ELEMENTAR (elementary) – Təməl, ibtidai, başlanğıc, bir şeyin ancaq əsaslarına aid olan; ən vacib, ən lazımlı, əsas.
ELMİ KİNO (science film) – Kinematoqrafiya sahələrindən biri. 4 növü var: elmi-kütləvi kino, tədris kinosu, elmi-tədqiqat kinosu, elm-istehsalat kinosu. E.k. növlərinin özünəməxsus obyekti, funksiyası və ifadə vasitələri olur. Kinematoqrafiyası inkişaf etmiş bütün ölkələrdə E.k. müstəqil sahə təşkil edir. 1947-ci ildə Beynəlxalq Elmi Kino Assosiasiyası yaradılmışdır.
ELMİ-KÜTLƏVİ KİNO (popular-science film)– Elmi kino növlərindən biri; geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulur. Müxtəlif növ janrları əhatə edir. E.k.k. təbiət və humanitar elmlərin əsaslarını geniş kütlələrin başa düşəcəyi tərzdə şərh edir, onlara elmi dünyagörüşü aşılayır, elm və texnikanın nailiyyətlərini təbliğ edir, alimlərin həyat və yaradıcığılığı, elmi axtarışlar və kəşflər haqqında məlumat verir. E.k.k.-nun üç tipi var: elmi-kütləvi, elmi-publisistik və elmi-bədii. Bunlardan elmi-kütləvi filmlər daha geniş yayılmışdır.
ELM-İSTEHSALAT KİNOSU (scientific-industrial film) – Elmi kinonun bir növü; xalq təsərrüfatında yeni texnikanın tətbiqini və mütərəqqi iş üsullarını təbliğ edir. E.i.k.-na texniki-təbliğat filmi də deyilir. Elmi-kütləvi filmdən fərqli olaraq ixtisaslaşmış auditoriya (məs., sənaye, inşaat, nəqliyyat və kənd təsərrüfatı işçiləri) üçün nəzərdə tutulur. Filmlər, adətən, sənədli materiallar əsasında, elmi-publisistik oçerk janrında yaradılır.
EMBLEM (emblem) – Müəyyən anlayışı, yaxud ideyanı (fikri) ifadə edən şərti və ya simvolik təsvirdir. Məs., ağ göyərçin sülh E.-dir. Bakının E.-i lövhə üzərində üç alov şöləsi və iki dəniz dalğası təsvirlərindən ibarətdir.
EMOSİYA (emotion) – Həyəcanı, duyğunu danışmaq (göstərmək); gerçəkliyin əks etdirilməsi prosesində insanda yaranan ovqat.