2
MÜHAZİRƏ 1
GİRİŞ. FƏNNİN PREDMETİ, VƏZİFƏLƏRİ VƏ HƏLL ETDİYİ
MƏSƏLƏLƏR, DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ
Dünyada əhalinin hazırki təbii artımı, ərzaq çatışmazlığı, ekologiyanın,
texnikanın inkişafı ilə əlaqədar korlanması və s. bütün bunlar yeni qida xammalı
mənbələrinin axtarılmasını tələb edir. Bu məqsədlə, daha çox bitki mənşəli emal
məhsullarından və tullantılardan istifadə edilərək çoxsaylı tədqiqatlar aparılmış və
indi də bu iş davam etməkdədir. Bununla belə, 2000-2002-ci illərin məlumatlarına
görə dünya əhalisinin az qala yarısı zülali məhsulların çatışmazlığı üzündən normal
qidalana bilmir. Bu səbəbdən də zülalla qidalanma problemi – bu günün və
gələcəyin vacib problemlərindən biridir.
İnsan orqanizminin qidalanmasının adekvat və tarazlaşdırılmış qidalanma
nəzəriyyələrinin müddəalarına uyğun olaraq təşkil edilməsi zərurəti də zülal
probleminin həllinin bir daha vacibliyini ön plana çəkir.
Problemin həlli, eyni zamanda həm də qida rasionlarında mikronutriyentlərin
(vitaminlər, mineral maddələr və s.) təminatı məsələlərinin hazırlanmasını tələb
edir.
Bütün bunlar kombinələşdirilmiş məhsullar istehsalının sürətlənməsini və
yeni-yeni zülal mənbələrinin axtarışının və onların tədqiqinin vacibliyini bir daha
təsdiq edir.
Yeyinti sənayesi müəssisələrində ərzaq məhsullarının istehsalı zamanı
tullantılar qalır. Yeni çeşidli ərzaq məhsullarının istehsalında və ərzaq
məhsullarının bioloji dəyərinin yüksəldilməsi üçün onların istifadəsi xüsusi maraq
doğurur. Yeyinti sənayesi tullantılarının tərkibində çoxsaylı tam dəyərli zülallar,
yağlar, asanlıqla mənimsənilən karbohidratlar, makro və mikroelementlər,
vitaminlər və başqa maddələr vardır. Tullantıların səmərəli istifadə edilməsi,
3
məsələn, şərab müəssisələrində bitki mənşəli xammalın emalı zamanı, onların
miqdarca 1/3 dəfə azaldılaraq, xammalın istifadəsi bilavasitə təzə halda və
saxlamaq üçün istifadə etmək imkanlarını da məhdudlaşdırır.
Azərbaycanda yeyinti müəssisələrinin tullantıları yeyinti məqsədilə hər yerdə
və çox vaxt səmərəli istifadə edilmir. Yalnız “Tovuz-Baltiya” MMC şərab
zavodunda hər il orta hesabla 150 min dl şirə emal edilir. Hesabatlar göstərir ki,
tullantıların yem üçün istifadəsi daha çox effekt verir. Şərab müəssisələrində isə
onların qida məqsədilə istifadəsi yüksək gəlir gətirə bilər.
Azərbaycan Respublikasında kənd təsərrüfatı xammalının və tullantılarının
hazırda sənayedə çoxalması, biznesin inkişafı, xaricdən yeni texnika və
texnologiyaların gətirilməsi, zülal problemləri ilə əlaqədar elmi-tədqiqat işlərinin
sürətlənməsinə təkan verməli, yeyinti qatqısı və xammalı kimi zülal
konsentratlarının alınması imkanlarını yaxşılaşdırmalıdır.
Bitki xammalından istifadə etməklə üzüm emalı xammalından qida zülalının
alınması texnologiyasının işlənib hazırlanması ilə əlaqədar bu dərslik məhz bu
məqsədlə yazılmışdır.
Süd sənayesinin formalaşması MDB məkanında və respublikamızda əsasən
keçmiş SSRİ sənayesinin tərkibində müxtəlif illərdə müxtəlif səviyyələrdə baş
vermişdir. Bütövlükdə 1990-cı ildən bəri bütün təsərrüfat sahələrində süd isethsalı
55,7 milyon ton təşkil etmişdir. Bununla belə, bazar iqtisadiyyatına keçid,
ölkəmizin müstəqillik əldə etdiyi son 10 ildə bu sahəyə də öz təsirini müxtəlif
səviyyələrdə göstərmişdir. Bu, ilk növbədə özəl sektorun tədricən formalaşması,
ictimai mülkiyyətə daxil olunan təsərrüfat sahələrinin tamamilə aradan çıxması ilə
əlaqədar olmuşdur. Bunun nəticəsi olaraq, sənaye emalı üçün daxil olan südün
miqdarı azalmışdır. Bütün bunların nəticəsi kimi təbii süd məhsulları istehsalı da
hesablamalara görə təxminən 26% azalmışdır. 2000-ci ildən isə istər MDB
məkanında, istərsə də Azərbaycanda bu azalma dayanmış, süd məhsullarının
istehsal həcmi tədricən artmağa doğru istiqamətlənmişdir. Bu da, ilk növbədə
4
ölkənin dövlət səviyyəsində təsərrüfat sahələrinə göstərdiyi və qəbul etdiyi
tədbirlər sayəsində mümkün olmuşdur.
Qeyd etmək lazımdır ki, respublikada süd məhsullarının istehlak normaları
hələ ki, qəbul edilmiş qidalanma normalarından 2 dəfə aşağıdır. Rusiya alimlərinin
apardığı hesablamalara görə Avropa ölkələrindən Danimarka, Finlandiya ilə
müqayisədə isə bu norma 4-5 dəfə aşağıdır. l-ci şəkildəki diaqramdan bunu aydın
müşahidə etmək olar. Eyni zamanda qeyd olunmalıdır ki, süd məhsullarının xüsusi
çəkisi əhalinin ümumi alış strukturunda tədricən artmağa başlamışdır. Əksər
ailələrdə qida rasionunun əsas hissəsini demək olar ki, süd məhsulları təşkil edir.
Son illər süd məhsulları bölməsində xaricdən gətirilən məhsulların miqdarca
təxminən 10% təşkil etməsi də bunu təsdiq edir. Ənənəvi məhsullar içərisində süd,
kefir, xama, kəsmik, qaymaq, kərə yağı istehsalı artıq günü-gündən artmaqdadır.
Artıq süd məhsullarının təkrar emalı istiqamətində də addımlar atılır, bu
istiqamətdə müəyyən işlər görülmüşdür. Süd zərdabı və digər bu kimi məhsulların
qida məqsədilə istifadəsi 1990-cı illə müqayisədə 56%-dən 73%-ə qədər
yüksəlmişdir. Müasir tələblərə uyğun qablaşdırılmış və etiketlənmiş süd
məhsullarının xüsusi çəkisi 1990-cı illə müqayisədə 1999-cu ildə orta hesabla %-lə
aşağıdakı kimi olmuşdur: