1. Təhlükələrin yaranması imkanlarının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər. Mümkün təhlükələrin və hüquqazidd hərəkətlərin qabaqlanması müxtəlif üsul və tədbirlərin köməyi ilə həyata keçirilə bilər. Bura əməkdaşların informasiya təhlükəsizliyi probleminə məsuliyyətlə yanaşmasının təmin edilməsindən tutmuş, fiziki, aparat, proqram, kriptoqrafik və digər üsul və vasitələri özündə birləşdirən informasiya təhlükəsizliyi sisteminin yaradılmasınadək müxtəlif mexanizmlər aid edilir.
Bu məqsədlə təşkilatda təhlükəsizlik xidmətinin rolundan da istifadə oluna bilər. Belə ki, bu xidmətin əməkdaşları vəziyyətin qiymətləndirilməsi üçün öz informatorları vasitəsilə təşkilatda, rəqiblər və cinayətkar qruplar arasında təhlükəli hərəkətlərin mümkünlüyü öyrənilməli və zəruri tədbirlər görülməlidir. Bu zaman planlaşdırılan bütün hüquqazidd hərəkətlər, o cümlədən oğurluqlar, belə hərəkətlərə hazırlıq işləri və cinayətkar fəaliyyətin digər elementləri diqqətdən qaçırılmamalıdır.
Bu baxımdan təhlükəsizlik xidməti tərəfındən kriminal vəziyyətin, rəqiblərin və bədəməl şəxslərin fəaliyyətinin dərin təhlilinə əsaslanan informasiya analitik fəaliyyəti böyük əhəmiyyətə malikdir.
2. Təhlükələrin baş verməsi imkanlarının aşkar edilməsi tədbirləri. Real və potensial təhlükələrin baş verməsi imkanlarının sistematik təhlil edilməsi, nəzarətdə saxlanması və onların qarşısının vaxtında alınması üçün aşkaretmə tədbirləri həyata keçirilir.
Burada əsas məqsəd kriminal strukturlar və ya rəqiblər tərəfındən cinayətkar hərəkətlərin mümkün planlaşdırılması və hazırlanması haqqında məlumatların əldə olunması, toplanması və analitik emalı tədbirlərinin keçirilməsindən ibarətdir. Bu zaman əməkdaşların öyrənilməsinə xüsusi fıkir verilməli, narazı və təcrübəsiz işçilər daim nəzarətdə saxlanmalıdır.
3. Təhdidlərin və cinayətkar əməllərin müəyyən edilməsi tədbirləri. Real ziyan vura biləcək prinsipial və konkret təhdidlərin (məsələn, oğurluq, dələduzluq, məxfi informasiyanın yayılması, informasiyaya icazəsiz giriş və s. halların aşkarlanması), eləcə də onların mənbələrinin müəyyən edilməsi məqsədilə həyata keçirilən tədbirlərdir.