Beynəlxalq danışıqların aparılmasında milli təcrübə və şəxsiyyət amili



Yüklə 29,81 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü29,81 Kb.
#39953
  1   2   3   4   5   6
Muhazire 9


Beynəlxalq danışıqların aparılmasında milli təcrübə və şəxsiyyət amili

  1. Danışıqlar prosesində milli üsulların rolu məsələsi

  2. Danışıqların aparılmasında milli üsulların əsas parametrləri

  3. Danışıqların milli üsulları: danışıqlar prosesinin təşkili.

  4. Danışıqların milli üsulları: milli xarakterin əsas xüsusiyyətləri

  5. Danışıqların milli üsulları: Danışıqlarda davranış xüsusiyyətləri.

  6. Danışıqların aparılmasında şəxsiyyət amili.

Danışıqların aparılmasının müəyyən ümumqəbul olunmuş və daimi normaları vardır. Bu ümumi normalardan başqa, nəzəriyyə və təcrübədə müəyyən fərqlərdə mövcuddur. Bu fərqlər milli xarakter, ənənə və ehtiyaclardakı fərqlərdən əmələ gəlmişdir. Beləliklə, diplomatiyanın bir neçə tipini və ya növünü qeyd etmək olar və ən əsası bu tipləri fərqləndirməyi bacarmaqdır. Bu fikirlər ingilis diplomatı Q. Nikolsona məxsusdur.

Hər zaman danışıqların bilavasitə iştirakçıları müxtəlif ölkə və xalqların nümayəndələri ilə danışıqların aparılamasının xarakterində fərqlərin olması faktını xüsusi vurğulayırlar. Bundan əlavə, onlar təcrübədə bu xüsusiyyətləri nəzərə almağa çalışırlar. Memuar ədəbiyyatda milli xüsusiyyətlərin danışıqlar prosesinə təsiri ilə bağlı kifayət qədər təsvirlərə rast gəlmək mümkündür.

Milli fərqlərin tərəflər arasında anlaşılmazlıq yaratmasına dair Sinqapur diplomatı T. Kox qəribə, gülməli hadisələri qeyd edir. Amerikalıların baxışında problemin həlli üçün beş il çox böyük müddətdir. Lakin amerikalı diplomat, 1990-cı illərin əvvəllərində ASEAN ölkələrinə səfər etmiş C. Kikpatrik “Komboca problemi tezliklə həll olunacaqmı?” sualına hər yerdə “bu məsələ çox tezliklə həll olunacaq” cavabını almışdı. Amerikalı diplomat problemin “konkret olaraq nə zaman həll olunacaq?” sualına “beş ilə həll olunacaq” cavabını eşidəndə isə dəhşətə gəlmişdir”. Amerikalı diplomat E. Rouna görə, sovet diplomatları üçün danışıqlar prosesi şaxmat oyunu kimi qərarları düşünərək biri digəri ardınca qəbul etməyə üstünlük verdiyi halda, amerikalı diplomatlar üçün bu son dərəcə sürətli tempə malik videooyunu xatırladır.

Danışıqların aparılamasında müxtəlif ölkələrin xüsusiyyətlərinin təhlili həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edib, milli xüsusiyyətlər beynəlxalq danışıqları onların digər növlərindən fərqləndirən əsas parametr hesab olunur.

Praktiklərdən fərqli olaraq, tədqiqatçılar uzun illər ərzində bu aspektlərə yetərincə diqqət verməmişdilər. 1970-ci illərin sonu - 1980-ci illərin əvvəllərində tərksilah sahəsində ABŞ və SSRİ arasında danışıqların inkişafı ilə bağlı vəziyyət dəyişməyə başladı.

Beynəlxalq arenada danışıqlar üzrə ABŞ-ın əsas partnyoru kimi SSRİ ilə danışıqların aparılmasının spesifik xüsusiyyətlərinə böyük maraq göstərildi. 1979-cu ildə ABŞ konqresi nümayəndələr palatasının xarici işlər üzrə komissiyasının sifarişi ilə kongres kitabxanasının tədqiqat xidmətinin əməkdaşı C.Vilan tərəfindən 1971-1978-ci illərdə sovet xarici işlər aparatının fəaliyyətinin formaları, tərkibi, təşkilati məsələlərə, habelə danışıqların aparılmasının sovet üsulu, tərzinin xarakterik xüsusiyyətlərinə həsr olunmuş amerikalı müəlliflərin əsərlərinin analitik xülasəsi tərtib olundu. Sonradan bu nəşrin ikinci cildi, bir neçə ildən sonra isə üçüncü cild işıq üzü gördü.

Sovet danışıqlar üsuluna digər tədqiqatçıların və diplomatların əsərləri də həsr olunub. Digər milli üsulların da fəal öyrənilməsinə başlanmış, 1996-cı ildə yaranmış danışıqlar üzrə yeni jurnal - “Beynəlxalq danışıqlar: nəzəriyyə və praktika ” jurnalının iki nömrəsi xüsusi olaraq, danışıqların aparılmasının amerika stilinin və Şərqi Avropa ölkələri üçün səciyyəvi olan üsulunun təhlilinə həsr olunmuşdur. 1990-cı illərdə milli üsullara marağın artması, daxili xarakterli çoxlu münaqişələrin yaranması və onların dinc tənzimlənməsi üçün milli xüsisiyyətlərin dərk olunması zərurəti ilə şərtlənirdi.

Milli xüsusiyyətlərdən bəhs edərkən qeyd olunmalıdır ki, bu halda söhbət məhz bu və ya digər ölkəyə səciyyəvi olan üsuldan gedir. Müəyyən etnik birləşməyə xas xüsusiyyətlərin bura heç bir aidiyyəti yoxdur. İngilisdilli ədəbiyyatda “danışıqların aparılmasının milli üsulları” (national negotiating styles) terminindən istifadə olunur ki, bu da “etnik üslub” terminindən fərqlənir.

Danışıqların aparılmasının milli üsullarının kifayət qədər uzun müddət öyrənilməsinə baxmayaraq, onlar haqqında fikirlər son dərəcə ziddiyyətlidir. Qismən bu metodoloji çətinliklərlə izah olunur. Məsələn, aydın deyil ki, nə milli üsul hesab olunsun, milli üsul danışıqların aparılamsının etnik üsulu ilə nə dərəcədə bağlıdır. Məsələn, ABŞ-da yaşayan çinli danışıqları “amerikasayağı” aparacaq və yaxud etnik xüsusiyyət onun üslubuna təsir göstərəcək? Bundan əlavə, milli üslub nə isə bir donmuş törəmə deyil. Onlar dəyişir, inkişaf edir, zənginləşir. Yeri gəlmişkən C.Vilan diqqət yetirmişdir ki, danışıq üsulların özündə kifayət qədər mədəni ənənələrlə şərtləşən mühafizəkarlarını, habelə nisbətən daha tez dəyişən siyasi, ideoloji normalarla bağlı hərəkətli komponentləri ayırmaq olar. Başqa sözlə, onları yalnız şərti olaraq milli xüsusiyyətlərə aid etmək olardı.

Çətinliyi yaradan digər bir məsələ çox vaxt milli xüsusiyyətlərin təhlilinin amerika üsulu prizmasından aparılmasıdır. Bu sahədə amerikalılar öndə olduğundan digər üsulların təsvirinə də öz təsirini göstərir. Nəhayət, nəzərə almaq lazımdır ki, milli üsullardan bəhs edərkən heç də bilavasitə danışıqlara münasibətdə davranış əsas götürülmür, ümumiyyətlə nisbətən səciyyəvi xüsusiyyətlər diqqətə alınır.

Müzakirələrə səbəb olan məsələlərdən birincisi - danışıqlar prosesində milli üsulların rolu məsələsidir. Burada iki əsas nöqteyi-nəzər olub, hər iksi milli xüsusiyyətlərin mövcudluğunu qəbul edir. Birinci nöqteyi-nəzərə əsasən, milli xüsusiyyətlər danışıqlar prosesinin ikinci dərəcəli, əhəmiyyətsiz xarakteristikasını özündə əks etdirir. Buna zidd nöqteyi-nəzərə görə isə, milli və ya mədəni (sözün geniş mənasında) spesifik xüsusiyyətlərə danışıqlar prosesində həlledici olmasa da, ən azı əsaslardan biri kimi əhəmiyyət verilməlidir.

Birinci istiqamət üzrə tədqiqatlar sırasında U. Zartman və M. Bermanın birgə “Danışıqların iştirakçısı” əsəri göstərilə bilər. Müəlliflər qeyd edirlər ki, əksər işlərdə, o cümlədən təhlilin kəmiyyət metodunun tətbiqinə oriyentasiyalı işlərdə danışıqların aparılmasında milli xüsusiyyətlərdə fərqlər göstərilmiş, lakin bu milli fərqlər daha çox danışıqların periferik sahəsindən ibarətdir. Sübut olaraq, danışıqların özündə universal prosesi əks etdirməsi və iştirakçılara bir dildə danışmağa şəraitin yaradılması göstərilir.

Müəlliflər açıq metaforadan (məcazi mənada) istifadə edərək qeyd edirlər ki, Bostonadək müxtəlif reyslərlə uçmaq olar, lakin istənilən halda sərnişinləri havaya qalxmaq, uçmaq və enmək gözləyir. Eynilə belə, danışıqlar prosesi də vahid struktur tərkibdən ibarətdir. Öz mövqelərini əsaslandırmaqda davam edən U. Zartman və M. Berman beynəlxalq danışıqların inkişafı, xüsusilə də son onillikdə, ilə əlaqədar dünyada danışıqların iştirakçıları üçün öz dilləri, simvolları, davranış tərzi və s. ilə vahid submədəniyyət formalaşdığına istinad edirlər. Hərçənd bu submədəniyyət qəbul olunmuş milli norma və davranış tərzindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bununla belə o bütün dünya birliyi üzvləri tərəfindən qəbul olunur. Bu prosesə tələbələrin, tədris proqramlarının və s. mübadiləsi də dəstək verir. Nəticədə, məsələn, ABŞ-da təhsil almış Fransa və ya Çin vətəndaşı bu və ya digər dərəcədə davranış və düşüncənin ametika tipi xüsusiyyətlərini qəbul edir.

Beləliklə, birinci istiqamət tədqiqatlara əsasən danışıqların intensivləşdirilməsi milli hədlərin aradan qaldırılmasına gətirib çıxarır. Dünyada inteqrasiya proseslərinin inkişafı və onun qloballaşması şəraitində milli üsulların qarşılıqlı təması nəticəsində danışıqların aparılmasının vahid parametrlərinin formalaşması danışıqlar prosesində daha böyük rol oynayacaq.

İkinci istiqamətin nümayəndələri, əksinə, danışıqlar prosesində milli xüsusiyyətləri mərkəzi yerlərdən biri səviyyəsinə qaldırmağa meyllidirlər. Amerikalı müəlliflər R. Koen və Q. Fişer müxtəlif mədəniyyət nümayəndələri arasında danışıqların gedişində yaranan çoxsaylı çətinliklər və mədəniyyətlərarası fərqlərin böyük olması səbəbindən mövcud fərqlərin şərtləşdiyinə inanırlar. Birinci istiqamət nümayəndələrinə etiraz əlaməti olaraq, vahid danışıqlar mədəniyyətinin formalaşmasına münasibətdə, müəlliflər öz mövqelərini əsaslandırmaq üçün aşağıdakı arqumentləri göstərirlər:


  • İnsana uşaqkən öyrəndiyi dəyərlər, ənənələr, adətlər və s. daha çox təsir göstərdiyindən danışıqlarda böhranlı vəziyyətlərdə (xüsusilə önəmlidir) məhz bunlar təsir göstərir, çox sonralar yaranmış hər hansı “vahid danışıqlar mədəniyyəti” yada düşmür;

  • Danışıqların iştirakçıları şəxsən özlərini deyil, konkret dövlətləri, milli hərəkatları və s. təmsil edir, deməli, öz mədəni, ideoloji və digər xüsusiyyətləri nəzərə almaya bilməzlər;

  • Danışıqlar nüxtəlif mədəniyyətlərin qarşılıqlı fəaliyyətinin formasıdır, o cümlədən, onlarda ənənələrin və davranış normalarının özünəməxsus sınağı baş verir; danışıqlarda hər bir tərəf onları saxlamaqla yanaşı, daha da möhkəmləndirməyə cəhd edir;

  • Müasir dövrdə danışıqlar yalnız diplomatlar tərəfindən deyil, beynəlxalq ünsiyyətdə daha az təcrübəsi olan insanlar tərəfindən də geniş şəkildə aparılır: məsələn, ictimai, dini, sənaye təşkilatları və s. nümayəndələri. Belə iştirakçılar isə əvvəlki təcrübə əsasında vahid danışıqlar mədəniyyətini hazırlamaq imkanına malik olmadıqlarından, danışıqlar prosesinə əhəmiyyətli dərəcədə milli spesifik xüsusiyyətlər gətirmiş olurlar.

Təqdiqatçıların fikrincə, danışıqların aparılmasında milli xüsusiyyətlərin xüsusi əhəmiyyətini göstərən bütün bunlar üsulların süni şəkildə universallaşmasının qeyri-mümkün olmasını təsdiq edir.

Qeyd olunan nöqteyi-nəzərlərdən hansının daha çox əsası olduğuna diqqət yetirsək, onlardan hər hansı birini mütləqləşdirməyin düzgün olmadığını görərik. Onların hər ikisi danışıqların aparılmasında milli fərqlərin mövcudluğunu qəbul edirlər. Yeri gəlmişkən U. Zartmana gəlincə, o sanrakı tədqiqatlarında danışıqların aparılmasında milli üsullarla bağlı mövqeyini xeyli yumşaltmışdır. Milli xüsusiyyətlərin əhəmiyyətinin səviyəsinə gəldikdə isə, o hər bir konkret halda müxtəlif ola bilər. Bu danışıqların hansı münasibətlər çərçivəsində aparılmasından asılıdır. İsveç təqdiqatçısı K. Yonssona görə, vahid danışıqlar submədəniyyəti danışıqlarda tərəflərin mənafeləri üst-üstə düşəndə, başqa sözlə əməkdaşlıq şəraitində nisbətən çox təzahür edir.

Danışıqlar prosesində milli üsullar konkret olaraq nədə təzahür edir? Müxtəlif müəlliflər bu suala müxtəlif cür cavab verir. 1930-cu illərdə Q. Nikolson qeyd edirdi ki, danışıqlara nəzəri yanaşmalar və onların aparılması təcrübəsi məsələsində xalqlar fərqləndirilir. Fərqlərin kökünü o, milli səciyyəli xüsusiyyətlərdə, mədəniyyət və ənənələrdə görürdü. Bu danışıqlar üsulunun nisbətən inersiyalı, ətalətli komponentidir.

R. Kohen danışıqların aparılmasında milli xüsusiyyətlərə hər bir dörd fazada: danışıqlar öncəsi, ilkin, orta, yekun - fazada baxılmasını təklif edir. Bu zaman o, hər faza üçün müxtəlif parametrlər müəyyən edir. Öz növbəsində diplomat və tədqiqatçı G. Fişer danışıqların aparılmasında milli üsulları xarakterizə edən beş parametri təklif edir:



  • Danışıqlar situasiyasının özünün dərk olunması və mənimsənilməsi xüsusiyyətləri (danışıqlara problemin həlli metodu kimi baxılırmı; ilkin mərhələdə kompromislərə meyllilik; danışıqlarda nümayəndəliyin formalaşdırılması prinsipləri və başqa);

  • Qərarların qəbulunun xüsusiyyətləri (məsələn, danışıqların iştirakçılarının qərarların qəbulunda nə dərəcədə müstəqildirlər; danışıqlarda, ümumiyyətlə qərarlar necə qəbul olunur);

  • Milli xarakterin xüsusiyyətləri (öz mədəniyyəti və digər mədəniyyətlərin necə qəbul olunması; dəyərlərə meyillik; danışıqların aparılmasında məntiqin spesfikliyi və s.);

  • Qeyri-verbal xarakteristika (jestlərin, mimikaların rolu);

  • Linqvistik xüsusiyyətlər (xüsusilə dildə bu və ya digər anlayışların mövcudluğu, onların digər dillərdəki oxşarları ilə qarşılıqlı münasibəti).

Əsasında danışıqlar üsulunu təhlil edə biləcək hər hansı vahid parametrlər mövcud deyil. Hər bir halda parametrlərin seçilməsi danışıqlar prosesinin təbiəti haqqında konkret tədqiqatçının nəzəri təsəvvürlərini əks etdirir. Bundan əlavə, çox vaxt milli üsulların təsviri zamanı danışıqların iştirakçılarının memuar ədəbiyyatı, əks halda bu və ya digər ölkəyə münasibətdə sadəcə geniş yayılmış stereotiplər göstərilir. Bütün bunlar, şübhəsiz, danışıqların aparılmasının milli üsullarının elmi təsvirində çətinliklər yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müxtəlif mədəniyyətlərdə: amerikan, fransız, yapon, çin, rus, azərbaycan və digərlərində danışıqlar prosesinin quruluş xüsusiyyətlərini izləmək məqsədilə müxtəlif danışıq üsullarının qısa müqayisəli təhlilinə müraciət etmək zəruridir.


Yüklə 29,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin