BəxtiyarTuncay Kimmerlər, skiflər və saklar


Sak mədəniyyətinin kökləri Trialeti (Borçalı) mədəniyyətinə qədər uzanır



Yüklə 366,32 Kb.
səhifə2/4
tarix09.06.2023
ölçüsü366,32 Kb.
#127906
1   2   3   4
kimmerlc999r-skiflc999r-vc999-saklar

Sak mədəniyyətinin kökləri Trialeti (Borçalı) mədəniyyətinə qədər uzanır

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalqlardan biri də saklar olmuşdur. Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət açmışlar. Bu baxımdan Qiyasəddin Qeybullayev (Гейбуллаев Г., 1991, s. 82-102, 321-329), Mirəli Seyidov (Seyidov M.,1984), Mahnud İsmayıl (İsmayıl M., 1955, s. 7-19), Yusif Yusifov (Azərbaycan tarixi, 1994, s. 102-105), Firidun Ağasıoğlu (Ağasıoğlu F., 2005, s. 96-111) və digər görkəmli Azərbaycan alimlərinin adını xüsusi vurğulamaq lazımdır.


Ön Asiya və Qafqazda yaşamış skif və saklarla bağlı mövzuya V. V. Struve, Q. A. Melikaşvili, İ. M. Dyakonov, V. İ. Abayev, B. B. Piotrovski, E. İ. Krupnov, B. A. Litvinski, V. F. Minorski, E. A. Qrantovski, M. İ. Poqrebova, A. M. Xazanov, B. V. Terexov, A. N. Terenojkin, İ. V. Pyankov, O. A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı fikirlər söyləmişlər (Гейбуллаев Г., 1991, s. 82).
Yuxarıda adı çəkilən alimlərdən İ. V. Pyankov, P. S. Pirtsxalava və B. A. Litvinskiy (Литвинский Б. А., 1972; Пирцхалава М. С., 1975) qədim fars kitabələrində adları çəkilməkdə olan sakların yerləşdikləri coğrafyanın müəyyənləşdirilməsi istiqamətdə geniş tədqiqatlar aparmış və belə qərara gəlmişlər ki, Azərbaycan ərazisi də Ön və Orta Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən coğrafi areala aiddir. Doğrudur, onlar sakları Orta Asiya və Qazaxıstanın avtoxton əhalisi hesab etmiş və onların Azərbaycana gəlişini sonrakı dövrlərə aid etmişlər. Məsələn, B. A. Litvinov yazır ki, saklar Orta Asiyanın Son Tunc dövrü tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının və dəfn adətlərinin eyniliyi sübut etməkdədir (Литвинский Б. А., 1972, c. 156). Alimin fikrincə, bu xalq məhz həmin ərazidən, Qafqaz dağlarını keçərək, Ön Asiya və Azərbaycan ərazisinə miqrasiya etmişdir.
Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə "Sakasena" və ya "Şakaşen" kimi qeyd olunan ərziyə işarə etmşlər. İ. M. Dyakonovun İran dilləri materialına istinadən "şakaşuana", yəni "saklar ölkəsi" kimi şərh etdiyi "Sakasena" adına ilk dəfə l əsr müəllifi Strabonun əsərinin dörd yerində rast gəlinməkdədir (Алиев К., 1987, s. 17, 24, 30). İ. M. Dyakonov sözügedən ərazini Gəncə və ətrafına şamil etmişdir (Дьяконов И. М., 1972, c. 250). Qiyasəddin Qeybullayevin fikrincə, ilk dövrlərdə bu əraziyə erməni mənbələrində Sisakan (Sünik) adlandırılan Zəngəzur ərazisi də daxil olmuşdur (Гейбуллаев Г., 1991, s. 83).
Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir: «Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir» (Гейбуллаев Г., 1991, s. 30).
Mütəxəssislər ilk dəfə 371-ci ildə baş vermiş hadisələrlə əlaqədar Favst Bu-zand tərəfindən adı "Şakaşen" kimi çəkilən məkanla Sakasenanın eyni ərazinin bir qədər fərqli səslənişli adları olduğu fikrində yekdildirlər və bu halda da söhbətin məhz Gəncə və ətrafından getdiyini bildirirlər (Гейбуллаев Г., 1991, s. 83). Alimlər bu fikirlərini Gəncənin əsasının Şakaşen ərazisində qoyulduğunu yazmış Musa Kağankatlının sözləri (Kalankaytuklu M.,1993, lll kitab, XXl fəsil) ilə əsaslandırırlar və şübhəsiz ki, haqlıdırlar. Bu fikri XVl əsrdə Gəncə yaxınlığındakı çaylardan birinin Şəkiçay adlanması faktı da (Bünyadov Z., Məmmədov H., 1984) təsdiq etməkdədir.
Antik müəlliflər ölkəmizin ərazisində yaşamış sakları bəzən sakasanlar, bəzən isə sakapanlar kimi yad etmişlər. ll əsr müəllifi Arrian isə Qavqamela döyüşü ilə bağlı məlumatında albanlar və sakesinlərin eyni cəbhədə döyüşdüklərini yazmışdır. (Гейбуллаев Г., 1991, s. 83). Arrianın bu məlumatını şərh edən İ. Dyakonov (Дьяконов И. М., 1972, c. 444) və İ. Əliyev (Алиев И., c. 139) bildirirlər ki, sözügedən döyüşdə albanlar və Sakasenanın sakinləri olan sakasinlər midiyalıların müttəfiqi kimi çıxış etmişlər.
Maraqlıdır ki, əsərində Sakasena haqqında dörd dəfə məlumat verən Strabonun məlumatlarından ikisində sözügedən ölkə barədə Araz çayından cənubda, yəni Güney Azərbaycan ərazisində, Qirkaniyadan aşağıda yerləşən ölkə kimi söhbət açılır (Алиев К., 1987, s. 17, 24). Uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmış bu məsələyə ilk dəfə münasibət bildirən Qiyasəddin Qeybullayev (Гейбуллаев Г., 1989) olmuşdur.
İ. Dyakonov və İ. Əliyevin fikrincə, Herodotun ortokoribantiləri ilə Kür və Araz hövzəsinin Sakasenasının əhalisi, eləcə də, tiqraxauda saklar, qədim fars mənbələrinin şişpapaqlı sakları eyni şeydir. Bu fikirlə razılaşmayan Qiyasəddin Qeybullayev bildirir: «R. Fray öz əsərinin bir yerində yazır ki, tiqraxauda saklar Midiya ərazisində, X satrapiyada məskun idilər.Biz burada adlarına qədim fars mənbələrində rast gəlinən bütün sak qruplarının mübahisəli məskunlaşma məsələsinə toxunmayacağıq. Yalnız onu qeyd edək ki, "tiqraxauda sak" Kür və Araz çayları arasında deyil, Midiya ərazisində yaşayan sak qrupunun farsca adıdır. Strabonda Midiya ərazisində məskun olan sakların yaşadıqları ərazi də Sakasena adlanır» (Гейбуллаев Г., 1991, s. 84).






Yüklə 366,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin