BDU-nun Filologiya fakültəsi - 100
33
MEHRİBAN ƏLİZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN DİLİNİN LEKSİK-SEMANTİK SİSTEMİNƏ KONSEPTUAL BAXIŞ
(İSMAYIL MƏMMƏDOVUN TƏDQİQATLARI ƏSASINDA)
Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Teymur oğlu Məmmədovun
elmi fəaliyyətini bir
neçə istiqamətdə nəzərdən keçirmək olar: leksikologiya və semasiologiya üzrə tədqiqatları, leksikoqrafiya
sahəsində gördüyü işlər, ümumi dilçilik məsələləri ilə bağlı araşdırmaları.
İsmayıl müəllimin elmi yaradıcılığının başlıca qolunu, əsasən, leksika məsələləri təşkil edir.
“Azərbaycan dilində qrammatik sinonimlik” mövzusunda namizədlik dissertasiyası
müdafiə edən
İ. Məmmədov sonralar da bu sahə üzrə araşdırmalarını davam etdirmiş, “Azərbaycan
dilində qrammatik
sinonimlik”, “Azərbaycan dili semasiologiyasına giriş”, “Azərbaycan dilinin semantikası” kimi dəyərli
əsərlər yaratmışdır. İsmayıl müəllim “Azərbaycan dilinin semantikası” adlı fundamental monoqrafiyası ilə
semasiologiya sahəsində sanballı
alim sözünü deyə bilmiş, yüksək akademizmi ilə seçilən əsərdə leksik
mənanın
mahiyyəti, linqvistik semantika, kontekstlə leksem arasındakı
münasibətlər, leksik-semantik
sistemdəki hadisələrin idarə olunmasında və
təzahüründə dil-nitq əlaqələri, dil işarələrinin virtuallığı və
aktuallığı kimi mühüm məsələlərin nəzəri-konseptual şərhini vermişdir.
“Azərbaycan dilində sinonimlər lüğəti” və “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nin hazırlanması
İ.Məmmədovun məhsuldar elmi fəaliyyətinin digər istiqamətini təşkil edir, onu istedadlı
leksikoqraf kimi
tanıdır.
İsmayıl Məmmədov həm də AMEA-nın Dilçilik İnstitutunun çapdan çıxardığı 3 cildlik “Müasir
Azərbaycan dili” əsərinin və Bakı Slavyan Universitetinin nəşr etdiyi “Azərbaycanşünaslığa giriş” kitabının
əsas müəlliflərindən biridir. Dilçilik elminin korifeyi, semiologiya və strukturalizmin
banisi Ferdinand de
Sössürün “Ümumi dilçilik kursu” əsərinin dilimizə tərcüməsi və Azərbaycan oxucusuna təqdimi də
İ.Məmmədovun dəyərli işlərindəndir. Ümumilikdə, İsmayıl müəllim 9 monoqrafiya və dərs vəsaiti, 2 lüğət,
bir neçə metodik göstəriş və fənn proqramı, 100-dən artıq elmi məqalənin müəllifidir. O, Moskva, Alma-Ata,
Kayseri, Ankarada elmi konfranslarda məruzələrlə çıxış etmiş, Azərbaycan dilçilik
məktəbini layiqincə
təmsil etmişdir.
İ.Məmmədovun zəngin yaradıcılığı ilə bərabər orijinal şəxsiyyəti ilə də həmişə diqqət mərkəzindədir.
İsmayıl müəllimin özünəməxsusluğu ondadır ki, o həm müdrik ağsaqqal, həm də çox müasir təfəkkürə sahib
bir insandır. Ən yeni elmi tədqiqatlar, müasir nəzəriyyə və istiqamətlər haqqında məlumatlılığı, uzun illərin
təcrübəsi ilə kreativ düşüncənin sintezi onu daim maraqlı müsahib, etibarlı məsləhətçi edir. İnanırıq ki, hələ
uzun illər İ.Məmmədov yeni-yeni əsərləri ilə bizi sevindirəcək, Azərbaycan dilçiliyinə yeni töhfələr verəcək.
Dostları ilə paylaş: