Mövzu: Abbasqulu ağa Bakıxanovun Gülüstani-İrəm əsrində Azərbaycan tarixi məsələləri.
BAKI 2023 Gülüstani-İrəm — Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani - İrəm» əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu mənbələr içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn Hövqəl, İbnələsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.
Abbasqulu Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini rus dilinə də tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunmuşdur.
Görkəmli mütəfəkkir A.A.Bakıxanov tarix sahəsində xüsusi dərin təhsil almadığı halda şəxsi mütaliəsi əsasında əldə etdiyi biliklərə istinad edərək öz tarixi baxışlarını belə ifadə edir: “Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir.... Tarix hökmsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar.... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düsturül-əməldirvə elmə əsaslanan bir əməl möhkəm və payıdarolar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq, yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır. Çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxətlif xalqlarla saxlanılan əlaqənin xeyir və zərərini ona məlum edər” . A.A.Bakıxanov “Gülüstani – İrəm” əsərinin yazılması ilə əlaqədar bildirir: “Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə... müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım” . Müəllif əvvəlcədən əsərdə nöqsanlara yol verilmiş ola biləcəyini nəzərə alıb yazır ki, “oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həmlə edib, onun islah və təkmilinə çalışarlar....” .
“ Əxbar kitabları və asari – ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif tayfaların gediş – gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarixi kitabları da, bu məsələləri layiqlə izah etmir” .
A.Bakıxanov hadisələri tədqiq etmək üçün öz elmi metodunu belə anladır: “.... bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib, dağınıq məsələləri bir – birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricən diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr və asari – ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və başqaları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişarələrəistinad və əqli ehtimallara müraciət etdim”
A. Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə tarixşünaslığımızda ilk dəfə Azərbaycan ölkəsinin tarixini bütöv tam şəkildə yazmağa təşəbbüs etmişdir. O, yazdığı kitabı bir müqəddimə, beş fəsil və bir nəticəyə böldüyünü qeyd edir. Müəllif əsəri polyak şairi T.LadoZablotski ilə birlikdə rus dilinə tərcümə etmiş və tərcümənin əlyazmasını I Nikolaya təqdim etmişdir.Çar I Nikolay əsəri yüksək qiymətləndirib Abbasqulu ağaya brilyant üzük bağışlayır və ona əlavə 800 rubl gümüş pul verilməsini əmr edir. Rusiya imperiyasının o zamankı Elmlər Akademiyasına onun əsərinin müzakirəsinin təşkil edilməsi sərəncamını verir. XIX əsrin böyük akademiklərindən M. Brosse və V. Dorn tədqiqat əsərini yüksək qiymətləndirmiş və bildirmişlər ki, əsərdə ən qədim zamanlardan başlayaraq yeni dövrədək Şirvan və Dağıstanın icmalı verilir ki, biz onu Qafqaz ölkəsi torpaqları təsvirinin olduqca faydalı və mühüm əlavəsi hesab edirik”. Lakin kitabın Rusiyaya nə xeyir, nə də ziyan gətirəcəyini düşünən Qafqaz canişini Vorontsov kitabın xəzinə hesabına çapının qarşısını alır və kitab çap olunmur. A. Bakıxanovun ölümündən sonra əsərdən ayrı-ayrı hissələr “Qafqaz” və “Kaspi” qəzetlərində dərc edilmişdir.
A. Bakıxanov "Gülüstani-İrəm" əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tasit Kornelli, Plutarx, Movses Xorenli, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xondəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.
A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur.
«Gülüstani-İrəm»in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən məhbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm »in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.
«Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müqaviləsi»nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddəmə, beş fəsil və nəticədən ibarətdir.
Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.
Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.
“Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:
İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.
Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.
Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.
Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.
Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.
Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-güzidə”, “Nizamüt-təvarix”, “Kitabi-məsalikül-məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir.
Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.
Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində məşhur Azərbaycan coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin “Riyazüs-səyahət” əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir.
Üçüncü fəsil Hülakülərin və Teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır.
Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nadir şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.
“Fütuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “Böyük Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran” döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır.
“Gülüstani-İrəm”in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. Əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir.
Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.