Bağlılıq Fenomeni Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur.
Yeniyetməlik obrazlı ifadə etsək qafiyə və rədif anlayışı olmayan şəxsin heca vəznində şeir yazdığına dair inadkar iddiasını xatırladan yaş dövrüdür. Bu dövr uşaqlıq müşahidələri və uşaqlıqda öyrənilənlərin tədbiqinə can atan bir insanla üz-üzə qalırıq. Con Boulbinin “Bağlılıq nəzəriyyəsi” uşağa dünyanın güvənli və ya əksinə qorxulu yer olduğunu öyrədir. Ananın övlada toxunuşu, onun ehtiyac və tələbatlarını ödəməyinə yönəlik addımları uşağa güvəndə olduğu mesajını verdiyi halda, uşağın tələbatlarının vaxtı-vaxtında ödənilməməsi uşaqda dünyanı etibarsız, təhlükəli bir məkan kimi qavranılmasına səbəb olur.
Psixi inkişafın dövrləşməsində Leontiyevin aparıcı fəaliyyət prinsipi
Psixi inkişafın dövrləşməsi problemini araşdırmaq üçün yaş psixologiyasına A.N.Leontiyev tərəfindən gətirilən – aparıcı fəaliyyət prinsipinin mahiyyətini açıqlamaq lazımdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, psixi inkişafın hər bir yaş dövrünə müəyyən fəaliyyət növü xarakterikdir. Məs, məktəbə qədər yaş dövrü üçün – oyun, kiçik məktəblidə - təlim, yeniyetmələrdə - məntiqi idrak və s.
Aparıcı fəaliyyət uşaq şəxsiyyətinin bütün əlamətlərinin və idrak imkanlarının konkret yaş dövrü üçün xarakterik inkişafını və formalaşmasını təmin edir.
Hər hansı bir yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət içərisində növbəti yaş dövrü üçün xarakterik olan aparıcı fəaliyyət növü formalaşır. Leontiyevin fikrincə aparıcı fəaliyyət müəyyən inkişaf dövrlərində psixi prosesi və şəxsiyyətin psixoloji xüsusiyyətinin başlıca dəyişikliklərini şərtləndirir.
Aparıcı fəaliyyətinin 3 əsas əlamətini vardır:
1. Aparıcı fəaliyyətin içində başqa aparıcı fəaliyyət növü diferensasiya olunur.
2. Aparıcı fəaliyyətdə psixi proseslər yenidən qurulur, yaxud formalaşır.
3. Hər hansı bir yaş dövründə müşahidə olunan şəxsiyyətin psixi dəyişikliyi məhz aparıcı fəaliyyətdən asılıdır.
Leontiyevin bu ideyasında bütün psixi tərəflər qəbul olunur. Müəllif qeyd etmişdir ki, aparıcı fəaliyyət prosesində inkişafın hər mərhələsində uşağın ətraf aləmə yeni münasibətləri əmələ gəlir.
Yeni tipli biliklər və onları əldə etmək imkanları əmələ gəlir. Bütün bunlar uşağın inkişaf sferasını və şəxsiyyətin strukturunu dəyişdirir. Həmin yaş dövrü üçün xarakterik olan psixi törəmənin yaranmasına gətirib çıxarır.
Leontiyev psixi inkişafı aşağıdakı yaş dövrlərinə ayırırdı:
1. Körpəlik yaşı - aparıcı fəliyyət yaşlılarla bilavasitə emosional ünsiyyətdir
2. Erkən uşaqlıq – aparıcı fəaliyyət əşyavi manipulyativ fəaliyyətidir
3. Məktəbə qədər yaş – aparıcı fəaliyyət oyun fəaliyyətidir
4. Kiçik məktəbli yaşı – aparıcı fəaliyyət təlimdir.
5. Yeniyetməlik yaşı – ictimai faydalı fəaliyyət və həmyaşıdları ilə ünsiyyət.
6. Böyük məktəb yaşı – peşə təlimi fəaliyyəti.