10.2. Sənədli məlumatların etibarlılığı Sənədin özünün mötəbərliliyini onun haqqında verilən məlumatların etibarlılığı ilə qarışdırmaq olmaz. Mötəbər mənbədən alınmış etibarsız məlumatlar müxtəlif ictimai qrup, partiya, siniflərin fəaliyyət motivləri, sosial məqsədləri haqqında xəbər verən çox mühüm dəlildir. Məsələn, Amerika sosioloqu L. Doub tərəfindən tədqiq edilmiş Gebbels təbliğat nazirliyinin sənədləri və Gebbelsin gündəlikləri "Üçüncü reyx"in təlqinedici təbliğat üsullarının öyrənilməsi üçün zəruri materiallar vermişlər. Materiallar olduqca mötəbər idi, lakin elan edilən ideyaların məzmunu və onların müəlliflərinin əsl niyyətləri baxımından heç də etibarlı və doğru deyildi.
Məlumatların etibarlılığı ilk növbədə əldə edilə bilən sənədin mənbəyindən asılıdır. Müxtəlif mənbələr verilən məlumatların bir növ verilmiş və ya məlum mötəbərlilik və etibarlılıq dərəcəsinə malik olur. Bütün hallarda ilkin məlumatlar ikinci dərəcəli məlumatlardan daha etibarlı olur. Buna görə də birinci mənbədən alınmış rəsmi şəxsi sənəd, qeyri-rəsmi şəxssiz sənəd və başqa sənədlər arasında tərtib edilmiş sənəddən daha mötəbər və etibarlıdır. Adətən hüquqi sənədlər və bilavasitə maliyyə nəzarətində olan materiallardakı məlumatlar hüquq və ya maliyyə orqanlarının nəzarəti altında olmayan rəsmi sənədlərdəki məlumatlardan daha etibarlı olur.
İkinci sənədlərdən istifadə edərkən onların ilkin mənbəyini müəyyən etmək vacibdir. İkinci materialların ümumi yanlışlığını qiymətləndirmək üçün bunu adda-budda etmək olar.
Tədqiqatçı tərəfindən planlaşdırılmış məqsədli sənədlər yuxarıda gözdən keçirilmiş adi nəzarət əməliyyatları nəzərdə tutulduqda etibarlı olur: müstəqil məlumat mənbəyinin axtarışı (adda-budda nəzarət üçün), həmin mənbəyə ikinci müraciət (məlumatların sabitliyi), məlum qruplar üzrə testlər.
Psixoloqlar və sənətşünas-tarixçilər sənədli məlumatların öz məzmunundan çıxış edərək onların etibarlılıq dərəcəsini müəyyənləşdirməyə kömək edən xeyli üsullar işləyib hazırlamışlar.
Sənədlərlə işləyən zaman birinci əsas qayda hadisələrin təsvirini onlara verilən qiymətdən dəqiq fərqləndirməkdən ibarətdir. Rəy və qiymətlər faktiki məlumatlarla müqayisədə potensial olaraq daha az mötəbər və etibarlıdır. Bir çox hallarda sənəddə şəraitin rəy və qiymətlə ifadə olunmuş təfərrüatlı xarakteristikası verilmir. Lakin məhz konkret vəziyyət ifadə olunmuş rəy və qiymətlərin mənasının açılmasına kömək edir.
Bundan sonra sənədin tərtibatçısının hansı məqsəd güddüyünü araşdırmaq lazımdır, bu qəsdən və ya qeyri-ixtiyari edilmiş səhvləri üzə çıxarmağa imkan verir. Məsələn, gördüyü bir iş haqqında hesabatın müəllifi bir qayda olaraq, vəziyyəti özü üçün əlverişli tərəfdən təsvir edir. Lakin, əgər biz məlumat toplamaq üçün xüsusi yoxlayıcı briqadanın bu iş haqqında hazırladığı arayışdan da istifadə etsək, başqa mənzərə alınacaq. Bu cür sənədlərin məqsədi fəaliyyətin məhz mənfi tərəflərini aşkar etmək meyli oyadır.
Sənədin tərtibatçısının istifadə etdiyi ilkin məlumatlar almaq metodunun nədən ibarət olduğunu bilmək çox vacibdir. Yaxşı məlumdur ki, "birinci mənbədən" alınmış məlumatlar qeyri-müəyyən mənbədən ("bəzi adamlar israr edir ki.„") alınanlardan daha etibarlı, təzə təəssüratlar üzrə aparılmış yazılar isə həmin hadisələrin müəyyən bir vaxtdan sonra edilmiş təsvirindən fərqli olur.
Əgər sənəddə məlumatların statistik qrupu varsa, ilk növbədə təsnifatın əsasını aşkar etmək lazımdır. Nəhayət, sənədin tərtib edildiyi ümumi şəraiti yaxşı aydınlaşdırmaq son dərəcə vacibdir: bu şərait obyektivliyə meyl yaradır (müəllifin məqsədindən asılı olmayaraq), yoxsa məlumatların hansısa bir istiqamətdə dəyişdirilməsinə vadar edir?
Tərcümeyi-hal, gündəliklər, xatirat, məktublar və s. kimi şəxsi sənədlərlə işlərkən tədqiqatçı ehtiyatlı olmalıdır.
Şəxsi sənədlərdəki məlumatlara etibar edilməsinin aşağıdakı bir neçə mühüm şərti vardır:
a) əgər məlumatlar sənəd müəllifinin mənafeyinə heç cür toxunmursa;
b) müəllifə müəyyən zərər yetirirsə onlara inanmaq olar;
v) müəllif tərəfindən qeydə alınarkən hamıya bəlli olan məlumatlar;
q) sənəd müəllifi nöqteyi-nəzərindən hadisələrin əhəmiyyətli sayılmayan detalları;
d) müəllifin qərəzlə yanaşdığı məlumatlar da etibarlı hesab edilə bilər.
Məşhur psixoloq C.Meyc gündəlik, xatirat, tərcümeyi-hal yazanların əsaslandığı bir sıra müxtəlif motivləri ayıra bilmişdir.1 Bu motivlər arasında ən ali və ən aşağı, ən sox səmimiliyə və əksinə, həqiqətin maksimum dərəcədə gizlədilməsinə sövq edənlər də vardır. Bir çox hallarda bu cür şəxsi sənədlər müəllifin özünün şəxsiyyətini öyrənən psixoloq üçün əla material olsa da, hadisələrin obyektiv gedişi ilə maraqlanan sosioloq üçün şübhə doğuran mənbədir. Şəxsi sənəddən alınmış məlumatların etibarlılığı aşağıdakı amillərdən asılıdır: yoxlama və təkrar yoxlama, sənədin tərtib edilmə motivi, niyyət və şəraiti, müəllifin məqsədi, fəaliyyət göstərdiyi şərait, onun əhatəsinin xarakterinin təhlili və s.