3- İnqilab ədəbiyyatını, incəsənətini və mədəniyyətini təhqir və təcrid etmək
Müharibə dövründə informasiya vasitələlərində işıqlandırılan səhv və yanlış fikirlərlə - bunda xalqın özünün yanlış elmi-psixoloji qalıqları da təsirli idi - mədəni hücum davam etdi. Lakin müharibənin həyəcanı bu hücumun qarşısında bir növ maneə idi. Müharibə bitəndən sonra isə bu yeni cəbhə daha ciddi şəkildə hərəkətə keçdi.227
Müharibədən sonra mədəni hücuma əlverişli şərait vardı. Çünki o zaman müharibənin hərarət və həyəcanı gənci özünə cəlb edir və o, düşmənin sözlərini dinləmək istəmirdi. Müharibədən sonra isə düşmənə şərait yarandı. Onlar geniş şəkildə işə başlayıb hərtərəfli mədəni hücum məqsədi ilə müxtəlif vasitələrə əl atdılar.
Mən düşmənin istifadə etdiyi vasitələrin genişliyinə baxanda məsələnin onlar üçün nə qədər əhəmiyyətli olduğunu anlayıram. Onların işlərindən biri ölkədə inqilab ədəbiyyatını, incəsənətini və mədəniyyətini təhqir və təcrid etməkdir. İnqilabın mühüm işlərindən biri bir qrup mədəniyyət və incəsənət xadimi yetişdirməkdir. Bizdə belələri var və Allaha şükür olsun ki, az deyil. Bizdə çoxlu şair və yazıçılar yetişdi, farsca yazan güclü və dəqiq qələm sahibləri meydana çıxdı. İnqilabın qələbəsindən yalnız 13 il ötmüşdür. Siz görün bizim mədəni və tarixi ömrümüzün hansı 13 ilində birinci dərəcəli şəxsiyyətlər yetişmişdir?! Düzdür, bunların birinci dərəcəli şəxsiyyət olmasına hələ var. Lakin inqilabın ərsəyə gətirdiyi bu qrupda birinci dərəcəli şəxsiyyətlər çox olacaq.
Bizim vətən anamız şah dövrünün sonlarındakı diktatura zamanı sonsuz olmuşdu. Həqiqətən böyük adamlar, yazıçılar, xüsusən incəsənətin bəzi sahələrində böyük sənətkarlar yetişmirdi. Lakin bu gün görürük ki, bizim gənc uşaqlarımız arasında yaxşı kinematoqraf, aktyor, rejissor, şair və yazıçılar çoxdur. Bu mömin qüvvələri inqilab meydana çıxardı. Onların əleyhinə görülən işlərdən biri onları təcrid etməkdir. Bizim gəncimiz də təcrübəsizdir. Ölkənin rəsmi mədəniyyət qurumunda kiminsə ona etinasız yanaşdığını, yaxud onu aşağıladığını görən kimi işinə təsir edir, onu zəiflədir; yaxud ölkənin ədəbiyyat və incəsənət jurnallarında bu üsula və xəttə müxalif simaların böyüdülüb tərif olunduğunu görəndə ruhdan düşür; yaxud dindar və gənc bir rejissor işinin qazanc gətirməsi və onu davam etdirə bilməsi üçün öz filmini aidiyyətli mərkəzlərə aparır, amma etinasızlıqla ona deyirlər ki, biz bu filmi qəbul etmirik. Halbuki incəsənət baxımından onun işindən zəif olan, lakin İslam rəngi olmayan müxtəlif işlərin qəbul olunduğunu bilir. Belə olan halda bu gənc öz-özünə təcrid olunur və ümidsizliyə qapılır. Mən bu mömin, inqilabçı və qayğıkeş gəncləri görəndə dəfələrlə ürəkdən kədərlənmişəm. Belə yaxşı gənclər incəsənət xadimi kimi tanınan adamlardan zəif olmadıqları və hətta bir çox cəhətlərdən çox üstün olduqları halda nə üçün etinasızlıqla üzləşirlər? Məsələyə düzgün diqqət yetirəndə bu etinasızlığın köklərinin məsul şəxslərin də diqqət yetirmədiyi bir nöqtədə çirkin bir iradəyə bağlı olduğu görünür.
Bizim mədəni məmurlarımız yaxşı adamlardır, lakin orta səviyyələrdə görülən işlərə diqqət yetirmirlər. Mömin qüvvələri təcrid etmək üçün işlədilən üsullardan biri də - məncə bu, səssiz dərdlərdəndir və bunları bütün xalqın bilməsi lazımdır - budur ki, İranın inqilabi duyğuları tərənnüm edən filmi, yaxud hər hansı sənət əsəri beynəlxalq təşkilatlara təqdim olunanda etinasızlıqla üzləşir. Bu beynəlxalq təşkilatlar zahirən qeyri-siyasidirlər, əslində isə ayrı cürdür. Siz beynəlxalq təşkilatların, Təhlükəsizlik Şurasının, BMT-nin Bösniya və Herseqovinaya qarşı nə etdiklərini, sərnişin təyyarəmizin ABŞ tərəfindən vurulduğu zaman ICAO təşkilatının hansı mövqeyi seçdiyini gördünüz...
Bunlar bitərəfdirlər?! Bunlar qeyri-siyasidirlər?! Beynəlxalq təşkilatlar eyni işi bizim filmlərimizə, teatrlarımıza və uşaq işlərimizə qarşı da görürlər. İnsan necə gözlərini yumub onların qeyri-siyasi olduqlarını deyə bilər?! Nə üçün onların mükafat verdiyi əsərlər arasında bir inqilabi əsər yoxdur?! Bizim inqilabi filmimiz yoxdur?! Bizim inqilabi şeirimiz yoxdur?! Onların incəsənət baxımından dəyəri yoxdur?! Mən güman edirəm ki, bu təşkilatlar belə dırnaqarası mədəni, antiislam və antiinqilab qüvvələri dünyada böyütmək və inqilabçı qüvvələri təcrid etmək üçün onlara hətta Nobel mükafatı da verəcəklər. Bəs bu, mədəni hücum deyil?!228
Dostları ilə paylaş: |