BİBLİoqrafiya baki 2012 2 Tərtibçi-müəllif


Azərbaycan xalçacılıq mərkəzləri, xalça növləri



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix21.04.2017
ölçüsü2,38 Mb.
#15203
1   2   3   4   5   6   7   8   9   ...   28

Azərbaycan xalçacılıq mərkəzləri, xalça növləri,

tipləri

Mərkəzlər

Azərbaycanda xalçaçılığın təşəkkülünü şərtləndirən təbii-

iqlim  şəraiti,  təsərrüfat  və məişət  amilləri  tədricən  Quba,  Şir-

van, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalça və xalça

məmulatları  istehsalı  mərkəzlərinin  yaranmasına  səbəb  oldu.

Həmin  mərkəzlərin  hər  birində xalça  məmulatlarının  bu  və ya

digər növünə, yaxud tipinə üstünlük verilir, istehsal edilən xal-

çalar və xalça məmulatları öz kompozisiya-ornament və kolorit

xüsusiyyətləri ilə seçilirdi. Onlar XX əsrin ortalarınadək fəaliy-

yətdə idi və bu günə kimi də qalmaqdadır.

Qubanın  xalça məmulatları yüksək ilmə sıxlğı, nəfis tər-

tibatı və incə koloriti ilə xarakterizə edilir. Həndəsiləşmiş orna-

mentin əsasını stilizə edilmiş bitki, bəzən isə heyvan motivləri

təşkil edir. Bu bölgədə medalyon kompozisiyaları da geniş ya-

yılmışdır.  Buna  nümunə kimi    parlaq    kompozisiyalı  “Qədim

minarə”, “Qımıl”, ”Pirəbədil”, “Alpan”, “ Quba”, “Hacı Qaib”

və s.  xalçaları göstərə bilərik.


22

Şirvan xalçaları zəngin bədii bölümü, ilmə sıxlığı, yunla-

rın  parlaqlığı  və yumşaqlığı  ilə seçilir.  “Qabıstan”,  “Şamaxı”,

“Şirvan”,  “Ərciman”,  “Cəmcəmli”,  “Qarxun”,  “Hacı-Qabul”,

“Qəbələ”, “Səlyan” və s. ən geniş yayılmış xalça kompozisiya-

larındandır. Şirvan özünün palaz, kilim, qədim zamanlardan isə

sumax kimi xovsuz xalçaları  ilə də çox məşhur idi.

Bakı  xalçaları  yumşaqlığı,  rənglərin  intensivliyi,  özünə-

məxsus bədii zövq və zərifliyi ilə xarakterizə edilir. Bakı xalça-

larının əsasını həndəsi motivli medalyon və rapportlu kompozi-

siya, stilizə edilmiş bitki elementləri təşkil edir. “Bakı”, “Sura-

xanı”,  “Goradil”,  “Fındığan”,  “Xilə-əfşan”,  “Xilə-buta”,  “Ab-

şeron” daha geniş yayılan xalça kompozisiyalarındandır.

Gəncə xalçaçılıq mərkəzinin əsas istehsal ocaqları Gəncə,

Gədəbəy, Goranboy, Şəmkir, Samux bölgələri sayılırdı. Gəncə-

yə daxil olan “Gəncə”, “Köhnə Gəncə”, “Gədəbəy”, “Çıraqlı”,

“Samux”,  “Çaylı”,  “Şadılı”,”Faxralı”  kompozisiyalı  xalçalar

digər  xalçalardan ənənəvi  motivlərin  özünəməxsus  işlənməsi

ilə seçilirdi.

Qazaxın əsas istehsal ocaqları Qazax, Tovuz, Borçalı, və

Göyçə sayılırdı. Bu bölgədə xovlu xalçalardan – “Şıxlı”, “Də-

mirçilər”, “Qaraçöp”,  “Salahlı”,  “Qara-qoyunlu”,  “Qaçağan”,

“Kəmərli”,  xovsuz xalça  və xalça məmulatlarından zili, şəddə,

vərni,  məfrəş,  çul,  heybə və s.  toxunulurdu. Qazaxın  bir  neçə

tarixi xalçalılıq məntəqələri, o cümlədən Borçalı mahalı hal-ha-

zırda azərbaycanlıların yığcam yaşadığı Gürcüstan Respublika-

sının ərazisində yerləşir. XX əsrin axırlarına qədər Ermənistan

Respublikasının ərazisində, Göyçədə, öz tarixi yurd-yuvaların-

da  yaşayan  azərbaycanlıların  da  həmçinin  bu əraziyə məxsus

belə xalçaçılıq mərkəzləri mövcud idi.

Qarabağ xalçaları iki əsas hissədə,  dağlıq və aran hissədə

istehsal  olunurdu.  XIX əsrdə Dağlıq  hissənin  aparıcı  istehsal

mərkəzləri Şuşa şəhəri və onun Daşbulaq, Dovşanlı, Malıbəyli,

Çanaxça,  Qasımuşağı,  Xanlıq  kəndləri  idi.  Burada  “Çələbi”,

“Aran”, “Qoca”, “Açma-yumma”, “Şabalıd-buta”, “Bəhmənli”,


23

“Muğan”  kompozisiyalı xalçalar toxunulurdu. Qarabağın xalça

qrupuna    həmçinin  Zəngilan  və Naxçıvan  istehsal  mərkəzləri

daxil idi. Ermənistan Respublikasının ərazisində yaxın vaxtlara

qədər  azərbaycanlıların  yığcam  yaşadığı  Zəngəzur  bölgəsində

də xalçaçılıq məntəqələri Qarabağ xalça toxuculuğu ənənəsində

fəaliyyət göstərirdi.

Qarabağda, eyni  zamanda  medalyonlu,  süjetli  və orna-

mentli  xalçalar  da    toxunurdu.  Bunlardan  “Buynuz”,  “Balıq”,

“Dəryanur”,  “Baxçada  güllər”,  “Saxsıda  güllər”,  “Xanlıq”,

“Xantirmə” və digər xalçalarını göstərmək olar.

Təbriz xalçaçılıq mərkəzinə Ərdəbil, Zəncan, Xalxal, Ur-

miya,  Qaradağ,  Mərənd  və Marağa  xalçaçılıq  məntəqələri

daxildir.  Bu  mərkəzdə “Ləçək-türünc”,  “Buta”,  “Balıq”,

“Əfşan”, “Ovçuluq”, “Sütunlu” “Şah-Abbası”, “Şeyx Səfi” xal-

çaları  istehsal  olunur.  Kompozisiyaların əksəriyyəti əyrixətli

bitki  ornamentli  motivlərdən  tərtib  olunurdu.  Bununla  belə

istehsal  mərkəzlərində ənənəvi  həndəsi  ornamentlərdən  də

zəngin isifadə edilirdi.

XV - XVI əsrlərdə məhz Təbrizə dünyəvi şöhrət gətirən

bir  çox  xalça  kompozisiyaları  formalaşdı.  Təbriz  xalçaçılıq

mərkəzi  bütün    Şərq  xalçaçılığına  öz  təsirini  göstərdi.  Burada

orta əsrlər  dövrü  xalçaçılıq  və tətbiqi-sənət  yüksək  professio-

nallıqla inkişaf edərək, incəsənətin yüksək pilləsinə çatmışdır.

Təbriz  xalçalarının  gözəl  və mürəkkəb  ornamentli  “Lə-

çək- türünc” və “Əfşan” xalçaları dünya incəsənətində və ba-

zarında  yüksək  məşhurluq  qazanmışdı.  Bu  məktəbə daxil  olan

xalçalar  arasında  “Ağaclı”, “Dörd  fəsil”,  “Leyli  və Məcnun”,

“Dərviş”  və s. kimi süjetli xalçaları da qeyd etmək olar.

Xalça növləri və tipləri

Xalça  və xalça  məmulatları  sadə toxuculuğa əsaslanan

uzun  bir  təkamül  yolu  keçərək  inkişaf  etmişdir.  Toxuculuğun

ilkin  mərhələsini    bitki  mənşəli  xammaldan    (qamış,  çətən  və



24

s.) sadə keçirtmə üsulu ilə istehsal olunan müxtəlif məmulatlar-

dan görmək olar. Bundan əlavə kətan və yun parçalar da xalça-

çılığın formalaşması üçün əsas olub. Xalçaçılıq texnoloji əsas-

ları  toxuculuqdan  götürdüyü  halda,  bitki  mənşəli  həsir,  buriya

və s. xalçanın əsas təyinat funksiyasını müəyyən etmişdir.

Xalça sənətinin yaranması saysız-hesabsız müxtəlif funk-

siya daşıyan xovsuz xalçaların meydana çıxması ilə əlaqəlidir.

Palaz, kilim, cecim, şəddə, vərni, zili, sumax və bir sıra başqa

xovsuz  xalça  nümunələrinin  tarixi  olduqca  qədimlərə gedib

çıxır. Bu növ xalçalar hələ insanın köçəri həyat  sürdüyü dövr-

lərə aid  olub,  köç  arabalarının,  çadırların  üstünün,  yan-yörəsi-

nin örtülməsində istifadə olunmuşdur. Xovsuz xalçalar həmçi-

nin pərdə, örtük, ayaqaltı kimi işlənmiş, döşəməyə salınmışdır.

Gündəlık tələbatdan irəli gələn bu əşyaların hazırlanmasında da

sözün əsl mənasında  xalqın özünəməxsus obrazlı düşüncə tər-

zi, onun təkzibedilməz düha sahibi olduğu özünü aydın  göstə-

rir.  Hələ toxuculuq  işinin  yarandığı  və yayıldığı  ilk  dövrlərdə

Azərbaycanın  xovsuz  xalçaları  kompozisiya  dəqiqliyi,  kolorit

əlvanlığı, toxuma işinin nəcibliyi ilə seçilirdi.

Sadə xovsuz xalça toxunuşundan, ağır xovlu xalça toxu-

nuşuna  keçilməsinin  başlıca  səbəbi  iqlim  şəraiti  ilə əlaqədar

olub.  Lakin bu faktor da güman ki, əsassız deyil. Çox ehtimal

ki,  bədiilik  hissi,  gözəllik  duyğuları,  insanın  həyatda  yaratdığı

hər  bir əşyada əbədiliyi  görmək  istəyi  xalq  ustalarını  məcbur

edib  ki,  naxışların  zərif  nüanslarını  verməyə imkan  yaradan,

təbiətin zəngin boyalarını, rəng çalarlarını canlandırmağa qadir

olan, əşyaya  davamlılıq  keyfiyyəti  gətirən  toxunuş  üslubu

axtarıb  tapsınlar.  Müəyyən  tətbiqi  sahəsi  olan  müxtəlif  ölçülü

xalçalar da belə toxunmuşdur.

Qədim zamanlardan müasir dövrümüzə qədər toxunan əl

xalçalarını dördbucaqlı,  bir-birinə paralel  və əks tərəfləri  olan

çox  sadə dəzgahlarda  toxuyurdular.  Toxuculuqda    ilkin  olaraq

üfüqi dəzgahlardan  istifadə olunurdu.  Bu  sənət  növü  getdikcə

genişlənərək inkişaf  etdikcə dəzgahların  da  quruluşu  dəyişmiş


25

və təkmilləşmişdir.  Belə ki,  xalçalar  üfüqi dəzgahlarla  yanaşı

şaquli dəzgahlarda da toxunulurdu. Ənənəvi olaraq xovsuz xal-

çalar  üfüqi dəzgahlarda,  xovlu  xalçalar  isə şaquli  dəzgahlarda

toxunurdu.

Bu qurğu və onların növləri, iş prinsipləri, demək olar ki,

bu günə qədər dəyişilməyib.

Həsir. Əsasən bataqlıq bitkilərindən – qamışdan hazırla-

nır. Üfüqi dəzgahda “keçirtmə” texnikası ilə ərişlə arğacın sadə

keçirməsindən əmələ gəlir.  Həsirin  naxışlarını  bir-birini əvəz

edən enli, rəvan, diaqonal zolaqlar təşkil edir. Onların rəng ça-

larları, əsasən qızılı-parıltılı olur.

Həsir aşağıdakı adlarla adlanırdı:

materialına görə - “Gəbə həsir”, “Buriya”;

naxışlarına görə - “Güllü”, “Naxışlı”, “Giləni” və s.

Həsir  qədim  zamanlardan  evlərin  dekorativ  bəzədilməsi

ilə yanaşı, divarların aşağı hissəsini rütubətdən qoruyan, döşə-

mə üçün əvəzedilməz  örtük  vasitəsi  olmuşdur.  Həsirləri, adə-

tən, kiçik ölçüdə toxuyub, müxtəlif naxışlarla bəzəyərdilər. On-

ları bəzən evlərdə xalçanı qorumaq məqsədi ilə yerə döşənmiş

xalçanın altından sərərdilər.



Buriya. Həsirin sıx qalın formasına Buriya deyilir. Buri-

yanın  Azərbaycanda əsas  istehsal  mərkəzləri  Kür  və Araz  sa-

hilləri  boyunca  yerləşən  Masallı,  Lənkəran, Astara,  Cəlilabad

rayonları sayılır. Bu həsirin növü yabanı bitki sayılan lığdan to-

xunur. Onun toxunuşu sadə, mürəkkəb, naxışsız və naxışlı ola

bilər. Sadə buriyanın naxışları şaquli xətlərlə, mürəkkəb isə iri

həndəsi fiqurlarla  bəzədilir.

Geniş şaquli xətlər sadə buriyanın əsas struktur kompozi-

siyanın bir elementin ritmik əvəz etməsini təşkil edirdi. Mürək-

kəb buriya iri və kiçik həndəsi elementlərin naxışlarından iba-

rət olaraq üçbucaqlı yeganə forma təşkil edir. Elementlərin bə-

rabər əvəz edilməsi naxışa dinamiklik verir.



26

Lənkəran  rayonunun “Güllü-həsir”  adlanan  buriyası  iki

naxışla toxunur. Orta əsrlərdə bu növ buriya “çavlı buriya”  ad-

landırılırdı.

“Çavlı buriya”nın toxunuşunun çox hissəsini qamış təşkil

edirdi.  “Çavlı  buriya”nın əsas  xüsusiyyətı  ondan  ibarətdir  ki,

orta əsrlərdə ondan ələk kimi istifadə edirdilər.

Azərbaycanın cənub rayonlarının bəzi kəndlərində buriya

toxuyan ustaların əl işləri xalq tərəfindən “həsiri”, “teymuri” və

digər adlar altında qorunub saxlanılır.



Çətən. Azərbaycanda    naxışsız və ornamentləşdirilmiş

çətənlər  istehsal  olunurdu.  Naxışlar  iki  üsulla  tətbiq  olunurdu.

Birinci üsul ondan ibarətdir ki, naxış çubuqların ayrı-ayrı hissə-

lərini  müəyyən  bir  qaydada  yandırmaq  vasitəsilə yaradılırdı.

Digər üsulla çubuqların ayrı-ayrı sahələri bir-bir müxtəlif rəng-

li saplarla dolanır və beləliklə, müxtəlif rəngli və təsvirli kom-

pozisiyalar əmələ gəlirdi. Belə çətənlərin hazırlanmasında həm

yun,  həm  də ipək  saplardan  istifadə olunurdu.  Çətən  istehsalı-

nın əsas mərkəzləri Azərbaycanın şimal-qərb zonası və Muğan

əraziləridir. Bu texnikada hazırlanmış məhsul bəzən dik vəziy-

yətdə çəpər  düzəltmək  məqsədilə istifadə edilərdi.  Naxışlı  çə-

tənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi

məqsədlərə xidmət edirdi. Kiçik çətənlər isə süzgəc kimi onları

evlərin damında günəş şüası altında sərərək müxtəlif meyvələri

qurutmaq  üçün  də istifadə edilirdi.  Keçmişdə çətənin əsas

istehsal  mərkəzləri  Kür  və Araz  boyunca  yerləşən  Qazax,  Qa-

rabağ və Muğan əraziləri olmuşdur.

Palaz. Azərbaycanda xovsuz xalça texnikasının ən geniş

yayılmış  sadə növüdür.  O,  demək  olar  ki, ölkənin bütün ənə-

nəvi toxuculuq mərkəzlərində istehsal olunurdu.  Palazın isteh-

salında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin

yazılı  mənbələr  göstərir  ki,  Azərbaycanda əvvəllər  ipəkdən

hazırlanmış  palazlar  da  toxunurdu.  Palazın  toxunma  texnikası

saya  və ya  tünd  rəngli əriş  iplərin  arasından  müxtəlif  çalarlı

arğac  iplərinin  ensiz  zolaqlar  şəklində keçirilməsindən  ibarət-



27

dir.  “Keçirtmə”  texnikası  ilə toxunmuş  palaz  məmulatdan  ev

döşəmələrinin, alaçıqların üstünün örtülməsində, müxtəlif əmə-

li  xarakterli  məişət əşyalarının,  hətta  bəzən  üst  paltarların  ha-

zırlanmasında da istifadə olunurdu.

Azərbaycanda sadə palazların ilkin istehsalı “Kəndir-Pa-

laz”ları  olmuşdur.  Sonralar  palazları  qoyun,  dəvə yunundan

toxuyardılar. Şirvanda Udulu və Paşalı kəndlərində ipək palaz-

lar  istehsal  olunurdu.  Palazlar, əsasən  üfüqi  istiqamətdə rap-

portlu  (təkrarlanan),  müxtəlif  enlikdə olan  rəngli  zolaqlarla

bəzədilərdi.  Onların  rəng  çalarları  müxtəlif  xalçaçılıq

regionunun bitki  zənginliyinə əsaslanırdı.  Palazın  zolaqlarının

rəngi  tutumlu  və parlaq:  sürməyi,  tünd  qırmızı,  qırmızı,  tünd-

qəhvəyi, ağ, sarı, rənglərdən ibarət olardı.

Palazlar aşağıdakı adlarla adlanırdı:

materialına  görə – “Bəryə tiftiyi”,  “Kəndirlay”,

“Kəndir - palaz”,  “Kiş”,  “Künt”,  Qalın  palaz”,  “Lay  palaz”,

“Pəmbə palaz”, “Tiftiyli palaz” ;

texnikasına görə – “Çiyi palaz”, “Daraqlı palaz”, “Qa-

yıq palaz”;

ölçüsünə görə – “Yelən”, “Yelli”;

istifadəsinə görə – “Bərək”,  “Çadır  örtüyü”,  “Güllü

palaz”,  “Dəstərxan”,  “Fərş”,  “Xirqə”,  “Keyvənd”,  “Külfə

palaz”,  “Kündə palaz”,  “Örtük”,  “Parça  palaz”,  “Yer  palazı”,

“Yüküzü”, “Yük palazı”;

naxışlarına  görə – “Ağ  palaz”,  “Qara palaz”,  “Əbri

palaz”, “Saya palaz”, “Zolaqsız palaz”, “Zolaqlı palaz” və s.

Məişətdə palaz  toxunuşlu  müxtəlif  xalça  məmulatların-

dan da istifadə olunurdu. Göyçədə ümumi yataq dəstlərinə “pa-

laz”  deyirdilər.  Azərbaycanın  müxtəlif  bölgələrində palazı

“Hənə”, “Kəsa”, “Kilim” adlandırırdılar. Muğanda (Sabirabad-

da)  pambıqdan  olan kiçik  palazları  “Şəddə”  adlandırırlar.  Dö-

şəmə kimi  istifadə etdikləri  xovsuz  xalçaların  başqa  növlərini

də, adətən  palaz,  cecim  (“Keçirtmə palaz”,  “Saya  palaz”),

kilim  (“Güllü  palaz”,  “Naxışlı  palaz”,  “Şamaxı  palazı”,  “Zər


28

palaz”,  “Zəvər  palaz”),  qədirqə (“Daraqlı  palaz”),  sumax

(“Güllü  palaz”,  “Sumax palaz”),  zili  (“Güllü  palaz”,  “Yoxsul

palazı”)  adlandırırlar.  Yardımlıda  üfüqi  dəzgahda  toxunulan

xovsuz  xalçaları  da “palaz”  adlandırırlar.  Məişətdə palazı

döşəməyə sərir,  alaçıqlarda  və s.  geniş  istifadə edirdilər.

Palazdan  hazırlanmış  parçalardan  geyim,  ev əşyaları  da

hazırlayardılar. Orta əsrlərdə bəzi ayinləri icra etmək üçün dini

mərasimlərdə də palazlardan istifadə edirdilər. Belə adətlərdən

biri  “Palaz  geydi”  adlanır  ki,  burada  palazlardan  geyim  kimi

istifadə edərdilər  və yaxud,  dövlət  başçısının  ailəsində dəfn

günü  şəhərin  bütün  minarələri  palazla  örtülərdi.  Orta əsrlər

dövrundə evlərin,  karvansarayların,  məscidlərin,  sarayların

bəzədilməsində palazlar əsas  bəzək  elementi  sayılırdı.  Ev

sahibinin sosial vəziyyətindən asılı olmayaraq, palazı hər evdə

görmək olardı.

Abşeron özünün nəfis, incə toxunuşlu “Çiyi palaz”ları ilə

məşhur  idi.  Onlardan  pərdə,  süfrə,  örtük  kimi  istifadə edərək,

həmçinin divara vurardılar. Bu palazlar incə, zərif olduğu üçün

onları  yerə, döşəməyə sərməzdilər. Çiyi palazlar  qız-gəlinlərin

əsas cehiz komponentlərindən sayılırdı.

Palazların məşhur istehsal mərkəzləri Abşeron (Xızı, Fın-

dığan, Qobu, Xocasən, Qala, Suraxanı və s.); Quba (Çiçi, Qo-

naqkənd, Xudat, Alpan və s.); Şirvan (Şamaxı, Mərəzə, Paşalı,

Udulu və s.); Gəncə-Qazax (Borçalı, Salahlı, Şıxlı və s.); Qara-

bağ  (Bərdə,  Ağcabədi,  Cəbrayıl  və s.);  Laçın,  Lənkəran, Yar-

dımlı bölgələri, eləcə də Göyçə gölünün şərq və şimal sahilləri

və Cənubi Azərbaycandır.

Azərbaycanda (Quba, Şirvan, Muğan, Bakı, Qazax, Qara-

bağ, Göyçə, Borçalı, Gəncə və Cənubi Azərbaycan) toxunulan

palazların ən qədim nümunələri Mingəçevir ərazisində aparılan

qazıntılar zamanı tapılmışdır. Bu tapıntılar  I-II əsrlərə aid  edi-

lir. Ərəb mənbələrində qeyd edilir ki, X əsrdə ən gözəl palazlar

Muğanda  toxunurdu.



29

CECİM. Yun,  pambıq,  xüsusən  keci  (yararsız  barama-

dan alınan kobud ipək sap) və keyfiyyətli ipəkdən əyrilmiş ip-

lərdən  toxunur. Cecimin  strukturunu  iki  müxtəlif  sistemli  ip:

əriş və arğac ipləri təşkil edir. Ərişləri rəngli (ağ, qırmızı, sarı,

palıdı  və  s.)  çəkilir  və  arasından  “keçirtmə”  texnikası  ilə  bir-

rəngli arğac ipləri təkbir - çalkeçir keçirdilir. Əriş və arğac sıx-

lığı  bərabər  olmur, əriş  ipləri  çox  sıx  çəkilir,  rənglənməmiş

arğac ipləri bir alt, bir üst tarım çəkilir, ərişlərin arasında gizlə-

nir  və  beləliklə, cecim ərişüzlü  olur.  Arğac  ipləri  əriş  iplərinə

nisbətən  qalın  olduğundan cecimin  üzü  qabarıq  olur. Cecim,

əsasən  üfüqi  yer  hanasında  toxunur.  Toxuma  zamanı, adətən

çöməlmə oturmuş toxucunun ayaqları arasında toxunan cecim,

toxucu  qadın  ayaqlarını  açdığı  qədər  en  verə  bilir.  Buna  görə

cecimin eni 25-30 sm-dən artıq olmur, uzunluğu isə 15 m-dək

və daha artıq olur. Beləliklə, ensiz toxunmuş cecimdən düzəldi-

ləcək  məmulatın  (döşənəcək,  pərdə,  geyim  və  s.)  ölçüsünə

uyğun  olaraq cecim hissə-hissə  kəsilərək  bir-birinə  tikilir.

Yundan  və  pambıqdan  toxunan cecimlər  döşənəcək  və  divar

xalçası  kimi  Azərbaycan  xalqının  məişətində  geniş  istifadə

olunur. Cecimdən  vaxtilə  parça  kimi  qadın  və  kişi  geyimləri,

döşəküzü, yük üzü, müxtəlif örtüklər, çanta, xurcun, yəhərqaşı

və  s.  əşyalar  hazırlanırdı.  Azərbaycanda cecimin əsas  istehsal

mərkəzləri  Qarabağ,  Qazax,  Naxçıvan,  Şəki,  Şirvandır  (Zər-

dab).  Göyçədə  və Cənubi  Azərbaycanda  da  toxunur. Şirvanda

cecim, əsasən  ipəkdən,  Qarabağda  yundan,  Göyçədə  pambıq-

dan toxunur. Cecimin bəzəkləri şaquli istiqamətli enli və ensiz

zolaqlardan  ibarət  olur,  çox  vaxt  zolaqların  üzəri  müxtəlif

formalı həndəsi naxışlarla bəzədilir. Naxışlar cecimə iki üsulla:

toxuma  zamanı  “keçirtmə” və  “qayıq”  texnikasıyla  sərbəst,

yaxud  toxunduqdan  sonra  tikmə  üsulu  ilə  salınır.  Texnikasına

və  bədii  xüsusiyyətlərinə  görə cecimlər  iki  növə  bölünür:

Alaköynək cecimlər, ip cecimi cecimlər.

Cecimlər aşağıdakı adlarla adlanırdı:

materialına görə – “Əmya”;



30

texnikasına  görə – “Ladı-cecim”,  “Şəddə-cecim”,  “Yer

cecimi”;

məişətdə  istifadəsinə  görə – “Cecimi  parça”,  “Darayı

cecim”,  “Həyatı  cecim”,  “Qara  cecim”,  “Qəlibli  cecim”,

“Paltarlıq cecim” və s.;

bədii  xüsusiyyətlərinə  görə – “Çiçəkli  cecim”,  “Çoban

cecimi”, “Saya palaz” və s.

Üfüqi  dəzgahda  toxunan cecimlərə  “Yer  cecimi”, şaquli

dəzgahda toxunan cecimlərə isə “Qara cecim” deyilir. Cecimlə-

rə Qazaxda “Dərmə”, Cənubi Azərbaycanda “Cicmin” deyilir-

di. Cecim orta əsrlərdən məlumdur, XVI əsr Təbriz miniatürlə-

rində cecimin  təsvirlərinə  rast  gəlirik.  Orta  əsrlərdə cecimlər

cacem, palaz (pəlas) və s. adlarla tanınırdı.



KİLİM. Yun,  pambıq  və  kənafdan  əyrilmiş  iplərdən  to-

xunur. Kilimin  strukturunu  iki  müxtəlif  sistemli  ip:  əriş  və

arğac ipləri təşkil edir. “Keçirtmə” texnikası ilə arğac ipləri əriş

iplərinin arasından təkbir - çalkeçir keçirilir, lakin boy və boy

deyil, naxışın eninə görə məhdud toxunur. Əriş və arğac sıxlığı

bərabər olmur, arğac çox sıx və bir alt tarım, bir üst tökə keçiri-

lir, ərişləri tam örtür.  Beləliklə, kilim arğac üzlü olur. Kilimin

naxışları müxtəlif rəngli arğac ipləri vasitəsilə alınır. Bir naxı-

şın  sərhədləri  dəyişərkən  arğaclar  dəyişir  və  bu  sərhədlərdə

“dırnaq” adlanan dəliklər əmələ gəlir. Bununla belə “Dırnaqsız

kilimlər” də toxunur. Məişətdə geniş tətbiq olunan kilim döşə-

nəcək kimi yerə salınır, divardan asılır, alaçıqların üstünə döşə-

nir,  dəvə  və  qatırları  bəzəyir,  qapı əvəzi,  pərdə,  süfrə  və  s.

məqsədlərlə  istifadə  edilir. Kilimin  bir  xarakterik  xüsusiyyəti

də onun hər iki üzündən istifadə edilməsidir (bəzən birüzlü də

toxunur). Əsas toxunma mərkəzləri Bakı, Qazax, Qarabağ, Şir-

van və Təbrizdir.

Kilimlər aşağıdakı adlarla adlanırdı:

materialına görə – “Kəndir kilim”, “Kənaf kilim”;

texnikasına görə – “Dırnaqsız kilim”, “Gəzməli kilim”;



31

istifadəsinə görə – “Bucaq kilimi”, “Dal kilimi”, “Çadır

örtüyü”,  “Gərdəklik  qırmızı  kilim”,  “Qara  kilim”,  “Qapılıq”,

“Namazlıq”,  “Pərdə”,  “Sərinkeş”,  “Taxtı  kilim”,  “Şəddə  ki-

lim”;

bədii  xüsusiyyətlərinə  görə – “Balçaxlı  kilim”,  “Göllü



kilim”, “Güllü kilim”, “Güllü palaz”, “Gülvəngli kilim”, “Kəs-

mə kilim”, “Haşiyəli kilim”, “Xırdagöllü kilim”, “Xırdanaxışlı

kilim”,  “Xonçalı  kilim”,  “Zərpalaz”,  “Naxışlı  palaz”,  “Sumax

kilim”, “Tirmə kilim”, “Zolaqlı kilim”, “Çaxmaxlı kilim”, “Sa-

ya kilim”, “Sırğalı kilim”;

toxunduğu yerə görə – “Sənnə kilim”, “Şamaxı palazı”,

“Şamt” və s.

Məişətdə  müxtəlif  məqsədlərlə  işlədilən  bir  sıra əşyalar

kilim toxunuşlu olur. Azərbaycanın Qərb bölgələri Gəncə, Qa-

zax, Göyçə və digərlərində kilim sözü xovsuz xalça mənasında

işlənilir. Kilim sözünün orta əsrlərdə türk xalqları arasında ya-

yılan  Kərim  sözünün  təhrif  olunmuş  forması  olması  ehtimal

edilir.  Orta əsrlərdə kilim    “Kurzin”,  “Tevasi”,  “Əndul”  və  s.

kimi adlarla tanınırdı.



LADI. Yundan,  pambıqdan əyrilmiş  iplərdən  toxunur.

Ladının strukturunu üç müxtəlif sistemli ip: əriş, arğac ipləri və

əlavə “naxış ipi” təşkil edir. Ladı xalçaları “keçirtmə” texnikası

ilə, “naxış ipi”nin ərişlərin arasından üfüqi istiqamətdə, müxtə-

lif şəkildə keçirdilməsi ilə toxunur, nəticədə keçirtmələr sırıq-

lar əmələ gətirir.  Bu  toxunuş ladı  texnikası  adlanır. Ladı  həm

də xovsuz xalça və xalça məmulatlarında geniş istifadə olunan

texnikadır.  Onun  vasitəsilə digər  xovsuz  xalçalara:  palazlara,

ladı-cecimlərə,  şəddələr  naxışlar  salınır. Ladı  iki  üsulla  toxu-

nur. Birinci üsulda ladılar dik hanada toxunur, yerliyi birrəngli

şal kimi həm əriş, həm də arğac üzlü,  yaxud da ki, palaz kimi

yalnız arğac üzlü olur, “naxış ipi” bir üst, iki alt ərişə keçirilir

və əmələ gələn narın, qabarıq keçirtmələr - sırıqlar formasında

naxışlar yaradır. İkinci üsulla toxunan ladının yer hanasında ce-

cim kimi hissə-hissə, ensiz toxunur, ərişlər rəngli, lakin cecim-



32

dən  fərqli  olaraq  birrəng-birrəng  çəkilir  və arğaclarda  eyni

rəngdə olur. Nəticədə yerliyi birrəngli və cecim kimi əriş üzlü

olur. “Naxış ipi” yalnız qabaq ərişlərdən naxışa uyğun 4/1, 3/1

və s.  keçirilir  və əmələ gələn  iri  keçirtmələr,  sərbəst  üfüqi

sırıqlar formasında  naxışlar  yaradır.  Xalçanın  üzü  ilə arxasını

yəni, dal ərişləri qabaq ərişlərlə hər cərgədən bir tarım keçirilən

arğaclar birləşdirir.

Ladıdan məişətdə döşənəcək, divar örtüyü və s. kimi isti-

fadə edirlər. Ladı xalçaları Azərbaycanın Qarabağ, Qazax, To-

vuz,  Yardımlı bölgələrində və Cənubi  Azərbaycanda  toxunur.

Ladıya Qazaxda  və Qarabağda  zili,  Göyçədə, Qazaxda və

Qarabağda  dərmə,  Qazaxda,  Göyçədə və Borçalıda  dərmə

kilim, Lənkəranda keçirtmə palaz deyirlər.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin