Maliyyə hesabatları – istifadəçinin konkret məlumat ehtiyaclarına cavab verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatın maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələrinin strukturlaşdırılmış təqdimatıdır.
Maliyyə hesablarında qeydlər –dövlət büdcəsindən maliyyələşən təşkilatın maliyyə vəziyyəti haqqında hesabatında, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında, xalis aktivlərdə (kapital) dəyişikliklər haqqında hesabatda və pul vəsaitlərinin hərəkəti haqqında hesabatında təqdim edilmiş maddələrin açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında əlavə informasiyanın təqdimatını təmin edir.
Aktivlər – keçmiş hadisələrin nəticəsi olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatın nəzarətində olan və gələcəkdə bu təşkilat üçün iqtisadi fayda və xidmət potensialı vəd edən resurslardır.
Öhdəliklər –dövlət büdcəsindən maliyyələşən təşkilatın keçmiş hadisələr nəticəsində yaranan cari öhdəlikləridir və onların həll edilməsi iqtisadi fayda və ya xidmət potensialını təcəssüm etdirən resursların bu təşkilatdan kənara çıxması ilə nəticələnir.