Dəyərlərin əsas sistemləri, danışıqların rolunun dərk olunması, danışıqlarda təfəkkür və qavrayış xüsusiyyətləri. Müvafiq sferaların formalaşmasına ilk növbədə danışıqlara yanaşmalar və tarixi ənənələr, ümumi dəyərlər və ideoloji göstərişlər təsir göstərir. Məsələn, Azərbaycan milli üsulunun formalaşmasında minillər ərzində təşəkkül tapmış Azərbaycan mədəniyyəti xüsusiyyətləri və müstəqillik dövründə ümummilli lider H.Əliyevin miras qoyduğu ənənələr əhəmiyyətli rol oynamışdır.
Danışıqların aparılmasında rus üsulunun formalaşmasında rus milli xarakteri və rus mədəniyyətinə toxunan D.S. Lixaçev qeyd edir ki, “onlarla digər xalqların mədəniyyətini öz tərkibinə daxil etmiş və qədimdən Skandinaviya, Bizans, cənub və qərb slavyanları, Almaniya, İtaliya, Qafqaz və Şərq xalqları kimi qonşu mədəniyyətlərlə bağlı olmuş rus mədəniyyəti – digər xalqların mədəniyyətinə dözümlülük göstərən universal mədəniyyətdir”.
Danışıqlara uyğun olaraq bu keyfiyyət rus üsulunun danışıqların aparılmasında yüksək uyğunlaşmaq qabiliyyəti deməkdir. Lakin, eyni zamanda D.S. Lixaçev rus milli xarakterinin digər xüsusiyyətlərini də qeyd edir - hər şeyi “son dərəcəyə, son həddə kimi” çatdırmaq cəhdi. Danışıqlarda bu müxtəlif cür təzahür edir: həm davranışın çox sərt xəttini mütamadi izləmək imkanı və əksinə, partnyor üçün gözlənilməz olaraq onun təklifini tam qəbul etmək. Görünür, danışıqlarda sovet tərəfdən iştirakçıların davranış xüsusiyyətləri məhz bu xassədən irəli gəlir və amerikalı müəllif R. Smitin qeyd etdiyi kimi, partnyora münasibətdə göstərişlərin və həvəsin sürətlə dəyişməsi baş verir: gah son dərəcə dosta rəğbət, gah da hər hansı şəxsi simpatiyanı istisna edən rəsmiyyətin təzahürü.
Misirlilərin beynəlxalq danışıqlara münasibətinin formalaşmasına isə digər amillər təsir göstərirdi. Belə ki, Kemp-Devid danışıqlarının iştirakçısı, amerikalı tədqiqatçı V. Kvandt danışıqlarda misirli iştirakçılar üçün səciyyəvi olan üç əsas xüsusiyyəti ayırır:
Misirin insan sivilizasiyasının ən qədim məskənlərindən biri kimi qavranılması və öz ölkəsinin tarixi ənənələrini davam etdirmək cəhdləri;
Güclü idarəçilik zərurətinin qəbul olunması;
Davranışın sərt və kifayət qədər inkişaf etmiş inzibati qaydaları.
V. Kvandta görə, misirlilərin bu xüsusiyyətləri danışıqların aparılması zamanı əhəmiyyətli dərəcədə təsir göstərirdi. Xüsusilə də, onlar milli müstəqillik, onların daxili işlərinə müdaxilə ilə bağlı məsələlərdə son dərəcə həssasdırlar.
Əsaslandırma tipi, xüsusilə də başlıca olaraq səbəb-nəticə və qiymətləndirmə dəlili olan şeylər, həmçinin, danışıqlar zamanı təfəkkür və qavrayışda milli xüsusiyyətlərin mühüm xarakteristikasından birini təşkil edir. Öz növbəsində səbəb-nəticə sırasından iki tip dəlillər ayrılır:
İnduktiv - anqlosakson danışıq üsulu üçün səciyyəvi olan və faktiki sübutlar əsasında yekun nəticəni nəzərdə tutan (danışıqların aparılmasının ingilis və amerika üsulu üçün müvafiq);
Deduktiv - çıxış nöqtəsi olaraq nə isə bir prinsip götürülən, sübutlar isə bu prinsipin tətbiqinin nümayişi kimi qurulan: məsələn, Roma hüququ ənənələri üçün tipik olan prinsipə əsaslanır.
Bir sıra tədqiqatlara görə, Qərb ölkələri nümayəndələri üçün Şərq nümayəndələrinə nisbətən, səbəb-nəticə əlaqəsinə əsaslanan dəlillər daha çox əhəmiyyətlidir. Belə ki, M. Harrisonun əsərlərinə görə, fransızlar məsələlərin müzakirəsi zamanı ənənəvi olaraq məntiqi sübutlara meyl edir və ümumi prinsiplərdən çıxış edirlər.
Dostları ilə paylaş: |