Açar sözlər: Tağı Şahbazi, filologiya, BDU, yüz illik, ilk rektor. JALƏ VƏLİ AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
ELMAN ARASLININ HƏYATI VƏ FƏALİYYƏTİ HAQQINDA BİR NEÇƏ SÖZ Elman Həmid oğlu Araslı 1934-cü ildə tanınmış ziyalı, ədəbiyyatşünas, tənqidçi, akademik Həmid
Araslının ailəsində doğulmuşdur. Bu ailənin Azərbaycanın çoxəsrlik tarixi ilə dərin əlaqələri var idi.
Babası Məmmədağa Araslı Azərbaycanın aparıcı mərkəzi olan Gəncə şəhərinin savadlı din xadimlərindən
olmuşdur.
Keçən əsrin ortalarında təbiətin qoynunda dost yığıncaqları keçirmək adət halı almışdı. Elman
Araslının valideynləri bu cür tədbirlərin hazırlanmasında aktiv iştirak edirdilər. Onun uşaqlığı Bakı ədəbi
mühitində mərhum atasının dostları Məmməd Rahim, Səməd Vurğun, Mehdi Hüseyn, Mir Calal Paşayev,
Süleyman Rüstəm, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan və başqalarının ətrafında keçmişdir.
1956-cı ildə o, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsini
bitirir. Taleyini müəyyənləşdirən bu hadisə ailə ənənəsini davam etdirməyin göstəricisi olmalı idi. Amma
həyat onu doğma Bakı mühitindən, ailəsindən, dostlardan uzaqlaşdıraraq Moskva şəhərinə aparır. Burada o,
Sovet İttifaqının Şərq Araşdırmalarının əsas mərkəzi olan SSRİ-nin Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda aspiranturada oxuyur. “Corci Zeydan və ərəb ədəbiyyatında tarixi roman janrı” adlı
dissertasiyası üzərində işləyir. Bu zaman o, çoxsaylı ərəbdilli, rusdilli mənbələrdən geniş şəkildə istifadə
edir. Bundan başqa, Elman Araslı qərb alimlərinin bir sıra tədqiqatlarını araşdıraraq onlardan bəhrələnir.
Dövrün filologiya elminin ən tanınmış biliciləri Q.Şerbatov, Y.Ansis və başqaları onun müəllimləri
olmuşdur.
1962-ci ildə Qahirədə baş tutan ilk uzunmüddətli məzuniyyətdən Elman Araslının yarım əsr davam
edən məsuliyyətli, çətin diplomatik fəaliyyəti başlayır. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir,
SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk
dəfə olaraq diplomatik fəaliyyətə başlayır.
65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu
qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi”
fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet
Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini icra edir. Bundan əlavə, Elman Araslı Azərbaycanın
Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edir, İslam Əməkdaşlıq Təşkilatında daimi
nümayəndə olur. Filologiya fakültəsinin məşhur məzunu doğma Universitetini ən yüksək səviyyədə təmsil
edir.