16.3. Tədqiqatın nəticələri haqqında hesabat Sosioloji tədqiqatın nəticələri hesabat şəklində tərtib edilir. Bu hesabat qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi barəsində izahat qeydindən və ona əlavələrdən ibarət olur.
İzahat qeydlərində sosial tədqiqat proqramının yerinə yetirilmə ardıcıllığı şərh olunur, materiallar, hesablamalar və əsaslandırmaların xülasəsi verilir. Qeydlərə əlavələrdə rəqəm, qrafik və s. göstəricilər və sənədlər, habelə, bütün formalar, anketlər, blanklar, test və s. cəmləşdirilir.
Hesabat direktiv qərarlar və monoqrafiyalar, kollektiv nəşrlər, kitablar, toplular, məqalələr, dissertasiyalar və s. şəkildə ədəbiyyat materialları hazırlamaq üçün ilkin sənəd rolunu oynayır.
Hesabatın xarakteri ən çoxu tədqiqatın tipindən (tədqiqat hansı elmi və ya tətbiqi məqsədlərə müvafiq şəkildə aparılmışdır?) asılıdır. Elmi tədqiqat üzrə hesabat tərtib olunarkən diqqət ilk növbədə problemlərin qoyuluşuna, onların konseptual işlənməsinə və tədqiqat vəzifələrinin dəqiq ifadə olunmasına yönəldilir. Bundan əlavə, hal-hazırkı dövrdə problemin işlənmə vəziyyəti və ona mövcud münasibət işıqlandırılır. Hesabatın xüsusi bölməsi metodologiya problemləri, tədqiqat vasitələrinin seçilməsi və əsaslandırılması, seçmənin sosial informasiya yığılması metodlarının tipologiyası üçün ayrılır.
Sosioloji tədqiqatın həyata keçirildiyi vasitələrin aşkar çatışmazlıqları da buradaca qeyd olunur. Bu maddə problemin sonrakı tədqiqi üçün metodoloji cəhətdən vacibdir. Tədqiqatda alınmış nəticələrin məzmunlu təhlili (mütləq ayrıca bölmə şəklində) hesabata yekun vurur. Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilibmi (və hansı yolla)? sualına cavab verilir. Özü də yerinə yetirilməmiş vəzifələr yerinə yetirilməyənlərlə bərabər nəzərdən keçirilir, çünki vəzifənin qeyri-dəqiq qoyulması və ya vaxtında qoyulmamağı bu vəzifələrin faydasızlığını göstərmir. Bundan başqa irəli sürülmüş vəzifələrin yerinə yetirilməsinə mane olan səbəblər, istər bu vəzifələrin ifadəsi olsun, istər tədqiqatın gedişində onların məcburən dəyişdirilməsi olsun və s. təhlil edilir. Hesabatın bu bölməsi, əgər mümkündürsə, tədqiqatın praktiki və konkret nəticələrinin göstərilməsi ilə başa çatır.
Hesabata əlavədə seçmənin əsaslandırılması və onun keyfiyyət xarakteristikaları da daxil olmaqla bütün əvvəlki bölmələri müddəalarını əks etdirən materiallar verilir. Məlumatlar yığılarkən əsaslandırılmış əsas metodiki materiallar, bölgülər və tabloqramların cədvəlləri də buraya salınır.
Hesabatın yuxarıda təklif olunan forması "sifarişlə" aparılan tədqiqatlar zamanı da tətbiq oluna bilər. Lakin onların tərtibində, şübhəsiz ki, başlıca diqqət ilk növbədə praktiki nəticələr və konkret məsləhətlərə yönəldilməlidir. Bundan başqa sifarişçi üçün nəzərdə tutulan hesabat müvafiq fəaliyyət sahəsinin xüsusiyyətinə cavab verən və, deməli, sifarişçi üçün daha yaxşı başa düşülən dildə yazılmağı tələb edir. İcraçı adətən tam hesabatla bərabər yerinə yetirilən vəzifələrin əsas məzmununu və onların reallaşdırılması yollarını əks etdirən qısa hesabat variantını da hazırlayır.
Sosioloji tədqiqatın nəticələri üzrə hesabatın tərtib edilməsinə göstərilən tələblər içərisindən ikisini sadalamaq lazımdır: birincisi, keçirilmiş tədqiqatın bütün mərhələləri, onun bütün həlqələrinin qarşılıqlı əlaqəliliyi və elmi axtarışın məntiqi, mümkün qədər tam, geniş və dərin şəkildə əks olunmalıdır. Məhz bu baxımdan yerinə yetirilmiş işin güclü tərəfləri, buraxılmış səhvlər və həll edilməmiş problemlər daha aydın görünür. İşin sonunda tədqiqatçıda irəli sürülmüş axtarış vəzifələrinin həllində ona kömək edən hipotezaların müdafiəsi və rədd olunması üçün dəlil və arqumentlər zənginləşir.
Hesabata qoyulan digər tələb proqramda işlənilib hazırlanmış metodoloji tədqiqat aparatına ciddi əməl etməkdən ibarətdir.
Proqramda aparılmış dəyişikliklərin xeyrinə kifayət qədər ciddi arqumentlər və alınmış nəticələrin ciddi əsaslandırılması olmadan hesabatda metodoloji prinsiplərin bu və ya digər şəkildə yenidən nəzərdən keçirilməsi yolverilməzdir. Hesabatda yerinə yetirilən proseduraların məntiqi ardıcıllığının əks olunması yeni biliklərin toplanılması və təfsirində bu proseduraların hər birinin yeri və rolunun göstərilməsi, empirik məlumatların və sosioloji faktın təfsiri yolunda nəzəri əsaslandırmaların qaydaya salınması üzrə yerinə yetirilən bütün əməliyyatların dəqiq surətdə hissələrə ayrılması vacibdir.
Tədqiqatın nəticələri hesabatda həm yerinə yetirilən vəzifələr və irəli sürülən fərziyyələr baxımından, həm də planlara (axtarış, təsvir və eksperimental planlara) müvafiq şəkildə təşkilati baxımdan nəzərdən keçirilir. Bu, hesabat qarşısında qoyulan üçüncü tələbdir. Bu tələb tədqiqata cəlb olunan bütün təşkilatların, təlimatçı kadrların tərkibi və hazırlanması qaydasının, tədqiq olunan vahidlərlə işin forma və metodlarının (təlimat və izahedici fəaliyyətin digər növləri harada, nə vaxt, necə və kimlə keçirilmişdir) göstərilməsini nəzərdə tutur. Materialın yığılmasının təşkilinin böyük dəqiqliklə əks olunması və tədqiqat zamanı istifadə olunmuş bütün sənədlərin nümunələrinin əlavəyə salınması vacibdir. Bundan əlavə tədqiqatçı informasiyanın kodlaşdırma sistemlərinin və bu informasiyanın maşınla işlənməsi üzrə istifadə edilmiş metodlarının hesabatda düzgün işlənməsi üzrə istifadə edilmiş metodlarının hesabatda düzgün əks etdirilməsinə diqqət verməlidir.
Tətbiqi tədqiqatlardan sonra tərtib olunan hesabatlarda tədqiq olunan idarəçilik sahəsi az və ya çox sıxlıqla əks olunur. Bu məqsədlə tədqiqatçının ixtiyarında olan bütün kəmiyyət və keyfiyyət göstəricilərinin toplusundan istifadə olunur. Bu zaman hesabatda əsaslandırılan məsləhətlər təkcə alınmış nəticələrlə uyğunlaşdırılmır, onlar həm də tədqiqatda irəli sürülmüş problemlərin həllinin praktikada mövcud üsulları ilə müqayisə edilir. Nəzəri tədqiqatlara gəldikdə isə, sosioloq sosial obyektin, irəli sürülmüş fərziyyələrin fonunda hadisə və ya proseslərin inkişafının aşkara çıxarılmış meyllərini elan etmək üçün yeni nəzəri konstruksiyalar axtarışının vacibliyini əsaslandırmağa imkan verən tipoloji qiymətlərini işləyib hazırlayır.
Hesabat məlumatlarının təhlilindən irəli gələn əsas təkliflərin siyahısından ibarət olan tövsiyələrin hazırlanması hər bir hesabatın mütləq tərkib hissəsidir. Məsləhət-tövsiyələr sırf təsdiq xarakteri daşıyır və onlara ancaq elmi və ya praktiki fəaliyyətdə tətbiq olunmalı olan şeylər daxil edilir. Bu zaman nəzərə almaq lazımdır ki, maraqlı şəxslər irəli sürülmüş tövsiyələrin düzlüyü və ya zəruriliyindən şübhələndikdə hesabatın mətnində bu barədə lazımi əsaslandırmalar tapmaq imkanına malik olmalıdırlar. Əgər hansı səbəblər üzündənsə analitik bölmələrə lazımi hesablamalar və irəli sürülmüş praktiki təkliflərin əsaslandırılması salınmamışdırsa, onda hansı əlavə tədqiqatların keçirilməsinin zəruri olduğu göstərilməlidir.
Tövsiyələr öyrənilən obyektin işçi kollektivinin nəzərinə çatdırılmalıdır. Bu zaman işin nəticələrinin göstərilməsində kütləvi informasiya vasitələrindən istifadə oluna bilər və olunmalıdır. Bundan əlavə öyrənilmiş təşkilat və ya müəssisələr üzrə tövsiyələrə uyğun şəkildə sərəncam xarakterli müvafiq sənədlərin buraxılışı məqsədəuyğundur.