"Hər şey harmoniya və rəqəmlərdən ibarətdir" – Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur. F.Engels bu barədə yazırdı: "Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir". Pifaqorçuluqda rəqəmlərin mistikası və musiqidə kəmiyyət münasibətlərinin konstruksiyalaşdırılması, astroloji – musiqi quruluşları dəqiq astronomik hesablamalarla özünəməxsus şəkildə uzlaşır.
Pifaqor öz qarşısına həqiqətən ilahi bir məsələ – kainatın quruluşunun əsas prinsipini (arxe) üzə çıxarmaq məsələsini qoymuşdur ki, bu da ibtidai, formasız xaosu nizamlanmış, məqsədəuyğun kosmosa çevirir. Belə bir prinsiplə bir–birinə zidd element və tendensiyaların rəqəm harmoniyasını qəbul etmişdir. Pifaqorçular harmoniyanı "müxtəlif qarışıqların birləşməsi və müxtəlif fikirliyin razılığı" kimi başa düşürdülər.