SOSİOLOJİ TƏDQİQAT NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ ÜMUMİLƏŞDİRİLMƏSİ 16.1. Məlumatların kompüterdə təhlil edilməsi üçün hazırlanması Sosioloji tədqiqatın yekun mərhələsinin başlıca vəzifəsi alınmış məlumatların təhlili, təfsiri, nəticələrin ümumiləşdirilməsi, öyrənilən sosial mexanizmin təkmilləşdirilməsi və dəyişdirilməsi üzrə məsləhətlərin verilməsindən ibarətdir.
Sosioloji tədqiqatın empirik material yığılması mərhələsində əldə olunmuş məlumatlar, bir qayda olaraq, kompüterdə işlənir. Müasir işlənmə texnologiyası bir sıra mərhələlərdən ibarətdir. İnformasiya toplanmasının hər bir metodu həmin informasiyanın işlənməsinin az və ya çox dərəcədə özünəməxsus prosedurasını doğurduğundan konkretlik naminə biz şərhi anket sorğularının materialları üzrə quracağıq.
Aşağıdakı mərhələləri fərqləndirirlər: məlumatların redaktəsi, məlumatların kodlaşdırılması, məlumatlara nəzarət və səhvlərin düzəldilməsi, dəyişənlərin (indekslərin) qurulması, məlumatların təhlili.
Redaktə mərhələsinin məqsədi sorğu vərəqində olan informasiyanın maşın aparıcısına keçirilməsi üçün hazırlanmasıdır.
Sorğu nəticəsində alınmış anketlərdə çoxlu səhvlər, dəqiqsizliklər və hər cür xırda çatışmazlıqlar ola bilər. İmkan daxilində onlardan yaxa qurtarmaq zəruridir. Bunun üçün bilavasitə tədqiqat prosesində tədqiqatın qurtarmasından sonra və ya hətta informasiya kompüterə daxil edildikdən sonra hər bir sorğu vərəqi yoxlanılır və redaktə olunur. Düzəldilməli olan ən səciyyəvi səhvləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
Səhra sorğu prosedurasının pozulması:
bir neçə sorğu vərəqi formasının olduğu halda lazımi formadan istifadə edilməmişdir; lazımi respondent əvəzinə başqası (məsələn, atanın yerinə oğul) soruşulmuşdur;
sorğu vərəqəsini identifikasiya edən şifrlər (müəssisənin, şəhərin və s.-nin şifri) yoxdur.
Sorğu vərəqələrinin tam doldurulmamağı:
ayrı-ayrı suallar və ya suallar qruplarına cavablar yoxdur;
sorğu vərəqələri (müsahibə blankları) aydın doldurulmamışdır.
Cavabların ziddiyyətliliyi:
məntiqi ziddiyyətlər (məsələn işləyən adam sualların "Ancaq işləyənlər üçün" blokuna cavab verir);
cavabların mövcud olmayan kodları;
sualların respondent və ya müsahibəçi tərəfindən düzgün təfsir edilməməyi.
Əgər bu səhvlər məlumat toplanılması mərhələsində aşkara çıxarılıbsa, onların bir hissəsi müsahibəçi ilə söhbət nəticəsində, bir hissəsi isə təkrarən respondentə müraciət edilməsi yolu ilə düzəldilə bilər. Əgər bunları etmək mümkün deyilsə, çox vaxt mövcud anketin məlumatlarını sonrakı işlənmədən kənar etmək barəsində qərar qəbul etmək lazım gəlir.
Suallara cavabların olmamağı (buna bəzən buraxılmış məlumatlar deyirlər) statistik təhlil zamanı tədqiqatçı üçün çox əngəllər törədir ("Bilmirəm" tipli cavabları və ümumiyyətlə cavabın olmamağını da bu kateqoriyaya aid etmək lazımdır). Əgər mümkündürsə, buraxılmış yerləri boş saxlayırlar. Əks halda dolayı metodlara əl atırlar (məsələn, təsadüfi ədədlər cədvəlindən, keçmiş tədqiqatların məlumatlarından verilmiş dəyişənin başqaları ilə əlaqədar bölgüsündən istifadə edirlər və s).
Bəzi tədqiqatlarda (adətən, böyüklərində) məlumatların redaktəsi çox uzun, mürəkkəb və çoxmərhələli, digərlərində isə anketlərin adicə nəzərdən keçirilməsindən ibarət ola bilər. Lakin, istənilən halda açıq formada sənəd redaktə üzrə təlimat işlənib hazırlanmalıdır. Təlimatda hansı səhvlərə diqqət yetirilməsi və onlar aşkara çıxarılarkən nə etmək lazım olduğu göstərilməlidir. Redaktorun anketdə etdiyi düzəliş və qeydlər respondentlərin anketi doldurmaq üçün işlətdikləri mürəkkəbin rəngindən fərqlənən mürəkkəblə aparılmalıdır.
Kodlaşdırma mərhələsinin məqsədi toplanılmış informasiyanı rəqəm formasına salmaqdan ibarətdir. Sonuncu isə öz növbəsində kompüterin oxuya bildiyi formada həmin kompüterin yaddaşında saxlanılması üçün nəzərdə tutulur.
Əksər hallarda anketlər onların tərtib edildiyi mərhələdə kodlaşdırılır və respondent də özünün cavabına uyğun gələn kodu qeyd edir. Lakin elə bu anketlərdə də açıq formalı, sonradan kodlaşdırma tələb edən suallar ola bilər. Müsahibə blankları bütünlüklə açıq suallardan ibarət ola bilər və sorğunun aparılmasından sonra xüsusi kodlaşdırma tələb edə bilər.
Bir çox hallarda kodlaşdırma və redaktə prosesləri eyni zamanda aparılır.
Anketlərdəki informasiyanın kodlaşdırılması üçün çoxlu üsul mövcuddur. Bu üsullardan biri və ya digərinin seçilməsi, başlıca olaraq, məlumatların təhlili zamanı tədqiqatçının ixtiyarında olan kompüter proqramının xüsusiyyətindən asılıdır.
Kodlaşdırma prosesi bütün sosioloji məlumatın toplanılması prosedurasında çox məsuliyyətli mərhələdir. Bütünlükdə alınan məlumatların keyfiyyəti də kodlaşdırmanın keyfiyyətindən asılıdır.
Yığım sənədindəki informasiyanın sonrakı çevrilmə prosesi, kodların daşıyıcısına köçürülməsi və məlumatların kompüterin yaddaşına daxil edilməsindən ibarətdir.
Məlumatlar üzərində hərtərəfli nəzarət və tapılmış səhvlərin düzəldilməsi, məlumatların təhlilə hazırlanmasının mühüm tərkib hissəsidir. Səhvlərin mənbələri informasiya yığılmasından onun kompüterə daxil edilməsinədək bütün əvvəlki tədqiqat mərhələlərində gizlənir.
Məlumatlardakı bütün səhvlərin düzəldilməsi, xüsusən də əgər bu kifayət qədər geniş tədqiqatdırsa, praktiki olaraq çox çətindir. Tədqiqatçı, hansı növ yoxlamaların və düzəlişlərin daha vacib olduğunu, hansı səhvləri nəzərə almamağın mümkün olduğunu qərarlaşdırmalıdır.
Məlumatların düzəlişi prosedurası üç mərhələdən ibarətdir:
səhvlərin aşkara çıxardılması;
ilkin sənədlərdə - anketlərdə, blanklarda məlumatlar və ya kodların həqiqi ölçülərinin tapılması;
məlumatların düzəlişi;
Özünə müvafiq diqqət tələb edən çoxlu səhvlər içərisindən ikisinin adını çəkək. Anketlərin kodlaşdırılması üzrə təlimatlarda olmayan kodların meydana çıxması. Məsələn, işdən razılıq dərəcəsini qiymətləndirmək üçün 1,2,3,4,5,6,7 dərəcələri və əlavə 0 (cavabın olmamağı) və 9 (respondent işləmir və sual ona aid deyildir) kodları olan şkaladan istifadə edilmişdir. Onda 8,10,11 və s. rəqəmləri düzəldilməsi zəruri olan yalançı kodlar olacaqdır.
Digər səhv, sorğu vərəqəsinin məntiqi hüdudundan kənara çıxaran kodların meydana çıxmasıdır. Məsələn, yuxarıda gətirilən misal üçün aydındır ki, suala ancaq işləyənlər cavab verməlidirlər və bu fakt məlumatlara nəzarət zamanı yoxlanılmalıdır. Bəzən nəzarətin bu tipini məlumatların məntiqi uyğunluğunun yoxlanılması adlandırırlar.
Məlumatların təhlili ərəfəsində və onların təhlili prosesində anket suallarının ilkin forması dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərin tipi tədqiqatın hipotezaları, alınmış informasiyanın təhlil proqramı və empirik məlumatların yığılması nəticəsindən alınan xüsusiyyətləri ilə müəyyənləşir.
Dəyişənlərin çevrilməsi, yaş barəsində açıq sual üçün müəyyən yaş qruplaşdırılması tətbiq edildikdə və ya yeddi dərəcəli şkala üç dərəcəli şkala halınadək ixtisar ediləndə, çox sadə, asan və bir neçə dəyişən əsasında yeni indeks yaradılanda (məsələn, ailənin müxtəlif pul gəliri mənbələri və ailənin tərkibi haqqında suallar əsasında indeks bu ailənin hər bir üzvünə düşən orta gəlir hesablanır) çox mürəkkəb, çətin olur.
İndekslərin qurulması üçün müxtəlif çoxsaylı statistik metodlar: faktor təhlili, klaster təhlili, reqression təhlili və s. metodları, dəyişmənin müxtəlif məntiqi və nəzəri cəhətdən əsaslandırılmış evristik proseduraları tətbiq edilə bilər.
Sosioloji tədqiqatın gedişində alınmış empirik məlumatların təhlilə hazırlanması kifayət qədər zəhmət tələb edən uzun prosesdir.
Məlumatlarla işin növbəti mərhələsi təhlilin özüdür.