İranda ziyalılığın xüsusiyyəti: elmi həqarət hissi
Əgər bir xalq və ya qrup keçmişdə heç bir əqli və elmi üstünlüyünün olmadığını hiss etsə, həqarət hissi duyar və bu səbəbdən, dünyanın yeni elmi tərəqqisi qarşısında siyasi, mənəvi və düşüncə baxımından özünəinamı əldən verər. Bu ölkədə Qacarlar dövrünün sonlarında yaranan yeni ziyalılıqda buna təkidlə çalışırdılar.433
Pəhləvi dövrünün universitetində asılılıq və özünə inamsızlıq
Bu gün ölkədə yeni elm mərkəzlərinin yaranmasından altmış-yetmiş il keçir. İnqilabın qələbəsindən sonra yerli tədqiqata güvənmək üçün edilən həqiqi hərəkəti çıxmaq şərtilə, keçmişdə diqqətediləsi heç bir iş görülməmişdir. Rza xanın və oğlunun dövründəki universitet tərəfindən hansı mühüm ixtira, hansı böyük kəşf edilib və əcnəbilərə asılılıqdan qurtulmaq üçün hansı iş görülüb?! O zaman universitet ölkəni günbəgün xaricdən daha asılı edirdi.
Düzdür, bu, tələbə gənclərin təqsiri deyildi. Mən o günün hadisələrini yaxından görmüş bir insan kimi bunu təsdiq edirəm: bizim ozamankı tələbə gənclərimizin heç bir təqsiri yox idi. Elə bir mühit yaratmışdılar ki, orada orijinal elmi iş mümkün deyildi. Son illərdə Qərb mədəniyyətini, qərbliləri, xüsusən də ABŞ-ı bu gəncin gözündə o qədər böyük və mövqeyini o qədər əlçatmaz göstərmişdilər ki, bizim gənc müsəlman tələbəmiz haraya çatırdısa, ümumiyyətlə, təsəvvür etmirdi ki, kimsə bu dərin elmi məsafəni qət edib oralara çata bilsin. Bunu təsəvvür də etmirdi. Buna görə də heç bir səy göstərilmirdi. Dərs oxumuş və təhsil almış bir nəfərin ən böyük elmi bacarığı bu idi ki, qərblilərin istehsal etdiyindən istifadə edə bilsin. Bu qədər. Onlar bir şey düzəltsinlər, bu da ondan istifadə edə bilsin. Hətta iranlı mühəndislərə xaricdə düzəldilib İrana gətirilən bəzi yeni maşın və aparatların təmirinə belə icazə vermirdilər; deyirdilər bu alətlərə əl vurmağa haqqınız yoxdur. İran ordusuna modern təyyarə satırdılar, şərti bu idi ki, İranın texnik zabitləri ona əl vurmasınlar. Nə vaxt xarab olsa, məsələn, beş yüz hissədən təşkil olunan detallar məcmusunu ayırıb xaricə göndərsinlər. Yəni bütün kompleksi təyyarəyə qoyub aparsınlar, orada təmir edib qaytarsınlar.434
Dostları ilə paylaş: |