Balıqçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. [1]
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas terminlər və anlayışlar [2] Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:
balıqçılıq - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi;
balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələri;
balıq və digər su bioresursları - balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq, digər su heyvanları və bitkilərinin, onların məhsullarının, o cümlədən kürülərinin və sürfələrinin, toxumlarının mütləq kütləsi;
balıqartırma - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni yolla artırılması, yetişdirilməsi və bərpası üzrə fəaliyyət;
balıqyetişdirmə - süni yaradılmış balıqçılıq su obyektlərində mayalanmış balıq kürüsünün inkubasiyası, körpə balıqların və digər su bioresurslarının bəslənməsi və yetişdirilməsi;
balıq və digər su bioresurslarının bərpası - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının təbii ehtiyatlarının tükənməsinin qarşısını almağa yönələn tədbirlər;
akvakultura - balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyət;
balıqmühafizə - təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət;
balıq məhsulu - balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən balıqçılıq obyektləri;