olaraq elə ünsiyyətə girişmək, ünsiyyət saxlamaqdan da ibarət ola bilər (məsələn, kiminləsə birgə olmaq, söhbət etmək). Bu cəhət şagirdlərin ünsiyyət fəaliyyətində özünü aydın şəkildə göstərir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər üçün müəllim və yoldaşları ilə ünsiyyət xatirinə ünsiyyətə girmək xarakterik haldır. Onlarda ünsiyyət kifayət dərəcədə seçici xarakter daşımır. Kiçik məktəblilər heç də həmişə ünsiyyətlərinin məqsədini dərk edə bilmirlər. Yuxarı siniflərə keçdikcə şagirdlərin ünsiyyətində seçicilik müşahidə olunmağa başlayır.
Pedaqoji ünsiyyətin məzmununa gəldikdə, bunu ünsiyyət prosesində müəllim və şagirdin bir-birilə informasiya mübadiləsi təşkil edir. Ünsiyyətin məzmunu təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə müəyyən edilir. Ünsiyyət vahid məqsədə yönəlmədən, vahid məqsəd güdmədən səmərəli nəticə verməyəcəkdir.
Pedaqoji ünsiyyətin səmərəliliyi onun motivlərindən də asılıdır. Motivin düzgünlüyü və dərk edilmiş xarakter daşıması pedaqoji ünsiyyətin gedişini şərtləndirir.
Pedaqoji ünsiyyət, şübhəsiz tətbiq olunan vasitələrin səmərəliliyindən də asılı olur. O vasitələr elə seçilməlidir ki, ünsiyyətin məqsədini həyata keçirməyə imkan verməklə yanaşı, qarşılıqlı münasibətin və təsirin səmərəliliyini təmin etsin, fikir mübadiləsinə və qarşılıqlı anlamaya şərait yaratsın.
Nəhayət, pedaqoji ünsiyyət müvafiq normalar çərçivəsində getməlidir. Müəyyən normaların gözlənilməməsi bir növ pedaqoji ünsiyyətin səmərəliliyini itirir və ünsiyyət istənilən nəticəni vermir.
Dostları ilə paylaş: |