"ANTİKOMMERŞL" TİPLİ ANTİREKLAM (anticommercial) – İnsanların sağlamlığı üçün təhlükəli olan malları (tütün məmulatı, alkoqollu içkilər və s.) tərifləyən reklama qarşı yönələn və ictimaiyyətin diqqətini cəlb edən cazibədar informasiya.
ANTİPATİYA (antipathy/aversion/dislike) – Hər hansı teleaparıcını, yaxud verilişi bəyənməmək; onu sevməmək.
ANTİTEZ (antithesis) – Nitqdə əlaqələnən, cəmləşən sözlərin bir-birinə antonimiya münasibətində olmasından ibarət üslubi fiqur. A.-in xüsusiyyəti belədir ki, bir-birinin əksini təşkil edən əlamətlər müxtəlif əşyalara aid olur, yəni müqayisə müvazi, paralel şəkildə aparılır, zidd, əks əlamətlər birlik yaratmır, bir-birinə qovuşmur.