BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2010
QEYRİ-ŞÜURİNİN FƏLSƏFİ MAHİYYƏTİ
FREYDİZM KONTEKSTİNDƏ
K.N.QƏHRƏMANOVA
Bakı Dövlət Universiteti
imanov gamid@gmail.com
Psixika insan varlığına məxsus olan ən mürəkkəb və ziddiyyətli fenomendir. Uzun
əsrlər boyu bu ziddiyyətli fenomenin mahiyyətinə nüfuz etmək, onun müəmmalarını öyrənmək
mümkün olmamışdır. İyirminci yüzillikdə bu boşluğu insan psixikasının öyrənilməsi üçün
psixoanaliz metoduna başlanğıc vermiş Avstriya alimi Z.Freyd doldurmuşdur. Freyd insan
psixikasının ayrılmaz hissəsini təşkil edən qeyri-şüuri proseslərin elmi mənzərəsini yaratmış,
bu fenomenin bir sıra təzahürlərini öyrənməyə çalışmışdır.
Məqalədə qeyri-şüurinin fəlsəfi mahiyyətindən, onun strukturundan, şüuri ilə
əlaqəsindən və insan həyatı üçün kəsb etdiyi əhəmiyyətindən söhbət açılır və oxucuya belə bir
fikir təlqin edilir ki, insanın heç də bütün hərəkətləri şüur aktları ilə tənzimlənmir.
İnsan varlığının bioloji və psixi tərəflərinin vəhdətini əks etdirən fəlsəfi
antropologiyada bilavasitə insan problemi ilə bağlı olub, mühüm fəlsəfi və təbii-elmi
əhəmiyyət kəsb etməklə elmi təfəkkürün inkişafını istiqamətləndirən aktual məsələ-
lərdən biri insan psixikasında şüuri və qeyri-şüurinin nisbəti problemidir. Fəlsəfi
antropologiyada qeyri-şüuriyə marağın gündən-günə artması təsadüfi olmayıb, belə
bir amillə bağlıdır ki, yaşadığımız günlərdə özünüdərkin getdikcə artması və idraki
qanunauyğunluqların şüurlu idarə olunması problemi əhəmiyyətli dərəcədə şüurdan
gizli qalan, lakin ona güclü təsir qabiliyyətinə malik psixoloji fenomenlərə söykənir.
Bu halda söhbət insan psixikasında özünə geniş yer almış qeyri-şüuri proseslərdən
gedir. Əslində, qeyri-şüuri fenomenə durmadan artan maraq müasir cəmiyyətin,
sosial-psixi proseslərin, ictimai praktikanın mürəkkəbləşməsini ifadə edən obyektiv
tələbatı ifadə edir (1, 405-427). Qeyri-şüuri mühəndis psixologiyasının, kiberneti-
kanın, neyrofiziologiyanın, linqvistikanın, sənətşünaslığın, pedaqogikanın, psixologi-
yanın, fəlsəfənin və insan haqqında digər elmlərin tədqiqat obyektidir. Hələ kifayət
qədər dərindən öyrənilməmiş, özündə cavablandırılması vacib olan bir sıra sualları
yaşadan mövzuya belə çoxplanlı marağın yaranması istər-istəməz qeyri-şüurinin
təsvirində terminoloji və məzmunlu rəngarənglik doğurur. Belə ki, qeyri-şüuri sahəyə
pataloji halları, yuxu görməni, intuitiv idrakı, avtomatizm səviyyəsinə gətirilmiş və
adət edilmiş hərəkətləri də aid edirlər. Digər halda qeyri-şüuri neqativ planda xarak-
terizə olunur: şüura aid olmayan, şüurla tənzimlənməyən, şüurun nəzarətindən kə-
narda qalaraq psixi və ya fizioloji hadisələr kimi funksiallaşan, meydana gəlməsi və
cərəyan etməsi qeyri-ixtiyari səciyyə daşıyan hər cür mənəvi proseslər də bu sferaya
aid edilir.
Məlumdur ki, fəlsəfədə uzun müddət mövcud olmuş rasionalizm ənənələrinə
125
görə insana və onun davranış motivlərinə yalnız şüurlu həyatın təzahürü kimi
baxılmış və bu kontekstdə insan ancaq "zəkalı insan" səviyyəsində başa düşülmüşdür.
Lakin Yeni dövr fəlsəfəsindən başlayaraq (XVI-XVII əsrlər) fəlsəfi antropologiyada
qeyri-şüuri də elmi status qazanaraq elmi tədqiqatlar spektrində üstün mövqe tutmağa
başlamışdır. Bu baxımdan qeyri-şüuri anlayışının izahına cəhdin fəlsəfi təfəkkürdə öz
başlanğıcı olmuşdur (8, 72-175).
Platona görə qeyri-şüuri yeni, naməlum hadisə haqqında "gizli bilikdir".
C.Lokk və R.Dekarta görə isə qeyri-şüuri şüura və biliyə bərabər, lakin psixikaya əks
olan mənəvi hadisədir. Leybnits və Kant qeyri-şüurinin tədqiqində problemin ontoloji
və qnoseoloji aspektlərini fərqləndirmişlər. Leybnits qeyri-şüurinin tədqiqində psixi
proseslərlə şüurun müxtəlif təzahürlərinin əlaqəsinin arasıkəsilməzliyi prinsipindən
çıxış etmişdir. O, qeyri-şüurinin timsalında şüurun yaranmasına başlanğıc verən psixi
əsası görmüş və bu prosesləri yatmış və ya sönmüş məlumatlar ("Petioto perseption"),
qaranlıq ruhun informasiyaları adlandırmışdır. Kant qeyri-şüurinin rasional idrak
səviyyəsində dərk olunması məsələsini irəli sürsə də, qaldırdığı sualı mənfi cavablan-
dırmışdır (3, 306). Kantın inamına görə qeyri-şüuri rasional idrak vasitəsilə dərk
oluna bilməz. Kanta görə, qeyri-şüuri – biliyin, təcrübənin şüurlu məzmunundan əv-
vəl baş verən aprior sintezidir. Qeyri-şüuri haqqında təsəvvürlərin sistemləşdirilməsi-
nə ilk təşəbbüs Hartman tərəfindən göstərilmişdir, lakin o, Leybnitsin bu sahədəki
tədqiqatlarının rasional toxumunu Kantın mülahizələri ilə əlaqələndirməyi bacarma-
mışdır. Kantın mülahizələrinə söykənmək əsasında Hartman qeyri-şüurini varlığın
metafizik mahiyyəti dərəcəsinə qaldıraraq insan şüuru ilə qeyri-şüuri arasında keçil-
məz sərhəd yaratmışdır. Qeyri-şüuri haqqında Şopenhauerin də baxışları müəyyən
maraq kəsb edir. Şüuri və qeyri-şüurinin vəhdəti haqqında Leybnits ideyasına əsasla-
nan Şopenhauer bu vəhdətin əsasını dünyanın ilahi-metafizik mahiyyətində deyil,
təbii həyatın başlanğıcında, təbiətin özündə axtarmışdır. Qeyri-şüuriyə münasibətdə
öz sələflərindən daha irəliyə gedən və onun fəaliyyətinə geniş meydan açan Şopenhaurə
görə qeyri-şüuri universal səciyyə daşıyaraq hər şeyi, o cümlədən, şüurun özünü də
müəyyən etməklə istər bitki, istər heyvan, istərsə də insan həyatında eyni miqyasda
təzahür edir.
Təbii-elmi qanunauyğunluqların fəlsəfi şərhini verməyə çalışan sonrakı təd-
qiqatçılar da öz şəxsi təcrübələrində şüura üstünlük verməklə onun formalaşmasında
qeyri-şüurinin də az rol oynamaması qənaəti ilə bir sıra anlayışlar (2, 512-518), o
cümlədən "qeyri-şüuri duyğu" (Fexner, Seçenov), "qeyri-şüuri əqli nəticə" (Helm-
holts, Vundt, Seçenov), "qeyri-şüuri emosiyalar" (Darvin), "qeyri-şüurinin psixi xa-
rakteristikasını və şüurla ayrılmaz əlaqəsini" aydınlaşdırmağa çalışmışlar. Aparılmış
tədqiqatlar göstərir ki, psixika anlayışı öz bazasına və idraki tutumuna görə şüur
anlayışından qat-qat genişdir. Şüurla müqayisədə xeyli geniş və daha zəngin çalarlara
malik olan insan psixikası emosional və idraki hisslərdən, aydın dərk olunmuş
məntiqi təfəkkür formalarından tutmuş qeyri-şüuri və ya yarımşüuri hallaradək ən
müxtəlif fenomen və prosesləri ehtiva edir. Şüuru özünün mərkəzində yerləşdirən,
onu özünün altsisteminə və ya elementinə çevirən psixi fəaliyyətin elə formaları
vardır ki, onlar şüur səviyyəsinə yüksələ bilməyib, onun alt qatlarında məskunlaşaraq
şüura qədərki və ya şüuraltı formada mövcud olurlar. İnsan şüurunda təmsil olunma-
yıb, zəka sahəsindən kənarda qalan və buna görə də insan tərəfindən bilavasitə nəza-
rət oluna bilməyən psixi hadisələrin, halların, fəaliyyət növlərinin məcmusu qeyri-şü-
uri anlayışı ilə təsbit olunur.
126
İnsanın psixi fəaliyyət zonasında yerləşən aydın şüur sahəsi o qədər də geniş
deyil. Dərk olunmuş və məntiq qanunları əsasında qərarlaşmış duyğular, qavrayışlar,
təsəvvürlər, anlayışlar, mühakimələr, əqli nəticələr, ideyalar, prinsiplər və s. rasional
idrak elementləri bu zonada məskunlaşmışdır (6, 8-22). Psixikanın strukturunda bu
zonadan sonra minimal şüur, daha sonra isə dərk olunmamış, məntiqdən məhrum
mənəvi proseslər gəlir. Bu sonuncular isə bəzən instinktlər, maraqlar, həvəslər,
ehtiraslar, şəhvətlər, meyllər, bəzən qavrayışlar, təsəvvürlər, təfəkkür elementləri ki-
mi, bəzən somnambulizm (yuxulu-yuxulu gəzişmə), intuitsiya, yaradıcılıq motivləri,
bəzən də yuxugörmə, ağlın başdan çıxması affekt, stress halları kimi çıxış edir. Qeyri-
şüuriyə həmçinin təqlid etmə, orqanizmin daxili təkanlarının törətdiyi yeni ideyaların
qəflətən aydınlaşması ilə müşayiət olunan yaradıcılıq ruhlanması, şüurlu cəhdlərə
müyəssər olmayan mürəkkəb məsələlərin birdən-birə, həm də şüurun xüsusi gər-
ginliyi olmadan həll edilməsi, unudulmuş hadisələrin qeyri-ixtiyari xatırlanması və s.
fenomenlər də daxildir. Qeyri-şüuri qeyri-real və ya mistik hadisə olmayıb, mənəvi
həyatımızın obyektiv reallığıdır. Fizioloji baxımdan o sanki şüurun qoruyucusu
funksiyasını yerinə yetirərək ehtiyac olmayan hallarda şüurlu fəaliyyətin beyində
yaratdığı gərginliyi xeyli azaldır. Əgər insan zəkası fasiləsiz olaraq hər bir psixi akta,
fərdin hər bir hərəkət və fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirmiş olsaydı, o öz
üzərinə həddən ziyada ağır yük götürmüş olardı. Əgər insan fəaliyyətinin hər bir
elementi ondan öz dərkini tələb etsəydi, o halda insan şəxsi fəaliyyətinin nəticələri
haqqında nə dərindən düşünməyə, nə ağıllı hərəkət etməyə, nə də rasional qərar
verməyə imkan tapardı. Bəs, onda görəsən qeyri-şüuru nədir və şüurun dinamik
hallarının dəyişməsi və bir-birini əvəzləməsi hadisəsi necə baş verir? İnsan öz mənəvi
həyatında ruhi zülmətdən həyatın qeyri-adi qavranılmasına necə keçir? Bütün bu
sualların aydınlaşdırılması məşhur Avstriya həkimi, filosofu və psixoloqu Z.Freydin
adı ilə bağlıdır (9, 10).
Z.Freyd qeyri-şüurunun tədqiqi üçün xüsusi üsul – psixoanalizm metodunu
yaratmışdır. Bu metod qeyri-şüurini müstəqil fenomen kimi deyil, hər şeydən əvvəl,
onun daşıyıcısının – konkret şəxsiyyətin xarakteristikası kimi tədqiq etməyi nəzərdə
tutur. Freydin psixoanalizinin çıxış nöqtəsini "qeyri-şüuri psixika" anlayışını təşkil
edir. Z.Freyd qeyri-şüurinin fizioloji təbiətini deyil, psixi təbiətini izah etmiş və bunu
belə bir motivlə bağlamışdır ki, əgər psixika (ruh) məna əlaqələrinin müəyyən
edilməsidirsə, fizioloji proses belə keyfiyyətdən məhrumdur. Qeyri-şüuri proseslərin
bilavasitə müşahidəsi üçün Freydin sərəncamında fiziki eksperimental vasitələrin
olmaması və onun şüuri və qeyri-şüurunun sosial şərtlənməsinin real mexanizmini
başa düşməməsi buna səbəb olmuşdur ki, Freydin təklif etdiyi metodda qeyri-şüuri
özünə qapanmış sistem kimi dərk olunmuşdur. Freydin böyük xidməti ondadır ki, o,
bu mexanizmin mövcudluğunu yalnız qeydə almış və ən yaxşı halda isə onun təsvirini
vermişdir. Psixikanın qeyri-şüuri hissəsini elmi diqqətin və xüsusi tədqiqatın pred-
metinə çevirməklə Freyd güman edirdi ki, o psixoanaliz metoduna başlanğıc
verməklə sanki bizi vulkanın təpəsinə gətirib çıxarmış və oradan qeyri-şüurinin
qaynar kraterinə baxmağa məcbur etmişdir.
Psixiatrik praktikanı həyata keçirən Freydin hipnoz üzrə təcrübələri sübut
edirdi ki, trans (hipnoz və ya ekstaz vəziyyətlərdə şüurun tutulması) vəziyyətlərdə
insanlar qeyri-real şeylərin reallığına inandıqları halda, qeyri-trans vəziyyətlərdə onlar
reallığın əksər hissəsini dərk edə bilmirlər. Freyd inanırdı ki, insanın ruhi
fəaliyyətinin çox hissəsi su altında qalan və buna görə də, sualtı cərəyanlarla idarə
127
olunan aysberqə bənzəyir. İnsan psixikasında dərk olunmuş komponentlərlə (duyğu,
qavrayış, anlayış, ideya, prinsip, qanun və s.) yanaşı zəka və sosial normalar tərə-
findən gizli şəraitə keçirilənədək özlərinin intellektual gücünü tam şəkildə göstərmək
üçün həmişə əlverişli məqam gözləyən dərk olunmamış, qaranlıq, hətta vəhşi təbiətli
elementlər də mövcuddur. İnsan psixikasını sistemli öyrənmək əsasında Freyd bu
qərara gəlmişdi ki, insanda əsəb xəstəliklərinin, o cümlədən nevrozun yaranmasının
səbəbləri ruhun zirzəmisində, qeyri-şüurinin tüğyan etdiyi sahədə axtarılmalıdır.
Freyd özünün empirik səciyyəli psixoanaliz metodunu məhz psixikanın şüuraltı
hallarını öyrənmək və onların simvollarda, yuxugörmələrdə, müstəqil assosiyalarda,
fantaziyalarda, yazılı və şifahi nitqlərdə yol verilən xətalarda, rəsm əsərlərində,
simptomatik hərəkətlərdə, nevrotik simptomlarda və s. hadisələrdə təzahürlərinin təh-
lili əsasında işləyib hazırlaya bilmişdi. Psixoanaliz metodu Freydə ruhi xəstəliklərin
müstəsna dərəcədə dolaşıq kələfinə nüfuz etməyə və bu kontekstdə bir sıra nevroz
həyəcanlanmaların mənbəyini aşkara çıxarmağa imkan vermişdi.
Qeyri-şüuriyə ilk yaxınlaşmada Freydin sxemi belə görünürdü: insana təbiətən
bir sıra şiddətli meyllər verilmişdir və bu fenomenlər sırasında psixikanın varlığını
müəyyən edən və – "libido" adlanan cinsi meyl aparıcı rol oynayır (5, 23-27).
Libidonun psixi enerjisini insan psixikasının başlıca mənbəyi sayan Freyd şüurun
inkişafını uşaqda anadan olmasından az sonra yaranan seksual inkişaf fazaları ilə
bağlayırdı. O, belə düşünürdü ki, insanın seksual meylinin azad ifadəsi hər zaman
cəmiyyətin ədəb qaydaları, əxlaqi normaları, müxtəlif qadağan prinsipləri, əməl olun-
masına ciddi nəzarət olunan tabular vasitəsilə məhdudlaşdırılır. Qadağan olunmuş
arzular, hərəkətlərin həya motivləri, cinayət hərəkətləri, bir sözlə, insan idrakı
qarşısında açıqlana bilməyən hər şey qeyri-şüuri sahəyə sıxışdırılaraq insanın əhval-
ruhiyyəsinə və davranışlarına ciddi təsir imkanlarına malik olan psixi aləmdə
yaşamaqda davam edirlər.
Freyd öyrədirdi ki, libidonun enerjisi xaricə çıxış yolu tapmadan orqanizmdə
fasiləsiz toplana bilməz. Psixi enerji müəyyən həddə yaxınlaşdıqda psixikanı
orqanizmin fəsadlarından qoruya biləcək mexanizm işə düşür. Libidonun enerjisi
idman, iş, yaradıcılıq timsalında özünün tədricən boşalma formalarını tapır. Bu proses
sublimasiya adlanır. İnsan daşıdığı libido enerjisinin boşalması üçün müvafiq üsullar
tapmadıqda – və bu enerji orqanizmdə toplanmaqda davam etdikdə psixikanın
pozulması və ruhi xəstəliklərin baş verməsi ehtimalı artır (7, 54-61).
Z.Freydin XIX əsrin sonu və XX əsrin əvvəllərində yaradılmış təlimi iki
funksiyanı yerinə yetirirdi: bu təlim, bir tərəfdən, ruhi xəstəliyə tutulmuş xəstələrin
müalicə metodu kimi istifadə edilir, digər tərəfdən, qeyri-şüuri hadisələrin və
proseslərin insan həyatında və bütün mədəniyyət sisteminin inkişafında rolunu izah
edən nəzəriyyə kimi təqdim olunurdu. Buna görə də, Freydizm təliminin metodu
psixoanaliz, nəzəriyyəsi isə freydizm adlanırdı.
Freydə görə insan psixikası amorf fenomen olmayıb, mürəkkəb təşkili və
struktura malik özünütəşkiledən sistemdir, o şüurdan, şüuraltı elementlərdən və
şüursuzluq səviyyəsindən ibarətdir. Obrazlı desək, şüur – psixikanın "aysberq zirvəsi,
bütün yerdə qalanlar isə şüuraltı və şüursuzluq hadisələridir". Məhz qeyri-şüuri ins-
tinktlər və brinci növbədə, seksual şəhvətlər (libido) şəxsiyyətin davranış motivlərini
idarə edən mənəvi qüvvələrdir.
Freydin konsepsiyası təkamülləşən təlim olub, öz inkişafında iki mərhələdən
keçmişdir: bu təlimin XIX əsrin sonundan – 1920-ci ilədək davam edən birinci mər-
128
hələsində Freyd belə nəticəyə gəlmişdi ki, bütün bəşər mədəniyyəti sublimasiyanın,
başqa sözlə libidonun enerjisinin yaradıcılıq proseslərinə və ya fəaliyyətin digər
yüksək sahələrinə, məsələn, siyasətə, hüquqa, elmə və s. tətbiqi ilə bağlıdır (11, 416-
424). Beləliklə, Freydə görə, mədəniyyətin əsasını insanın rasional fəaliyyəti deyil,
qeyri-rasional bioloji fəaliyyəti təşkil edir. Freydzmin inkişafının ikinci mərhələsi
1920-1930-cu illəri əhatə edir. Bu mərhələdə Freyd psixikanın dinamik konsepsiyası-
nı yaratmış və onun plastaları müəyyənləşdirmişdir.
Freyd psixikanın şüuri və qeyri-şüuri kimi iki təbəqəni (plastanı) ehtiva edən
ilkin sxemində müvafiq dəyişiklik etdi [8, 175-85]. Cəmiyyətin təsirindən abstraksiya
ediləcəyi təqdirdə şüur fenomeninin başa düşülməyəcəyini nəzərə alan Freyd psixika
haqqında təlimini sonralar bir daha nəzərdən keçirərək 1923-cü ildə çap etdirdiyi
"Mən və O" adlı əsərində insan psixikasının strukturunun yeni sxemini verdi. O, insan
psixikasını üç təbəqəyə (plasta) ayırdı: "İd", "Eqo" və "Super Ego". Fredin təbirincə,
psixikanın ən dərin və güclü təbəqəsi şüurun hüdudlarından kənarda yerləşən İd ("O")
sayılır. "İd" xarici aləmin reallığını duymadan və onunla hesablaşmadan özündə və
yalnız özü üçün yaşayır. Burada insanın dərk olunmamış psixi prosesləri, o cümlədən
keçmiş təcrübələri, emosiyaları, müxtəlif bioloji impulsiv (qeyri-iradi) arzuları,
ehtirasları, şəhvətləri, fikirləri, affektləri, şüurdan sıxışdırılıb çıxarılmış ideyaları və
digər mənəvi hadisələri yerləşir. ""İd"-in strukturu dərk olunmamış iki seksual
instinktlə: a) həyatı təsdiq edən və insanın həyat eşqini ifadə edən Eros və b) insanın
ölümə cəhdi ilə bağlı olan Tanatosla bağlıdır. Freyd insanların ölümə həvəs təlimini
sonralar inkişaf etdirməsə də, bu anlayışın nəzəriyyəyə daxil edilməsi ilə insanlar
arasında kütləvi hal alan intihar məsələsinin elmi izahı xeyli asanlaşdı.
Psixikanın öz həcminə görə aysberqin sualtı hissəsi ilə müqayisə olunan
möhtəşəm "İd" bünövrəsi üzərində insanın şüurlu fəaliyyətinin o qədər də böyük
olmayan, lakin onunla fasiləsiz təmasda olan ikinci təbəqəsi - "Eqo" ("Mən") yük-
səlir. "Eqo" – insanın "Mən"idir. "Mən" şəxsiyyətin şüuri və onun özünüdərkidir.
"Mən"in başlıca funksiyası – "İd" vasitəsilə təmsil olunan emosiyalar aləmi ilə real
xarici aləm arasında, insanların həvəsi, istəyi, meylləri ilə onların təminatı arasında
vasitəçi rolunu oynamaqdır.
Psixikanın üçüncü təbəqəsini "Super–Eqo" ("Fövqəl – Mən") təşkil edir.
"Eqo"nun üzərində yüksələn və psixikanın ən yüksək mərhələsini təşkil edən bu
təbəqə fərdin sosiallaşdırılması prosesində qərarlaşan sosial normaların introyeksiyası
yolu ilə formalaşır. Bu təbəqəyə bəşəriyyətin tarixi inkişafı ilə yaradılan elm, əxlaq,
incəsənət və mədəniyyət sistemində mövcud olan elementlər daxildir. Cəmiyyətin
idealları və sosial normaları, insanın borc sahəsi və əxlaq senzurası ictimai şüur for-
maları, bütün mümkün qadağanlar və qaydalar sistemi, başqa sözlə insanın mənimsə-
diyi və hesablaşmalı olduğu bütün komponentlər bu təbəqədə məskunlaşır. "Fövqəl-
mən" insanın mənəvi sahəsi, obrazlı desək, "Mən"in keşikçisidir.
Freydə görə psixikanın təbəqələri bir-birindən mütləq sərhədlərlə ayrılmır,
onların arasında qarşılıqlı keçidlər, qarşılıqlı təsirlər baş verir. Freyd yazırdı: "Şüurlu
proseslərin əksəriyyəti yalnız qısa zaman müddətində şüurlu halda olurlar və onlar
tezliklə gizli hala keçirlər" (11, 341).
Freydə görə şəxsiyyətin mənəvi struktur elementlərinin iyerarxiyası öz baş-
lanğıcını qeyri-şüuridən götürür. Freyd inanırdı ki, qeyri-şüuri insan psixikasında
birinci və aparıcı rol oynayır. Başlanğıcını "İd"-dən götürən psixika dialektik inkişaf
prosesində fərdi zəka (Eqo) və sosial zəka (Super-Eqo) mərhələlərindən keçərək
129
yenidən "İd"-ə qayıdır. Freydin dərin inamına görə həzz və nəşə prinsipinə tabe olan
"İd" insanın davranış və hərəkətlərinə həlledici təsir edərək onun fikirlərini, hisslərini,
davranış normalarını müəyyən edir. Şüur sanki qeyri-şüuri üzərinə çəkilmiş nazik bir
örtükdür. Bu örtüyün altındakı qeyri-şüuri nəinki xarici müşahidəçidən, hətta onun
substratı olan subyektin özündən də gizli yaşayır. Psixikaya münasibətdə şüur çay
səthindən qayıdan projektor işığının parıltısını xatırladır.
Şüuraltı sahə özünü anormal (yuxugörmə, təsadüfi buraxılmış səhvlər, yazı
xətaları və s.) və qeyri-anormal (nevroz, psixoz və s.) hadisələr kimi büruzə verir.
Şüuri ilə qeyri-şüuri qüvvələr arasında mövcud olan münaqişə zəka ilə fərdiliyin
ziddiyyəti formasında təzahür edir. Freydin təbirincə desək, belə hallarda zəka "xarici
qüvvələrə söykənərək mindiyi atın üstün qüvvələrini cilovlamağa çalışan suvariyə
bənzəyir" (10, 22).
Freydin fikrincə, bu münaqişə əsəb xəstəliyinə mübtəla olmuş adamların
"Mən"inin öz xüsusi evində – ruhunda qüdrətinin sərhədləri ilə rastlaşdığı hallarda
daha kəskin xarakter alır. Freyd yazırdı: "İnsanda birdən-birə elə fikirlər yaranır ki,
heç bilmirsən onlar haradan meydana çıxırlar və belə hallarda onları özündən
uzaqlaşdırmaq üçün heç bir şey edə bilmirsən. Belə çıxır ki, bu yad qonaqlar "Mən"ə
tabe olanlardan daha qüvvətlidir" (11, 196).
Qeyri-şüuri probleminin mahiyyətini açıqlayarkən freydizmin görkəmli
nümayəndələrindən olan İsveçrə psixiatrı K.Q.Yunqun tədqiqatlarını və bu sahəyə
gətirdiyi yenilikləri də nəzərə almaq lazımdır. Yunqun psixoanalizə gətirdiyi ən
möhtəşəm yenilik bundan ibarətdir ki, o insanı erotik varlıq olaraq "İd"-i ("O"-nu)
diferensiallaşdırmağa çalışmışdır. Yunq qeyri-şüuridə fərdin təcrübəsinin ("Mən")
psixikada inikası olan "fərdi qeyri-şüuri"dən savayı daha bir təbəqəni – keçmiş
nəsillərin təcrübəsinin psixikada inikası olan və onun sonralar "arxetiplər" adlan-
dırdığı "kollektiv qeyri-şüuri" psixoloji strukturu da seçib ayırmışdır. Əgər Freyd
həyəcanlar kompleksini insanların şəxsi həyatı ilə bağlayırdısa, Yunq arxetipləri
onların kollektiv həyatı ilə əlaqələndirirdi. Arxetiplər insan psixikasında tarixən
möhkəmlənib, nəsildən-nəsilə irsən ötürülürlər. Arxetiplər simvollarla sıx bağlı olub,
adətən yuxugörmələrdə təzahür edirlər. Yunqun inamına görə keçmiş nəsillərin təcrü-
bəsindən yaranan arxeotiplər miflərin, yuxugörmənin, bədii yaradıcılıq simvollarının
əsasını təşkil edir (13). Arxetiplər – insan nəsillərinin psixi həyatının dərinliklərində
qərarlaşmış davranışların, anadangəlmə proqramların, məqsədlərin sistemidir.
On doqquzuncu yüz illiyin sonlarında irəli sürülmüş freydizm təlimi özünün bir
sıra çatışmazlıqlarına (xüsusilə, onun biologizmi, psixi proseslərdə şüurun rolunun
azaldılması, özünü doğrultmayan nəticələr və s.) bir sıra ölkələrdə hələ də prioritet
nəzəriyyələrdən sayılır. Belə nəzəriyyələrdən fransız psixoanaliz məktəbini, psixo-
analizin alman akademiyasını, Çikaqo psixoanaliz institutunu və digər mərkəzləri
göstərə bilərik.
Hər bir təbii-elmi təlim kimi freydizm də nisbi həqiqi nəzəriyyə olmaq etibarilə
müəyyən nöqsanlardan xali deyil. Lakin bununla yanaşı insan təşəxxüsünə "psixoloji
zərbə" vurmuş bu möhtəşəm nəzəriyyənin pozitiv cəhətlərini də nəzərdən qaçırmaq
olmaz. Fikrimizcə, bu müsbət cəhətlər aşağıdakılardır: 1) şüurun sosial şərtlənməsi;
2) psixi və qeyri-şüurinin vəhdəti; 3) qeyri-şüurinin simvollarda (dil və fəaliyyət)
ifadə olunması və onun bu "izlər" vasitəsilə dərk oluna bilməsi.
Bütövlükdə qeyri-şüuri anlayışının tarixi probleminə toxunaraq qeyd etmək is-
tərdik ki, onun formalaşması, hər şeydən əvvəl, dünyagörüşü xarakterli tədqiqatlar
130
çərçivəsində baş vermişdir. Buna görə də qeyri-şüuri anlayışının inkişafı gedişində
irəli sürülmüş başlıca problemlər onun təbiəti, dərki, obyektiv gerçəklik sistemində sta-
tusu, elmi, biliyə münasibəti, strukturu, rasional idraki imkanları ilə bağlı olmuşdur.
Hazırda qeyri-şüurinin konkret elmi tədqiqi ilə bağlı kifayət qədər zəngin mate-
rial toplanmışdır. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, 1979-cu ildə Tbilisidə
(Gürcüstan Respublikası) çağrılmış Beynəlxalq simpoziumda bu materiallar geniş
müzakirə edilib, elmi konteksdə ümumiləşdirilmişdir (12, 4). Adı çəkilən simpozium-
da elmlərarası diskussiyalar üzərində qeyri-şüuri fenomenlərin müxtəlif interpreta-
siyalarının konseptuallaşdırılması zərurəti qeyri-şüurini qeydə alan anlayışların vahid
təbii-elmi və fəlsəfi sisteminin yaradılması məsələsini ortaya qoymuşdur. Qeyri-
şüurinin tədqiqini şüurinin tədqiqi metodologiyası əsasında aparılmasını təklif edən
tədqiqatçıların əksəriyyəti (F.V.Bassin, A.E.Şeroziya, A.S.Prenqitvili, E.V.Şoroxova,
A.N.Dmitriyev, D.İ.Dubrovski və b.) bu problemlərin həllini şüuri və qeyri-şüurinin
vahid nəzəriyyəsinin yaradılması problemi ilə əlaqələndirərək və bu zaman belə
dayaq nöqtəsinə istinad edirlər ki, şüurla əlaqəsi qeyri-şüurinin səciyyəvi cəhətlərin-
dən biridir. Bu əlaqənin mahiyyəti nədən ibarətdir? Müasir elmi ədəbiyyatda bu
əlaqənin xarakteri ikili standartda başa düşülür:
1) psixikanın elementləri olmaq etibarilə şüuri və qeyri-şüuri bir-biri ilə
əlaqəlidir. Qeyri-şüuri – şüurdan əvvəl yaranan və onun formalaşmasını təmin edən
psixi prosesdir (E.F.Bassin, E.V.Şoroxova).
2) qeyri-şüuri "şüurluluq" ilə yanaşı şüurun strukturuna daxildir (S.L.Ru-
binşteyn, V.M.Kvaçaxiya).
V.M.Kvaçaxiya qeyd edir ki, birinci nöqteyi-nəzərin tərəfdarları və onların
əleyhidarları (onlar qeyri-şüuriyə qeyri-psixi hadisə kimi baxaraq onun şüurla heç bir
analoqunun olmadığını qəbul edirlər) sadəcə bunda səhv edirlər ki, onlar "şüur" və
"şüurluluq", "dərk etmə" anlayışlarını fərqləndirmirlər (4).
V.M.Kvaçaxiyanın fikrincə, bu ona görə baş verir ki, bu baxışın tərəfdarları
sadəcə "psixika", "hissiyyat" və "şüur" anlayışlarını həcmcə eyniləşdirirlər. Halbuki,
"hissiyyat" anlayışı şüur anlayışı ilə deyil, "şüurluluq" anlayışı ilə eynilik təşkil edir.
Buna görə də qeyri-şüurinin təbiətinin aydınlaşdırılması məsələsi onun dərkinin zəruri
şərtini təşkil edən şüura münasibətinin aydınlaşdırılması məsələsi ilə sıx bağlıdır.
Qeyri-şüuri haqqında yuxarıda deyilənlər bir daha göstərir ki, qeyri-şüurinin
fəlsəfi mahiyyətinin açıqlanmasına aparan yol qeyri-şüuri və şüuri anlayışlarının
ümumi nəzəriyyəsinin yaradılmasından keçir.
ƏDƏBİYYAT
1.
Бассин Ф.Б. Проблема бессознательного. М.: Знание,1968, 443 c.
2.
Грушевицкая Т.Г., Садохин А.П. Концепции современного естествознания. М.:
Юнита 2003, 670 с.
3.
Кант И. Сочинения. В 6-ти т. Т. VI. М.: Аст, 2003, 312 с.
4.
Квачахия В.М. Бессознательное в структуре психической деятельности: дискус-
сионные проблемы // Социологические исследования, 1981, № 2, c. 124-138.
5.
İsmayılov F. Ziqmund Freyd. Bakı: Gənclik, 1994, 120 s.
6.
Мальцев В.И. Еще раз о понимании психики // Философские науки, 1968, № 1, с. 22.
7.
Мурейко Л.В. К философскому понятию бессознательного / Проблема сознания в
философии и научном познании. Ленинград: ЛГУ, 1985, 118 с. (54-61)
8.
Спиркин А.Г. Сознание и самосознание. М.: Эдиториал, УРСЕ, 2004, 312 c.
9.
Фрейд З. Психология бессознательного М.: ИФРАН, 2002, 452 с.
131
10.
Фрейд З. Я и Оно. М.: ИЛ, 1924, с. 22
11.
Фрейд З. Введение в психоанализ. М.: 2000, ИФРАН, 2001, 424 с.
12.
Шерозия А. К проблеме сознания и бессознательного психического. Тбилиси: 1969,
512.
13.
Юнг К.Г. Об архетипах коллективного бессознательного // Вопросы философии, 1988, № 1, с.65-
72.
ФИЛОСОФСКАЯ СУЩНОСТЬ БЕССОЗНАТЕЛЬНОГО
В КОНТЕКСТЕ ФРЕЙДИЗМА
К.Н.ГАХРАМАНОВА
РЕЗЮМЕ
Психика есть сложный и противоречивый феномен, который присущи человечес-
кому бытию. Вникнуть в сущность этого противоречивого феномена долгое время не
представлялось возможным. И в ХХ веке для изучения психики человека создается
метод психоанализа, который заполнил эту пустоту.
Метод психоанализа впервые создан и обоснован австрийским ученым З.Фрей-
дом. З.Фрейд создал картину процессов бессознательного. Он стремился изучить неко-
торые проявления этого феномена. В статье речь идет о философской сущности бессоз-
нательного, о его структуре, связи его с сознанием, и наконец, его значении в челове-
ческой жизни. Там же дается информация о том, что не все действия человека не регу-
лируются только актами сознания.
THE PHILOSOPHICAL ESSENCE OF THE UNCONSCIOUS
IN THE CONTEXT OF PHREUDISM
K.N.GAHRAMANOVA
SUMMARY
Psychology is a complex and contradictory phenomenon which is inherent to the
human life. Deep consideration of the essence of this contradictory phenomenon seemed to be
impossible for a long time. The method of psychoanalysis which could fill this gap was
formed in the XX century for the study of a man’s psychology.
The method of psychoanalysis was first created and grounded by the Austrian scientist
Z.Freud. Z.Freud tried to study the appearance of the unconscious and some manifestations of
this phenomenon. The article deals with the philosophical essence of the unconscious, its
structure, its ties with the conscious, and its significance in human life. The article illustrates
that not all the behaviour of a man is regulated through the acts of consciousness.
132
Dostları ilə paylaş: |