BiRİNCİ HİSSƏ



Yüklə 454,05 Kb.
səhifə38/49
tarix16.05.2023
ölçüsü454,05 Kb.
#114538
1   ...   34   35   36   37   38   39   40   41   ...   49
referat 905

13.1. Müsahibələrin təsnifatı
Seçilmiş əsasdan asılı olaraq müsahibələri müxtəlif üsullarla təsnif etmək olar:
a) Yönəldiyi məqsədə görə təsnifat. Məqsədindən asılı olaraq müsahibələr: 1) rəy və münasibət;
2) sənədli müsahibələrə bölünür. Rəy müsahibələrinin məqsədi insanların sosial gerçəkliyin müəyyən bir hadisəsinə rəylərini və ya şəxsi münasibətlərini aşkar etməkdən ibarətdir. Sənədli müsahibələrin məqsədi hər hansı keçmiş faktların, sosial hadisələrin, onların şahidlərinin və ya bilavasitə iştirakçılarının sorğusu yolu ilə yenidən canlandırmaqdır.
b) Texnikasına və ya formasına görə təsnifat. Təsnifatın bu növü olduqca əhəmiyyətli və mühümdür. Formasına görə müsahibə iki cür olur:
1) formallaşdırılmamış (standartlaşdırılmamış) — burada suallar (onların ifadə edilməsi, ardıcıllığı, miqdarı) və fərz edilən cavablar müsahibədən qabaq, əvvəlcədən müəyyənləşdirilir;
2) formallaşdırılmış (standartlaşdırılmış) — burada sualların ifadə edilməsi, ardıcıllığı, miqdarı, mümkün alternativ cavabların siyahısı, onların kodlaşdırılması və yazılış forması əvvəlcədən nəzərdə tutulur və birşəkilli olmasını saxlayaraq qəti müəyyən edilir.
Formallaşdırılmamış müsahibə elə bir söhbətdən ibarətdir ki, burada müsahibəni aparan yalnız söhbətin mövzusunu əsas tutaraq onu respondentə təqdim edir və bundan sonra respondentin özünə müsahibənin gedişində sonrakı verbal qarşılıqlı təsir vəziyyətlərini yaratmağa imkan verir. Bu zaman müsahibə alanın rolu hansısa qəti müəyyən edilmiş ardıcıllığı gözləmədən, əsas etibarı ilə, respondentin müəyyən suallara cavablarını bacarıqla stimullaşdırmaqdan ibarət olur. Sualların ifadə edilməsi bütünlüklə söhbətin konteksti ilə şərtləndirilir, cavablar, adətən (bir sıra yeni, əlavə suallar —müsahibə alanın istədiyi ardıcıllıqda verilən və söhbətin gedişində genişlənən, yaxud dərinləşə bilən suallar doğurur. Bu cür müsahibədə həm söhbətin planı, həm də cavabların yazılış üsul və forması olduqca sərbəst, standartlaşdırılmamış olur.
Müsahibənin bu növünün əsas üstün və yaxşı cəhətlərindən biri odur ki, onun keçildiyi zaman müsahibə aparanla respondentin sosial-psixoloji qarşılıqlı təsir şəraiti son dərəcə təbii olur. Respondentin cavabları bariz ifadə olunmuş, spontan, çox konkret və olduqca şəxsi xarakter daşıyır. Nəticə etibarı ilə, bütün bunlar müsahibə aparanı maraqlandıran ən dalğın və dərin məlumatları almağa kömək edir.
Lakin müsahibə aparanın formallaşdırılmamış müsahibə prosesində respondent verdiyi verbal davranış azadlığı müsahibənin yalnız müsbət tərəfi deyil, həm də onun qüsurudur. Söhbətin çevik və dinamik aparılması ona gətirib çıxarır ki, nəticədə müxtəlif müsahibələrin nəticələrinin tutuşdurulması və müqayisəsində bilavasitə çətinlik yaranır. Formallaşdırılmamış müsahibənin digər qüsuru, onun nəticələrinin müsahibə aparanın peşəkar ixtisasından və fikirlərinin subyektivliyindən yaranır. Formallaşdırılmamış müsahibə gedişində alınmış material çox böyük, çətinliklə ümumiləşdirilir və kvantlaşdırılır. Bu materialın təhlili və işlənməsi olduqca mürəkkəb, çox vaxt tələb edən məsələdir.
Formallaşdırılmamış müsahibə tədqiqatın ilkin axtarış mərhələlərində, sosioloqa tədqiqat obyekti haqqında mümkün qədər çox məlumat lazım olan zaman əvəzedilməz metoddur. O, həmçinin tədqiqat hipotezasının hazırlanması və dəqiqləşdirilməsi, anketin və formallaşdırılmış müsahibənin sorğu vərəqəsinin tərtibi və yoxlanılması üçün olduqca geniş və səmərəli surətdə istifadə edilir.
Formallaşdırılmış (standartlaşdırılmış) müsahibə suallarının verilməsi prosesi və cavabların qeyd olunmasının standartlaşdırıldığı müsahibə tipidir. Məhz müsahibə alma üsulunun standartlaşdırılması (müsahibənin əvvəlcədən hazırlanmış planı, ifadə edilmiş suallar onların müəyyən ardıcıllıqda yerləşdirilməsi, mümkün cavablar variantlarının siyahısı) sayəsində tədqiqatçı sorğuların şəraiti və gedişinə nəzarət etmək, onların nəticələrini tutuşdurmaq və müqayisə etmək imkanı qazanır. Əsaslı surətdə formallaşdırılmış müsahibədə yalnız müsahibə alanın sualları və respondentin cavabları deyil, müsahibə alanın tipi (cinsi, yaşı, təhsili, ixtisası), onun davranışı və hətta müsahibənin aparıldığı xarici mühit də belə standartlaşdırılır.
Formallaşdırılmış müsahibə, müsahibə alanla respondent arasında qarşılıqlı təsir vəziyyətinin əsaslı surətdə standartlaşdırılması nəticəsində tədqiqatçıya cavabları onların təhlili və müvafiq statistik işlənməsi üçün tez bir zamanda kvantlaşdırmağa yaxşı imkan verir. Formallaşdırılmış müsahibə ən çox yayılmış kütləvi sorğu növlərindən biridir.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilmiş müsahibə tipləri bir-birini istisna etmir, çünki tədqiqatda onların hər biri tamamilə fərqli vəzifəni yerinə yetirir. Konkret sosioloji tədqiqatlar təcrübəsində son vaxtlar get-gedə daha böyük müvəffəqiyyətlə müsahibə almaq üsulunun yalnız qismən standartlaşdırıldığı müxtəlif tipli yarıstandartlaşdırılmış müsahibələrdən istifadə edilir.
v) Müsahibələrin aparıldığı üsula görə təsnifatı. Aparıldığı üsula görə aşağıdakı müsahibə tipləri mövcuddur: panel, qrup, klinik, çoxdəfəli, fokuslaşdırılmış (mərkəzləşdirilmiş) və istiqamətlənməmiş müsahibələr.
Panel (təkrar) müsahibə hər hansı bir qrup adamın münasibətləri və rəylərinin müəyyən vaxt ərzində (bir neçə aydan iki ilə qədər) təkamülünün öyrənilməsinə yönəlmişdir. Sorğu eyni bir plan üzrə eyni adamlar arasında keçirilir. Təkrar müsahibələrin təkrarlanma tezliyi və ümumi müddəti müxtəlif olur. Məsələn, Amerika sosioloqu Lazarsfeldin ilk dəfə olaraq panel müsahibəsindən istifadə etdiyi və 1940-cı ildə Amerika prezidenti seçkilərinin proqnozu məqsədi ilə keçirilən sorğuda müsahibə 1.5 ay intervalı ilə altı dəfə təkrar edilmişdi. Bu müsahibə tipinin ən əsas və praktiki olaraq aradan qaldırıla bilməyən qüsuru seçməsinin uzun müddət ərzində yekcins saxlanılmasının çətin olmasından ibarətdir (adamların bir qismi sadəcə olaraq çıxıb gedir, digərləri təkrar müsahibələrdə iştirak etmir, bəziləri, ümumiyyətlə, cavab vermək istəmir və ya bundan imtina edir və s.). Bu cür müsahibənin tətbiq edilmə praktikası göstərir ki, müəyyən sayda adamlar arasında rəylərin dəyişilməsi qısa vaxt ərzində öyrənildikdə bu müsahibə son dərəcə səmərəli olur.
Qrup müsahibəsinin mahiyyəti sayca az adamın — ailənin, tələbə qrupunun, istehsalat briqadasının sorğusunun eyni zamanda keçirilməsindən ibarətdir. Bu müsahibənin ibarət olduğu planlaşdırılmış söhbət prosesində tədqiqatçı yalnız qrupda mübahisə, diskussiya yaratmağa can atır. Müsahibənin əsas mövzularının əvvəlcədən nəzərdə tutulmasına baxmayaraq, bütövlükdə onun texnikası formallaşdırılmamış müsahibə səciyyəsi daşıyır. Qeyd etmək lazımdır ki, müsahibənin bu növü nisbətən nadir hallarda tətbiq olunur.
Klinik (dərin və ya intensiv) müsahibə respondentin motiv, yönəlişlik və rəyləri haqqında ən dolğun, tam və dərin məlumatların alınmasına yönəlmişdir. Formallaşdırılmamış müsahibənin bu tipi müsahibə alanla respondentin olduqca sıx əlaqəsini nəzərdə tutur, bu isə müsahibə alandan ixtisasının son dərəcə yüksək olmasını tələb edir.
Çoxdəfəli müsahibə respondentin şəxsiyyətinin hərtərəfli və dərindən öyrənilməsi üçün aparılan təkrar müsahibə variantlarından biridir. Burada eyni bir şəxs uzun müddət ərzində müsahibə verməyə cəlb edilir.
Fokuslaşdırılmış müsahibədə məqsəd subyektin tədqiqatçıya məlum olan sosial şəraitin müəyyən stimullarına reaksiyasını öyrənməkdən ibarətdir. Müsahibədən əvvəl respondent müəyyən vəziyyətlə bağlı şəraitə daxil edilir və müxtəlif stimulların təsirinə məruz qalır — filmə baxır, hər hansı bir radio verilişini dinləyir, kitab və ya məqalə oxuyur, psixoloji təcrübədə və ya hər hansı bir nəzarətsiz, lakin müşahidə olunan sosial şəraitdə, məsələn, nümayişdə iştirak edir. Bundan sonra tədqiqatçı fərdə təsir göstərən yuxarıda göstərilmiş stimulların mükəmməl surətdə yerinə yetirilmiş təhlili əsasında müvafiq müsahibə planı qurur. Sonrakı müsahibə gedişində tədqiqatçı fərdin müəyyən sosial şəraitin stimullarının ona təsirini necə qavradığını, nəyi yadda saxlayıb-saxlamadığını üzə çıxarmağa çalışır. Fokuslaşdırılmış müsahibə, məsələn, müxtəlif təbliğat formalarının səmərəliliyi problemi öyrənildikdə, hansı məlumatın (qəzetlərdə, radio və televiziya verilişlərində və s. alınmış) fərdə ən çox təsir göstərdiyini və onun yaddaşında ən dərin iz buraxdığını dəqiq müəyyən etməyə imkan verir.
İstiqamətlənməmiş müsahibə formallaşdırılmamış müsahibənin bir növüdür və bariz psixoterapevtik vəzifələri yerinə yetirir. Bu cür müsahibədə söhbətin aparılmasında bütün təşəbbüs tamamilə respondentə məxsus olur. Müsahibə aparanın vəzifəsi isə respondentə müəyyən mövzular üzrə öz fikrini söyləmək üçün ən yaxşı imkan yaratmaqdan ibarət olur. İstiqamətləndirilməmiş müsahibə respondentin öz hiss və daxili həyəcanlarının spontan ifadəsi vasitəsilə daxili gərginliyinin aradan qaldırılmasında katalizator rolunu oynayır. Müsahibənin məqsədinə yalnız o zaman çatmaq olar ki, müsahibə aparan ən yüksək etibarlılıq şəraitini yaradaraq, respondentin ürəyini boşalda bilməsinə imkan versin.



Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin