Fənnindən və tədris etdiyi mövzudan asılı olmayaraq, müəllimin əsas vəzifəsi həyatla üz-üzə durmağı bacaran müstəqil fikirli, bacarıqlı şəxslər formalaşdırmaqdır
Fənnindən və tədris etdiyi mövzudan asılı olmayaraq, müəllimin əsas vəzifəsi həyatla üz-üzə durmağı bacaran müstəqil fikirli, bacarıqlı şəxslər formalaşdırmaqdır.
Artıq neçə illərdir ki, yeni texnologiyalardan istifadə yolu ilə kurikulum proqramlarına uyğun olaraq dərsləri şagirdlərin müstəqil işi üzərində qururuq. Bu baxımdan mən V sinifdə Azərbaycan dili fənnindən “Frazeoloji birləşmələr” mövzusunun tədrisi təcrübəsini həmkarlarımla bölüşmək istərdim.
Qeyd etmək lazımdır ki, yeni düşüncəli şəxsiyyət formalaşdırmağın yolu vətənə dəyərli övlad olmaqdan keçir. Bu baxımdan keçilən mövzuların vətənpərvərlik ruhuna köklənməsi vacibdir. Vətənə məhəbbət, eyni zamanda ana dilinə məhəbbətdən qaynaqlanır. Ana dilinin zənginliyinə bələd olmaq, bu əvəzsiz xəzinənin incilərini heyranlıqla çözələmək, hər sözün yerini və mənasını dərindən bilmək nəticədə ana dilini sevməyə gətirib çıxarır. Tədrisi təcrübəsini sizinlə bölüşmək istədiyim frazeoloji birləşmələr də dilimizin zənginliyini, adi fikrin bədii çalar almasını, fikrin daha dəqiq və aydın ifadəsini əsaslandıran leksik vahidlərdir. Dilimizdə sıx-sıx işlənən “qulaq asmaq”, “fikrə getmək”, “başa düşmək”, “ yola düşmək” və s. frazeoloji birləşmələrlə yanaşı, yeniyetmə və gənclərin mənasına bələd olmadığı ifadələr də çoxdur. Məsələn, başına hava gəlmək (dəli olmaq, havalanmaq), öz arşınıyla ölçmək (başa düşdüyü kimi qiymətləndirmək), Araz aşığındandır, Kür topuğundan (dünya vecinə deyil, öz kefindədir), yetənə yetir, yetməyənə daş atır (hamıya sataşır), öz çulunu sudan çıxartmaq (işin öhdəsindən bir təhər gəlmək), ağzı açıla qalmaq (heyrətlənmək) və s.
Şagirdlər tərəfindən mövzunun müstəqil mənimsənilməsinin və tədqiqatın uğurlu aparılmasının açarı, demək olar ki, tapşırıqlar sisteminin yaradılmasındadır. Bunu əsas tutaraq mən şagirdlərə frazeoloji birləşmələrin məcazi mənalı birləşmə və əsasən fel tərkibli olduğunu izah edib, hər birinə (ev tapşırığı kimi) bir neçə bu cür birləşmə yazmalarını tapşırdım. Ev tapşırıqlarının nəticələrini təkrara yol vermədən bir sistem halına saldıq: