STEREOKİNO (stereocinema) – Ekranda təsvir olunan obyektləri həcmli kimi qavramaq illüziyası yaratmağa imkan verən kinematoqraf növü. S.-nu çox vaxt həcmli və ya üçölçülü kino da adlandırırlar. Təbii şəraitdə insanın hər gözü həcmli cismi öz rakurs bucağı altında görür və bir gözün tor təbəqəsində əks olunan təsvir o biri gözdə əks olunan təsvirdən fərqli alınır. Film ayrı-ayrı iki nöqtədən çəkildiyi üçün S. vasitələri tamaşaçıya ekrandakı eyni obyekti hər gözlə ayrılıqda görməyə imkan verir. Bunun üçün film stereoskopiküsulla çəkilir və stereoskopik kinoproyeksiya aparatları ilə də nümayiş etdirilir.