16.2. Sosioloji tədqiqatda təsvir və izahat Empirik məlumatların nəzəri və praktik əhəmiyyəti sosial gerçəkliyi dərk etmək vasitələrinin bütün toplusunu özündə birləşdirən tədqiqat metodologiyası ilə müəyyənləşir. Nəzəriyyə sosial amillərin qarşılıqlı əlaqələrini aşkara çıxarmağa kömək edir və gələcək tədqiqatların sonrakı gedişini istiqamətləndirir. O, sosial faktların əhəmiyyət və vacibliklərinə görə seçilməsinin, bu faktların təhlili və qaydaya salınmasının əsasını təşkil edir. Eyni zamanda faktların özləri də tədqiqatçı fikrinin təcrübədən nəzəriyyəyə və əksinə gedən fasiləsiz hərəkəti gedişində sosioloji nəzəriyyəyə dəyişdirici təsir göstərir. Ona görə də tədqiqatın gedişində alınmış empirik material iki cəhətə:
tədqiqatın əsasında qoyulmuş nəzəriyyə və hipotezalar sistemi ilə şərtləndirilən nəzəri cəhətə və
empirik cəhətə malikdir.
Hipotezalar (həm tədqiqat proqramında tərtib olunmuş fərziyyələr, həm də analiz mərhələsindən olan ilkin fərziyyələrin yoxlanılması və təkzib edilməsi prosesində meydana çıxan fərziyyələr) empirik sosial faktların təhlilinin metodoloji aləti funksiyasını yerinə yetirir. Fərziyyənin metodoloji rolu, birincisi, məhz qarşıya qoyulmuş problemin həlli üçün lazım olan faktlar dairəsinin müəyyənləşdirilməsinə kömək etməsində və ikincisi, həmin faktların ən yaxşı şəkildə təşkilinə imkan verən istiqaməti müəyyən mənada qeydə almağında özünü göstərir.
Sosioloji tədqiqatın empirik məlumatlarının təhlili prosesinin təşkilinin şərti olaraq aşağıdakı mərhələlərini fərqləndirmək olar:
təsvir;
izahat;
proqnoz.
Elmi təsvir işarələrin seçilmiş sisteminin köməyi ilə empirik sosioloji tədqiqatın nəticələrinin qeydə alınması və bu nəticələrin elmi anlayışlarla ifadəsindən ibarətdir. Başqa sözlərlə deyilsə, empirik məlumatlar elmi biliklər sisteminə daxil edilir. Bu mənada təsvir və məlumatların sosioloji nəzəriyyə kontekstində həyata keçirilən qeydə alınmasından ibarətdir. Lakin təsvir öz qarşısına bilavasitə obyektlərin qanunauyğun əlaqələrini müəyyənləşdirmək mahiyyətini və zəruriliyini açmaq vəzifəsini qoymur və ona görə də bizi empirik idrakın hüdudlarından kənara çıxara bilməz və çıxarmır.
Təsvir, təcrübə və nəzəri proseduralar arasında yerləşən, məqsədi tədqiqatın empirik məlumatlarını müxtəlif nəzəri əməliyyatlar, məsələn, izahat üçün yararlı və əlçatan hala salmaqdan ibarət olan keçid mərhələsidir. Təsvir prosesində material elmi izahat üçün hazırlanır. Lakin eyni zamanda təsvir prosesinin özü də onun izahı üçün nəzərdə tutulmuş nəzəriyyə tərəfindən determinasiya edilir (şərtləndirilir).
Təsvir üç komponentdən: tədqiqatın empirik məlumatlarından; təsvirə qənaətbəxş, ciddi formalar və bir sıra hallarda isə əyanilik (qrafiklər, cədvəllər, sxemlər və s.) verən işarələr sistemindən və bu işarələr sistemləri ilə bağlı olan elmi anlayışlardan yaranır. Bunlara müvafiq olaraq və tədqiqat təcrübəsinə əsaslanaraq bir neçə təsvir metodunu fərqləndirmək olar. Bu metodlardan biri sosial informasiyanın qruplaşdırılmasıdır. Bu metod oxşar və ya fərqli əlamətlər üzrə məlumatların təsnifatı və ya qaydaya salınmasından ibarətdir. Faktların sistem halına salınması, qruplaşdırılma və ya təsnifatın aparıcı əlaməti haqqında təsviri hipotezaya müvafiq şəkildə həyata keçirilir. Sosial qruplaşdırmanın məqsədi bir neçə dəyişən arasında qarşılıqlı əlaqələrin aşkara çıxarılmasıdır (məlumatların qarşılıqlı nəzarəti, struktur səciyyəsi, əlaqələrin sıxlığı və istiqamətinin müəyyənləşdirilməsi xüsusiyyətlərinin sabit uzlaşmalarının, birliklərinin axtarışı).
Qruplaşdırma üsullarının müxtəlifliyi bir tərəfdən sosial informasiya əlamətlərinin rəngarəngliyi, digər tərəfdən isə sosial tədqiqat proqramının müəyyənləşdirdiyi məqsəd və vəzifələrlə şərtlənir. Qruplaşdırma, bu və ya digər müəyyənləşdirici əlamətlər sırası əsasında təsviri hipotezaya müvafiq olaraq sosial faktları vahid sistem halında bir-birinə birləşdirməyə imkan verir.
Müşahidə vahidlərinin əlamətlər üzrə qruplaşdırılması sosial informasiyanın təsvirinin ilk və ən sadə üsuludur. Digər üsul tiplərə bölgüdən (tipologiya üzrə bölgü) ibarətdir. Sonuncu üsulu sosial obyektlərin (və ya hadisələrin) dəyişənlərinin bitkin sistemində bu və ya digər obyektə (hadisəyə) aid olan sabit xüsusiyyət birləşmələrinin axtarışı kimi səciyyələndirmək olar.
Empirik və nəzəri tipologiya bölgüsünü bir-birindən fərqləndirirlər. Empirik tipologiyalaşdırmanın nəticəsi konkret nəzəri əsası olmayan tipologiyadır. Hal-hazırda çoxölçülü statistik təhlil metodlarının inkişafı və təkmilləşdirilməsi, habelə kompüterlərin tətbiqi ilə əlaqədar olaraq bu metodun imkanları xüsusən genişlənmişdir. Faktor, latent, dispersiya təhlilləri, obrazların tanınması, klaster təhlili və s. metodlar bir çox halda dəyişənlərin sabit qruplarını fərqləndirməyə və bu yolla da empirik tipologiyanı həyata keçirməyə imkan verir.
Sosial hadisələrin əlamətlərinin təsviri müəyyən nəzəri konsepsiyalar (konseptual model) əsasında da həyata keçirilə bilər. Bu nəzəri tipologiyalaşdırmadır. Bu halda müşahidə olunan hadisələrin parçalanması (yəni sabit qrupların ayrılması) apriori şəkildə (təcrübədən asılı olmayaraq) həyata keçirilir.
Mövcud tədqiqatın əsasında duran nəzəriyyənin (və ya konseptual modelin) mövcudluğu nəzəri tipologiyalaşdırmanın həyata keçirilməsi üçün zəruri şərtdir, hərçənd ki, heç də hər bir konseptual metod empirik məlumatların tipoloji qruplaşdırmasını təmin edə bilməz.
Empirik və nəzəri tipologiyalaşdırma izahat prosedurasına münasibət baxımından da əsaslı surətdə fərqlənirlər.
İlk təsvir prosedurasının nəticələrini iki növə ayırmaq olar:
sosial faktlar;
sosial qanunlar.
Tədqiqatın vəzifələrindən asılı olaraq təsvirin nəticələri həm ayrı-ayrı fərdi, həm də ümumiləşdirilmiş faktlar ola bilər. Ümumiləşdirilmiş faktların mövcudluğu yalnız sosioloji idraka xas olan üstünlük deyil, başqa elmlərdə də ondan istifadə edilir. Lakin sosiologiyanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o ən çox çoxölçülü statistik faktlarla işləyir. Beləliklə, təsvir prosedurası elə bir yeni nəzəri obyektin formalaşmasına gətirib çıxarır ki, bu obyekt artıq bilavasitə empirik tədqiqat obyekti kimi çıxış edə bilməz.
Təsvir müəyyən qanunauyğunluqların dürüst ifadə edilməsinə müqayisə edilən və bilavasitə müşahidə obyekti olan kəmiyyətlər arasında bəzi funksional münasibətlərin müəyyən olunmasına gətirib çıxara bilər. Bu qanunauyğunluqlar sosiologiyanın müəyyənləşdirdiyi qanunauyğunluqların iyerarxiyalı tərtibi strukturunda ən aşağı pilləni, səviyyəni təşkil edir. Onların xüsusiyyətləri bundan ibarətdir ki, bu qanunauyğunluqlar, birincisi, bilavasitə təcrübə məlumatlarının ümumiləşdirilməsinin nəticəsidir, ikincisi, müşahidə olunan hadisələri bilavasitə səciyyələndirirlər.
İzahat-empirik məlumatlar və ümumi sosioloji nəzəriyyə əsasında müşahidə obyektinin mahiyyətinin açılması, onun müəyyən obyektiv qanuna və ya qanunlar toplusuna tabeçiliyini göstərməkdən ibarətdir.
İstənilən izahatın konkret növü əsaslı surətdə ən azı üç amillə: izahedici müddəaların xarakteri, izah edilən müddəaların xarakteri, izahedici və izahedilənin qarşılıqlı əlaqəsinin xarakteri, yəni izahat mexanizmi ilə şərtlənir. İzahedilən müddəaların xarakteri bilavasitə sosioloji tədqiqatın ilk mərhələsinin təsvirinin nəticəsi olan izahat obyektlərinin xarakteri ilə müəyyənləşir. Buraya əvvəllər qeyd olunduğu kimi, sosial faktlar (fərdi və ümumiləşdirilmiş faktlar) və empirik sosial qanunlar aiddir. İzahat problemini toplunun, birliyin daha yüksək səviyyəsində, mərhələsində, nəzəri qanunlar və ya nəzəriyyənin özünün izahedilənə çevrildikləri vaxtda da nəzərdən keçirmək olar.
Artıq qeyd olunduğu kimi, izahatın əsasında müəyyən sosial qanun və ya qanunlar sistemi durur. Qanunları əks etdirən əlaqə və münasibətlərin müxtəlif tipologiyası izahedici müddəaların xarakterinə görə müxtəlif olan izahat tiplərini doğurur. Bunlardan ancaq ikisinin üzərində ətraflı dayanaq.
Obyekt, onun zamanca özündən əvvəlki obyektlərlə və ya həmin obyektin digər nisbətləri ilə qanunauyğun əlaqəsini (və ya münasibətini) müəyyənləşdirmək yolu ilə izah edilə bilər. Bu növ izahat genetik izahat adlanır. İzahatların bu sinfində ən geniş yayılanı səbəb izahatıdır. Bu izahatın mahiyyəti, o səbəbi və o qanunu göstərməkdən ibarətdir ki, bu səbəb həmin qanuna əsaslanaraq izah olunan obyekti doğurur. Özü də səbəb-nəticədən yalnız sadəcə olaraq zamanca əvvəl gəlmir, müəyyən mənada səbəb həm də nəticədə, onun mahiyyətində öz təbiətini, bu təbiətin bu və ya digər tərəfini həkk edir. Belə ki, bu xətt üzrə müəyyən mahiyyət xüsusiyyətləri ötürülür. Beləliklə, səbəb izahatı obyektin genezisini daha dərin səviyyədə, bu genezisin daxili mexanizmlərinin nəzərə alındığı səviyyədə təsəvvür etməyə imkan verir.
Səbəb izahatına (ümumi halda isə genetik izahata) məruz qalmalı olan obyektlərin əsas hissəsini proseslər və hadisələr təşkil edir. Lakin hadisələrin bütün tiplərini hadisə kimi qiymətləndirmək olmaz. Çox vaxt obyektin izahı zamanca sonra gələn obyektə (və ya bu obyektin vəziyyətinə) müraciət etmək yolu ilə həyata keçirilir. Bu halda nəticə izahatları ən böyük izahat gücünə malikdir. Nəticə izahatı obyektin elə izahıdır ki, bu izahatda nəticə və o qanun göstərilir ki, bu qanuna müvafiq olaraq həmin nəticə izah olunan obyekt tərəfindən doğulmuşdur. Belə izahatın ontoloji əsası bundan ibarətdir ki, hər bir obyekt birdəfəlik səbəb-nəticə əlaqəsinə deyil, səbəb-nəticə əlaqələrinin sonsuz zəncirinə qoşulmuşdur, o, bir obyektin nəticəsi olmaqla yanaşı öz növbəsində digər bir obyektin səbəbinə çevrilir. Əgər səbəb öz mahiyyətinin müəyyən cəhətlərini nəticədə "həkk edirsə", onda hər bir mövcud obyekt onu doğuran səbəbin mühüm xüsusiyyətlərini "irsən alır" və öz növbəsində özünün mühüm xüsusiyyətlərini "irsən" doğurduğu nəticəyə ötürür. Buna görə də obyektin mahiyyəti təkcə onun səbəbinin deyil, həm də nəticəsinin təhlili yolu ilə açıla bilər.
Funksional izahat nəticə izahatlarının mühüm və xüsusi halıdır. Funksiya dedikdə invariant şəkildə mövcud obyektə xas olan və həmin obyektin qorunub saxlanılmasına şərait yaradan müəyyən hərəkət üsulu (nəticə tipi) başa düşülür.
Müasir elm funksional izahatdan getdikcə daha geniş istifadə edir. Bu ilk növbədə onunla şərtlənir ki, mürəkkəb funksional sistemlər (məsələn, cəmiyyət) tədqiqat obyektinə çevrilmişdir. Lakin funksional izahatın sosiologiyada mütləqləşdirilməsinə etiraz edərək qeyd etmək lazımdır ki, sosial institutlar ən ali dərəcədə mürəkkəb, çoxsahəli obyektlərdir və onların mahiyyəti ancaq funksional izahatla bütünlüklə əhatə oluna bilməz.
Obyektin ən mühüm xarakteristikalarından biri onun strukturudur. Strukturu dərk etmək obyektin mahiyyətinin ən mühüm cəhətini açıb göstərmək deməkdir. Məhz bu vəzifənin həlli struktur izahatın məğzini təşkil edir. Struktur izahat, ya obyektin daxili elementlərinin və onların bütöv bir vahid halında birləşməsi üsulunun izahından, ya da öyrənilən obyektin müəyyən böyük sistemdə yerinin müəyyənləşdirilməsindən ibarətdir. Buna uyğun olaraq daxili və xarici struktur izahatlarını bir-birindən fərqləndirirlər.
Struktur izahatının bu yarımnövlərinin hər birinin dəyəri xeyli dərəcədə izahat obyektinin muxtariyyətindən (müstəqilliyindən) və mütəşəkkilliyindən asılıdır.
Sosioloji təcrübədə, bir qayda olaraq, mürəkkəb kombinə edilmiş və qarışıq izahatlar verilir. Belə ki, sosial hadisələrin çoxcəhətliliyi üzündən onların mahiyyətinin açılması ancaq izahatların keyfiyyətcə müxtəlif tipləri toplusunun (səbəb, funksional, struktur və s. izahatlar) tətbiqi yolu ilə həyata keçirilər bilər.