Hüquqi şüur insanların hüquq sisteminəmünasibətlərini ifadə edən təsəvvürlər, baxışları ifadə edir. Mənlik şüuru insanın özünə doğru yönələn, özünü qiymətləndirməyə yönələn şüurdur. Mənlik şüurunun formalaşması birdən birə baş vermir və özündə bir sıra mərhələləri ehtiva edir. İlk növbədə insan öz mövcudluğunu, başqaları ilə münasibətlərini dərk edir. Daha sonra hər bir şəxs sosiallaşma kanalından keçərək özünü hansısa qrupun üzvü və ya iştirakçısı kimi dərk edir. Son səviyyədə insan öz “mən”inin digərlərindən fərqini ayırd etməyə başlayır, onda özünü və digərlərini dəyərləndirmək xüsusiyyəti formalaşır. Nəhayət, hər bir şəxs başqalarından üstün və çatışmayan cəhətlərini dərk edir.
Şüurun strukturunda mənlik şüuru mühüm yer tutur. Qısa ifadə edilsə, mənlik şüuru insanın daxili güzgüsü kimi təsəvvür edilə bilər. Yəni, insan öz fəaliyyətini, əməllərini mənlik şüurunun süzgəcindən keçirməklə qiymətləndirir.
Mənlik şüuru çevikdir, dəyişkəndir. Mənlik şüurunun ali forması “mən” fenomenin təşəkkülüdür. Mənlik şüuru özünənəzarət və özünüdərketməni ehtiva edir.
Şüur beynin fəaliyyətinin məhsuludur və o beyində öz-özünə yaranmır, beyinə hiss üzvləri vasitəsilə daxil olan xarici təsirlərin nəticəsi olaraq təşəkkül tapır.
Şüurun təşəkkülü mexanizminin əsas elementi maddi mühitlə insan beyni arasındakı vasitəçilər olan hiss üzvləridir. Hiss üzvləri daxili və xarici olmaqla iki kateqoriyaya bölünürlər ki, bunlardan xarici hiss üzvləri (dad bilmə, görmə, eşitmə, toxunma) beyinlə xarici aləm arasındakı ilkin informasiya daşıyıcıları, şüurun ilkin əsasıdırlar. Daxili hisslər isə yalnız idrak prosesində təzahür edən, onun emosional sahəsi ilə, məntiq əməliyyatı ilə əlaqəli olan mənəvi-hissi təzahürlərdir.
İnsanın təbiətdə və cəmiyyətdəki qanunauyğunluqları dərk etməsi onun özünü dərketmə səviyyəsi ilə müəyyənləşir. İnsanın özünüdərketmə prosesi təbiət qanunları ilə yanaşı cəmiyyət qanunlarının da dərk edilməsini labüd edir. İnsan sosial mühitdə öz qabiliyyətini inkişaf etdirdikcə və sosial həyata daha sıx inteqrasiya olunduqca özünü daha yaxşı dərk edir. Sosial mühitə inteqrasiya edən hər bir şəxsdə mənlik şüuru formalaşır.
Mənlik şüuru insanın özünü qiymətləndirməyə, özünə nəzarət etməyə istiqamətləndirir. Bununla da hər bir şəxs tələbatının, mənafeyinin, fəaliyyətinin ümumi istiqamətini müəyyənləşdirə bilir.
Mənlik şüuru aktiv fenomendir, insanı əhatə edən reallığa, cəmiyyətə, insanlara münasibətini ifadə edir. Bu həm də sosial ierarxiyada insanın yerini bilməsini şərtləndirir.
Hər bir insanın arzusu sərhədsizdir. Buna adekvat olaraq insan daim axtarışda və səksəkədədir. Qarşıya qoyulan hədəflərə necə nail olmalı, ümumiyyətlə bu hədəflərə nail olmaq mümkündürmü? İnsan daim bu kimi sualların girdabındadır və axtarışdadır. Mənlik şüuru bir növ insanın yol göstərənidir və həmişə onu müşayiət edir. Təbiidir ki, müxtəlif insanlar müxtəlif mənlik şüuruna malik olurlar. Buna müvafiq olaraq da öz yollarını və hədəflərini müəyyənləşdirirlər.
Mövzu 10.
İdrak. Elmi idrak, onun forma və metodları