V Məntiqi vurğu. Məntiqi vurğunun üsulları. Nitq fasiləsi ,nitqin melodikliyi, nitqin intonasiya qaydaları Cümlələri təşkil edən sözlərin hecaları vurğuya görə fərqli olduğu kimi, cümlələrin də müəyyən
bir sözü başqalarına nisbətən güclü deyilir. Həmin qüvvətli deyilən söz cümlənin mənaca fərqlənən,
danışanın məqsədini qabarıqlaşdıran fonetik vahid kimi çıxış edir. Bu cür söz və söz birləşmələrinin
digərlərinə nisbətən güclü deyilişi məntiqi vurğunun vasitəsilə olur. Hər cümlədə vurğulu bir söz
olur. Məntiqi vurğu hər dəfə yeni söz üzərinə düşəndə xüsusi məna çaları əmələ gətirir. Belə
vurğulu sözlər şüurlu olaraq, məntiqi mülahizələrə görə seçilir.
Məntiqi vurğu nitqdə məna dəqiqliyi,məqsədin anlaşılması deməkdir. Məs: Bakıda sentyabrda
havalar həmişə sakit keçir. Buradakı hər bir sözü məntiqi vurğu altında tələffüz etməklə cümlənin
müxtəlif kəlimələrini mənaca fərqləndirib, diqqəti ona cəlb etmək olar.
Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün bir sıra qaydalar vardır. Bu qaydalar
aşağıdakılardır:
1.
Müqayisə edilən sözlər vurğulu olur. Məs: Hündür pambıq tayası qar kimi ağarır. “Pambıq” sözü
məntiqi vurğu ilə deyilir.
2.
Qarşılaşdırılan zidd mənalı sözlər: “Polad sınar, əyilməz”. Bu cümlədə zidd mənaları ifadə edən
sözlər sınar-əyilməz məntiqi vurğu ilə tələffüz olunur.
3.
Həmcins üzvlü cümlələrdə həmcins üzvlərin hər biri ayrıca məntiqi vurğu qəbul edir: Meşələr,
dağlar, dərələr, dəniz təbiətə füsünkar gözəllik verir.
4.
Kəskin etiraz məqamında məntiqi vurğu etiraz bildirən sözün üzərinə düşür: “Yox, o ağıllı və
bacarıqlı qızdır”.
5.
Cümlədə emosionallıq ifadə edən sözlər vurğuludur: “Bakı bizim olacaqdır”.
6.
Tərzi-hərəkət zərfləri çox vaxt məntiqi vurğu altında deyilir. Məs: Dəniz ləpəsiz görünürdü.
7.
Sual cümlələrindəki sual əvəzlikləri və sual ədatlarının bitişdiyi sözlər vurğulu olur. Məs:
İstirahət üçün hansı məkanı seçmisən?
Ədəbi tələffüzün məntiqi vurğu ilə bağlı məsələləri çoxdur. Yazılı nitqdə məntiqi vurğulu sözü
göstərmək üçün bir sıra üsullardan istifadə olunur. Bu məqsədlə daha çox tətbiq olunan üsullar
bunlardır: mövqe üsulu, leksik üsul, qrafik üsul.