Bakı Avrasiya Universiteti


Azərbaycan investisiya cəlbediciliyini qoruyub saxlayır



Yüklə 120,61 Kb.
səhifə6/6
tarix18.06.2023
ölçüsü120,61 Kb.
#132146
1   2   3   4   5   6
Əli Zeynalov-Azərbaycanda investisiya problemləri

Azərbaycan investisiya cəlbediciliyini qoruyub saxlayır
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit və tarazlı tempini qorumaq üçün özəl sektorun inkişafı yolu ilə hər bir bölgənin tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, habelə milli sahibkarlığın inkişafına yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır. Ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində respublikaya xarici sərmayə qoyuluşlarını təmin edir.
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması ölkədə həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilmişdir. Yerli və xarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət başçısı İlham Əliyevin gerçəkləşdirdiyi məqsədyönlü strategiya nəticəsində respublikamızda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. "Azərbaycanda güclü biznes qurumları yaranır və mən də bunu çox alqışlayıram. Mən istəyirəm ki, ölkəmizdə bizneslə məşğul olan bir neçə güclü şirkət olsun. Onlar həm ölkəmizin iqtisadi potensialına öz töhfəsini versinlər, həm də dünya bazarlarına çıxsınlar, başqa ölkələrdə layihələrdə iştirak etsinlər. Əlbəttə ki, biz dövlət tərəfindən gələcəkdə də bunu təşviq edəcəyik" deyən cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli siyasətin nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında ön sıralardadır. 2008-ci ildə özəl sektorun ÜDM-dəki payının 84,5 faiz təşkil etməsi, neft sektoru üzrə 7, qeyri-neft sektoru üzrə isə 15,7 faiz artımın əldə olunması da ilk növbədə sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir. Xüsusi vurğulamaq lazımdır ki, 2003-cü ildə daxili investisiyaların payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 75 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyalar son beş ildə 6,2 dəfə artaraq 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faiz olmuşdur. 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard dollar investisiya qoyulmuşdur və bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir.
Hökumətin investisiya layihələrinə, o cümlədən infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət yetirməsi, bu sahədə əməli tədbirlərin həyata keçirilməsi, yeni yolların çəkilməsi, işıq, qaz, su və s. kommunal problemlərin həlli sahibkarların normal fəaliyyətinə geniş imkanlar açır. Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasında açıqlanan məlumatlardan bəlli olmuşdur ki, ötən il dövlət əsaslı vəsait qoyuluşunun ümumi məbləği 4,2 milyard manat təşkil etmişdir. Bu vəsaitin 60 faizə qədəri infrastruktur layihələrinə, 20 faizə qədəri isə sosialyönümlü layihələrə yatırılmışdır. Ümumiyyətlə, Azərbaycanda son illərdə infrastruktur sahələrinin inkişafına qoyulan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artmış, çoxlu sayda elektrik stansiyaları tikilmiş, qaz xətləri çəkilmiş, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülmüşdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı və s. sahələrin inkişafı özəl sektorun inkişafına dolayı dövlət dəstəyi kimi də dəyərləndirilə bilər. Ümumilikdə ölkənin hərtərəfli inkişafı üçün reallaşdırılan infrastruktur layihələrinin nəhəng transmilli layihələrlə paralel şəkildə həyata keçirilməsi qarşıya qoyulmuş məqsədlərin uğurla tamamlanmasında öz sözünü deyir.
Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla təsdiq olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "vahid pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artmış, 2008-ci ildən idxal-ixrac əməliyyatlarında da bu sistemin tətbiqinə başlanmışdır. Nəticədə fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 2003-cü ildəki 93 mindən 2008-ci ildə 200 minə çatmış, eləcə də sahibkarlara öz hesabatlarının, vergi bəyannamələrinin təqdim olunmasında, vergi ödənişlərində elektron xidmətlərdən istifadə etmək şəraiti yaradılmışdır. Ümumiyyətlə, son illərdə ixracın stimullaşdırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ və Norveçin "CSP", Avropa İttifaqının "CSP+" proqramlarına daxil edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına 27 Avropa ölkəsi, ABŞ və Norveç bazarlarına rüsumsuz və ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır.
Qlobal maliyyə böhranına baxmayaraq, respublikamız investisiya cəlbediciliyini bu gün də qoruyub saxlayır, xarici şirkətlər makroiqtisadi sabitliyin etibarlı şəkildə təmin olunduğu Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda problem görmürlər. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə "Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyətində yenidənqurma layihəsinin təqdimatının, habelə yeni sobanın təməlqoyma mərasiminin keçirilməsi Azərbaycanın investisiya cəlbediciliyinin əyani təcəssümü kimi yadda qalmışdır.
Müəssisənin səhmlərinin 69,4 faizi İsveçrənin "Holsim" şirkətinə, 10 faizi Azərbaycan İnvestisiya Şirkətinə, 10 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına, 10,6 faizi isə minə yaxın fiziki şəxsə məxsusdur. Son 10 ildə görülmüş modernləşdirmə işləri nəticəsində "Qaradağ Sement" Azərbaycanda yüksək keyfiyyətli, həm yerli, həm də beynəlxalq standartlara cavab verən məhsul və xidmətlər təklif edən müəssisəyə çevrilmişdir. Azərbaycanda klinker və sement istehsal edən ən böyük müəssisə olmaqla, daxili tələbatın əksər hissəsini ödəyir. Burada istehsal edilən sementdən irimiqyaslı tikinti işlərində istifadə olunur. Müəssisənin ildə 1,3 milyon ton sement istehsal etməsi inşaat sektorunun yerli materialla təminatında mühüm rolu oynayır.
Quru istehsal texnologiyası müasir dövrdə sement sənayesində ən qabaqcıl texnologiya hesab olunur. Yanacağa qənaətə və ətraf mühitə minimum təsirinə görə Avropa məkanında məhz bu texnologiyaya üstünlük verilir. Ümumi dəyəri təqribən 400 milyon dollar olan bu layihə Azərbaycanın qeyri-neft sektorunda ən böyük layihələrdən biridir. Müəssisədə yenidənqurma işləri 2011-ci ildə başa çatacaq, yeni sobada gündə 4 min ton klinker istehsal ediləcəkdir. Yenidənqurmadan sonra klinker istehsalı ildə 0,8 milyon tondan 1,2 milyon tona, sement istehsalı isə 1,3 milyon tondan 1,7 milyon tona çatdırılacaqdır. Bütövlükdə zavodun illik istehsal gücü təxminən 31 faiz artacaqdır.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, dəyəri 300 milyon avrodan artıq olan sement zavodunun təməlinin qoyulması ilk növbədə xarici investorların respublikamıza olan yüksək marağını nümayiş etdirir: "Bu əlamətdar hadisə onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edir, ölkəmizdə bütün sahələrdə iqtisadiyyat güclənir. Xüsusilə indiki böhran şəraitində, dünyanı iqtisadi və maliyyə böhranı bürüyüb, eyni zamanda, bu böhran artıq sənaye istehsalına da mənfi təsir etməyə başlamışdır. Belə bir şəraitdə Azərbaycanda xarici sərmayələrlə yeni, böyük, 300 milyon avrodan artıq dəyəri olan sement zavodunun təməlinin qoyulması çox böyük hadisədir. Bu, ilk növbədə onu göstərir ki, xüsusilə böhranlı durumda xarici investorların Azərbaycana marağı artıbdır. Eyni zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici investisiyaların cəlb edilməsi üçün əlavə tədbirlər görür. Azərbaycanda çox gözəl sərmayə mühiti vardır, xarici şirkətlərlə dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur və bu, daha da dərinləşir".
Son illər respublika iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan İnvestisiya Şirkətinin yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Dövlət başçısı çıxışında Azərbaycan İnvestisiya Şirkətinin yeni layihədə iştirakını yüksək dəyərləndirmiş, bunun uğurlu təcrübə olduğunu demişdir.
Dövlət başçısı mərasimdə daha sonra vurğulamışdır ki, xarici sərmayədarlar Azərbaycanın gələcək inkişafına, respublikanın iqtisadi perspektivinə böyük ümidlər bəsləyir: "Bu zavodun tikintisi eyni zamanda onu göstərir ki, Azərbaycanın gələcəyinə, iqtisadiyyatın inkişafına xarici investorlar tərəfindən böyük inam var. İndi Azərbaycanın bazarı daxili istehsalçılar tərəfindən böyük dərəcədə təmin edilir. Biz elə etməliyik ki, o cümlədən sement istehsalı da Azərbaycanın bütün tələbatını ödəyə bilsin. İndi biz idxaldan asılıyıq, amma bu zavodun tikintisi, digər zavodların tikintisi bu asılılığı azaldacaq və əminəm ki, vaxt gələcək, sement istehsalı Azərbaycanın bütün tələbatını təmin edəcəkdir".



Yüklə 120,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin